"Xankəndində futbol da oynadıq...- Bəs Rusiyanın Qarabağdakı oyunları bitdimi?.."

“Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə  son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...” Allaha min şükürlər olsun ki, nəhayət, 36 il sonra təxminən 2 ay öncə üçrəngli bayrağımızı ucaltdığımız Xankəndində Azərbaycan rəhbərinin iştirakıyla “Qarabağ” futbol komandasının oyununu da keçirdik. Bəli, bu da Azərbaycan xalqı üçün tarixi, əlamətdar və rəmzi bir hadisədir... Fəqət, belə olaylar bizləri eyforiyaya qapdırıb arxayın salmamalı, bizə qarşı davam edən geo-siyasi, hərbi-siyasi oyunlara qarşı mübarizədən yayındırmamalıdır... Soruşa bilərsiz ki, daha nə oyun, torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik... Bəli, ərazi bütövlüyümüzü bərpa etdik. Amma yüz illərlə “Böyük Ermənistan” xəstəliyi ilə yaşayan erməni güclərinin, onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi yararlanan Rusiya, İran, Fransa, ABŞ kimi nəhənglərin əks-gedişləri durdumu? Və hazırkı durumda həmin güclərdən bizə ən yaxını və təhlükəlisi Rusiyadır. Çünki üzdə müttəfiqlikdən, dostluqdan danışan həmin Rusiyanın hərbi qüvvələri hələ də Azərbaycan Respublikasının suveren ərazisində - Yuxarı Qarabağdadır. Çünki “sülhməramlı”ların hərəkətsizliyi şəraitində qısa müddətdə Qarabağdan köçmüş on minlərlə hayın ən azı yarısının qəlbində Azərbaycana qarşı kəskin nifrət var. Və Moskvanın 32 ildən çox məhz özünün himayəsi altında qondarılmış separatçı-terrorçu rejimin İrəvandakı tör-töküntüləri, xüsusən də 20 il Ermənistanda yenə də Moskvanın dəstəyi ilə hakimiyyətdə olmuş Köçəryan-Sərkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanından, revanşist qüvvələrdən və elə həmin ən azı on minlərlə Qarabağ köçkünündən Azərbaycana qarşı bu gün gizli, gələcəkdə açıq şəkildə istifadə etməsi və edəcəyi şübhəsizdir... Belə olan halda Rusiyanın Qarabağdakı oyunları bitdimi?.. Xeyr. Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə  son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...  Dəfələrlə dediyimiz kimi, ermənilərin Qərbi Azərbaycana da,  Qarabağa da kütləvi köçürülməsi ilə, onlara dövlət qurulmasıyla da, muxtariyyət verilməsi ilə də, separatçı rejim qurulmasıyla da məhz Rusiya məşğul olub.  Və Ukraynaya son iki ildəki ədalətsiz, haqsız və amansız, faşistcəsinə təcavüzü də göstərir ki, Kreml qonşu ölkələrə, xüsusən də keçmiş sovet respublikalarına imperiya ambisiyalarından, o cümlədən keçmiş SSRİ ərazisi çərçivəsində yeni bir  İttifaq  dövləti qurmaq planlarından əl çəkməyib... Və görünən odur ki, Rusiya Azərbaycana qarşı oyunlarını nəinki artıq Şoyqunun “sülhməramlı” deyil, “hərbi kontingent” adlandırdığı qoşunları ilə, həm də özünün sovet dövründən bəri formalaşdırdığı “möhtəşəm” kəşfiyyat-agentura şəbəkəsi, ayrıca “KQB”-“FSB”-“QRU” korrupsiya şəbəkəsi, “5-ci kalonu” vasitəsilə də davam etdirəcək... Görünür, Kremlin ürəyindən keçir ki, dağılması məhz Qarabağdan başlamış Sovet imperiyasının bərpasına da məhz Qarabağdan başlasın... Fəqət, sözsüz ki, bu gün Rusiya ilə qonşu kimi münasibətləri qoruyub saxlayan  Azərbaycan da, qardaş(!) Türkiyə də  Putin rejiminin “SSRİ” xülyasının reallaşdırılmasında iştirak edə bilməz... Sultan Laçın

“Sülh” deyib sülhə mane olanlar...

