Paris sülh konfransından müharibə küləkləri...

Dünən Parisdə sülh adı altında konfrans keçirildi. Amma, toplantıdan adına uyğun olaraq sülh çağırışları, təşəbbüsləri yox, faktiki olaraq müharibə çağırışları səsləndi. Çağırışları həm Ermənistan, həm də Fransa rəsmiləri Azərbaycana qarşı ünvanlamışdı. Paşinyan “ etnik təmizləmə”dən danışanda ona cavab verən  Azərbaycanın səfiri Leyla Abdullayevaya “Qərbi Azərbaycan” ifadəsini bəhanə gətirərək, Azərbaycanın Ermənistana ərazi iddiası olduğunu bildirib. Üstəlik, müharibə bitəndən sonra Azərbaycanın irəli sürdüyü beş baza prinsipindən üçünü sanki öz təşəbbüsləri kimi qələmə verib, Azərbaycanın guya sülhdən qaçdığını konfrans iştirakçılarına elan edib. Fransada özünü çox rahat hiss edən Paşinyan səfirin Fransanın sülh işinə mane olmasını, Ermənistanı silahlandırdığı iradlarına, müstəqil dövlət olaraq silahlanmanı düzgün hesab etdiyini vurğulayıb...  Sülh konfransında panel iclasının moderatoru, Montaigne İnstitutunun analitik mərkəzinin xüsusi məsləhətçisi, Fransanın Suriyadakı keçmiş səfiri Mişel Düklos “ Fransada Azərbaycanın geo-siyasi vəziyyətdən istifadə edərək Rusiya və İranla gizli razılaşma yolu ilə Ermənistanı işğal etmək üçün yeni planlarının olması ilə bağlı qorxuları olduğunu” bildirib. Və məhz bu “qorxuya” görə Ermənistanın Fransa tərəfindən silahlandırılmasının vacibliyi qeyd edilib. Sülh adlı konfransda səslənən silahlanma çağırışlarına baxın... Əlbəttə, ermənilərin böyük bacısının paytaxtında keçirilən konfransdan Azərbaycana xoş sözlər ünvanlanmasını gözləmirik. Göründüyü kimi, yalnız Azərbaycan deyil, Parisin, Avropa İttifaqının hədəfində İran və Rusiya da var.  Bu tip beynəlxalq platformalarda Rusiyanın, İranın ittiham edilməsi bizim üçün yenilik deyil, amma bizim bu ölkələrlə adımızın yanaşı çəkilməsi Azərbaycanın təcavüzkar obrazını formalaşdırmağa, Ermənistana yardım etməyin zəruriliyini vurğulamağa xidmət edir. Ermənistan isə müharibədən əvvəl, müharibə gedişində və müharibədən sonra Azərbaycanın sülh təkliflərindən imtina etməklə böyük səhvlərə yol verməsindən nəticə çıxara bilməyib. Ermənistan hələ də o xəyaldadır ki, dünyanın təzyiqi ilə ermənilər Qarabağa qayıdıb hansısa statusa malik olacaqlar. Ona görə də imkan düşən kimi həm beynəlxalq platformalarda, həm də İrəvanın özündə Azərbaycana qarşı qarayaxma, böhtan kampaniyaları aparır, aqressiv ritorika ilə perspektiv sülhə böyük xələl gətirirlər.  İndi də, Azərbaycan və Ermənistan dövlət başçılarının dekabrda guya Brüsseldə görüşəcəyi və masada  “konfrontasiya yaradan” sualların müzakirə ediləcəyi barədə xəbərlər yayırlar. Azərbaycan sülhün imzalanmasının ilk təşəbbüsçüsüdür, amma Azərbaycana qarşı Avropa platformalarında, Ermənistan rəhbərlərinin çıxışlarında səslənən fikirlər bu formatın səmimiliyinə böyük şübhə yaradır. Azərbaycan rəsmilərinin dəfələrlə Ermənistanın Zəngəzur ( Sünik) bölgəsinə heç bir hücum planlaşdırmadığını və gözümüzün olmadığını bildirməsinə baxmayaraq, Fransa rəsmiləri, Avropa İttifaqının məmurları Azərbaycanın olmayan təcavüzündən danışanda sülhə xidmət etmədiklərinin fərqindədirlərmi?  Bəhanələrindən biri də 8 anklav kənddir. Bu problemin danışıqlar predmeti olduğunu, delimitasiya, demarkasiya komissiyasının fəaliyyəti zamanı yekun qərar veriləcəyi dəfələrlə bildirilsə də, yenə Azərbaycanın bu problemi müharibə yolu ilə həll edəcəyini tirajlamaqdan yorulmurlar. Məqsəd nədir? Nəyə nail omağa çalışırlar? Vasitəçilik və sülhün imzalanamsı məkanı uğrunda Qərb və Rusiyanın mübarizəsi çoxdan məlumdur və Paşinyan bütün imkanları ilə Rusiya platformasından qaçır. Qərb formatı isə Azərbaycanın lokal antiterror əməliyyatından sonra ritorikasında və mövqeyində yanlış notlara, ifadələrə yol verdiyindən Azərbaycan üçün maraqlı gəlmir. Sülhü istəyən silahlanmadan, qıcıqlandırıcı ritorikadan imtina etməlidir.Təəssüf ki, belə bir mənzərə müşahidə olunmur. Azərbaycan Xankəndində parlaq hərbi parad nümayiş etdirdi, ərazisinin hər qarışına nəzarət etdiyini bütün dünyaya, ilk növbədə isə Ermənistana və himayədarlarına göstərdi. Ermənistan üçün tarixi şans yaranıb ki, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqla iqtisadi inkişafa, sabitliyə qovuşsun. Fransa və qeyrisi bölgədə gəlib düşmənçiliyi, gərginliyi davam etdirməklə Ermənistanı daha ağır fəlakətlərə sürükləmiş olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndində bildirdiyi kimi, “Ermənistanın arxasında kim dayanırsa-dayansın”, heç nə əldə edə bilməyəcəklər, əksinə dəmir yumruqla qarşılaşacaqlar. Odur ki, kimsə böhtan və qarayaxma kampaniyası aparmaqla Azərbaycana təzyiq edəcəklərini düşünürlərsə, yanlış yoldadırlar.moderator) İlham İsmayıl

“Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..”

“Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək...” -FİKİR SAVAŞI...- Son onilliklərin xüsusən  hər bayramqabağı və ya iliin sonuna yaxın, yeni il qabağı verilən populyar suallarından biri də bunlardır: “Görəsən, yanvarda benzin, işıq, su, qaz yenə bahalaşacaq?” “Novruz, ya Qurban bayramı qabağı ət bahalaşacaq?”, yaxud “Yanvardan metro, avtobus, taksilər də bahalaşacaq?..” və s. və i.a. Elə son 30 ilin təcrübəsindən görmüşük ki, belə suallar hər dəfə verildikcə sonda əksər hallarda müsbət cavab alınıb, yəni deyilən nəsnələrin doğrudan deyilən vaxtlarda da qiymətləri artıb. Sanki ölkədəki hansısa monopolist, inhisarçı, korrupsioner qruplar belə sualları media, sosial şəbəkələr vasitəsilə ortalığa atmaqla cəmiyyətin, xalqın, yoxsul təbəqələrin reaksiyasını yoxlayırlar. Və görəndə ki, düşüncələrdə qiymət artımına real etiraz görünmür, çəkinmədən qiymətləri qaldırır, yaxud hökumətdən asılı olan qiymətlərin artımı üçün Tarif Şurasına-filana rəsmi və ya qeyri-rəsmi təzyiqlər edir, hətta göstərişlər verirlər... Odur ki, hər birimiz, məsələn, benzinin, qazın, işığın, yaxud metronun, avtobusun, taksilərin bahalaşağı haqda söz-söhbətlərə, xəbər sızmalarına rast gələndə ““Filan şey də bahalaşacaqmı?” yox, “Bu neft-qaz ölkəsində, altı qızıl- üstü qızıl məmləkətdə filan şey, məsələn, benzin, qaz, işıq, yaxud metro, avtobus, taksilər, axı niyə bahalaşmalıdır, hansı səbəbdə?” suallarını verməliyik. Və həmin sualları nəinki media, telekanallar, sosial şəbəkələr vasitəsilə əlaqədar hökumət qurumlarına, nazirliklərə, eləcə də həmin Tarif Şurasına, həmçinin deputatlara adi poçt, elektron poçt və s. vasitəsilə ünvanlamalıyıq. Ciddi və davamlı şəkildə... Yalnız o halda əgər doğrudan da ölkədə hər hansı bir sahədə qiymət artımına qlobal iqtisadi səbəblər yoxdursa, onu əsaslandırmaq mümkün deyilsə, həmin monopolist, inhisarçı, korrupsioner  şəbəkələr kütləvi etirazlardan çəkinərək süni qiymət artımlarına, bahalaşmaya yol verməyəcək... *** ***  Özü də adi həyati məsələlərlə bağlı sual verməkdən niyə və kimdən qorxmalıyıq ki?.. Məgər bu, bizim Konstitusiyamızla, qanunlarımızla təsbit olunan vətəndaş hüquqlarımız deyil?... P.S. Deyirlər, yanvar ayından Tərif Şurası Azərbaycanda, nəhayət, insanın da qiymətinin artacağı barədə qərar verəcək... Artıq bu halda belə sual vermək olar: “Görəsən, yanvardan Azərbaycan da insan da bahalaşacaq?..” Sultan Laçın   Moderator.az

