Bir xiyarı 4 manata satırlar, gözlərini pul tutub...

Gün, ay, il yadımda deyil. Heç yazının məzmunu da yadımda qalmayıb. Amma sərlövhəni indiki kimi xatırlayıram: "İvan ayıdır, həm də dayıdır..."  Biz hər il isti avqust günlərində ailəlikcə Yessentuki şəhərinə istirahətə gedirdik. Mila xala rus olsa da, bizə öz qohumlarımız qədər doğma, əziz idi. Onun həyətindəki ayrıca mənzildə kirayədə qalırdıq. Valideynlərimin 20-25 gün üçün nə qədər kirayə pulu ödədiyini bilmirdim. Amma Mila xalanın bizi öz doğma nəvələrindən ayırmadığını görürdüm. Yessentukidə qaldığımız 20-25 gün ərzində heç vaxt meyvə-tərəvəzə pul verməzdik. Ev sahibi hər gün məni və qardaşımı dondurmaya qonaq edərdi. Teatra gedəndə bizə də bilet alardılar. Azərbaycana qayıdanda isə cibimizə pul qoyub yola salardılar... İvan Mila xalanın oğlu idi. Görkəmindən ayıya oxşasa da, bizə əsl dayılıq edirdi. Özü, xanımı Vera müəllimə, tələbə qızı Lyudmila hər gün bizə nəsə bağışlayırdı. Onların nurlu çöhrəsi hələ də gözlərimin qabağındadır.  2016-cı ildə ailəlikcə Ukraynaya istirahətə getmişdik. Bu dəfə mən övladlarımı dincəlməyə aparmışdım. Dostum, həmkarım Teyyub Mirqasımovun təşkilatçılığı ilə Kiyevin ən prestijli yerində - məşhur "Maydan" meydanının 100 addımlığında səliqəli bir mənzil kirayələmişdik. Hər sutka üçün 25 dollar vəsait ödəyirdik. Bu məbləğ indi olduğu kimi o vaxt da böyük pul deyildi. Buna rəğmən ev sahibi  mətbəxi, hamamı, qonaq otağını zəruri ləvazimatlarla doldurmuşdu. Bahalı sabunlar, şampunlar, masa silmək üçün ətirli bezlər, tualetdə və hamamda istifadə olunan salfetlər, təravətləndirici balonlar, brend firmalara aid yuyucu vasitələr...  Biz o vaxt Kiyevdə təxminən iki həftə qaldıq. Amma iki ay da qalsaydıq, bu ləvazimatların hamısını işlədib qurtara bilməzdik. Gülərüz, sarışın ev sahibəsi məmnun qalmağımız üçün əlindən gələni etdi.  İl ildən pis gəldiyi üçün indiki qazancımız dolanışığımıza birtəhər çatır. Ən yaxşı halda bir həftə, on gün hansısa rayona üz tutmaq imkanımız olur. Sərhədlər bağlandıqdan sonra rayonlarda kirayə evlərin qiyməti ikiqat bahalaşıb. İsmayıllıda, Şəkidə, Qubada, Qusarda sutkası 60 manatdan ucuz ev tapa bilməzsən. Qəbələdə yaxşı evlərin bir günlük kirayəsi 100-150 manatdır. Dərd odur ki, bir həftə üçün 700-1000 manat ödədiyin həmin evlərdə əl yumağa 50 qəpiklik sabun tapa bilmirsən... Restoranlarda, istirahət məkanlarında qiymətlər od tutub yanır. Bazarda meyvə-tərəvəz "su qiyməti"nə olsa da, bir ədəd pomidor və bir ədəd xiyardan hazırlanmış 200 qramlıq salatı müştərilərə 4 manata sırıyırlar. Allahın çayını 5 manata satırlar. Qəbələdə elə restoranlar var ki, bir şiş kabab üçün müştəridən 18 manat tələb edir. Varlanmaq, daha çox qazanmaq ehtirası bu adamların gözünü tutub.  Mila xala 20 ildi ölüb, amma biz hər gün onun üçün rəhmət oxuyuruq. Görəsən, Bakının istisindən qaçıb nisbətən sərin rayonlara pənah aparan bizim kimi kasıb insanlara 1 xiyarı 4 manata satan bu adamlar üçün rəhmət oxuyan tapılacaq?  Seymur VERDİZADƏ 

"Qarabağ ətrafında yaranmış situasiyanı düşmənin fürsətinə çevirmək olmaz...”

“Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz...”                  Rəsmi maaşını İrəvandan alan  Ermənistanın Xankəndindəki baş məmuru Araik Arutunyan dünən yerli televiziya ilə çıxış edib. Bir həftə əvvəldən bu çıxış üçün elə anonslar verilmişdi ki, guya Arutunyanın çox taleyüklü bir çıxışı olacaq və bu çıxışdan sonra Qarabağ ermənilərinin gələcək taleyi müəyyənləşəcək. Açığı, verilən anonslara və real vəziyyətə əsaslanıb, məntiqlə Arutunyanın çıxış yolu barədə praqmatik təkliflər irəli sürəcəyi ehtimal olunurdu. Araik çıxış elədi və.., indiyədək bütün ermənilərin dediklərini təkrar etdi. Yenə “genosid”, “etnik təmizləmə”, “humanitar fəlakət”, “2000 hamilə qadın” ( nə oldu, bunlardan heç doğub qurtaran olmadı ki, say dəyişmir) və bu qəbildən olan terminlər işlətməklə “məzlum, əzabkeş xalq” obrazı təsvir etməyə çalışıb, üstəlik, Vaqif Xaçaturyanı da unutmayıb. Çıxış yolunu isə dirənişi davam etdirməkdə gördüyünü elan edən Arutunyan əlavə şərt də irəli sürüb: “Bizə ünvanlanan istənilən təklif, ilk növbədə, ləyaqətimiz çərçivəsində olmalı, beynəlxalq humanitar norma və qaydalara uyğun olmalıdır. İstənilən həyati vacib təklif və ya qərar üçün xalqımızın hisslərini əks etdirən konsensusa malik olmalıyıq”. İrəvanın Xankəndindəki baş məmuru da, bu fikri tez-tez təkrar edən başqa erməni siyasilər və onlara havadarlıq edən Qərb və Rusiya rəsmiləri də bilməlidir ki,  ləyaqət prinsipi yalnız bir qrup separatçıya aid deyil. Azərbaycan öz milli ləyaqət və dövlət qürurunu qorumaq üçün beynəlxalq hüquqla və tarixən ona aid olan torpaqlarını son qarışınadək heç kəsə güzəşt edəsi deyil. Bizim ləyaqətimiz başqalarının alçaldılmasına hesablanmayıb. Azərbaycanda yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyi necə qorunursa, sayı Azərbaycanda yaşayan digər etnik azlıqlardan qat-qat az olan ermənilərin də hüquqları beynəlxalq hüquq və normalar çərçivəsində qorunacaq. Baxmayaraq ki, 1988-ci ildən başlayaraq ermənilər Azərbaycan xalqı qarşısında elə cinayətlər törədiblər ki, bəlkə də dünyanın heç bir xalqı bu cinayətləri törətmiş bir millətə qarşı bizim kimi humanist mövqedən yanaşmazdı. Bu da bizim xalqımızın “hisslərini əks etdirən konsensusdur”... Ermənilər açıq etiraf edirlər ki, indiki vəziyyətə səbəb Laçın yolunun bağlanması deyil, Azərbaycanın birgəyaşayış təkliflərini qəbul etməməkdir. Xankəndindəki məmurcuqlar da, bütün ermənilər də Azərbaycanla bərabərhüquqlu subyekt kimi danışıqlar aparmaq istəyirlər. Baxmayaraq ki, 44 günlük müharibədən sonra havadarları da ermənilərə çatdırdılar ki, “plankanı aşağı salın”. Salmırlar...  Yaranmış situasiya ermənilərin arzuladıqları mənzərədir. Azərbaycanı qəddar obrazda təqdim edib, beynəlxalq ictimaiyyəti üzərimizə qaldırmaq... BMT-nin, NATO-nun və digər beynəlxalq qurumların hələlik “narahatlıqlarını” ifadə edən çağırışları perspektivdə maraqlarımıza uyğun olmayan duruma çevrilməməlidir. Qlobal güclərin bölgə uğrunda mübarizəsinin bizə qarşı təzyiqlər siyasətinə keçməsinə imkan vermək olmaz. “Humanitar böhran” adı altında siyasi konyukturanın böyüməsi problemin yenidən dondurulmasına gətirib çıxara bilər və bu ilk növbədə bölgəni tərk etmək istəməyən Rusiyanın maraqlarına uyğundur. Qərb isə nə qədər sülhdə maraqlı olsa belə, bu konyukturanı inkişaf etdirib ölmüş “status” məsələsini müzakirə predmetinə çevirməyə cəhd edə bilər. Hər iki xətt Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil...  Laçın yolunda tətbiq edilən məhdudiyyətlər istisna olmaqla düşmənin bu cür təxribat xarakterli təbliğatına qarşı hansı addımlar atılmalıdır ki, situativ mənzərə dəyişmiş olsun? Bəri başdan qeyd edək ki, Laçın yolu “Spayka” üçün qeyd-şərtsiz açılarsa, ermənilər bunu qələbə kimi vurğulayıb, mübarizə ilə çox hədəflərə nail olmağın mümkünlüyünü təbliğ edə bilərlər.  Ağdam yolundan istifadə etmək, Ermənistandan gələn hər hansı bir yükə, o cümlədən humanitar yükə aid deyil. O yoldan istifadə şəraitini biz yaratmalıyıq. Azərbaycan Qarabağın erməni icması üçün humanitar malları real şəkildə nümayiş etdirməli və dünyaya informasiya çatdırmalıdır ki, heç kəsə humanitar fəlakət yaşatmaq niyyətində deyil. Yola beton plitələri də ermənilər özü düzüb. Bura Azərbaycanın ərazisidir və buradakı problemləri özümüz həll edə bilirik. Qarşı tərəf qəbul etmir və bunu “ləyaqət” prinsipi adı altında edirsə, deməli “ləyaqət” bəhanədir, onlar sülh istəmir və bunu heç də gizlətmirlər. Bir vacib tərəfi də qeyd etmək xüsusilə lazımdır ki, Xankəndi ermənilərinin böyük hissəsi Azərbaycanın tərkibində yaşamaq istəmir, eyni zamanda Qarabağı da tərk etmək fikrində deyillər. Separatçılar daha çox qisas və revanşist hisslərlə yaşadıqlarını gizlətmirlər. Ona görə də, “sadə ermənilər bizi gözləyir” rəyinin indiki situasiyada əsası yoxdur. Siyasətimiz reallığa hesablanmalıdır. Reallığın bir tərəfi də indiki həssas dönəmdə Qarabağın erməni icması üçün perspektiv humanitar layihələr, proqramlar barədə rəsmi çıxışlara yer verməkdir. Dünənə qədər bir-birinə güllə atan tərəflərdə inam, etibar tezliklə yaranmır və adətən məğlub tərəfin buna psixoloji ehtiyacı olur. Azərbaycan həm də böyüklüyünü, qalibliyini nümayiş etdirməlidir... Ardınca tələblərimizi irəli sürməliyik, hər zaman təkrar etdiyimiz tələblərimizi. Amma, bu dəfə vaxt verib xəbərdar etmək şərtilə. Erməni silahlı qüvvələri çıxarılır, təhlükəsizlik şərtlərinə əməl etməklə qaçqınlarımız doğma evlərinə qayıdırlar. Amnistiya təklifi də hələlik qüvvədə qalır. Əks halda axtarışda olanları Vaqif Xaçaturyanın aqibəti gözləyir... moderator   İlham İsmayıl

“Yevlax Vaşinqtonu kölgədə qoya bilərmi?..”

