Niyə çəkirsən Ya Rəbb bunca imtahana məni? Məyər ki, bu məqsədlə xəlq etdin cahanə məni? Yarımı aldın əlimdən təzə yetmiş vüsala, Od vurub can evimə, qoydun yanə-yanə məni. Həmişə rişxənd ilə Məcnuna lağ eyləmişəm, Deyəsən cəza verib, eylədin divanə məni. Əlimdə yox imkanım mən qovuşum cananıma, Duamı qəbul eylə ,çatdır o imkanə məni. Ürəyim dözmür artıq bu dünya haqsızlığına, Niyə xəlq etməmisən hər şeyə biganə məni?! Hər tərəf yırtıcılar,çaqqallarla dolub daşir, Tək necə baş çıxarım, atmısan ormanə məni?! Mən şeir yazmağa taa uşaq ikən başlamışam, Şair tək yetişdirdi bu çətin zəmanə məni. Şeiriyyat bir dənizdir, sahili gözlə görünməz, Atmısan xırda balıq tək həmən ümmanə məni. Elçinəm nədən məni dağ kimi xəlq eyləmədin? Dağ boyda bir dərd ilə bənzətdin insanə məni. Elçin Rəhimzadə
Rəşad Ergün Niyə gürcülər, niyə biz yox? Bizdən nələri artıqdır? Bəlkə, neftləri var? Bəlkə, əhali sayı bizdən çoxdur? Bəlkə, ərazisi bizimkindən böyükdür? Bəlkə, gürcülərin dənizi var, bizim yoxdur? Bəlkə, gürcülər kimi biz də cənubi qafqazlı deyilik? Bəlkə, eyni coğrafiyada yaşamırıq? Bəlkə, qonşu deyilik?.. Oturub, bir neçə gün sonra AFFA-da keçiriləcək “prezident seçki”sindən sonranın planlarını, xəyallarını quranların artıq indidən vəzifə, pul bölgüsünə başlamasının bizi gürcülərdən ayıran, fərqləndirən qalın xətt olduğu barədə danışmayacam. Heç onu da deməyəcəm ki, “Allah xatirinə, futboldan və uğurdan söz düşən kimi “Qarabağ”ın adını çəkməyin”. Hansı ki, həmin “Qarabağ”dan Juninyonu, Zubiri, Veşoviçi, Yankoviçi, Leandronu, Benzianı, Romaonu çıxar, ortada Azərbaycan millisindən sadəcə bir qədər daha yaxşı oynayan, daha mübariz komanda qalacaq. O da Qurban Qurbanov fərqinə görə. Vəssalam. Azərbaycan futbolunun sözdə gələcəyi olan 21 yaşlılardan ibarət milli komandanın yaxınlarda ingilislərdən beş, ukraynalılardan üç top yeməsindən də danışmaq fikrində deyiləm. Bu “zəhrimar”ı 15-20 il əvvəl də yeyirdik, indi də yeyirik, dəyişən heç nə yoxdur. * * * Yaxın vaxtların söhbətidir, bir dostumuz futbolla məşğul olan oğlunu Türkiyəyə aparıb. Belə demək olarsa, uşağın “qab”ında nə var, nə yox, öyrənmək istəyib. Türkiyədə uşağı baxışdan keçirən məşqçilər dostumuza deyiblər ki, uşaq fiziki cəhətdən zəifdir. Bildiyimiz fiziki hazırlıqsızlıq yox haaa. Deyiblər ki, uşaq orqanizm olaraq, necə deyərlər, “bünövrə” olaraq fiziki baxımdan zəifdir. “Niyə gürcülər Avropa çempionatına çıxa bilir, biz yox” sualının vacib cavablarından biri də elə bu deyilmi? Bizi marketlərdə aldadırlar; Bizi evimizə aldığımız çörəkdə aldadırlar; Bizi içdiyimiz suyun, yediyimiz qidaların keyfiyyətində aldadırlar; Bizi xəstəxanalarda aldadırlar; Bizi apteklərdə aldadırlar; Bizi məktəblərdə aldadırlar; Bizi universitetlərdə aldadırlar; Bizi telekanalların efirlərindən aldadırlar; Bizi qəzet-jurnal səhifələrində aldadırlar; Bizi saysız-hesabsız saytlar, internet portalları vasitəsi ilə, mobil telefonlarımızın, kompyüterlərimizin monitorlarından aldadırlar; Bizi Rövnəq Abdullayevlə aldadıblar; Bizi Elxan Məmmədovla aldadıblar; Bizi AFFA-da keçirilən “prezident seçkiləri” ilə aldadıblar; Bizi yenə aldadırlar…(Komanda.az)