"Paşinyan aradan götürülərsə.., nə baş verəcək?.."

"Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir..." Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dövlət çevrilişinə hazırlıq görən bir dəstənin ifşa edilməsi ilə dünən yaydığı məlumatı iki aspektdə təhlil etmək olar. Birincisi, yazılanlar həqiqətdir, Ermənistanda hakimiyyət uğrunda son üç ildə gedən mübarizə əsasən yumşaq gücə hesablanmışdı, amma nəticə vermədi. Ona görə də, “Severnıy listopad” adlanan əməliyyatla Paşinyan hakimiyyətini devirmək məqsədilə kütləvi dağıntı, iğtişaş, vətəndaşlarda təlaş və qorxu yaratmaq, siyasi və mülki qətllər törətmək, dövlət idarələrinə basqın və nəhayət, hakimiyyətin oturduğu binanı ələ keçirib xalqa müraciət ünvanlamaq planlaşdırılıb.  İki ay əvvəl Ermənistan Baş nazirinin mühafizə xidmətinin rəisi vəzifəsindən kənarlaşdırıldı. Hesab edirəm ki, bu sıradan bir vəzifə dəyişikliyi deyildi və Qərb kəşfiyyatının öncədən verdiyi məlumat əsasında baş verdi. Burada hədəfin, təbii ki, Paşinyan olduğu şübhə yaratmırdı. Fiziki cəhətdən onun məhv edilməsinə şərait yaradılması daha asan variant ola bilərdi, nəinki “ Severnıy listopad” əməliyyatı...  Paşinyan hakimiyyətinin Rusiyanı qane etmədiyi, son aylar isə tam qıcıqlandırdığı açıq görünür. Rusiya Ermənistanda bu günədək hakimiyyət dəyişikliyinə rahat nail olub. İlk prezident Ter-Petrosyanın Yeltsin tərəfindən Rublyovkada aparılan bir söhbətlə istefaya göndərilməsi, 1999-cu il 27 oktyabrda Rusiyanın adamı Koçaryana mane olan parlament sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın Rostovdan göndərilən erməni qatil tərəfdən öldürülməsi, 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi kimi hadisələr birbaşa Rusiya ilə əlaqələndirilib. Son əməliyyatın  "Severnıy listopad”- “Şimal xəzanı” adlandırılması və həbs olunanların mənzillərində RF -yə mənsib olan çoxsaylı və hələ işlədilməmiş telefon kartlarının aşkarlanması, planlaşdırılan çevrilişin ünvanını məhz şimala - Rusiyaya yönəltməyə imkan verir. Konkret olaraq Rusiyanın adının çəkilməməsi isə iki dövlət arasında olan gərginliyin pik həddinə çatması deməkdir və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir... Paşinyan Avropa Parlamentində çıxışı zamanı da Rusiyanın adını çəkmədən “ən yaxın təhlükəsizlik müttəfiqinin hakimiyyət çevrilişi “ hazırlaşdığını xüsusi qeyd etmişdi.  Hər iki tərəf çılpaqlığı ilə danışmasa da, həqiqət hər iki dövlətə məlumdur.  Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu sadə bir qruplaşmanın planladığı əməliyyat deyil, peşəkarcasına hazırlanmış standart çevriliş planıdır və adətən bu tip planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanır və həyata keçirilir. Yayılan məlumatda konkret olaraq dövlət çevrilişinə hazırlıq getdiyi aydın olur və qeyd edək ki, bu cür yanaşma adətən Rusiya "QRU"-nun stilidir... İkinci aspekt isə verilən məlumatın dezinformasiya olmasının mümkünlüyüdür. Ermənistan hakimiyyəti anti-Rusiya əhval-ruhiyyəsini gücləndirmək, ən əsası isə Qərbə sübut etmək istəyir ki, Rusiya onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir və məqsədi baş tutarsa, Qərbin Ermənistan və bütövlükdə Cənubi Qafqaz siyasəti iflasa uğrayacaq. Bununla da özünün fiziki təhlükəsizliyi və hakimiyyətinin qorunması üçün bütün imkanların səfərbər edilməsini Qərbə xatırladır. Guya ifşa edilən çevriliş planını isə fakt olaraq Qərb qarşısında qoymuş olur. Verilən informasiyada şübhəli bilinən məqamlardan biri konkret adların verilməməsi, yalnız baş həriflərin göstərilməsidir. Eyni zamanda əməliyyatın “Şimal xəzanı” adlandırılması şübhə yaradır ki, əgər burada Rusiyanın əli varsa, açıq şəkildə özünü istinad verən bir addan istifadə etməz, çünki adətən peşəkarlar şərti adlardan, ləqəblərdən, uydurulmuş əfsanələrdən istifadə edərkən maksimum çalışılır ki, bu adlar real mənbəyə birbaşa və dolayısı yolla bağlı olmasın...  Roma Statutunu qəbul etdikdən sonra "Moskva Paşinyan hakimiyyətinə olan səbrinə son verdi"- deyə bilirik. Yumşaq güclə üç il ərzində hakimiyyət çevrilişinə nail olmayan Rusiyanın bu tip əməliyyatlara üz tutması sonuncu olmaya bilir. Paşinyanın isə hakimiyyətdən uzaqlaşdırılması Rusiya üçün heç də asan olmur... Bəs Azərbaycanla sülh müqaviləsi imzalamadan Paşinyan iqridarı hakimiyyətdən uzaqlaşdırılarsa, Azərbaycan üçün hansı təhlükələr yarana bilər? Hazırda Rusiyayönümlü parlaq lider olmasa da, Arman Tatoyan tipli şovinist, revanşist, aqressiv birinin hakimiyyətə gətirilməsi mümkün variantdır. Şəxsin kimliyinin Azərbaycan üçün təhlükəsi olmasa da, sülh müqaviləsinin imzalanaması prosesi uzana bilər və bu zaman bölgəyə kənar qüvvələrin təzyiq və təsiri arta bilər... moderator) İlham İsmayıl

Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu!

Rəşad Ergün Zaur Axundovun ailə klubu olan “Araz-Naxçıvan” (qardaşını kluba prezident qoyub, onun vasitəsi ilə idarəçiliyi əlində saxlayır) Azərbaycan futbolunun həm sensasiyası, həm də, biabırçılığıdır, ölkədə futbola münasibətin göstəricisidir. İki aya yığılan komandanın çempionatda qabağına gələni topun altına salması, liderlər qrupunda qərarlaşması yəqin yalnız Azərbaycanda mümkün ola bilərdi. “Təcrübə”, “oturuşmuş heyət”, “anlaşma” – hamısı gedib işinin dalınca. Yəni, sənə sabah yaxşı pul ayrılsa, iki aya komanda yığıb, çempionları, vitse-çempionları, kubok sahiblərinin hamısını, cəmini, topunu, topun qabağına qoyub, istədiyin yerə qova bilərsən. İllərlə iş görmək? Sistem qurmaq? Harda? Burda, Azərbaycanda? Güldürməyin adamı. Sən necə də ekzotik və erotiksən, Azərbaycan futbolu! Komanda.az

İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik

Türkiyə cəmiyyətinin İsraillə Qəzza arasında yaşananlara münasibəti çox üzücüdür. Dini şüar və lozunqlar sələndirən kütlə ABŞ-ın İstanbul və Adanadakı konsulluqlarına hücum edib, Türkiyədə yaşayan yəhudiləri cəzalandırmaq çağrışları səsləndirilir. Bunlar çox qorxulu nəticələrə aparıb çıxara bilər.  Hadisələrin bu istiqamətdə inkişaf edəcəyi isə gözləniən idi. Siyasi spektrin bütün cinahlarından İsrail əleyhinə sərt bəyanatlar yüksələndə, Fələsitinə dəstək və İsrail əleyhinə yürüşün önündə prezident Rəcəb Tayyip Ərdoğanın oğlu və kürəkəni gedəndə cəmiyyətin kəskin radikallaşacağı zaman məsələsi idi.   Qəzzada yaşananlara görə, prezident Rəcəb Tayyip Ərdoğanın üç günlük matəm elan etməsi, üç gün ərzində bütün konsertlərin ləğv edilməsi Türkiyənin seçimi kimi görünür. Son günlər baş verən hadisələr Türkiyənin Qərb tərəfdaşları və NATO müttəfiqləri ilə münasibətlərini kəskin zədələyəcək. Bəzi münasibətlər ümumiyyətlə əvvəlki kimi olmayacaq. Artıq ABŞ Adanadakı konsulluğunu bağlayıb. Bunu ilk xəbərdarlıqdır.   Türkiyənin İsrailə qarşı cəbhədə yer alması Azərbaycanı seçim etməyə vadar edəcəyi haqqında bir neçə gün öncəki ehtimalım gerçəkləşmək üzrədir. Əgər proses bu sürətlə davam edərsə, bir neçə gündən sonra İsraillə Türkiyə arasında seçim etmək məcburiyyətində qala bilərik.  Heç şübhəsiz ki, Azərbaycan özünün həyati əhəmiyyətli maraqlarından çıxış edərək, İsrailə qarışı cəbhədə yer ala bilməz. Əks seçim fəlakət olar.  Bütün Azərbaycan xalqı bilməlidir ki,güclü İsrail dövlətinin varlığı Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına uyğundur. İsrailin zəifləməsi isə Azərbaycanın müstəqiliyinə və ərazi bütövlüyünə ən böyük təhlükə olan Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur.  Dövlətin siyasətinim müəyyənləşməsində iştirak etməsəm də, tarix və millət qarşısında məsuliyyətimi dərk edərək toplumu və iqtidarı doğru seçim etməyə çağırıram. Xəqani Cəfərli, politoloq

Körpələrin silahı olmur

Körpələrin dini olmur Körpələrin peyğəmbəri olmur Körpələrin məscidi, kilsəsi, sinaqoqu olmur Körpələrin "İncil"i, "Quran"ı, "Tövrat"ı olmur Körpələrin milləti olmur Körpələrin siyasi baxışları olmur Körpələrin vətəni anasının qucağı, atasının çiyinləridir Körpələrin vətəni də olmur Körpələrin silahı olmur Körpələrin gülüşü olur Körpələr ölümü də tanımır Böyüklərin - qatillərin, canilərin, cinayətkarların başlatdıqları müharibələrdə ölənədək heç bir körpə ölumü tanımır Bir körpənin ölümü tanıdığı dünyada ədalət də yoxdur, vicdan da, mərhəmət də. Rəşad Ergün

Bişmiş balığın gülməyi

Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi. O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi. Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü. Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular. Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək, onun başqa ölkələrin sularından gəldiyini söylədi. Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi. Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam,  onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar. Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi. Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı. Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi? Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən… Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm? Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi. Bilicilərin müxtəlif cavabları  padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu. Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi. Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi. Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı. Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”. Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq  bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi: ” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?” Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər. Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər. Qoca vəziyyətin gərginləşdiyini görüb dedi: ”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində  qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”. Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü. Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə  daxil olaraq  qırx bığıburma oğlanı gördü. Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi. O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu. Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər. Əbil Həsən

Ölü canlar

Əbil Həsən Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.  Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.  Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı. Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.  Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.  Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.  İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.  Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.  Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.

Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin?

Bir neçə nəfər adam var. Arada girib baxıram, ümumiyyətlə susublar. Sülh tərəfdarları pis-yaxşı öz fikirlərini yazırlar, dediyim qrup isə ümumiyyətlə qaçıb gizlənib. Yoxdurlar.  Əksəriyyəti ayrı vaxt hamıya ağıl verənlərdi. Başda... Nəysə. Adlarını çəkib ana səhifələrinizi kanalizasiya iyinə qərq eləmək istəmirəm. Onsuz tanıyırsız çoxunu.  Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin? 1 cümlə yazmasın.  Görüm lənətə gəlsin o ağuya dönmüş qrantı!  Necə ola bilər ki, insan onun xalqına qarşı cinayət törətmiş adamların həbsinə sevinməsin? Vallah heç kim qana susamayıb. Hamımız sülh istəyirik. Heç kim də müharibə arzulamırdı. Amma işğalçı tərəf geri çəkilmədi, bizi aşağılamağa davam etdi, "yeni torpaqlar" dedi. Cavabı verilməliydi də.  Qarabağ probleminin həlliylə Azərbaycan avtomatik İsveçrə olmayacaq. 500 dənə problem var ölkədə, hamısı da deyilməli, danışılmalıdır. Siyasi məhbuslar, korrupsiya, sosial problemlər, insan haqları, ifadə azadlığı və s. problemlər ciddi şəkildə var və bu problemlərin həllini ardıcıl şəkildə hökümətdən tələb etmək lazımdır.   Amma bunlar, Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğu həqiqətini dəyişmir, axı. Biz zülmə, işğala məruz qalmışıq. Alçaldılmışıq.  Və bugün bu təhqiri öz üzərimizdən silirik. Nəyi pisdi?  Yoxe, deyir qələbə Əliyevi gücləndirəcək. Güya, müharibədən qabaq barrikadaya dırmaşmışdı da kişinin oğlu.  Hansı ciddi mübarizəni qoymusuz ortaya, axı? Heç kimə lazım olmayan layihələr, hesabatlar yazıb qrant alıb bağ evlərində dəmə qoyan adamlar olmusuz da.  Onun-bunun əzmi, mübarizəsi hesabına özünüzü qərb təşkilatlarına dürtüşdürüb ictimai xadim kimi gözə soxmusuz.   Axı, sizin əksəriyyətinizin heç cəsarəti olmayıb ki, normal demokratiya mübarizəsi aparasınız. Tanıyırıq da sizi.  Səhv edirsiz. Vallah, billah səhv edirsiz. Xalqımız siyasi cəhətdən naşı olsa da, fəhmlidi. Bu davranışınızı heç kim unutmayacaq. İlkin Rüstəmzadə, İctimai fəal

Heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər

Fikir verdiz, heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər.  Qadın-uşaq qatillərinin biri belə əlinə silah alıb döyüşmədi. Toyuq kimi, hinlərdə, padvallarda gizləndikləri yerdə tutuldular.  Çünki öz davalarına inanmırdılar. Haqsız olduqlarını bilirdilər.  Özlərindən sonra nə bir hekayə, nə bir mif qoya bilmədilər. Yaratdıqları kukla "Artsax" nağılı çox rüsvayçı şəkildə də bitdi. İlkin Rüstəmzadə, İctimai fəal

Başıqapazlı, üzütüpürcəkli “prezident”...