“Qarabağda vəziyyət mürəkkəbləşməyə, yoxsa yekuna yaxınlaşır?..” “Biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik?..” Son günlər Qarabağ ətrafında baş verən hadisələr sual yaradır: mövcud vəziyyət Qarabağ problemini mürəkkəbləşməyə doğru aparır, yoxsa “denouement”ə - “razvyazka”ya yaxınlaşdırır? Ermənilərin siyasəti məlumdur: “məzlum, əzabkeş, genosidə məruz qalmış millət” obrazı yaratmaqla, dünyanın mərhəmətini və yardımını qazanmaq, milli problemlərini həll etmək, hüquqlarının pozulduğu barədə Qərbə mesajlar ünvanlayıb dəstək almaq. Paralel olaraq Rusiyanı “Qarabağdan çıxarsa, Gümrüdən, cəmi Ermənistandan çıxacaq” hədəsi ilə şantaj etmək. Qərb dövlətləri sərt dillə olmasa da, ermənilərin hüquqlarının pozulması adı altında Azərbaycana müxtəlif çağırışlar edir, Rusiya isə Cənubi Qafqazda təsirini saxlamaq məqsədilə indiki status-kvonu dondurmaq, problemi konservləşdirmək xəttini aparır. Bu siyasətin ana xətti 44 günlük müharibədən sonra başlayıb və keçən iki il doqquz ay ərzində daha da dərinləşib, indi də “humanitar karvan” adı altında 19 yük maşınını Həkəri postuna yaxın yerdə saxlayıb dünyaya şou nümayiş etdirirlər. Yaranmış bu situasiyada Azərbaycan qarşı tərəfin iddialarını təkzib edir və bəzi uğurlu taktiki addımlar atmaqla ( Vaqif Xaçatryanın həbsi) mövqeyində dəyişiklik olmadığını və kiçik güzəştə belə, getməyəcəyini nümayiş etdirir. Yetərlidirmi? Sülh müqaviləsinin imzalanması istiqamətində Qərb və Moskva masalarında danışıqların dinamik inkişafını və müəyyən vacib məsələlərlə bağlı sənəd üzərində olmasa da, şifahi razılaşmaların olduğunu nəzərə alsaq.., bəlkə də mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar. Amma, düşmənimizin çox məkrli və dünya səviyyəsində havadarlarının olduğunu və kənardan idarə edildiyini nəzərə alsaq, bu vəziyyətin uzun müddət dəyişməz qalması, kiçikmiqyaslı siyasi, hərbi toqquşmalarla davam etməsi zaman aparır və aparacaq. Süni şəkildə zamanın uzadılması isə Azərbaycanın maraqlarına uyğun deyil. İlk növbədə bu Rusiya “sülhməramlı”ları ilə bağlıdır.  Bu vəziyyət belə hadisələrlə davam edərsə, 2025-ci ildə Rusiyanın Qarabağı tərk etməsi böyük suallar yaradacaq. Hadisə-təxribat yaratmaq isə ermənilərin xisləti, siyasətidir... Ermənistan dayanmadan silahlanır. Hindistandan, Fransadan, İrandan və bilmədiyimiz ölkələrdən silah alır, daha çox PUA-larla arsenalını zənginləşdirir. Paralel olaraq dünyada mənfi Azərbaycan obrazı yaradır. Dünyanın Azərbaycana təzyiq etmə siyasətini dayanmadan davam etdirir, ən azı Qarabağ ermənilərinə status verilməsini hədəfləyir.  Ermənistanla sülh müqaviləsinin imzalanmasının ilin sonunda mümkün olması barədə verilən nikbin proqnozlar da.., yalnız proqnozdur. Ümumiyyətlə, hətta sülh müqaviləsi imzalandığı günün sabahısı Xankəndində bizi gül-çiçəklə qarşılayası deyillər və iddialarından da tezliklə geri çəkilməyəcəklər. Amma, biz sülh danışıqları ilə paralel olaraq birbaşa Qarabağla əlaqədar tələblərimizi gündəmə gətirib dövlət nəzarətimizin Qarabağın qalan hissəsində reallaşması istiqamətində hərəkətə keçsək, qarşı tərəf müdafiə mövqeyində olacaq. Bizim şərtlərimizi müzakirə edəcəklər, “humanitar fəlakət” şousu işə keçməyəcək. Paşinyan “Evronevs” kanalına müsahibəsində Qarabağ qaçqınlarından danışıb və onların geri qayıtmasına guya Azərbaycanın şərait yaratmadığını vurğulayıb. O zaman biz niyə keçmiş Dağlıq Qarabağda yaşamış və ermənilər tərəfdən etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqınların doğma yurdlarına qayıdışını gündəmə gətirmirik? Bu tələbin gündəmə gətirilməsi paralel olaraq digər problemi- təhlükəsizlik baxımından erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını zəruri edəcək. Hərbi gücə əl atmadan da qeyd olunan məsələlərlə əlaqədar vaxt şərtini irəli sürüb düşməni divara dirəmək mümkündür…  Məğlub olan ermənilərin hələ də “müstəqillik” iddiasında qalması yalnız öz siyasətlərinin nəticəsi deyil. Ağdam yoluna blok plitələr qoyulması Rusiyanın razılığı ilə baş tutub. Azərbaycanlılarla birgəyaşayışa meyillik göstərən yerli erməniləri isə barmaqla saymaq olar, çox güman ki,  heç belələri yoxdur. Amma, Xankəndində elə bir vəziyyət yaranıb ki, əksəriyyət olmasa da, müəyyən bir qisim insanlarda Azərbaycandan onları inandıra biləcək bir jest fərqli mövqe yarada bilər. Belə bir humanist addımın atılacağından daşnaklar çox narahatdırlar. Bakıya gətirilən Vaqif Xaçaturyanın müalicə olunmasından, onun sağalıb Azərbaycan Prezidentinə əfv ərizəsi yazmasından və müsbət reaksiya verildikdə bunun Xankəndində parçalanmaya səbəb olacağından narahatlıqlarını bəri başdan bildirirlər…  Prosesin bu tendensiyalarla davam etməsi vəziyyətin daha çox mürəkkəbləşməsinə, beynəlmiləlləşməsinə aparır. Daxili işimizin bu istiqamətə çəkilməsinə yol verməmək üçün sərt diplomatik addımların atılması zərurət həddinə çatıb. Beynəlxalq şərait də buna imkan verir. Daxili işimizi yekunlaşdırmağa yaxın olduğumuz mərhələdə vəziyyətin mürəkkəb və gərgin formaya keçməsinə imkan vermək maraqlarımıza ziddir.  Bu arada, Yevlax görüşü ola bilərmi? ( material hazırlananda bu görüşün baş tutacağı hələ təsdiqlənməmişdi). Müharibədən əvvəl ermənilər “Kürə qədər gələcəyik” deyib, bizi hədələyirdilər. İndi onları Kürün sahilinə dəvət edirik.., gəlib görsünlər. Görüşün vasitəçisiz olması və müzakirə olunacaq reinteqrasiya məsələləri Vaşinqton, Brüssel, Moskva görüşlərini kölgədə qoya bilər. Yox, əgər ermənilər yenidən “beynəlxalq mexanizm müstəvisində görüş ola bilər” iddiasında qalıb imtina etsələr, bu onların qeyri-səmimi olduqları ilə yanaşı, əsas məqsədlərinin zamanı uzatmaq olduğunu bir daha sübut etmiş olacaq…   moderator İlham İsmayıl

"Qarabağda Putinə ediləcək kiçik güzəşt - gələcək təhlükələrin böyüyəcəyi deməkdir..."

"Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz..."  "Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır..." Son Brüssel görüşündə heç bir sənəd imzalanmadı, amma görüşdən sonrakı rezonanslar Azərbaycan qarşısında fərqli bir siyasi xətt açır. Rusiya Federasiyası XİN -in görüşdən sonrakı verdiyi bəyanat Putinin ötən il Valdayda etdiyi məlum çıxışın həm forma, həm də məzmunca təkrarı idi. Yəni Rusiyanın növbəti diplomatik təxribatı yenə də Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləməsinə qarşı idi və Kreml bu tanınmanı ermənilərin öz “günahı” kimi dəyərləndirib. Amma Cənubi Qafqazda ambisiyalı təsirini saxlamaq üçün Bakı ilə İrəvan arasında bağlanacaq sülh müqaviləsinin Moskvada imzalanmasını vurğulayaraq, ilkin mərhələdə Moskvada üçtərəfli görüşün keçirilməsi təklifini irəli sürüb. Artıq hər dəfə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdən sonra Rusiyada tərəflərin görüşlərə çağırılması ("dəvət" demək olmur) sanki zərurət halını alıb.  Danışıqlar, yenə də danışıqlar, görüşlər.., hələ ki, real nəticə vermir. Əslində, nəticə olmaması ilk növbədə Rusiya üçün, sonra da ermənilər üçün bir nəticədir və bu hal onların maraqlarına uyğundur. Hər iki dövlət Azərbaycanı danışıqlar labirintinə salıb zamanı uzatmaqla məşğuldur. Yazının ilk cümləsində qeyd etdiyimiz kimi, son Brüssel görüşündən sonra Rusiyanın rəsmi mövqeyi və bu mövqedən ruhlanan Xankəndi separatçıların bəyanatları mövcud çətinliklərə baxmayaraq Azərbaycanla heç bir münasibət yaratmayacaqlarını bir daha açıq bildirmələri, bizim indiyədək apardığımız səbirli siyasi xəttimizə fərqli yanaşmanı tələb edir. Ağdam yolundan humanitar məqsədlərlə istifadəyə müsbət yanaşan Şarl Mişelə “get, öz işinlə məşğul ol” deyən Babayan, “artsaxlıları düşmən qapısına göndərir” deyən Qaramyan və digərləri dünyaya “humanitar fəlakət” haqqında nağıllar danışmaqda davam edəcəklər. Bizim rəsmi şəkildə hər dəfə bu nağılları təkzib etməyimizə ehtiyac yoxdur, əksinə, biz qarşı tərəflərə elə tələblər irəli sürməli, elə siyasi gedişlər etməliyik ki, onlar müdafiə mövqeyinə çəkilsinlər...  Bu məqsədlə Azərbaycan danışıqlar burulğanından çıxıb birbaşa Qarabağa yönəlik addımlarını atmalıdır. Erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması üçün konkret vaxt qoyub xəbərdarlıq etmək, Qarabağ ermənilərinin sənədlərinin dəyişdirilib Azərbaycan sənədinə keçməsini Laçın yolundan istifadə etmək üçün şərt kimi qəbul etdirmək, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayıb ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmış qaçqınlarımızın dogma yurdlarına qayıdışını həll etmək. Qoy, qarşı tərəflər bizim təşəbbüslərimizi müzakirə etməklə müdafiə olunsunlar, bizim onların kaprizləri ilə oynamaq vaxtımız tükənib...  Rusiya prezidenti Vladimir Putinin Qarabağdan hərbi kontingentini çıxarmamaq üçün vəziyyəti gərginləşdirmək istiqamətində kompleks təxribatlar hazırlaması gözləniləndir. Bu təxribatların başında şəxsən özünün tələbləri də yer ala bilər və müxtəlif informasiyalardan məlum olur ki, Putin artıq belə cəhdlər edib. Bəşəriyyət üçün təhdid və təhlükə mənbəyi hesab edilən bu adamın qarşısını yalnız Türkiyə-Azərbaycan koordinasiyalı siyasəti ala bilər. Bu gün Putinə ediləcək hər hansı bir kiçik güzəşt, Azərbaycan və bütün bölgə üçün gələcək təhlükələrin miqyasının böyüməsi ilə müşayiət olunacaq. Odur ki, Azərbaycan Qarabağla əlaqədar Putinin imperiya ambisiyalarını durdurmaq üçün zamanı uzatmadan şərtlərini, tələblərini, xəbərdarlıqlarını elan etməlidir. İlk addım hörmətli Ərdoğan tərəfindən atıldı, davamı gəlməlidir. 10 noyabr bəyanatına əsasən ilk növbədə erməni silahlı qüvvələri dərhal torpaqlarımızdan çıxarılmalı, əks halda hərbi güc tətbiqinin qaçılmaz olduğu Rusiya dövlətinin nəzərinə çatdırılmalıdır. Rusiya hərbiçilərinin gözü qarşısında erməni silahlı qüvvələrinin məhvinin real olduğunu dərk edən Kreml, simasını qorumaq məqsədilə bu şərtə əməl etməyə məcburdur. Biz israr etməliyik, vaxt təyin etməliyik. 2025-ci ilin noyabrınadək elə siyasi xətt seçilməlidir ki, Rusiya dünyaya deyə bilməsin ki, iki toplum arasında gərginliyin qanlı hadisələrlə müşayiət olunmasının real görünməsi səbəbindən Rusiya hələ bölgədə qalmaq məcburiyyətindədir...  Rusiya zamanı uzatmaq məqsədilə tərəfləri yenə "delimitasiya, demarkasiya, nəqliyyat infrastrukturunda maneələrin aradan qaldırılması" və s. ilə məşğul olmağa çağırıb, həmişəki kimi konkret hədəfdən yayındırmağa çalışacaq. Biz hətta bu istiqamətdə danışıqlar aparmaqla, paralel olaraq Qarabağda dövlət nəzarətimizin yaranmasının yol xəritəsini ortaya qoymalıyıq. Qarabağdaxili yolların - konkret olaraq Ağdam-Əsgəran-Xocalı-Şuşa yolunun və Tərtər-Ağdərə-Kəlbəcər yolunun tam açılması, ekoloji fəlakətin yaşandığı Sərsəng su anbarının nəzarətimizə keçməsi üçün siyasi tələbləri səsləndirib, ardınca realllaşmasına nail olmağı tezliklə həll etməliyik. Ukraynada uduzan Rusiyanın Cənubi Qafqazda reabilitasiyasına imkan vermək olmaz...  Qarşıda növbəti Moskva, Brüssel, Qranada görüşləri gözlənilir. Ukraynada olduğu kimi, Qarabağ məsələsində də Qərbin Rusiyaya ünvanlı təzyiqinə nail olmaq lazımdır. Amma, ən əsası özümüzün siyasi və hərbi gücü ilə Qarabağ məsələsində yekun nöqtənin 2025-ci ildən o yana qalmaması üçün zəruri olanları həyata keçirməliyik...(moderator) İlham İsmayıl

Görüşlərin Qarabağdakı duruma həlledici təsiri varmı?..

"Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir..."           Sonuncu Vaşinqton görüşünün yekunları barədə ev sahiblərinin də, tərəflərin də verdiyi açıqlamalardan konkret hansısa nəticəyə gəlmək, açığını deyək ki, bir qədər çətindir. Kifayət dərəcədə ümumi diplomatik terminlərdən istifadə olunmaqla yenə də danışıqlarda “irəliləyişin” olduğu vurğulanan xəsis bilgilər iki istiqamətdə yozula bilər: birincisi, tərəflər arasında ilk görüşdə razılaşdırılmayan prinsipial məsələlərin heç birində yenə də razılıq əldə edilməyib və ya əldə olunan hansısa razılıq xüsusi əhəmiyyət daşımır; ikincisi, bir xeyli prinsipial məsələlərdə razılıq əldə edilib, sadəcə öncədən mətbuata açıqlama sülh müqaviləsinin imzalanmasına qarşı çıxan qüvvələr və dövlətlər tərəfindən təxribat xarakterli etirazlarla qarşılanacağından, ehtiyat edilərək detallı açıqlamalardan imtina edilib. Sülh müqaviləsinin imzalanmasını istəməyənlər məlumdur- Ermənistan siyasi müxalifəti və cəmiyyətin müəyyən kəsimi, o cümlədən diaspora və rəsmi şəkildə sülhün tezliklə bağlanmasına qarşı çıxan Rusiya və Fransa dövlətləri. Birinci Vaşinqton görüşündən sonra baş tutan Brüssel görüşündə Azərbaycanın 86.6 min kv.km ərazisinin Paşinyan tərəfindən tanınması fikrinin səsləndirilməsini doğrudan da” tərəqqi” hesab etmək olar. Qarşıda Azərbaycan və Ermənistan dövlət başçılarının 21 iyulda Brüssel görüşü gözlənilir. Hesab edirik ki, Vaşinqton görüşündə irəliləyiş varsa, Brüsseldə hansısa formada üzə çıxacaq və perspektiv sülh müqaviləsinin prinsipləri sənədləşmiş, imzalanmış şəkildə razılaşdırılacaq. Amma... Amma bu, nə sülh yaradacaq, nə də təxribatları azaldacaq, müharibədən sonra yaranmış status-kvo isə davam edəcək. Ona görə ki, problemin açar həlli Qarabağdadır, iki ölkə arasında sülh prosesi, hətta məntiqi nəticəsinə çatsa belə, hələ yekun nöqtəni vurmur. Qarabağın məlum hissəsində hələ də erməni silahlı qüvvələri işğal etdiyi torpaqlarda bütün arsenalları ilə dayanıblar və ən əsası, həmin ərazilərə nəzarət edən Rusiya hərbi kontingenti problemin mərkəzində durub, iki il səkkiz aydır sülh yaratmağa imkan vermir və yaxın zamanda belə bir perspektiv də görsənmir. Masada Vaşinqton təşəbbüsü ələ alsa da, sahəyə, konkret olaraq Xankəndinə Vaşinqtonun əli çatmır və Rusiyanın hərtərəfli müdafiə etdiyi separatçı rejim Azərbaycanı qəbul etmir. Rusiya Qarabağdakı minlərlə erməni silahlı qüvvələrinin ərzaq və silah təminatını həyata keçirir. Ermənistan isə bütün maliyyə xərclərini ödəyir və illik büdcə planlaşdırılmasında Qarabağdakı erməni silahlı qüvvələrinə ayrılan vəsait açıq göstərilib. Elə bu fakt ermənilərin yalanını sübut edir ki, “Artsax müdafiə ordusu” adı bir pərdədir, bu qüvvələri Ermənistan Respublikası maliyyələşdirir, Rusiya Federasiyası isə qoruyur. Sonuncunun əlində onlar təxribat mənbəyidir və atəşkəsi qorumaq bəhanəsi ilə Qarabağda və bütövlükdə Cənubi Qafqazda mövcudluğunu sürdürür. Qarabağdakı erməni silahlı qüvvələrinin tərkibində yerli əhalidən olanların sayca üstünlüyü  bu terrorçuların “müdafiə ordusu” adlandırılmasına əsas vermir. Sülhə mane olan ən böyük maneə də  məhz qanunsuz erməni silahlı qüvvələridir... 26 il danışıqlar aparan Ermənistan rəhbərləri siyasi iradə nümayiş etdirib problemi sülhlə həll edə bilmədilər, beş mindən çox hərbçi itirdilər və Azərbaycan ərazilərin böyük hissəsini işğaldan azad edərək bölgədə siyasi, hərbi üstünlük qazandı. İndi də Ermənistan rəhbərləri yaranmış vəziyyətdən dərs çıxarmaq niyyətində deyillər, hər danışıq prosesinə qəbulolunmayan şərtlərlə gedirlər. Bundan sonra neçə Vaşinqton, Brüssel, Qranada görüşləri olsa da, Qarabağdakı mövcud duruma az təsiri olacaq, həlledici rol oynamayacaq. Moskva, Soçi görüşləri isə zamanın süni şəkildə uzanmasına xidmət edəcək. Erməni siyasətçiləri də açıq şəkildə bildirirlər ki, “ Ermənistan yalnız bir halda öz maraqlarını irəli sürə bilər: zamanı uzatsa və eyni zamanda özünə gəlsə...”. Düşmən öz problemlərinin həll etmək üçün həm dünyada, həm bölgədə fərqli vəziyyətin yaranmasını şərt olaraq görür və prosesi havadarının köməyilə uzadır... 10 noyabr 2020-dən sonra biz bu prosesin şahidiyik, ona görə də siyasətimizdə daha konkret tələblərə üstünlük verməliyik. Laçın yolundakı nəzarət məntəqəmiz Rusiyanın erməni silahlı qüvvələrini təmin etməkdə son maneə deyil. Ruslar silah daşıya bilməsələr də, digər təminatları həyata keçirə bilirlər. Hər dəfə söylədiyimiz kimi yenə təkrar edirik: erməni silahlı qüvvələrin Azərbaycan ərazisini tərk etməsinə və ya son gülləyədək tərksilah edilməsinə vaxt qoyub xəbərdarlıq etməyin zamanı çatıb. Sülh prosesinə Qarabağdan başlamaq lazımdır...moderator İlham İsmayıl

Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş

Yenə Qərbi söyməyə başlayıblar. Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş. Guya Qərbin məqsədi də dövlətçiliyimizə qarşı çıxmaq imiş. Qərb heç vaxt bizim milli dövlətçiliyimizə qarşı olmayıb. Məsələn, Topçubaşovu Versalda qəbul edən kim idi? Qərb! Elçibəy Finlandiyadakı beynəlxalq toplantıda hansı dildə çıxış edirdi? Azərbaycan dilində! Qarabağın işğalı ilə bağlı 4 qətnamə verən kim idi? Qərb! Yenə sayaq, yoxsa bəsdir? İkincisi, mən bir insan və vətəndaş kimi niyə Qərb dəyərlərinin tərəfdarıyam, onu da deyim. Çünki Qərb insana, onun varlığına, mövcudluğuna hörmət edir. Deyir, sənin seçmək, sərbəst toplaşmaq azadlığın var, sənin mülkiyyət toxunulmazlığın var, sənin hüquqların var. İndi mən bir insan kimi liberal iqtisadiyyat, hüquq və azadlıqdan tərəf olan Qərb dəyərlərinin yanında olmalıyam, yoxsa korrupsiyanın, işğalın, zülmün, köləliyin? Əlbəttə, Qərb dəyərlərinin. Sən insana, insanlığa bu qədər hörmətlə yanaşan hansı dəyərlər sistemi ortaya qoymusan ki, mən də onun yanında olmamışam?  Kəramət Böyükçöl 

Elman Məmmədyarov öz ampluasında, Ağsunun "Difai"-si və Lənkəran futboluna bitməyən qərəz...

Məlumunuz,bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirildi və bu iclasda  növbəti mövsüm Azərbaycan çempionatlarında iştirak edəcək komandaların sayı və adı məlum olub. Bu iclasa sabiq "xarici nazir işləri", İcraiyyə Komitəsinin üzvü olan Elman Məmmədyarov bilmirəm hardan çıxarıb deyib ki,"Növbəti çempionatda Azərbaycan Premyer -Liqasında 12 komanda iştirak edəcək,"Şamaxı" aşağı liqaya düşməyəcək və "Zaqatala " yüksək diviziona yüksəldiləcək". Amma az sonra məlum olub ki, heç də belə deyil,növbəti çempionatda PL-da 10 komanda çıxış edəcək və "Şamaxı" reqlamentə uyğun olaraq alt liqada mübarizə aparacaq.(Amma deyirəm,bəlkə də elə ilk söhbət belə olube,sonradan qərarı dəyişiblər. Azərbaycandır da,nə desən olar.) Əslində,qəbul edilən qərarları ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı təşkil edilməməsi ayrı bir dərddir,amma nəysə...  Hə,Komitə iclasında a023-2024-cü illər mövsümündə I Divizionda 10 komanda iştirak edəcək komandalar da məlum olub. Bunların arasında Ağsunun komandası da var. Komandamız "Difai" adı altında çıxış edəcək ,çox əla! Komandamıza uğurlar! 1. “Şamaxı” 2. “Qaradağ Lökbatan” 3. MOİK 4. “Mingəçevir” 5. “Zaqatala” 6. “İrəvan” 7. “İmişli” 8. “Difai Ağsu” 9. “Araz Saatlı” 10. “Karvan” Hə, öz möhtəşəm azarkeşləri, infrastrukturu ilə ölkədə öncüllərdən olan  Lənkəranın nə 1-ci ,nə də yeni təsis edilən 2-ci liqada təmsil olunmaması təəccüblüdür. Məlum, Mübariz Mənsimovun AFFA rəhbərliyi, konkret olaraq prezident Rövnəq Abdullayev ilə münasibətlərinin yaxşı deyil. Amma bunun cəzasını bütünlükdə Lənkəran futbolu ödəməməlidir axı. Cabir Turan Cəfərbəyli

Jurnalist naziri metroya çağırdı: Siz bahalı maşınınızda xumarlananda...