Qarabağ münaqişəsi başlandığı gündən dildə “sülh” deyib əməldə qızışdırıcı rol oynayan dünya bu gün, Azərbaycan ərazi bütövlüyünə real olaraq nəzarəti bərpa edəndən sonra da, qızışdırıcı mövqeyindən əl çəkmir. 44 günlük müharibə bitəndə bir cür, antiterror əməliyyatından sonra başqa cür yollarla sülhün yaranmasına əngəl olmaq siyasəti davam edir və Ermənistan həmişə olduğu kimi bu siyasətdə alət rolundadır. Fəal şəkildə Qərbdən, eyni zamanda son vaxtlar bir az passiv olsa da Rusiyadan gələn siqnallara, bəyanatlara, çağırışlara Ermənistan bir ümid yeri kimi baxır: “bəlkə Qarabağı qaytardılar”, “bəlkə Azərbaycanı cəzalandırdılar”, “bəlkə...” və bu bəlkələr əbədi olaraq ermənini yanlış, həm də taleyüklü yanlışlar içərisində boğsa da, hələ də özlərinə deyil, kənar qüvvələrə inanmaqda davam edirlər. Son günlərin sülhə maneə törədənlərinin siyasətinə nəzər salaq... Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin daha çox reallaşacağı bir vaxtda Qərb platforması son iki ayda apardığı siyasətə sadiq qalaraq bir daha iki ölkə arasında barışın yaxınlaşmasına mane olur. Daha doğrusu, Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə komitəsi illik hesabatını qəbul edib və hesabatda Azərbaycana qarşı əsassız iddialar, hücumlar və Azərbaycanı təcrid edəcək çağırışlar yer alıb. Azərbaycanı “Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hücumda” pisləyən, bunun “nəticəsiz qalmayacağı”ilə təhdid edən Avropa Parlamenti “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə” çağırış edib. Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun dayandırılması və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur...  İkinci anti-sülh çağırışı Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən gəlib. Təzadlıdır deyilmi? Adın sülh fondu ola, amma Ermənistanı silahla təmin etməyə qərar verəsən, özü də sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda...  Dünən Skopyedə ATƏT-in 30-cu Nazirlər Şurası forumunda Ararat Mirzoyan çıxışına belə bir başlıq verir: “.., Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməkdən əl çəksin”. Ardınca, qeyri-səmimiliyi çıxışının hər cümləsində özünü göstərir. Ermənistan XİN rəhbəri Azərbaycana qarşı elə ittihamlar irəli sürür ki, bu, sülhə deyil, savaşa səsləməkdir. Diqqət edək:  “Doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib. Bu, yerli əhalinin Dağlıq Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsinə səbəb oldu. Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə - erməni əhalisi olmadan Dağlıq Qarabağ ərazisini əldə etməyə nail oldu. Amma bundan sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. İndi Ermənistanın bütün suveren ərazisi qonşumuz üçün hədəfə çevrilib. Bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”.  Beynəlxalq platformada bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir. Sülh istəyən belə danışmaz. Sülh istəyən Ermənistanı silahlandırmaz. Sülh istəyən Azərbaycanı sanksiya ilə hədələməz. Sülh istəyən vasitəçi.., tərəf tutmaz. Üstəlik, sülh istəməyənlərin Azərbaycanı hədəfə alan bəyanatları məhz vasitəçisiz olaraq delimitasiya komissiyalarının sərhəddə ikitərəfli görüşü keçirilən gün elan olunur. Sərhəddə vasitəçisiz keçirilən ikitərəfli görüşün daha çox Azərbaycan cəmiyyətinin gündəmində olduğunu desək, yanılmarıq, çünki Ermənistanı dünən də, bu gün də ən çox narahat edən Yuxarı Lars yolunda erməni maşınlarının Rusiya sərhəddini keçə bilməməsi və əksəriyyət maşınların da geri qaytarılmasıdır. Rusiya tərəfindən fitosanitariya adı altında yüklərin buraxılmamasını təzyiq kimi qiymətləndirən ermənilər təlaş içərisindədirlər. Vaxtilə Rusiyanın postsovet respublikaları- Moldova və Gürcüstana, daha sonra Türkiyəyə bu ad altında təzyiqlər göstərdiyi məlumdur və artıq ermənilər də sərhəddə baş verənləri “Ermənistan diz çökdürülür” kimi qəbul edirlər. Amma yenə Azərbaycanla sülh bağlamaqdan müxtəlif bəhanələrlə qaçırlar. Əgər sülh olsaydı, Zəngəzur yolu Azərbaycan üçün açılsaydı, Ermənistan da Azərbaycandan keçməklə alternativ yoldan istifadə edə bilərdi. lakin erməni siyasiləri, politoloqları, hətta sıraviləri bu variantı belə vəziyyətdə də dilə gətirmirlər... Ermənilər və ermənipərəstlər səhv edə-edə 30 ildir yol gəlirlər, indi də növbəti səhvlərini edirlər, gec-tez bizim mövqeyimizə razılıq verəcəklər, çünki  bizim karvanımız düz yoldadır... moderator) İlham İsmayıl

