Əli Kərimlinin Meydan TV-yə verdiyi müsahibə ölkədə mətbuat və ifadə azadlığının, facebookda yaydığı postlar internet azadlığının olduğu görüntüsü yaradırsa, hakimiyyətin “bizdə azad mətbuat, internet azadlığı var” şoularında iştirakdırsa, Müsavat Partiyasını nəzərdə tutaraq seçkidə iştirak haqqında dedikləri də doğrudur.
Dedikləri doğrudursa, hakimiyyətin tələbi ilə yeni qurultay elan etməsi hazırkı hakimiyyəti tanımaq, onu legitimləşdirmək, hakimiyyətin tələbinin haqlı olduğunu etiraf etmək deyilmi?
Biz belə düşünmürük ki, o etiraflarda bulunur.
Pis-yaxşı, az-çox olan sivil imkanlardan yararlanmaq çox vacibdir. Azsaylı jurnalistlərə, mətbu orqanlara müsahibə vermək, sosial şəbəkələrdə fəal olmaq cəhdləri nədirsə, bu seçkiyə qatılmaq da odur.
Minimum imkanlardan istifadə edib ayaqda qalmaq, özünü və niyyətini xalqa çatdırmaq, düşüncələrini xalqla bölüşmək siyasətin əlifbasıdır. Seçkidə iştirak dəfələrlə bəyan etdiyimiz kimi bizim ölkədə dəyişiklikləri yalnız seçki yoluyla gördüyümüzün ifadəsidir. Seçkidə iştirakımız “Bizdə normal seçki var, biz də qatılırıq” demək deyil.
Seçkiylə bağlı fikirlər, münasibət sənin seçkiyə qədər və seçki günü apardığın müşahidələrin nəticəsində açıqladığın yekun rəylə ölçülür.
Əli bəyin dediyi kimi seçkidə iştirak seçkiyə legitimlik qazandırırsa, boykot da legitimlik qazandırır. Boykot o deməkdir ki, bu şey var, sadəcə mən boykot edirəm.
Odur ki, kimsə fərqli yol tutursa öz tutduğu xəttin doğruluğunu arqummentləşdirməlidir, sübut etməlidir. Başqalarının “səhv” olduğunu sübut etmək istəyəndə yuxarıdakı sualları səsləndirməyə məcbur qalırıq, o da məcburdur ki, həmin suallara cavab versin.
Səxavət Soltanlı, Müsavat başqanının müavini