Bakının o başında yaşayan adama 1 manat verib onun maşını ilə işə gələndə kimin qarnı ağrıyır? Niyə mən taksi ilə 15 dəqiqəyə qət etdiyim yolu uzun və yöndəmsiz avtobusla 55 dəqiqəyə getməliyəm? Bu ölkədə bircə ucuz olan taksi xidməti qalmışdı, onu da digər qiymətlərə “uyğunlaşdırırlar”. Siz Allah, arqumentə baxın: Qiymətlər çox ucuzdur, hamı taksi xidmətindən istifadə etmək istəyir. Bəli, qiymətlər çox ucuzdur. Məsələn, iki gün əvvəl mən məşhur 8-ci kilometr bazarından aeroportun yanına 5 manata getdim. Yolda sürücüdən bu məbləğin ona sərf edib-etmədiyini soruşanda, yaşına uyğun olmayan ağayanalıqla belə dedi: "Allah bərəkət versin". Allah ürəyinə görə verdi. Mən maşından düşməyə macal tapmamış başqa bir müştəri özünü içəri təpdi. Biz bahalı istirahət mərkəzlərinə gedə bilmirik. Teleqüllədəki məşhur restoranda nəinki yemək yemirik, heç çay da içə bilmirik. Cahangir Əsgərovun acgözlüyü üzündən daha təyyarəyə də minmirik. Bircə taksi xidmətindən istifadə edə bilirik. Onu da bizə çox görürlər. İstəyirsiniz ki, köhnə, təmirsiz, kondisionersiz metro vaqonlarında, turşumuş kələm qoxan kirli avtobuslarda bir-birimizin belinə minək? İctimai nəqliyyatdan istifadənin zəruriliyini anlatmağa çalışan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevdən soruşuram: Müşahidə Şurasının sədri olduğunuz Bakı metrosunun xidmətindən istifadə edən sərnişinlərin hansı məşəqqətlərə qatlaşmasından xəbəriniz varmı? Siz bahalı maşınınızda xumarlana-xumarlana işə gedəndə, sıravi vətəndaşların hansı zülmə qatlaşdığını yazım, öyrənin. Öyrənmək heç vaxt gec deyil. Cənab nazir, Mərdəkanda yaşayan Məmmədəli kişi Yasamaldakı iş yerinə getmək üçün kökünü qurutmağa çalışdığınız 1 manatlıq taksilərlə əvvəlcə metronun "Koroğlu" stansiyasına gəlir. Sonra min bir əziyyətlə, qan-tər tökə-tökə vaqonların hərəkət etdiyi platformaya enir. Təbii ki, Dərnəgül istiqamətində hərəkət edən qatara minə bilmir. Əlacı kəsildiiyi üçün üzünü o tərəfə çevirib "Həzi Aslanov" stansiyasına gedən qatara əyləşir. Ehtiyac üzündən çuxura düşmüş gözlərini qıyıb ətrafı müşahidə edir. Adam az olsa, "Neftçilər", çox olsa "Xalqlar Dostluğu" stansiyasında enir. Təkrar Dərnəgül istiqamətində hərəkət edən qatara minib "İnşaatçılar" stansiyasına qədər yol gedir. Yüzlərlə insanla birlikdə yol getdiyi üçün 20 dəfə ayağını tapdalayırlar, şalvarının qırışı itir, pencəyinin yaxası əzilir. Hanasısa yekəpər sərnişinin müdaxiləsi ilə azı üç dəfə yerində dövrə vurur, beş dəfə onun bunun tənəsini eşidir. Əgər həmin gün cibgirlə qarşılaşırsa, üstündəki beş-on manat da əldən çıxır. Ürəyində yüz dəfə özünə, iki yüz dəfə də ona bu zülmü yaşadanlara söyə-söyə gəlib iş yerinə çatır... Mənə inanmırsınızsa, gəlin birlikdə metroya minək. Narahat olmayın, sizi öz kartımla keçirəcəyəm. Təki, gəlin və görün... Seymur VERDİZADƏ

Emin Əmrullayev də imtahan versin...

Bu ildən birinci sinfə gedən uşaqlar da imtahan verəcəkmiş. Əlbəttə, söhbət bizim bildiyimiz, verdiyimiz klassik imtahandan getmir. Sadəcə, uşaqları sorğu-sual edəcəklərmiş. Öz təbirlərincə desək, bundan sonra uşaqlar müsabiqə yolu ilə məktəbə qəbul olunacaqmış...  Hamı Elm və Təhsil Nazirliyinin rəhbər şəxslərində olan həvəsə heyran qalıb. Müəllimlərdən sonra uşaqları imtahan etmək yeni "kəşf" olmalıdır. Qusarın normal yolu, düz-əməlli binası olmayan məktəbində 4 saat dərs demək üçün imtahan. Direktor olmaq üçün imtahan. Direktor müavini işləmək üçün imtahan. Hətta cüzi məvacib müqabilində məktəblinin dostu olmaq üçün də imtahan verməlisən... Adamlar onu-bunu qabaqlarına qoyub  imtahan götürməkdən zövq alırlar. Hansısa psixoloji xəstəliyin əlaməti olmalıdır. Gərək hörmətli Aytən Ələkbərova ilə görüşəndə dəqiqləşdirim... Tanınmış təhsil eksperti, qocaman və müdrik professor Şahlar Əsgərov Elm və Təhsil nazirliyinin bu qərarını sərt şəkildə qınayıb. Şahlar müəllimin sözləridir:  "Dövlət nazirliyə büdcədən bu qədər maliyyə ayırır, maaş verir ki, sən birinci sinfə qədəm qoyan uşaqları imtahan elə, qəliz-qəliz suallarla yor, arzularını qır? Büdcənin 25 faizini təhsilə ona görə ayırır ki, sən bu uşaqları savadlı vətəndaş kimi yetişdir".  Şahlar müəllimin sonrakı sözləri daha sərtdir, düşünmək üçün ciddi əsas verir: "Bunu etməyən nazir demək ki, bizim yox, bizi istəməyən dövlətlərin naziri olur".  Sizcə, imtahan şəffaflıq əlamətidir? Əgər bütün qərarlar imtahanın nəticəsinə görə verilirsə, nazirlik niyə MİQ-dən 70-80 bal toplayan müəllimləri Xaçmazın ucqar dağ kəndinə, öz qohum-tanışlarını isə Bakının göbəyindəki təhsil ocaqlarında işləməyə göndərir?  Mən imtahanın əleyhinə deyiləm. Hesab edirəm ki, övladlarımıza təhsil verən müəllimlər 5 ildən bir sertifikasiyadan keçməlidir.  Amma bir təklifim var, Elm və təhsil naziri Emin Əmrullayev də imtahan versin. Mən gənc və perspektivli naziri çox da çətinə salmağın tərəfdarı deyiləm. Sadəcə, yoxlayaq görək jurnal yazmağı bacarırmı? İlk dərs günü valideyninin arxasınca ağlayan uşağı sakitləşdirməyin yolunu bilirmi? Sinifdə şalvarını batıran azyaşlı ilə necə davranmalı olduğundan xəbəri varmı?  Bu gedişlə Emin müəllim bir gün valideynləri də imtahan edəcək. Qoy bu həyəcanı bir dəfə də özü yaşasın...  Seymur VERDİZADƏ

Yazıb ki, sən özün də bar qızının tayısan...