2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq - Şevçenkonun proqnozu

Rusiyalı politoloq Maksim Şevçenko vaxtaşırı verdiyi telemüsahibələrin sonuncusunda bildirib ki, 2024-cü ildə Ermənistan və Azərbaycan arasında yeni müharibə olacaq. Maksim Şevçenko Azərbaycanı sevən adamdır. O, vaxtilə əslən Şuşadan olan və Moskvada yaşayan filosof Heydər Camalla və onun oğlu Orxanla yaxın dostluq münasibətlərinə malik olub, Azərbaycanda çoxlu dostları var, qatıldığı beynəlxalq tədbirlərdə azərbaycanlı iştirakçılarla uzun-uzadı söhbətlər edir. Üstəəlik, Maksim bu bölgəni bilən adamdır, Qarabağ münaqişəsinin tarixini, bu konfliktə təsir edən ölkə və faktorları azərbaycanlı və erməni poitoloqlardan yaxşı bilir. O, hələ 2019-cu ildə Almatıda Qarabağ münaqişəsində hər hansı bir tənzimlənmənin Rusiyanın iştirakı olmadan mümkün olmadığını bu sətirlərin müəllifinə və həmkarım Cavid İsmayıla demişdi. Ondan sonrakı açıqlamalarında da Şevçenko həmişə öz obyektivliyi və dəqiq təsbitləri ilə fərqlənib. 44 günlük müharibədə və ondan sonra onun bölgəmizdəki proseslərə dair analiz və proqnozlarının səhihliyini dəfələrlə görmüşük. Ona görə də ünlü politoloq Cənubi Qafqazda yeni müharibə olacağını deyirsə, bunu ciddiyə almaq lazımdır. Düzdür, o, müharibə ehtimalını 50:50-yə nisbətdə proqnozlaşdırır, amma bu da ciddi siqnal sayıla bilər. Bu, o deməkdir ki, Azərbaycan dövləti sayıqlığını əldən vermədən, düşmənin tam və qəti şəkildə zəbun olduğuna əmin olmadan işini ehtiyatlı tutmalı, hərtərəfli tədarükünü görməlidir. Regionda marağı olan böyük dövlətlərindən qırımından da görünür ki, onlar “biz bitdi demədən, Qafqazda savaş bitməz” havasına giriblər. Xüsusilə də Ermənistanı silahlandıran, onunla birlikdə hərbi təlimlər keçən ölkələr (Fransa, Hindistan, ABŞ və s.) rəsmi İrəvan üçün revanş şansı tanıdıqlarını büruzə verirlər. Deyəsən, ermənilər onları inandırıb ki, 2020-ci il payızında düçar olduqları hərbi məğlubiyyət sırf silah-sursat təchizatı sarıdan Azərbaycanla qeyri-bərabər hazırlığa malik olmaları və Rusiyanın xəyanəti üzündən olub, yoxsa “döyüşkən erməni xalqı” Azərbaycana elə biabırçılıqla məğlub olmazdı. Ona görə də Ermənistanın və onun havadarlarının gerçək niyyəti