“Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...”
Allaha min şükürlər olsun ki, nəhayət, 36 il sonra təxminən 2 ay öncə üçrəngli bayrağımızı ucaltdığımız Xankəndində Azərbaycan rəhbərinin iştirakıyla “Qarabağ” futbol komandasının oyununu da keçirdik. Bəli, bu da Azərbaycan xalqı üçün tarixi, əlamətdar və rəmzi bir hadisədir... Fəqət, belə olaylar bizləri eyforiyaya qapdırıb arxayın salmamalı, bizə qarşı davam edən geo-siyasi, hərbi-siyasi oyunlara qarşı mübarizədən yayındırmamalıdır... Soruşa bilərsiz ki, daha nə oyun, torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik... Bəli, ərazi bütövlüyümüzü bərpa etdik. Amma yüz illərlə “Böyük Ermənistan” xəstəliyi ilə yaşayan erməni güclərinin, onlardan Azərbaycana, Türkiyəyə qarşı alət kimi yararlanan Rusiya, İran, Fransa, ABŞ kimi nəhənglərin əks-gedişləri durdumu? Və hazırkı durumda həmin güclərdən bizə ən yaxını və təhlükəlisi Rusiyadır. Çünki üzdə müttəfiqlikdən, dostluqdan danışan həmin Rusiyanın hərbi qüvvələri hələ də Azərbaycan Respublikasının suveren ərazisində - Yuxarı Qarabağdadır. Çünki “sülhməramlı”ların hərəkətsizliyi şəraitində qısa müddətdə Qarabağdan köçmüş on minlərlə hayın ən azı yarısının qəlbində Azərbaycana qarşı kəskin nifrət var. Və Moskvanın 32 ildən çox məhz özünün himayəsi altında qondarılmış separatçı-terrorçu rejimin İrəvandakı tör-töküntüləri, xüsusən də 20 il Ermənistanda yenə də Moskvanın dəstəyi ilə hakimiyyətdə olmuş Köçəryan-Sərkisyan cütlüyünün başçılıq etdiyi Qarabağ klanından, revanşist qüvvələrdən və elə həmin ən azı on minlərlə Qarabağ köçkünündən Azərbaycana qarşı bu gün gizli, gələcəkdə açıq şəkildə istifadə etməsi və edəcəyi şübhəsizdir...
Belə olan halda Rusiyanın Qarabağdakı oyunları bitdimi?.. Xeyr. Putinin son canlı brifinqindəki dedikləri, müdafiə naziri Şoyqunun, baş qərargah rəisi Gerasimovun isə son günlər söylədikləri göstərir ki, bu oyunlar hələ bitməyib...
Dəfələrlə dediyimiz kimi, ermənilərin Qərbi Azərbaycana da, Qarabağa da kütləvi köçürülməsi ilə, onlara dövlət qurulmasıyla da, muxtariyyət verilməsi ilə də, separatçı rejim qurulmasıyla da məhz Rusiya məşğul olub. Və Ukraynaya son iki ildəki ədalətsiz, haqsız və amansız, faşistcəsinə təcavüzü də göstərir ki, Kreml qonşu ölkələrə, xüsusən də keçmiş sovet respublikalarına imperiya ambisiyalarından, o cümlədən keçmiş SSRİ ərazisi çərçivəsində yeni bir İttifaq dövləti qurmaq planlarından əl çəkməyib... Və görünən odur ki, Rusiya Azərbaycana qarşı oyunlarını nəinki artıq Şoyqunun “sülhməramlı” deyil, “hərbi kontingent” adlandırdığı qoşunları ilə, həm də özünün sovet dövründən bəri formalaşdırdığı “möhtəşəm” kəşfiyyat-agentura şəbəkəsi, ayrıca “KQB”-“FSB”-“QRU” korrupsiya şəbəkəsi, “5-ci kalonu” vasitəsilə də davam etdirəcək... Görünür, Kremlin ürəyindən keçir ki, dağılması məhz Qarabağdan başlamış Sovet imperiyasının bərpasına da məhz Qarabağdan başlasın... Fəqət, sözsüz ki, bu gün Rusiya ilə qonşu kimi münasibətləri qoruyub saxlayan Azərbaycan da, qardaş(!) Türkiyə də Putin rejiminin “SSRİ” xülyasının reallaşdırılmasında iştirak edə bilməz...
Sultan Laçın