Diqqət edirəm, hansı mövzu mediada danışılırsa, qabardılırsa, ona mız qoyan insanlar tapılır. Hətta ağıl da verməyə çalışırlar ki, " öz problemlərimiz qalıb bir yanda, gör nələrdən danışırsız, bir az da özümüzdən danışın". Əslində insanların narahatlığını başa düşürəm, daxili problemlər en qədərdir. Ancaq həmin problemlərə maraq nə qədərdir görəsən, insanlar bu problemlərə necə reaksiya verir? Küçədə sorğu edəndə 50 adamdan 10-u danışar, ya danışmaz. Hamı deyir bizlik deyil, mən filan yerdə işləyirəm, məni çəkmə. Sosial problemlərlə bağlı veriliş hazırlayırsan, baxan olmur, qiymət artımından danışırsan, reaksiya verən olmur. Sonra da deyirlər "öz dərdimizdən danışın". O dərd nədir görəsən, biz, nə istəyirik? Azad Nurulu, jurnalist
Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil. Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür. Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər". Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib" Azərbaycan tamaşaçısına sırımaqla məşğuldurlar. Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir! Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixi problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur? Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır... Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına! Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin? Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir. Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın.... Zahid Baku Post
İndi tez deyil, sabah da gec olmayacaq, ancaq bayram təbrikindən əvvəl belə bir təklif verim (əvvəlki təklifimə "Qarabağ" tam əməl elədi deyə, yazıram: 4 qol vurdu, 2-ini özü, 2-ini (birini ayağına, o birini də başına) ötürməklə "Bayer"ə ki, siz vurun, Aydın Can yalançı çıxmasın. Bizə isə mənim yalançı çıxmamağım yox, "Qarabağ"ın mərhələni adlaması lazımdır. Odur ki... Şeyx həzrətlərinə çıxışı olanlar (mənim həmyerlim, həmxalqlım olmağına baxmayaraq, nə özünə özüm çatıram, nə sözüm çatır ona və sözünə) cənablarından xahiş etsinlər ki, bir qələm çalsın - 200 ildir Şeyximizdir, day hansı günümüzdə gərək olacaq irfani bilikləri: "gülləkeçməz" duasını "qolkeçməz", "couşənkəbir"i "qolvurdu" üçün mübarəkləsin. Əgər istəyiriksə, - deyirəm də. İstəmiriksə, onda pənah bərxuda! Razılığını ala bilsələr, yaxşı olar. Mən də söz verirəm, sabah axşama qəşəng bir bayram təbriki mətni yazacam. Aydın Can
“Azərbaycanda ziyalı yoxdur”, “Kimi dinləyək, kimə baxaq?”, “Nəyi oxuyaq?” formatında tükənməz sualların elə bir o qədər də cavabı var. Əlbəttə, bu və bu kimi sualların hər birinin həqiqət payı da yox deyil. Bu cür suallar verən hər kəsin qarşısına alternativ qoymaq olmursa, yaxşısı susmaqdır. Fəqət, elə suala sualla da cavab vermək olar. Bəs xalq son dəfə hansı ziyalını dinləyib, eşidib? Kimə baxıb? Nəyi oxuyub? Etiraf edək ki, bu məsələlərin kökündə şablonlaşmış sosial şəbəkə söhbətləri də dayanır. Hər məlumatı artıq sosial dünyadan alan adamların qarşısına ziyalı mövqeyi qoymaq, ciddi fikir söyləmək o qədər də asan məsələ deyil. Nəzərə alsaq ki, xüsusi ilə də “sosial şəbəkə xalqı” artıq ziyalının mövqeyinə həm də “bu da iki kitab oxuyub, özünü ağıllı sayır” janrında ironiyalar edir. Məhz bu yerə boş səbəblərdən gəlib çıxılmayıb. Çünki xalq özü də Elçin Lənbəranskilərin çağırışına, Kamil Zeynallıların yaxşı oğlanlılığına, Baboşların, Bayramların, jeton qarşılığında soyunan, oynayan həyadankəm gənc qızların hay-küyünə baxır. Özü də səbəbsiz, əsassız yerə. Məsələn, Baboşu söyür, Bayramdan zəhləsi gedir, amma adını “əyləncə” qoyub baxır. Fərqində deyil ki, bütün bunlar onun şəxsiyyət kimi formalaşmasına necə təsir edir. Bütün bunları həm də onlara təqdim elədilər. Özü də təkcə sosial şəbəkələrlə yox, elə televiziyalarla. Mavi ekranlardan Zaur Baxışəliyevlər, Xoşqədəm Hidayətqızılar insanların ən