budur ki, lazımi qədər silah-sursat topladıqdan sonra bölgədə yeni bir hərbi əməliyyata start versinlər. Hələ Rusiyanın yeni müharibədə hansı mövqeni tutacağını da bilmək olmaz. Moskva Ermənistanı Qərbin əlindən qoparmaq, yenidən qazanmaq üçün yeni savaşda neytral olmaya bilər. Yeri gəlmişkən, Şevçenkonun telemüsahibəsində bu xüsusda da eyham var. Ancaq yeni müharibə ehtimalını azaldan bir səbəb odur ki, Azərbaycanın daxilində separatçı qurum yoxdur və ermənilər ölkəmizin daxilində hərbi əməliyyata başlamaq imkanını itiriblər. Bu dəfə Ermənistan Azərbaycana birbaşa müharibə elan etməli və onun nəticələrinə qatlaşmalı olacaq. Bu isə Ermnistan dövləti üçün böyük risk deməkdir. I və II Qarabağ müharibəsində savaş Azərbaycanın daxilində gedirdi və Ermənistan dövlət olaraq müharibəyə qarışmadığını, müharibəni qondarma “DQR”-in “silahlı qüvvələri”nin apardığını iddia edirdi. Dünya birliyi, böyük dövlətlər Qarabağda döyüşən ermənilərin 80 faizindən çoxunun Ermənistan vətəndaşları olduğunu, hərbi texnikanın 90 faizindən artığının Ermənistan ordusuna aidliyini bilə-bilə bu çılpaq həqiqətə göz yumurdular. Bu dəfə isə ola biləsi müharibə sərhəddəki təmas xəttində baş verəcək, o zaman bu, Ermənistanın öz qonşusuna hücum etməsi demək olacaq. Bundan çıxış edən bir çoxları düşünür ki, Ermənistan hərbi əməliyyata start verərsə, o zaman onun öz ərazisi, şəhərləri və kəndləri legitim hədəf halına gələcək. Bu halda Azərbaycan ordusu əks-hücuma keçərək Ermənistanın içərilərinə dala bilər. Elə adamlar var ki, “bu təqdirdə onda biz İrəvanda çay içəcəyik” deyirlər, ancaq bu utopik söhbətdir. Yeni savaş qısa və ya uzunmüddətli olsa da, Ermənistan ordusu əsgərlərimizin qarşısından çəkilə-çəkilə İrəvana qədər qaçsa da, bizim başqa bir dövlətin ərazisini işğal etmək lüksümüz yoxdur. Ermənistanın çoxsaylı və güclü havadarları bu imkanı bizə verməzlər, ona görə də heç kəs illüziyaya qapılmasın. Bizimki odur ki, sərhədimizi etibarlı şəkildə qoruyaq, 2020 və 2023-cü illərdə əldə etdiyimiz hərbi nailiyyətləri qoruyub saxlayaq və düşmən revanş eşqinə düşərsə, ona xam xəyallardan uzaq olmağı birdəfəlik başa salaq.(musavat.com) Xalid KAZIMLI

Paris sülh konfransından müharibə küləkləri...