Tarixi günlərə şahidlik edirik. Yeniyetməlik, gənclik illərimiz odlu-alovlu müharibə dövrünə təsadüf etsə də, taleyimizdən şikayət etməyə haqqımız yoxdur. Son üç ildə köksümüzü qabardan o qədər hadisələr baş verib ki! Oktyabrın 4-ü doğma Cəbrayılımın düşmən tapdağından azad olunduğu gündür. İndi zəngilanlılar öz ata-baba yurdlarının çırağını yandırırlar. Qubadlının simvolu olan Bərgüşad çayı daha kədərli zümzümələr etmir. Kürəyini sıldırım qayalara söykəyən laçınlılar indi qamətlərini şah, başlarını dik tuturlar. Kəlbəcərdə bülbüllər üç ildi düşmən üçün şərqi söyləmirlər. Qoca tarixin həmyaşıdı olan qədim Füzuli yenidən qurulur, erməni barbarlığından yetərincə nəsibini almış Ağdam yaralarını sarıyır, Qarabağın incisi Şuşa bütün dünyaya səs salır... Allahın əsir mələyi - Xocalı indi rahat nəfəs alır. Ağdərədə, Əsgəranda şəhid ruhları bayram edir. Xanın nəvələri öz kəndinə - Xankəndinə qayıdıb. Möhtəşəmsən, Azərbaycan! Bu günlərin dəyərinə dəyər qatan, əhəmiyyətini artıran başqa hadisələr də baş verib. Ard-arda bu qədər şad xəbər aldığımız üçün sənə minnətdaram, Allahım! Şükür, məzlumun ahı yerdə qalmadı, zalım qandallandı. Uzun illərdən bəri Azərbaycana meydan oxuyan üç dılğır - özlərini qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" elan etmiş Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan DTX tərəfindən həbs edilərək Bakıya gətirildi. Əgər məhkəmə prosesi açıq keçirilsə, 10 milyondan çox insanın onların murdar sifətinə tüpürmək şansı olacaq. Mən hər növ qanunsuzluğa qarşı olsam da, müharibədən yetərincə zərər çəkmiş bir azərbaycanlı kimi bu adamların başına yağlı bir qapaz vurmaq hüququmu özümdə saxlayıram. Qoy tarixdə başıqapazlı, üzütüpürcəkli "prezident" kimi qalsınlar... Seymur VERDİZADƏ

“Terroru “milli dirçəliş” sayan təfəkkür və ya qonşun ermənidirsə, çomağını unutma...”