məhrəm məsələlərini açıb tökdülər. Ekspert qismində dəvət olunan “alimlər”, “professorlar” da gəlin-qayınana davalarına uzun-uzun anlatmaqla məşğul oldular. Dedilər, bu gəlin evdən çıxanda uşağı da özüylə götürübmü? Qərar verdilər ki, filan hadisədə qayınana “əfi ilanlıq” edib. Üstəlik, müvəqqəti pafos qəhrəmanları - Rəşid Mahmudovlar da “Ayə, lotusanmı, ayə? Sana dedim, kənt qızı al, kənt çolpası yeiynən” janrında ziyalı çıxışları etdi, xalqı danladı. Sözsüz, bu prosesdə, məsələn, internet saytların da rolu danılmazdır. Alovu bir az da onlar yellədi. Ən adi xəbərləri ən uyğunsuz başlıqlarla təqdim edib, oxucunu baxşəliyevlərin izləyicisinə çevirdilər. İnternetdə kiçik bir axtarış edən zaman 80-ların, 90-cı illərin əvvəllərində ən azı televiziya verilişlərinə baxırsan, görürsən ki, şairə, yazıçıya, alimə hansı yerlər verilib, tribunalar kimin əlindədir, xalqa sözünü kim deyir. Bəs hanı onlar? Hara getdilər? Onları kim uzaqlaşdırdı? İndi gözünü açıb tiktoker görən uşağa sabah hansı ziyalını, alimi tanıda biləcəksən? Ona necə deyəcəksən ki, ziyalı filankəsdir, sənətkar bu deyil, odur? Heç cür. Proses nəzarət altından çoxdan çıxıb. İndi isə qalır həll yollarını tapmaq. Sözsüz ki, bu məsələlər üç-beş nəfərin emosional deyinməyi ilə də düzəlməyəcək. Görünür, bu prosesdə günahkar həm də hamıdır. Belə bir məqamda Azərbaycan ziyalısı isə mirzəcəlilliyi davam etdirməyə bilməz. Xalq da xalq olub özünü düzəltməli, ən pis halda daxili senzura ilə bayağılığı boykot etməli, özündə dirilik tapıb, səviyyə tələb etməyi bacarmalıdır. Yoxsa, “axırımız necə olacaq” sualının cavabı “onu axıra qalan biləcək” olacaq.(axar) Orxan Saffari
Kitabı... ilk növbədə əşya kimi xoşlayırsan – indiki dillə desək, dizaynı, formatı, zahiri gözəlliyi xoşuna gəlir, alırsan. Əşya-kitab haqqında ilk qənaətbəxş təəssürat odur ki, ürəkdən deyirsən: nəfis şəkildə çap olunub! İçindəkilərdən asılı olmayaraq, poliqrafiiya vurğunudur belə nəfis kitabların – kitabçı peşəsinin bəxş etdiyi ehtizaz zövqdür! İstehsal sənayesi öz saxlancını – menyüsünü zənginləşdirir! Bizim elə də nəfis şəkildə kitabımız yoxdur – biz ümumiyyətlə, kitabçılığı anlamayan adamlarıq... dövlət səviyyəsində! Bu seriyadan olanlar bizdə makulaturalıqdır, əlbəttə, istisnalar var, ancaq ki... təkcə Qurani-kərim” istisnamız var! "Kitabi-Dədə Qorqud” nüsxəsi də həmçinin! "İçərişəhər”, "Şuşa” (və ölkənin qalan 99 rayonu) seriyası ola bilər, amma yoxdur: ümumyetərli, kütləvi sayda deyil, hansı kitabxanalardan əldə etmək olar sualı isə absurddur! Naşirlərimiz alverçi təfəkkürlü, "maarifpərvər” adı altında "mmm”-liklə – "moşennik mejdurnarodnoqo masştaba” – məşğul olan kəmfürsətlər: duyğu sömürüsü üstündə imic və para qazanan möhtəkirlər... "Sportloto” uduşu misalı təsadüfən ortaya qoyulan nəsnələr – müstəqilliyin 30 ilində bəlkə bir, uzağı iki dəfə bəxtimiz gətirib ya yox! Sonra gəlir əşya-kitabın iç tərəfi: miqyas baxımından məhəlli, regional, xəlqi-milli və bəşəri olanı. Sahələr üzrə də həmçinin. Elmi-fəlsəfi irəliləyiş fərdlərin ümidinə qalıb – sağ olsun ölkədə Zaur Əliyev, Əkbər Nəcəf, Dilqəm Əhməd kimi gənclər... haralarasa tariximizi də, kitab arsenalımızı da aparıb çıxara bilərlər! Onlardan əvvəlkilər sağlıqlarında özlərinin də, yazdıqlarının da aqibətinin haracan olduğunu özləri gördülər – mən fitva qismində qəlblərinin qırıq yerlərinə duz basmaq istəmirəm! Elmi-fəlsəfi yönündən daha çox, tarixi kitablar döyüşür bizim üçün müəllifləriylə birgə! Bir azdan yazacam... mən necə