Dünən Parisdə sülh adı altında konfrans keçirildi. Amma, toplantıdan adına uyğun olaraq sülh çağırışları, təşəbbüsləri yox, faktiki olaraq müharibə çağırışları səsləndi. Çağırışları həm Ermənistan, həm də Fransa rəsmiləri Azərbaycana qarşı ünvanlamışdı. Paşinyan “ etnik təmizləmə”dən danışanda ona cavab verən  Azərbaycanın səfiri Leyla Abdullayevaya “Qərbi Azərbaycan” ifadəsini bəhanə gətirərək, Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirib. Üstəlik, müharibə bitəndən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipindən üçünü sanki öz təşəbbüsləri kimi qələmə verib, Azərbaycanın guya sülhdən qaçdığını konfrans iştirakçılarına elan edib. Fransada özünü çox rahat hiss edən Paşinyan səfirin Fransanın sülh işinə mane olmasını, Ermənistanı silahlandırdığı iradlarına, müstəqil dövlət olaraq silahlanmanı düzgün hesab etdiyini vurğulayıb...  Sülh konfransında panel iclasının moderatoru, Montaigne İnstitutunun analitik mərkəzinin xüsusi məsləhətçisi, Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos “ Fransada Azərbaycanın geo-siyasi vəziyyətdən istifadə edərək Rusiya və İranla gizli razılaşma yolu ilə Ermənistanı işğal etmək üçün yeni planlarının olması ilə bağlı qorxuları olduğunu” bildirib. Və məhz bu “qorxuya” görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyi qeyd edilib. Sülh adlı konfransda səslənən silahlanma çağırışlarına baxın... Əlbəttə, ermənilərin böyük bacısının paytaxtında keçirilən konfransdan Azərbaycana xoş sözlər ünvanlanmasını gözləmirik. Göründüyü kimi, yalnız Azərbaycan deyil, Parisin, Avropa İttifaqının hədəfində İran və Rusiya da var.  Bu tip beynəlxalq platformalarda Rusiyanın, İranın ittiham edilməsi bizim üçün yenilik deyil, amma bizim bu ölkələrlə adımızın yanaşı çəkilməsi Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa, Ermənistana yardım etməyin zəruriliyini vurğulamağa xidmət edir. Ermənistan isə müharibədən əvvəl, müharibə gedişində və müharibədən sonra Azərbaycanın sülh təkliflərindən imtina etməklə böyük səhvlərə yol verməsindən nəticə çıxara bilməyib. Ermənistan hələ də o xəyaldadır ki, dünyanın təzyiqi ilə ermənilər Qarabağa qayıdıb hansısa statusa malik olacaqlar. Ona görə də imkan düşən kimi həm beynəlxalq platformalarda, həm də İrəvanın özündə Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyaları aparır, aqressiv ritorika ilə perspektiv sülhə böyük xələl gətirirlər.  İndi də, Azərbaycan və Ermənistan dövlət başçılarının dekabrda guya Brüsseldə görüşəcəyi və masada  “konfrontasiya yaradan” sualların müzakirə ediləcəyi barədə xəbərlər yayırlar. Azərbaycan sülhün imzalanmasının ilk təşəbbüsçüsüdür, amma Azərbaycana qarşı Avropa platformalarında, Ermənistan rəhbərlərinin çıxışlarında səslənən fikirlər bu formatın səmimiliyinə böyük şübhə yaradır. Azərbaycan rəsmilərinin dəfələrlə Ermənistanın Zəngəzur ( Sünik) bölgəsinə heç bir hücum planlaşdırmadığını və gözümüzün olmadığını bildirməsinə baxmayaraq, Fransa rəsmiləri, Avropa İttifaqının məmurları Azərbaycanın olmayan təcavüzündən danışanda sülhə xidmət etmədiklərinin fərqindədirlərmi?  Bəhanələrindən biri də 8 anklav kənddir. Bu problemin danışıqlar predmeti olduğunu, delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti zamanı yekun qərar veriləcəyi dəfələrlə bildirilsə də, yenə Azərbaycanın bu problemi müharibə yolu ilə həll edəcəyini tirajlamaqdan yorulmurlar. Məqsəd nədir? Nəyə nail omağa çalışırlar? Vasitəçilik və sülhün imzalanamsı məkanı uğrunda Qərb və Rusiyanın mübarizəsi çoxdan məlumdur və Paşinyan bütün imkanları ilə Rusiya platformasından qaçır. Qərb formatı isə Azərbaycanın lokal antiterror əməliyyatından sonra ritorikasında və mövqeyində yanlış notlara, ifadələrə yol verdiyindən Azərbaycan üçün maraqlı gəlmir. Sülhü istəyən silahlanmadan, qıcıqlandırıcı ritorikadan imtina etməlidir.Təəssüf ki, belə bir mənzərə müşahidə olunmur. Azərbaycan Xankəndində parlaq hərbi parad nümayiş etdirdi, ərazisinin hər qarışına nəzarət etdiyini bütün dünyaya, ilk növbədə isə Ermənistana və himayədarlarına göstərdi. Ermənistan üçün tarixi şans yaranıb ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa, sabitliyə qovuşsun. Fransa və qeyrisi bölgədə gəlib düşmənçiliyi, gərginliyi davam etdirməklə Ermənistanı daha ağır fəlakətlərə sürükləmiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində bildirdiyi kimi, “Ermənistanın arxasında kim dayanırsa-dayansın”, heç nə əldə edə bilməyəcəklər, əksinə dəmir yumruqla qarşılaşacaqlar. Odur ki, kimsə böhtan və qarayaxma kampaniyası aparmaqla Azərbaycana təzyiq edəcəklərini düşünürlərsə, yanlış yoldadırlar.moderator) İlham İsmayıl

“Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..”

“Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək...” -FİKİR SAVAŞI...- Son onilliklərin xüsusən  hər bayramqabağı və ya iliin sonuna yaxın, yeni il qabağı verilən populyar suallarından biri də bunlardır: “Görəsən, yanvarda benzin, işıq, su, qaz yenə bahalaşacaq?” “Novruz, ya Qurban bayramı qabağı ət bahalaşacaq?”, yaxud “Yanvardan metro, avtobus, taksilər də bahalaşacaq?..” və s. və i.a. Elə son 30 ilin təcrübəsindən görmüşük ki, belə suallar hər dəfə verildikcə sonda əksər hallarda müsbət cavab alınıb, yəni deyilən nəsnələrin doğrudan deyilən vaxtlarda da qiymətləri artıb. Sanki ölkədəki hansısa monopolist, inhisarçı, korrupsioner qruplar belə sualları media, sosial şəbəkələr vasitəsilə ortalığa atmaqla cəmiyyətin, xalqın, yoxsul təbəqələrin reaksiyasını yoxlayırlar. Və görəndə ki, düşüncələrdə qiymət artımına real etiraz görünmür, çəkinmədən qiymətləri qaldırır, yaxud hökumətdən asılı olan qiymətlərin artımı üçün Tarif Şurasına-filana rəsmi və ya qeyri-rəsmi təzyiqlər edir, hətta göstərişlər verirlər... Odur ki, hər birimiz, məsələn, benzinin, qazın, işığın, yaxud metronun, avtobusun, taksilərin bahalaşağı haqda söz-söhbətlərə, xəbər sızmalarına rast gələndə ““Filan şey də bahalaşacaqmı?” yox, “Bu neft-qaz ölkəsində, altı qızıl- üstü qızıl məmləkətdə filan şey, məsələn, benzin, qaz, işıq, yaxud metro, avtobus, taksilər, axı niyə bahalaşmalıdır, hansı səbəbdə?” suallarını verməliyik. Və həmin sualları nəinki media, telekanallar, sosial şəbəkələr vasitəsilə əlaqədar hökumət qurumlarına, nazirliklərə, eləcə də həmin Tarif Şurasına, həmçinin deputatlara adi poçt, elektron poçt və s. vasitəsilə ünvanlamalıyıq. Ciddi və davamlı şəkildə... Yalnız o halda əgər doğrudan da ölkədə hər hansı bir sahədə qiymət artımına qlobal iqtisadi səbəblər yoxdursa, onu əsaslandırmaq mümkün deyilsə, həmin monopolist, inhisarçı, korrupsioner  şəbəkələr kütləvi etirazlardan çəkinərək süni qiymət artımlarına, bahalaşmaya yol verməyəcək... *** ***  Özü də adi həyati məsələlərlə bağlı sual verməkdən niyə və kimdən qorxmalıyıq ki?.. Məgər bu, bizim Konstitusiyamızla, qanunlarımızla təsbit olunan vətəndaş hüquqlarımız deyil?... P.S. Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək... Artıq bu halda belə sual vermək olar: “Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..” Sultan Laçın   Moderator.az

"Paşinyan aradan götürülərsə.., nə baş verəcək?.."

"Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir..." Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə dünən yaydığı məlumatı iki aspektdə təhlil etmək olar. Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb.  İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “ Severnıy listopad” əməliyyatı...  Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür. Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub. İlk prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib. Son əməliyyatın  "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılması və həbs olunanların mənzillərində RF -yə mənsib olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanması, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir... Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən “ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişi “ hazırlaşdığını xüsusi qeyd etmişdi.  Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur.  Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir... İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərb qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayısı yolla bağlı olmasın...  Roma Statutunu qəbul etdikdən sonra "Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi"- deyə bilirik. Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilir. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur... Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqridarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər? Hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanaması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər... moderator) İlham İsmayıl

Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu!