 “Bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir...”                      “Hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar...”-Uliyam Saroyan Bu gün yaşından asılı olmayaraq rastlaşdığım insanlardan ən çox eşitdiyim söz “nəhayət, bitdi” kəlməsidi. Bu kəlməni sual şəklində də verənlər var, əmr formasında deyənlər də. Hər iki deyimdə haqlı çalarlar var. Azərbaycanın son əməliyyatından sonra sürətlə baş verən hadisələr - 10 gün ərzində tərksilah prosesi, qondarma rejimin özünü buraxması, ermənilərin köçü, bizim dövlət strukturlarının artıq Xankəndində hələ kiçik miqyasda olsa da fəaliyyətə başlaması və 27 sentyabr 2020-dən başlayan uğurlu dövlət siyasəti əsas verir ki, “bəli, bitdi” cavabını verəsən. Bu kəlməni sual formasında verənlər daha çox erməniləri tanıyanlar, onların xislətinə, məkrinə, havadarlarına bələd olan insanlardır. Doğrudan da “bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir. Ermənilər tarixən maraqlarını dilə gətirib uduzan, hətta faciə ilə üzləşən millətdi, çünki onların maraqları, məqsədləri haqsızlığa, ədalətsizliyə, yalana, böyük xülyalara əsaslandığından cəzalarını ikiqat ödəyiblər və ödəyirlər. Amma, dərs olmur. Heç bu gün baş verənlərdən də dərs çıxarmaq fikirləri yoxdur. Erməni təfəkkürü planetin harasında yaşamasından asılı olmayaraq eynidir, dəyişməzdir. Amerikada dünyaya gəlib, Ermənistanın üzünü görməyən yazıçı Uilyam Saroyan da erməni təfəkkürünü daşıyan, həm də xarakterlərinin dəyişməz olduğunu etiraf edənlərdən biridir. O uzun-uzadı yazdığı fikrin sonunda deyirdi:”.., hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar”. İndi də elədir. Bəlkə də, son yüz ildə ən böyük məğlubiyyətlərini yaşayan ermənilər yenə də iddialarından əl çəkmirlər...  Jirayr Sefilyanın adı bizlərə hələ Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda polis məntəqəsini “Sasna Tsrer” adlı terror təşkilatının üzvləri ilə tutandan tanışdır. Sefilyan dünən  İrəvanda təşkil olunan mitinqdə çıxışı zamanı yenə də Azərbaycan ərazilərini tutacaqları barədə danışıb:“Biz Artsaxa qayıdacağıq. Əvvəlcə İrəvanda milli siyasi qərargah yaradılacaq. Beynəlxalq qoşunlar təhlükəsizliyin təminatı kimi Artsaxa daxil olacaq. Xalqımız bugünkü sərhədlər daxilində Artsaxa qayıdacaq. Bundan əvvəl Ermənistanda gecə-gündüz çalışmalı və dövlət quruculuğu ilə yanaşı, milli ordu müdafiə sistemini, qüdrətli Ermənistan ordusunu qurmalıdır ki, bu da tezliklə Azərbaycana işğal olunmuş torpaqlardan çıxmağı söyləyəcək. Onları yalnız Dağlıq Qarabağdan yox, aran Artsaxdan, Naxçıvandan, Çaykənddən, Şaumyandan qovacağıq...”  Deyə bilərik: “bir səfil Sefilyandı də, ağlına və ağzına gələni danışıb”, amma, məsələ bundadır ki, bu fikirlər yalnız bir erməninin qənaəti deyil, hamısının düşüncəsi gizli və ya aşkar şəkildə buna köklənib. Kilsə, diaspora bir müddətdən sonra yeni fürsətlər ideologiyası ilə uzunmüddətli təbliğata başlayacaq. Bu millət hər məğlubiyyətdən sonra özünə təsəllini qisas almaqda görüb və terrora baş vurub. 1915-ci il hadisələrindən sonra türk paşalarının qətl edilməsi, 1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına qarşı Tiflisdə, Türkiyədə həyata keçirdikləri qətllər, keçən əsrin 70-ci illərində 30-a yaxın Türkiyə diplomatlarının xaricdə terror edilməsini unutmayaq.  Bu millət terroru məğlubiyyətdən sonra “özünəgəlmə, dirçəlmə” amili kimi dəyərləndirib fəaliyyətə keçir. Əgər “Quççi”nin erməni modeli də qisas almaq üçün “Voma” terror təşkilatına qoşulduğunu və artıq silahlı təlimlərə başladığını elan edirsə, deməli onların sayının çoxalacağı istisna deyil. Qeyd olunan terror hadisələrinin icraçılarına “Nemezis” abidəsi ucaldan millətdən bəşəri dəyər ummağa dəyməz. Perspektivdə belə bir təhlükə ilə üzləşəcəyimizi xüsusi xidmət orqanlarımızın diqqətdə saxlayacağı şübhəsizdir...  Ermənilər bütün tarixləri boyu sığındıqları imperiyaları başqa bir imperiyaya satmaqla ad çıxarıblar. Necə deyərlər, ”çörəyi dizinin üstündə” olan bu toplum indi də hər zaman onların ayağına daş qoyan Rusiyaya qarşı asi çıxıb və anti-Rusiya təbliğatını o həddə çatdırıblar ki, Rusiya hərbiçilərinin Həkəri körpüsündən Ermənistana keçməsini qadağan etmək tələbi ilə çağırışlar edirlər. “Lragir.am” saytı dünənki nömrəsində xüsusi olaraq vurğulayır ki, “Qarabağı tərk edən Rusiya hərbi kontingentinə Həkəri körpüsündən keçidə icazə vermək olmaz. Qoy, Gəncədən, Yevlaxdan getsinlər...”  Bu istiqamətdə çox dəlillər yazmaq olar, amma elə bu qeyd olunanlar da kifayət edir ki, hər zaman sayıq olaq. Məşhur bir atalar sözünü interpretasiya edib daim yaddaşımıza yazmalıyıq: “qonşun ermənidirsə, çomağı yaddan çıxarmaq olmaz”.moderator) İlham İsmayıl