kitabı-əşyanı istəyirəm... əşyalıqdan çıxaraq, əşya kimi - vizit vərəqimizdə təcəlli edənləri! SÖZARASI: (əvvəllər kirayə evlərimdə çantalara yığıb daşıyırdım) indi noutbuk işimizi bir xeyli asanlaşdırıb: BƏYƏNDİYİMİZ BÜTÜN KİTABLARIN PDF-İ ƏLİMİZİN ALTINDA ola bilər! Ancaq mən həm noutbukda, həm də maşının baqajında özümlə daşıyıram! Azərbaycan ziyalısının ayrıca yaradıcılıq otağı yoxdur, Azərbaycan ziyalısının başının həcmi o qədər böyük və yetərli deyil BU GÜN ÜÇÜN LAZIM OLAN bütün sahələr üzrə yardımçı olan müntəxəbat-icmal bilgiləri İÇİNDƏ daşısın! Azərbaycan ziyalısı KİTABLA İÇ-İÇƏ deyil, ola bilmir, imkanı ya yoxdur, ya çatmır, ya da istəmir! KİTABLARIN, ən azından, ƏŞYA KİMİ gözəlliyi belə, məftunedicidir: elələrinin içində suvenir kimi əziz olanı da var, müqəddəs sayılanı da! KİTABLARIN, ən azından, mənim üçün bir neçə növü var: Qonaq getdiyim Kitab da olub – Lənkərandan ta Qazaxacan! Özü də yeni il gecəsi! Hələ qonaq aparıb hədiyyə etdiyim Kitab da olub! YƏNİ: "evinə qonaq getdiyin” Kitab da var, "qonaq aparılan”, "hədiyyə olunan” Kitab da! Əlimə aldığım Kitablardan öpüb göz üstə qoyduğum da olub! Göz üstə qoyulası Kitab da var – anlada bildiyim qədərincə! Dərslik, Tarixi, Elmi, Fəlsəfi kitablardan başqa da kitablar var: nə qədər ki, ölkədə gənclər olacaq, cinsiyyət üzvləri "işlək” olacaq, ehtirasları dombalacaq, xəyanətlər baş verəcək, zinakarlıq meydan sulayacaq, o şairlər-yazıçılar üçün "oxucu kontingenti” bütün dövrlərdə olacaq – onlarla işim yox! Ancaq... mən bu gün, indi... Sizə məni və "mən”imizi XOŞBƏXT EDƏN KİTABdan danışacam! Təsəvvür edin: 2050-ci və ondan sonrakı illər Almaniyasını. Köln şəhəri. Mərkəzi kitabxana. Kitabxanaçı qadına abonent müraciət edir və alman Henrix Böllü, Herman Hesseni, Höteni, Hegeli, Heyneni, Haydeggeri, ingilis Şekspiri, fransız Saqanı yox, azərbaycanlı... Əbil Həsənovun kitabını istəyir!!! İnandırım sizi, o alman kitabxanaçı qız ekstazın nirvanasını yaşayacaq, arada bekar olanda oxuduğu "Das Verlassene Land”ı oxuya-oxuya alman xalqına, alman dövlətinə, alman siyasətçilərinə ona gözəl Almaniya bəxş etdiyi üçün minnətdar olan xanımdan indi... bir ərəb, çinli, azərbaycanlı, gürcü, erməni MÜHACİR balası istəyir... lütfən, mənə "tərk edilmiş Vətən”i verin! Tərk edilmiş Vətən... həddən artıq ağırtonnajlı möhnət ifadəsidir! Onu yalnız bu əzaba düçar olmamış İnsandan istəmək olar – güclüdən! Mağazada – satış mərkəzlərində, kitab dükanlarında olmayanda, gedib kitabxanadan, orada da tapılmayanda, arxivdə eşələnib tapmaq olar! "Tərk edilmiş Vətən”in rəsmini... Fuad Tahir Manafov gözəl çəkib! "Tərk edilmiş Vətən”in anlamını, içini, tarixini, keçmişini, mentalitetini, düşüncəsini-təfəkkürünü... alman dilinə K.H. Kiel gözəl tərcümə edib! Kölndə "Tərk edilmiş Vətən”... nəfis şəkildə çap olunub "Pem” nəşriyyatında! Mən Rusiyada üzdə olan azərbaycanlıların rus dilində çap olunmuş kitablarını görmüşəm, almışam, oxumuşam: kütləvi olmayıb və bu məndə heç "oyanma”, reaksiya, ekstaz yaratmayıb – Azərbaycanda mən rusca kitablar o qədər oxumuşam ki! Rusca oxuduqlarımda da özüm(üz) olandan da elə də həzz almamışam – istisna Azad Mirzəcanzadə, Çingiz Hüseynov, Çapay Sultanov... Mən ingiliscə bizim kimsələrimizin nələrsə yazdığını, çap edib yaydığını görməmişəm: oxuyub başa düşməsəm də, ən azından, KİTAB-ƏŞYA müqəddəsliyi baxımından suvenir kimi vizit vərəqim sayardım! İspan, fransız dilində də nəsə görməmişəm – hərçənd deyirlər ki, Anar, Əkrəm Əylisli 60 dilə tərcümə olunmuş