Rəşad Ergün Zaur Axundovun ailə klubu olan “Araz-Naxçıvan” (qardaşını kluba prezident qoyub, onun vasitəsi ilə idarəçiliyi əlində saxlayır) Azərbaycan futbolunun həm sensasiyası, həm də, biabırçılığıdır, ölkədə futbola münasibətin göstəricisidir. İki aya yığılan komandanın çempionatda qabağına gələni topun altına salması, liderlər qrupunda qərarlaşması yəqin yalnız Azərbaycanda mümkün ola bilərdi. “Təcrübə”, “oturuşmuş heyət”, “anlaşma” – hamısı gedib işinin dalınca. Yəni, sənə sabah yaxşı pul ayrılsa, iki aya komanda yığıb, çempionları, vitse-çempionları, kubok sahiblərinin hamısını, cəmini, topunu, topun qabağına qoyub, istədiyin yerə qova bilərsən. İllərlə iş görmək? Sistem qurmaq? Harda? Burda, Azərbaycanda? Güldürməyin adamı. Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu! Komanda.az

İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik

Türkiyə cəmiyyətinin İsraillə Qəzza arasında yaşananlara münasibəti çox üzücüdür. Dini şüar və lozunqlar sələndirən kütlə ABŞ-ın İstanbul və Adanadakı konsulluqlarına hücum edib, Türkiyədə yaşayan yəhudiləri cəzalandırmaq çağrışları səsləndirilir. Bunlar çox qorxulu nəticələrə aparıb çıxara bilər.  Hadisələrin bu istiqamətdə inkişaf edəcəyi isə gözləniən idi. Siyasi spektrin bütün cinahlarından İsrail əleyhinə sərt bəyanatlar yüksələndə, Fələsitinə dəstək və İsrail əleyhinə yürüşün önündə prezident Rəcəb Tayyip Ərdoğanın oğlu və kürəkəni gedəndə cəmiyyətin kəskin radikallaşacağı zaman məsələsi idi.   Qəzzada yaşananlara görə, prezident Rəcəb Tayyip Ərdoğanın üç günlük matəm elan etməsi, üç gün ərzində bütün konsertlərin ləğv edilməsi Türkiyənin seçimi kimi görünür. Son günlər baş verən hadisələr Türkiyənin Qərb tərəfdaşları və NATO müttəfiqləri ilə münasibətlərini kəskin zədələyəcək. Bəzi münasibətlər ümumiyyətlə əvvəlki kimi olmayacaq. Artıq ABŞ Adanadakı konsulluğunu bağlayıb. Bunu ilk xəbərdarlıqdır.   Türkiyənin İsrailə qarşı cəbhədə yer alması Azərbaycanı seçim etməyə vadar edəcəyi haqqında bir neçə gün öncəki ehtimalım gerçəkləşmək üzrədir. Əgər proses bu sürətlə davam edərsə, bir neçə gündən sonra İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik.  Heç şübhəsiz ki, Azərbaycan özünün həyati əhəmiyyətli maraqlarından çıxış edərək, İsrailə qarışı cəbhədə yer ala bilməz. Əks seçim fəlakət olar.  Bütün Azərbaycan xalqı bilməlidir ki,güclü İsrail dövlətinin varlığı Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. İsrailin zəifləməsi isə Azərbaycanın müstəqiliyinə və ərazi bütövlüyünə ən böyük təhlükə olan Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur.  Dövlətin siyasətinim müəyyənləşməsində iştirak etməsəm də, tarix və millət qarşısında məsuliyyətimi dərk edərək toplumu və iqtidarı doğru seçim etməyə çağırıram. Xəqani Cəfərli, politoloq

