Siyasətin “qızıl qaydası” iddialı olmaqdır

İddiasızsansa, seçimlərində və hərəkət trayektoriyalarında özünə, gücünə görə haqlı ola bilərsən ki, bu, çox doğru qərardır – hər kəs gücünü bilməli, buna görə addım atmalıdır. Sən seçkiyə qəti getmə.

Amma bunu qəbul etmək lazımdır ki, siyasət birmənalı olduğu halda hər təşkilatda fərqli rənglərdə ola bilir. Bu da təşkilatların fərqli siyasət mexanizmləri, xüsusilə strukturlarda güc fərqi, qərarların fərdi deyil, kollegial verilməsi ilə bağlıdır.

-Müsavat gücünə inanır – anormal seçki mühitinin mövcudlugunun fərqindədir, ölkədə mitinq keçirməyə imkan verilmir, 3-5 adam bir yerə toplaşıb ölkədəki siyasi mühiti müzakirə edə bilmir, öncəki seçki biyabırçılıqlarını bilir, siyasi məhbus, fundamental insan haqlarının vəziyyətindən xəbərdardır və bununla yanaşı unutmamalı olduğu yuxarıda dediyimiz qızıl qaydanı əsas tutaraq siyasətlə məşğuldur.

Bu məqamda müxalif siyasi partiya nə etməlidir?

-Seçkidə iştirak seçimindən asılı olmayaraq siyasətlə məşğul olan hər kəs bilməlidir ki, siyasi uğurun qızıl qaydası seçki qutusuna kimin atılmasının vacibliyidir. Əgər hazırkı çətin dövrdə Müsavat Partiyası Məclis üzvlərinin əksəriyyəti seçkidə iştiraka meyillidirsə, gücünü ortaya qoymağı vacib görürsə, həm partiya olaraq, həm sıravi müsavatçı olaraq bu siyasəti dəstəkləməliyik. Bu həm də demokratiyanın aliliyinə xidmət edir. Azlıq çoxluğa tabedir.

-Vəziyyət kifayət qədər aydındır, nəticələri öncədən təxmin edirik. Bəli, bu ən maraqsız olanıdır. Ancaq namizəd olaraq hər seçicidən aldığımız səs qazandığımız bir vətəndaşdır, bunu unutmuruq, fürsət dəyərləndirməsi etməyə calışırıq.

Hədəfimiz gələcəyə hesablanıb.

Seçkiyə qatılma səbəbimiz hər bir halda bu gun və ya gələcək üçün elektorat qazanmağımıza xidmət edir. İştirak növbəti dövrün nəticələrini proqnozlaşdırmağa kömək edəcək.

-Siyasət elə bir sahədir ki, burada “gözlənilməz nəticələr” tüğyan edir. Nə qədər bacarıqlı, praqmatik düşüncə sahibi olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, mütləq bir gün ortaya qoyulacaq. Siyasətin bu qızıl qaydasını həmişəlik pozacaqlarını düşünənlər əslində vətəndaşı iradəsiz olduğuna inandıranlardır, bu siyasəti aparanları gələcək seçkilərdə yaxşı heç nə gözləmir.

Müsavatın seçkiyə qoşulan üzvlərini izləsəniz, müşahidə edərsiniz ki, onların hər biri seçici ilə görüslərində müəyyən hesablama aparır, güclərindən istifadə edir, seçkidə qutudan kimin çıxacağından asılı olmayaraq gələcək dövr üçün həm güclərini hesablayır, həm də ümumilikdə elektoratını müəyyənləşdirirlər. Bu seçkidə onların gözlədiyi nəticə müsbət mənada yoxa bərabər olsa da təqdirəlayiqdir, seçki prosesində maksimum saxtakarlıq ifşa edəcəklər, rejimin əsl simasını yenidən ortaya qoyacaqlar. Bununla da dövlətçilik üçün ən əhəmiyyətli missiyanı yerinə yetirərək hakimiyyətin demokratik don geyindirmək istədiyi seçki şousunun mahiyyətini faktlarla tarixə yazacaqlar.

Siyasət çoxlu aktorların iştirak etdiyi oyundur

Bütün ziddiyyətli və ya bitişik iradələr hərəkətə keçir və bilyard şarları kimi bir-birinə dəyir, yeni istiqamətlər alır. Bununla belə, siyasətin bilyarddan böyük fərqi var. Nə qədər bacarıqlı olsanız da, qarşılıqlı əlaqənin istiqamətini və nəticələrini müəyyən edə bilməzsiniz. Çünki insanların iradəsi var və bu, nə qədər məhdudlaşdırılsa da, bir mərkəzdən müəyyənləşəcək bir şey deyil. Bilyard şarlarının iradəsi yoxdur. Buna baxmayaraq, ən təcrübəli bilyardçılar da bilirlər ki, hər zaman qalib gələ bilməzlər.

Bu gün bu döyüşdən qalib çıxdığını hesab edənlər tarixdə öz adları, yanlışları, doğruları ilə qalacaqlar.

Kozların paylaşıldığı bu qarışıq və həlledici məqamda boykot ən asanıdır.

-Bəs isti yay günlərində istirahət etməyi, təzyiq, təqiblərdən uzaq boykotu seçənlər bu məşəqqətli prosesdə iştirakdan imtinalarına necə haqq qazandırsınlar?

-Elektoratı itirmək bu yolun yolçusu olanlar üçün çox pis nəticə verəcək.

Bu məqamda özlərinə rəqib hesab etdikləri təşkilatları qaralamaq işə yaraya bilərmi? Boykotu seçənlər bunu seçərkən heç uf da demirlər.

-Ancaq siyasətin ən çox yayılmış, sınanmış və effektiv hesab olunan yolu mövcud elektoratı əlində saxlamağı qənimət bilib başqalarını qaralamaq yox, zoru (seçkidə iştirakı) seçib yeni elektorat toplamaqdır.

Təəssüf ki, boykot deyənlər ilk ağıllarına gələn bu bəsit taktikanı sınamaqdan usanmırlar. Asanı yox, zoru seçəni qaralamaqla buna nail olmağa çalışırlar – bunun adı başqadır.

Könül Alı

Share on Facebook