imzalarımızdır! Yoox, bu tip faktlar heç vaxt məndə indi məni xoşbəxt edən "Tərk edilmiş Vətən” həzzini yaşatmadı. ƏVVƏLA, Amerikaya, Avropaya mühacir axını 21-ci əsrdə Azərbaycan xalqı və dövləti üçün yeni mərhələdir! Ən çox da, - qaçqınlardan sonra, - üzülüşüb gedən YARADICI İNSANLAR oldu. Əksəriyyəti də SİYASİ QISITLIQ adıyla. Fəqət... bir kimsə sübut etmədi o Avropada ki, bəli, onlar şərait olanda, siyasi qısıtlıq olmayanda siyasi-ədəbi qısırlar deyil! Bir kişi və ya da kopayoğlu bu 30 illik mühacirlik dönəmində bir ədəd də olsa ədəbi ödül almadı e sığındığı ölkədə! Mən bu mühacir axınında... Avropaya elmi-fəlsəfi, ədəbi-siyasi inteqrasiya görmədim! Mən bu boyda axının içində Avropa Vətəndaşı olanı görmədim! Vahid Qazinin, Rauf Qaraişığın arada-bərədə açar burub, "starter”lə hərəkətə keçmək cəhdlərindən-kərkinmələrindən başqa! YƏNİ... gedənlər Avropada coğrafi cəhətdən yer ala bildilər, əqli-mənəvi baxımdan elə "çuşka”lıqdan – yad cisim olmaqdan o yana keçən olmadı! Avropada, eləcə də Amerikada çap olunmaq... çox rahat bir şey: kapitalist dünyası reklam və kommersiya şərtləri ilə qulluğunda hazır! Avropada, eləcə də Amerikada Azərbaycandan apardığın pullarla nə istəsən ala bilərsən, amma Avropda, eləcə də Amerikada VƏTƏNDAŞ olub, pul qazanıb ev, maşın alan, görəvə yüksələn neçəsini tanıdınız... mühacir qismində!? Bax, Əbil Həsənovun "Das Verlassene Land”i bu baxımdan məni xoşbəxt edən faktdır – fiksasiyadır, fiktivasiya deyil! Əbil Həsənov... bu gün Azərbaycan ədəbi mühitinin radarına düşməyən, Azərbaycan ədəbi mühitinin lokatorları "tutmayan”, bir kimsənin umurunda olmayan imzadır: amma Almaniyada artıq vizit vərəqimizdir: "Das Verlassene Land”. Belə ehtizazı ömrümdə bircə dəfə mənə görkəmli dramaturq, nasir, publisist Aqşin müəllim yaşatmışdı: Amerikada, Hollivudda ssenarisi əsasında film (və ya hansısa filmin bir hissəsi) çəkilən qızı Aysel Əlizadənin "Toçka otsçeta” kitabından danışanda. O kitabı ingiliscə çap etmək üçün sponsor axtarırdı və gəlib çıxmışdı Frenk Elkaponinin qəbuluna! Əbil Həsənovun "Das Verlassene Land”i məni hansı arqumentasiyası ilə xoşbəxt edir? İlk növbədə, kommersiya tərəfi olmadan, yazdıqlarının alman dilinə könüllü tərcümə olunması. Kölndə "Pem” nəşriyyatının bu yaradıcılığa güvənərək, risk etmədən kitabı nəşrə qəbul etməsi: "Qanun” nəşriyyatı deyil e sizin üçün, yöndəmsiz və keyfiyyətsiz nəşr məmulatlarını üstəlik də kobud dil, redaktə və korrektura səhvləri ilə (xarici əsərdirsə, bərbad redaktə və yolverilməz tərcümə səhvləri ilə) maya dəyərindən 20 dəfə bahasına soxuşdurub alver yapsın, alman oxucusu Azərbaycan oxucusuyla eyni ağılda-qürurda deyil. Götürər verər məhkəməyə ki, alman intellektual səviyyəsinə, əqli mülkiyyətinə təhqirdir aşağı əyarlı bu kitab! Nəşriyyatın anasını ağladarlar, necə ki həkimləri-qospitalları mandrajda saxlayırlar! Tərk edilmiş Vətən... "Das Verlassene Land” – heç bir kimsədən, heç bir yerdən dəstək olmadan özünə mandat aldığından... məni XOŞBƏXT EDƏN KİTABdır! Mən kitabların statusundan söz açanda əlavə etmədim! Ki... kitab da var rəfdə yeri var! Çünki öpüb göz üstə qoyulası, qonaq gediləsi, qonaq aparılası, hədiyyə olunası, rəfdə qoyulası kitablardan da üstün... mənsub olduğun xalqın oxucusunu xoşbəxt edən kitabdır! O kitabların hamısı çap olunur, xoşbəxt edən kitab isə... dünyaya doğulur gəlir! Tərk edilmiş Vətən – anlayış olaraq son 30 ildə doğulub. O anlayışın kitabıdır "Das Verlassene Land”. Xoşbəxtliyinizi dadın – nə qədər ki, Vətən bizi tərk etməyib! "Das Verlassene Land”də bu təhlükə apaydın göstərilib! Həddən artıq soyuqqanlı alman oxucu üçün... bundan dəhşətli, tükürpədici xəbərdarlıq ola bilməz: Vətən də bizi tərk edə bilər! Almaniyada kitab çapı bu qədər həssas notlar üstündə! Xoşbəxt olun, həzz alın! Sizin "mən”inizi xoşbəxt edən kitabı oxumasanız da, adını bilin: "Tərk edilmiş Vətən”... Aydın Can