Körpələrin silahı olmur

Körpələrin dini olmur Körpələrin peyğəmbəri olmur Körpələrin məscidi, kilsəsi, sinaqoqu olmur Körpələrin "İncil"i, "Quran"ı, "Tövrat"ı olmur Körpələrin milləti olmur Körpələrin siyasi baxışları olmur Körpələrin vətəni anasının qucağı, atasının çiyinləridir Körpələrin vətəni də olmur Körpələrin silahı olmur Körpələrin gülüşü olur Körpələr ölümü də tanımır Böyüklərin - qatillərin, canilərin, cinayətkarların başlatdıqları müharibələrdə ölənədək heç bir körpə ölumü tanımır Bir körpənin ölümü tanıdığı dünyada ədalət də yoxdur, vicdan da, mərhəmət də. Rəşad Ergün

Bişmiş balığın gülməyi

Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi. O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi. Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü. Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular. Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək, onun başqa ölkələrin sularından gəldiyini söylədi. Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi. Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam,  onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar. Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi. Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı. Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi? Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən… Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm? Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi. Bilicilərin müxtəlif cavabları  padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu. Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi. Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi. Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı. Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”. Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq  bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi: ” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?” Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər. Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər. Qoca vəziyyətin gərginləşdiyini görüb dedi: ”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində  qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”. Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü. Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə  daxil olaraq  qırx bığıburma oğlanı gördü. Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi. O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu. Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər. Əbil Həsən

Ölü canlar

Əbil Həsən Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.  Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.  Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı. Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.  Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.  Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.  İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.  Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.  Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.

Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin?

Bir neçə nəfər adam var. Arada girib baxıram, ümumiyyətlə susublar. Sülh tərəfdarları pis-yaxşı öz fikirlərini yazırlar, dediyim qrup isə ümumiyyətlə qaçıb gizlənib. Yoxdurlar.  Əksəriyyəti ayrı vaxt hamıya ağıl verənlərdi. Başda... Nəysə. Adlarını çəkib ana səhifələrinizi kanalizasiya iyinə qərq eləmək istəmirəm. Onsuz tanıyırsız çoxunu.  Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin? 1 cümlə yazmasın.  Görüm lənətə gəlsin o ağuya dönmüş qrantı!  Necə ola bilər ki, insan onun xalqına qarşı cinayət törətmiş adamların həbsinə sevinməsin? Vallah heç kim qana susamayıb. Hamımız sülh istəyirik. Heç kim də müharibə arzulamırdı. Amma işğalçı tərəf geri çəkilmədi, bizi aşağılamağa davam etdi, "yeni torpaqlar" dedi. Cavabı verilməliydi də.  Qarabağ probleminin həlliylə Azərbaycan avtomatik İsveçrə olmayacaq. 500 dənə problem var ölkədə, hamısı da deyilməli, danışılmalıdır. Siyasi məhbuslar, korrupsiya, sosial problemlər, insan haqları, ifadə azadlığı və s. problemlər ciddi şəkildə var və bu problemlərin həllini ardıcıl şəkildə hökümətdən tələb etmək lazımdır.   Amma bunlar, Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğu həqiqətini dəyişmir, axı. Biz zülmə, işğala məruz qalmışıq. Alçaldılmışıq.  Və bugün bu təhqiri öz üzərimizdən silirik. Nəyi pisdi?  Yoxe, deyir qələbə Əliyevi gücləndirəcək. Güya, müharibədən qabaq barrikadaya dırmaşmışdı da kişinin oğlu.  Hansı ciddi mübarizəni qoymusuz ortaya, axı? Heç kimə lazım olmayan layihələr, hesabatlar yazıb qrant alıb bağ evlərində dəmə qoyan adamlar olmusuz da.  Onun-bunun əzmi, mübarizəsi hesabına özünüzü qərb təşkilatlarına dürtüşdürüb ictimai xadim kimi gözə soxmusuz.   Axı, sizin əksəriyyətinizin heç cəsarəti olmayıb ki, normal demokratiya mübarizəsi aparasınız. Tanıyırıq da sizi.  Səhv edirsiz. Vallah, billah səhv edirsiz. Xalqımız siyasi cəhətdən naşı olsa da, fəhmlidi. Bu davranışınızı heç kim unutmayacaq. İlkin Rüstəmzadə, İctimai fəal