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin yazını axtarıb tapdım. Başlıq belə idi: “Zelenski rus tanklarının lüləsindən öpməliydi?..”  Həmin yazıda rus işğalını pisləmiş, ukraynalıların müqavimətini dəstəkləmişdim.  Üstündən 1 il 3 ay vaxt keçməsinə baxmayın, yaxşı xatırlayıram. Bu məqalə sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Ən böyük səhifələrdə, qruplarda yüzlərlə rəy yazılmışdı. Çoxluq mövqeyimi bölüşürdü, yazını təqdir edirdi. Amma mətni deyil, məqalənin başlığını oxuyub şərh yazanlar da az deyildi. Hətta çoxu sərlövhədəki sual işarəsinin də fərqinə varmamışdı. Məni o qədər söyən, kin, nifrət püskürən vardı ki... Bir şərh indiyə kimi yadımdadır: "Zelenski niyə rus tanklarının lüləsindən öpməlidir? Sən get, Putinin yumşaq yerindən öp".  Hələ bu ən "mədəni” şərh idi... Biz jurnalistlər bu cür vəziyyətlə tez-tez qarşılaşırıq. Başlığı oxuyub klaviaturaya güc verirlər. Söyüşün, təhqirin biri bir qəpik olur. Yaşlı atasına bir cüt corab almayanlar kompüter qarşısında ata təəssübkeşinə, qoca anasının pensiyasını arağa xərcləyənlər qədirbilən oğula çevrilirlər. "Keçi" şeirinin iki misrasını bilməyənlər isə 40 ilin jurnalistinə "dərs" keçirlər... Dünən yenə söyülən günümüz idi... Günümüzə bax də!  Oxumayanlar üçün qısa izahat vermək istəyirəm: Dünən azərbaycanlı iş adamının Razi Əliyeva adlı modelə 230 min manatlıq maşın, şəhərin mərkəzində bahalı ev almasından yazmışdım. Sabirin, Mirzə Cəlilin bulağından bir-iki qurtum su içdiyim üçün guya maarifçiliklə məşğul olmaq istəmişdim. Məqalənin sərlövhəsi belə idi: "Bar qızları evdar qızlardan hörmətli olub..." Başlıqdakı ironiyanı tutmamaq üçün insan gərək debil olsun. Bu ölkədə o qədər debil var ki!.  Yenə yüzlərlə şərh yazıldı. Yenə beyinsiz adamlar ağzını açıb, gözünü yumdu. Yenə söyüşün biri bir qəpik idi.. Əlbəttə, hamı söymürdü, çoxu öyürdü. Amma bu cür ədalətli mövqeyə görə müəllifi hətta bir nəfər söyürsə, bunun özü də faciədir.  Onların sayı isə bir deyil, daha çox idi...  Biz məsciddə qabırğası sındırılan Seyid Əzimdən artıq deyilik. Heç Mirzə Cəlilin, böyük Sabirin əlinə su tökməyə də layiq deyilik. Öz yağımızda qovurulub gedirik. Nə qədər ağır olsa da, qulağımız bu cür təhqirləri çox eşidib... Başlığa görə dünənki məqaləmə yazılan şərhlərin birini paylaşım, söhbətə nöqtə qoyaq: "Bar qızına hörmət edən jurnalistin özü də elə o səviyyənin sahibidir. Ay ..., sən bar qızı alarsan? Sən özün də bar qızının tayısan..."  İndi bildinizmi, Sabir niyə 49 yaşında ölüb?  Sabiri çərlədib öldürənlərin nəvə-nəticəsi bu gün də bizim ömrümüzə qənim kəsilib. Nəinki yazmağa, hətta yaşamağa da imkan vermirlər...  Seymur VERDİZADƏ 

Azərbaycanı Türkiyəyə çevirək, yoxsa…?

Türkiyədə”14 May Eposu” arxada qaldı, indi qarşıda “28 May” müəmması durur. Sonuç nə olacaqsa, oz səsinə – namusuna sahib çıxan qardaş ölkə üçün xeyirli, uğurlu olsun! Seçkiyə günlər qala, təxminən iki həftə Türkiyədə oldum. Azərbaycandan fərqli olaraq seçki keçirilən ölkədə seçkiöncəsi qarşı tərəflərin bir-birlərinə qarşı sərt, aşağılayıcı ittihamları ilə rastlaşmadım. Hər halda mənim müşahidəm bu oldu. Köksündə fərqli ideologiyalara yer verən bir ölkədə eyni meydanda rəqib düşərgələrin yan-yana, sivil şəkildə seçki kampaniyası aparmaları isə xüsusilə təqdirəlayiq idi. Həmin ölkədə ki, seçki saxtakarlığının adı belə heyrət doğurur. Necə ki, vaxtilə oradakı dostlarımı belə inandıra bilmirdim ki, mən deputatlığa namizəd olarkən qazandığım mandatı müəyyən məbləğ müqabilində rəqibimə satıblar, halal səsimi dörd dəfə azaldıb, hakimiyyət namizədinin səsini isə 20 dəfə artırıblar. Bəli, bu Türkiyədir və çoxpartiyalı sistemlə ən azından 70 illik seçki təcrübəsinə malik azad ölkə (hələ bu müddətdə bir neçə hərbi çevrilişə də şahid olub). Bu, həmin Türkiyədir ki, prezidenti səsvermə məntəqəsində növbəyə duranda bizlər heyrət edirik. Amma bu bir həqiqətdir ki, hakimiyyətin sənin səsinə ehtiyacı varsa, əlbəttə ki, yanında olacaq, yanında duracaq. Amma mənim ölkəmdə keçirilən seçkilərdə hakimiyyətin sənin səsinə ehtiyacı olurmu? Sən heç hakimiyyət üçün mövcudsanmi gerçəkdən…?! Amma heyrət doğuran məqam budur ki, 30 ildir normal seçkiyə həsrət qalan, 30 il halal səsi hakimiyyət tərəfindən oğurlanan, komissiya sədrinin varlı namizəddən pul alıb rəqəmləri saxtalasdirdığı, qadınların , müəllimlərin seçki saxtakarlığına alət edilib aşağılandiği ölkəmdə məhz Türkiyədə keçiriləcək seçki öncəsi durum küçə söyüşlərinə qədər endi. Hər halda sosial şəbəkələrdə bu mənzərəyə şahid olduq. Etiraf edək ki, Azərbaycanda çoxluq Ərdoğanı dəstəkləyirdi. Hətta bu çoxluğa bəzən mövcud hakimiyyətə müxalif olanlar da qoşulurdu. Halbuki kimsəyə sirr deyil ki, bu total kampaniyanın başında məhz Azərbaycan iqtidarı dayanırdı. Prezidentdən deputata, jurnalistdən həkimə, müəllimədək Türkiyə prezidentinə hərtərəfli dəstək nümayiş etdirildi. Bundan ötrü hətta Türkiyədə qapı-qapı gəzən vətəndaşlarımız da, bizə şərait yaradın orada səs verək ( əslində “karusel edək”) deyənlərimiz də oldu. Dəstəyin obyektiv və eyni zamanda subyektiv səbəbləri haqda isə hamımız bilirik, məlumatliyıq. Yeri gəlmişkən dəstəkçilər arasında son parlament seçkilərindəki saxtakarlığa təxminən bir ay etiraz edib, sonra təkrar metamorfoz yaşayıb əvvəlki yerinə -hakimiyyətin dəstəkçisi mövqeyinə qayıdanlar da diqqətimi cəlb etdi. Olsun! Mövqe sərgiləmək alqişalayiq hərəkət olmaqla, həm də ərdəmdir. Şübhəsiz ki, bu mövqe içdən, könüldən olmasa, adı da fərqli olur. Ötən müddətdə məni düşündürən başqa bir məqam da bu idi ki, əcəba, ölkəmdə bircə nəfər iqtidaryönlü jurnalist , QHT fəalı, siyasətçi oldumu ki, verilən direktivlərdən kənara çıxıb, “xor”a qoşulmadan ortaya alternativ mövqe qoysun. Məsələn, heç bir namizədi dəstəkləməsin, ən azından Türkiyə seçicisinin səsinə hörmət əlaməti olaraq “Qazanan Türkiyə olsun!” “Demokratiya, xalqın iradəsi qazansın!” – deyə fərqli mövqe ilə çıxış etsin?! Şəxsən mən rast gəlmədim və yəqin ki, real şərtlərdə bu, heç mümkün də deyil. Çünki məhz Əliyevlərin 3 onillik hakimiyyətdə qalması, Azərbaycanda avtoritaritarizmin varlığını sürdürməsi üçün “dəridən-qabıqdan çıxan” kəsimdən alternativ (müstəqil) mövqe gözləmək də sadəlövhlük olardı. Qardaş ölkədə isə gerçəkdən demokratik seçkiyə şahid olduq. Şəxsən mənim də əsas istəyim seçkinin azad, demokratik iradə əsasında, eyni zamanda dövlətimin hərbi-siyasi qarantı sayılan Türkiyə üçün fəsadsiz keçirilməsi idi və elə də oldu. Azərbaycanımızda da gerçəkləşməsi diləyilə.. . Azad iradə, azad seçim elə bir dəyərdir ki, inanın, onun faydası bu gün avtoritarizmin varlığına xidmət edənlərin də həyatına müsbət təsir gostərər, onlar da azad nəfəs alar, onların da etiraz etmək duyğuları özlərinə qayıdar və normal həyat sürməyə davam edərlər. Əks halda, milyardları talanib “ofshor”lara ötürülən xalq olaraq nəsibimiz hər ay yüzminlərin möhtac olduğu 300 manata, vətən torpağında qanı tökülən oğullarımızın isə 80 manata məhkum edlildiyi həyat olacaq. Bəs elə isə, niyə Türkiyənin azad seçki təcrübəsini əxz etməyib, qardaş ölkəyə 30 illik uğursuz təcrübəmizi ixrac etməyə çalışırıq? Əslində son 20 ildə göstərilən bütün cəhdlərə rəğmən Cümhuriyyət dəyərlərindən “taviz” verməyən Türkiyəni bu gün avtoritar qaydalarla idarə edilən Azərbaycanımıza yox, əksinə korrupsiya bataqlığinda inildəyən ölkəmizi heç olmasa azad seçkisi ilə nümunə olan qardaş Türkiyəyə çevirməliyik. Gerçəkdən bir millət, iki dövlətiksə… Rüfət Muradlı