ARB-də ailə üzvlərini qətlə yetirən gəncin qohumları danışır. Onları dinlədikcə dəhşətə gəlirəm: -:Ayrıca ev almışdılar ki, rahat yaşasın. - Maşın almışdılar ki, sürüb kef eləsin. - Hər gün cibinə 30 manat qoyurdular ki, yeyib-içib kef eləsin. - Psixi xəstə olsa da, xəstəxanaya qoymurdular ki, sağlam insanlarla birgə yaşasın, dost-tanışdan utanmasın. - 15 yaşı olanda adam bıçaqlamışdı. Cəza çəkməyə qoymadılar ki, türmədə çürüməsin. - "Prava" alıb vermişdilər ki, maşınla başını qatsın. - Uşaq vaxtından idmana qoymuşdular ki, ağıldan kəm olsa da, qoldan güclü olsun. Yəqin xəbəriniz var, bu gün Bakıda ailə soyqırımı baş verib. Soyqırımı törədən özgəsi deyil, ailənin doğmaca oğludur. 24 yaşlı Əhməd Əhmədov əvvəlcə 27 yaşlı bacısını və onun azyaşlı qızını, sonra isə atasını, anasını və 9 yaşlı qardaşını bıçaqlayaraq öldürüb. Qohumlarının ARB-yə danışdıqlarına əsaslanaraq, qatilin portretini yuxarıda az da olsa çızmağa çalışdım. Biqeyrət oğuldan bundan artıq nəsə gözləməyə dəyməz. Narkomandır, dəlidir, harındır, hər nə zibildir, bunu istintaq müəyyən edəcək. Çox istərdim ki, istintaq bu suallara da cavab tapsın: - Psixi xəstə olan şəxs hansı yollarla xəstəxanada yatmaqdan canını qurtara bilib? - Psixi xəstə necə sürücülük vəsiqəsi ala bilib? - 15 yaşı olanda adam bıçaqlayan Əhmədi kim məsuliyyətdən xilas edə bilib? - Ağıllı adamların bir tikə çörəyə möhtac olduğu bir ölkədə heç yerdə işləməyən bir dəli necə lüks evə və bahalı maşına sahib ola bilib? Qətlin sirri bu sualların altında gizlənib. Pərdəni qaldırsaq, əsl həqiqət üzə çıxacaq... Seymur VERDİZADƏ
Telekanallarda hava haqqında məlumatdan çox onu göstərirlər. Başlama saatı, verilişin adı, canlı yayımı fərq etməz, hansı şou proqrama, sosial telelayihəyə göz atsan görərsən ki, yuxarı başda oturub danışır. Necə deyərlər, gözünü verər, amma əlindəki mikrofonu kimsəyə güzəştə getməz. Ekranın o üzündə çox ideal insan kimi görünür. Övladlıq borcundan, ata-anaya qayğı və məhəbbətdən elə gözəl sitatlar, dəyərli kəlamlar deyir ki... Ömür-gün yoldaşına dəyərin vacibliyi, qarşılıqlı sevgi və hörmətdən danışdıqlarına heyran olmamaq mümkünsüz. Valideyn missiyasından, övlada diqqətdən saatlarla yorulmadan danışır. Həyatdan, bədii ədəbiyyatdan elə sitatlar gətirir tamaşaçının gözündən gildir-gildir yaş axır... Bu gün küləyin at çapdığı Bakıda telekanalların birinin qarşısından keçəndə həmin eksperti avtobus dayanacağında görüb avtomobilimi saxladım. Hara gedəcəksə populyar eksperti maşınla aparmağa hazır olduğumu dedim. İnsafən əvvəlcə etiraz etdi, amma sonra gülümsəyib arxa oturacaqda yerini bərkitdi. Maşını yerindən təzəcə tərpətmişdim ki, canlı yayımda imiş kimi çıxışa başladı, “insan daim xeyirxah işlər görməli, onu dünyaya gətirən valideynlərini başının tacı bilməli, onları gözünün üstündə saxlamalı, həyat yoldaşına vəfalı olmalı, onu anlamalı, mehriban davranmalıdır”, - dedi. Sonra bir xeyli də ananın öz övladlarına qayğı və diqqəti barədə nitq söylədi. Sonra xahiş etdi ki, onu Bilgəhə aparım. “Atam və anam Bilgəhdəki qocalar evindədir, bu gün onlarla görüş günümdür. Nə işim-gücüm olsa da