Mənim adım Muraddır. Başqa uşaqlardan fərqli doğulmuşam. Çünki, anam məni övlad acısı çəkən dayıma və dayıdostuma görə dünyaya gətirib. Olsun. Mən onları sevirəm. Hamısını. Yetər ki, kimsənin qəlbi qırılmasın.
Dünyaya gələndə ilk eşitdiyim sözləri yadda saxlamaq istəyirdim. Qoy bu sözlər mənim şüarım olsun deyə. Mənim ağlamağımın ardınca həkim xala dedi: Şükürlər olsun, əlimizə sağlam mal gəldi. Elə bildim həkim xala “uşaq” əvəzinə çaşıb mal deyib. Səsimi eşitməsə də düzəliş etmək istəyirdim ki, yenidən səs eşitdim: Tərpənin görək, nə qopardırsınız. Bu dəfə mən düzü qorxudan xırdaca bədənimi yığdım. Amma anamla məni qoyub hər kəs çölə axışanda qopartmaq felinin hələlik mənə aid olmadığını başa düşdüm. Buna sevinə də bilmədim. Çünki, qapıda xəbər gözləyən bizimkilərə yazığım gəldi.
Bizi rahatlayıb yatağımıza qoyan xala bir manatlıqları ayaq tərəfimdə ayıraraq ciblərinə qoyub ufuldadı: Alçağın bir donuzu əksikdi, di gəl ki, xadimədən də haqq umur. A buna möhür verənin evi dağılsın!
Donuzu əskik olan həmin alçağın xadimə xalanın cibinə girməsinə çox kədərləndim, amma körpələrin yanında belə şeylər danışdığına bir az ondan incidim. Nədən ki, dünyaya gəldiyimdən bəri bir xoş söz eşidə bilmirdim.
Anamın yanında keçirəcəyim bir həftənin dadını çıxartmaq üçün müsbət enerjiyə çox ehtiyacım vardı. Di gəl ki, dünyada bu gücü almaq mümkün deyil. Burada yalnız nəğd alış-veriş gedir. Məsələn, həkim xala mənə 150 manat qiymət qoymuşdu. Anamdan əvvəl qız uşağı gətirən xalaya başa salanda öz qulaqlarmla eşitdim. Qızlarda az-çox endirim etmək olurmuş. Oğlanlar binayi-qədimdən bahalıdır. Bax bunun, məni göstərib dedi, əlli manatı birbaşa müdirə gedir. Bu həftə dörd oğlan tutmuşuq, bircə manat o yan-bu yan ola bilməz.
O saatca yadıma xadimə xalanın dediyi donuz düşdü. Fikirləşdim ki, həmin o müdir dayı əskiyini niyə düzəltmir görəsən. Bu minvalla az vaxta bütöv ferma almaq olar ki! Pensiyaya çıxanda elə çoxalmış donuzlarla gününü keçirərdi. Nə də olsa, adam qocalanda özünə uyğun mühit axtarır.
Evə yollananda məlum oldu ki, xırda-mırda xərcləri də üstünə gəlsək, mənim dünyaya gəlişim bizə təxminən 250-300 manata başa gəlib. Yeni evimdə yeni atam-anam üstümdə nə qədər əssələr də özümü xəstələnməkdən saxlaya bilmədim. Dünyaya çətin gəlişimdən sonra ağır depresyona düşmüşdüm. Amma depresyon varlıların xəstəliyi olduğuna görə tez ordan çıxdım. Çünki, bizlərin belə “geydirmə” (ifadəmə görə üzr istəyirəm, bu sözün sinonimini tapa bilmədim) problemlərə xərclənəsi vaxtımız və pulumuz yoxdu.
Çox keçmədi ki, əsil maniə ilə qarşılaşıb dünyanın neçə bucaq olduğunu anlamağa başladım. Bu ölkədə kiməsə qarğış eləmək istəyirsənsə bircə an belə fikirləşməmiş deyirsən: “Allah işini hökumətə salsın”. O da ola idarələr. Bu daha qarğışlıqdan çıxıb birbaşa qapazdır.
Mənim övladlığa götürülmək məsələm üç-dörd hökumət idarəsindən keçməliydi. Atam ilk cəhdlərdən dərhal sonra inəyi satmaq məcburiyyətində qaldı. Mən südsüz qalsam da, azərbaycansayağı sənədləşmədən sonra övladlıq məsələmin yarısı düzəldü. Qalan yarısı üçün də inəyimizin balasının böyüməsini gözləyirik...
Nazlı Ağayeva