"Rusiya torpaqlarımızı azad etməyə imkan vermir"

10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi, siyasi hadisələr baş verib. Son hadisələr- əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər. Müharibəni yalnız hərbiçilər deyil, erməni cəmiyyətinin sıravi üzvləri də davam etdirir. Bu qənaətə gəlməyimizin səbəbi sərhəddə baş verən son hadisə deyil, belə təxribatlara adət etmişik. Naxçıvan istiqamətində yol azıb düşmən tərəfə keçən əsgərimizə təpiyi erməni əsgəri yox, mülki erməni vurub və nümayiş etdirib. Bayrağımızı da sıravi dizayner yandırıb. Müharibə bitməyib, dayandırılıb. Müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər. Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3, 2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları- Rusiya, İran, Fransa biçdiyindən sülhdən, razılaşmadan qaça bilir.  Müharibə yalnız iki dövlət arasında deyil, həm də vasitəçi adı ilə geosiyasi təsir imkanlarını reallaşdırmaq istəyən Qərb və Rusiya arasında davam edir. Ukrayna müharibəsindəki isti qarşıdurma öz yerində, Qarabağda da guya ki, vasitəçi olanlar arasında qarşıdurma gah işğal altında olan ərazilərimizdə, gah da iki dövlətin sərhədində təxribatlarla müşayət olunur. Verilən məlumatlara görə ABŞ-da və Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Nəticəsi olacaqmı? Müharibə bitəndən indiyədək belə görüşlər çox olub, hansısa razılaşmalara da nail olunub, amma heç biri reallaşmayıb, çünki vasitəçilər Cənubi Qafqazda bir-birini sıxışdırmaq üçün müxtəlif təxribatlara əl atdıqca heç bir razılaşma olmayacaq. Bu siyasətdə vasitəçilərin aləti, həmişə olduğu kimi Ermənistandır. Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün bütün manevrlərdən istifadə edir, gələcəkdə hansı qütbün yanında olacağına qərar verə bilmədiyi üçün və ya qəsdən hər iki tərəfə vədlər verərək, onların maraqları ətrafında reveranslar edib əlverişli beynəlxalq şəraiti gözləyirlər.  İki il yarımdır ki, Ermənistan və Rusiyanın zaman uzatmaq siyasətinin şahidiyik. Yeni görüşlər, yeni delimitasiya, demarkasiya işləri, infrastrukturun açılması müzakirə olunacaq, vədlər veriləcək, Nikol Paşinyan Brüsseldən, Vaşinqtondan qayıdan kimi, orada dediklərini unudub tamam əks mövqedən çıxış edəcək, Soçiyə, ya da Moskvaya çağrılacaq, oradan da qayıdanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlavə şərtlərdən danışacaq. Yəni, Putin Valday çıxışında dediyi kimi, “ Vaşinqton variantı ilə Qarabağdan imtina edirsinizsə, biz də buna razıyıq” deyib, Ermənistan rəhbərliyini şantaj etməkdə davam edəcək.  Biz Ermənistana hərbi və birbaşa himayədarı olan Rusiyaya diplomatik təzyiqlərimizi artırmalıyıq. Ermənistana ilk hərbi təzyiqimiz 8 anklav kənd ətrafında baş verməlidir. Bu ərazilər Qarabağ deyil, burada 10 noyabr bəyanatı keçmir. Burada Ermənistanın işğalı altında olan ərazilərin qısa müddətdə azad edilməsi həll olunmalıdır. Ermənistanın 41 kvadrat kilometrlik Başkənd anklavı bizim nəzarətimizdədirsə, Ermənistanın nəzarətində 200 kvadrat kilometrdən çox 8 anklav kəndlərimiz var. Düşmən bilməlidir ki, tezliklə masa arxasında bu problem həll olmasa hərbi yola əl atmaq beynəlxalq hüququmuzdur. Rusiyaya təzyiqimizi Qərblə koordinasiyalı şəkildə aparmalıyıq. Bu təzyiq ilk növbədə Laçın yolunda sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması ilə başlanmalıdır. Buna Qərb də etiraz etmir, heç Ermənistan hakimiyyəti də. Bu işə yalnız Rusiya mane olur. Dinc aksiyanın götürülməsi müqabilində nəzarət məntəqəsinin qurulmasının yaxın tarixi elan olunmalıdır. İkinci təzyiq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı olmalıdır. Rusiya imzasına hörmət edirsə, bu silahlı qüvvələrin çıxarılmasının da vaxtını elan etmək lazımdır.   “Kəsə qarabağı”, Rusiyaya diplomatik təzyiq Qarabağla, Ermənistana hərbi təzyiq anklav kəndlərlə başlanmalı və sona çatmalıdır. Yoxsa, biz bu tamaşanı sonadək seyr edə bilmərik, çünki bu tamaşanın sonu yoxdur. moderator İlham İsmayıl