onlarla görüşə gecikmirəm. Həmin gün onların yanında olmasam ürəyim dayanar”, - dedi və kövrəldi. Bilgəhdən qayıdanda xahiş etdi ki, maşını Mərdəkandakı xüsusi internatın qarşısına sürüm: - Oğlumu və qızımı xüsusi internata qoymuşam. İşim elədir ki, telekanalların dəvəti üzündən günüm efirlərdə keçir, ona görə uşaqlara vaxt ayıra bilmirəm. Amma internatda onlara yaxşı baxırlar, ikisi də əlaçıdır. Rəssamlıqla, musiqi ilə məşğul olurlar. Uşaqlarım mənim nəfəsimdir, həftədə bir dəfə görməyəndə boğuluram sanki... İnternatda görüş uzun çəkmədi, maşına oturanda deyəsən kövrəlmişdi: - Bu gün sizi yordum deyəsən. Əgər tələsmirsinizsə Pirallahıya gedək, ikinci həyat yoldaşımla məhkəmə çəkişməm var bu gün. Məhkəmə prosesindən də tez və razı döndü. “Binəqədiyə də baş çəkə bilərikmi?” - dedi və cavabımı gözləmədən əlavə etdi: - Polis idarəsində baş müstəntiqə izahat yazmalıyam. O gün qonşumla dalaşdım, vurub pəncərəsini sındırdım. Polis idarəsinin qarşısında bir xeyli gözləməli oldum. Məşhur ekspert nəhayət ki, gəlib çıxdı və maşına oturan kimi qonşusunun ünvanına xeyli söyüş göndərdi. Sözün açığı həmin söyüşlərdən bəzilərini həyatımda ilk dəfə idi ki, eşidirdim. Telekanalların birinin qarşısından keçəndə birdən qışqırdı: - Saxla, saxla. İndi yadıma düşdü, canlı yayıma dəvətliyəm. Ailə dəyərləri barədə tok-şou olacaq. Əla mövzudur... Maşın dayanan kimi heç təşəkkür etmədən qapını çırpıb getdi. Deyəsən növbəti canlı efirə tələsirdi... Etibar CƏBRAYILOĞLU Reyting.az
Deyirlər ki, ən güclü futbolçular məhlə komandlarında yetişirlər. Amma heç bir komanda bu işi görə bilmir. Yəni heç bir komanda, heç bir təhsil növü, heç bir elm ocağı adamdan KİŞİ düzəldə bilmir. Gərək KİŞİ doğulasan. Bəli, hər ömrün əvvəli olduğu kimi bir sonu da var. Hər kəs nə vaxtsa qazandıqlaqını, lap elə sonuncu arzu və istəklərini də bu dünyada qoyub gedir. Özüylə apara biləcəyi yalnız çiyinlərində gəzdirdiyi əməllərin siyahısı olur. Xeyir əməllərin siyahısını sağ, bəd əməllərin isə sol çiynində. Onun çiyinlərində nə apardığını Allahdan başqa kimsə bilə bilməz. Bu dünyada qoyub getdiklərindən isə hamının məlumatı var. Azərbaycan kino, teatr tarixində yaratdığı obrazlar, bir də insan kimi ifadə etdiyi fikirlər, əməlləri həmişə yaddaşlarda qalacaq… Bu dünyada parlaq istedadlı aktyorlar az olmayıb. Amma mükəmməl şəxsiyyət kimi yadda qalanları çox deyil. Bəli, Fuad Poladov şəxsiyyət kimi ürəklərdə yuva qurmağı bacaran sənətkarlardan oldu. Onun adı hələ uzun müddət ehtiramla yad ediləcək, ruhuna rəhmətlər dilənəcək. Axı insan onu tanıyanların sonuncu nəfəri dünyadan köçəndən sonra ölür... Yüz il bundan sonra, onu şəxsən tanıyacaq kimsə həyatda olmayanda da ifa etdiyi rollar, yaddaşa köçürülən verilişlərdəki çıxışları dil açıb danışacaq. Gələcək nəsillərə onun barəsində məlumat ötürəcək. Təkcə necə aktyor olduğu barədə yox, həm də onun şəxsiyyəti, insanlığı haqqında fikir formalaşdıracaq. Azərbaycan kişisinə xas olan keyfiyyətləri özündə ehtiva etdiyinə, bu yükün altında ləyaqətlə dayana bildiyinə görə… Ruhun şad olsun, Fuad! Elman Eldaroğlu
Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı qızdırdıqca onun da bədəni qızırdı. Gözlərini açıb yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları onun gözlərini qamaşdırdı. O, yenə yaşayırdı. Belə yaşamaqdan bezmişdi. Qocalmışdı.gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nə də zəhəri. Ölmək istəyirdi, amma yenə günəşin istisi onu yenə həyata qaytarırdı. Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. O, sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. O, ötən yaz çobanı da sancmaq istəmişdi . Fısıldayaraq dilini çıxarıb çobana yalvarmağa başladı: -Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar, dedi. Çoban isə: -Mənim sənə verəsi çörəyim yoxdur. Sən ilansan ilan. Qabığını dəyişirsən, xasiyyətini isə yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get qanını mənim üstümə tökmə, deyərək onun quyruğundan tutub kəndə tərəf tulladı. O,gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq necə oldürdüyünü gözləri önünə gətirdi: -Məni öldürüb balalarımı yetim qoyma. - Kəs səsini . Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq, deyərək dilindən sancıb onu öldürmüşdü. Kənddə heç kim qalmamışdı.O, balaları ilə kəndin sakinlərini kənddən didərgin salıb, oranı xarabaya çevirmişdilər. Açlıq və susuzluq onu haldan salmışdı. İndi kənd onun əlində olsa da,nə yeməyə bir şey, nə də içməyə su tapdı: Gedim durum yolun üstündə,bəlkə kimsə məni görüb öldürə, deyərək yola tərəf süründü. Bu yolla nə gedən vardı, nə də gələn. Xaraba kəndə kim gələcəkdi ki? Əbil Həsən
Hazırda Azərbaycanda həbsdə olan qondarma rejimin sabiq “prezidenti” Arayik Arutyunyanın murdar adı yenə saytlarımızı “bəzəyir”. Demək olar ki, yerli KİV hər gün Arayiklə bağlı müxtəlif səpkili xəbərlər tirajlayır. Oxuduqlarımdan belə qənaətə gəldim ki, tez-tez adını yazıb, ürəyinizi bulandırmaq istəmədiyim bu erməni köpəyinin günü heç də pis keçmir. Gündə ən azı 9 saat kompüterin qarşısında əyləşən müxbirimizin hələ indiyə kimi, 1 qutu siqaretə 3 manat verməyə əli gəlməyib. Arayik isə qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir… İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov ötən gün istintaq təcridxanasında Arutyunyana baş çəkib. Tural müəllim deyir ki, dörd divar arasında olmasına rəğmən, Arayikin normal yaşaması üçün təcridxanada hər cür şərait var. Saxlama kamerasında hamamı, istilik şəraiti yüksək səviyyədədir. Ərzaq təminatı qaydasındadır. Bunu Tural Hüseynov demir, mən deyirəm: DTX-nın cəsur oğlanlarının oktyabrın 3-də danaboyun eləyib Bakıya gətirdikləri Arayik yeyib-yatmaqdan dana boyda olub. Məhkəmə başlayanda özünüz görəcəksiniz, təkcə Arayikin deyil, digər seperatçı liderlərin də üzündən qan damır... Qarabağda özlərinin yaratdığı xunta rejimdən fərqli olaraq, Azərbaycanda hüquqi dövlət var. Biz hər kəslə qanun çərçivəsində davranırıq. Şəxsən mən, Arayiki və onunla bir yerdə təcridxanada saxlanılan digər erməni qatillərini adam saymasam da, Azərbaycan dövləti onları adam yerinə qoyur. Təcridxanada “Marlboro” siqareti çəkib, bədii kitab oxuması, idmanla məşğul olması, quyruğu qapı arasında qalan küçük kimi “mən də Azərbaycan vətəndaşıyam” deyə yalvarması da bununla bağlıdır. Azərbaycan dövlətinin humanistliyindən ona yetərincə pay düşüb... Arayikin sələflərinin və xələflərinin nankorluğu, namərdliyi, əclaflığı üzündən hansı zülmü çəkdiyimizi təkrar-təkrar yazıb bayram ərəfəsində ovqatınızı təlx etmək istəmirəm. Arayik kimi cəlladların ucbatından 30 il əvvəl biz siqaret əvəzinə dərd çəkirdik. Nisbətən cavan və enerjili olanlar birtəhər dözür, dözə bilməyənlər isə ölürdü. Bu zibillər torpaqlarımızı o qədər zibilləyiblər ki, arada 30 il keçməsinə baxmayaraq, hələ də doğma yurdlarımıza dönə bilmirik. Hələ də yüz minlərlə insan yurd həsrəti çəkir. Buna baiskar olan Arayik və onun kimiləri isə təcridxanada “Marlboro” çəkir… Görünür, taleyin ironiyası bu imiş… Seymur VERDİZADƏ