“Sülh” deyib sülhə mane olanlar...

Qarabağ münaqişəsi başlandığı gündən dildə “sülh” deyib əməldə qızışdırıcı rol oynayan dünya bu gün, Azərbaycan ərazi bütövlüyünə real olaraq nəzarəti bərpa edəndən sonra da, qızışdırıcı mövqeyindən əl çəkmir. 44 günlük müharibə bitəndə bir cür, antiterror əməliyyatından sonra başqa cür yollarla sülhün yaranmasına əngəl olmaq siyasəti davam edir və Ermənistan həmişə olduğu kimi bu siyasətdə alət rolundadır. Fəal şəkildə Qərbdən, eyni zamanda son vaxtlar bir az passiv olsa da Rusiyadan gələn siqnallara, bəyanatlara, çağırışlara Ermənistan bir ümid yeri kimi baxır: “bəlkə Qarabağı qaytardılar”, “bəlkə Azərbaycanı cəzalandırdılar”, “bəlkə...” və bu bəlkələr əbədi olaraq ermənini yanlış, həm də taleyüklü yanlışlar içərisində boğsa da, hələ də özlərinə deyil, kənar qüvvələrə inanmaqda davam edirlər. Son günlərin sülhə maneə törədənlərinin siyasətinə nəzər salaq...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin daha çox reallaşacağı bir vaxtda Qərb platforması son iki ayda apardığı siyasətə sadiq qalaraq bir daha iki ölkə arasında barışın yaxınlaşmasına mane olur. Daha doğrusu, Avropa Parlamentinin beynəlxalq münasibətlər üzrə komitəsi illik hesabatını qəbul edib və hesabatda Azərbaycana qarşı əsassız iddialar, hücumlar və Azərbaycanı təcrid edəcək çağırışlar yer alıb. Azərbaycanı “Dağlıq Qarabağa əvvəlcədən planlaşdırılan hücumda” pisləyən, bunun “nəticəsiz qalmayacağı”ilə təhdid edən Avropa Parlamenti “Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə” çağırış edib. Sənəddə həmçinin enerji üzrə anlaşma memorandumunun dayandırılması və Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqların dayandırılması tələb olunur... 

İkinci anti-sülh çağırışı Avropa İttifaqının “Avropa Sülh Fondu” tərəfindən gəlib. Təzadlıdır deyilmi? Adın sülh fondu ola, amma Ermənistanı silahla təmin etməyə qərar verəsən, özü də sülh müqaviləsinin imzalanmasının gündəmdə olduğu bir zamanda... 

Dünən Skopyedə ATƏT-in 30-cu Nazirlər Şurası forumunda Ararat Mirzoyan çıxışına belə bir başlıq verir: “.., Azərbaycan vasitəçilərin görüşmək və sülh müqaviləsi bağlamaq təkliflərini rədd etməkdən əl çəksin”. Ardınca, qeyri-səmimiliyi çıxışının hər cümləsində özünü göstərir. Ermənistan XİN rəhbəri Azərbaycana qarşı elə ittihamlar irəli sürür ki, bu, sülhə deyil, savaşa səsləməkdir. Diqqət edək: 

“Doqquz aydan çox davam edən qeyri-insani blokadadan sonra Azərbaycan sentyabrın 19-da Dağlıq Qarabağ əhalisinə qarşı növbəti irimiqyaslı hərbi hücum həyata keçirib. Bu, yerli əhalinin Dağlıq Qarabağdan kütləvi şəkildə məcburi köçürülməsinə səbəb oldu. Demək olar ki, beynəlxalq ictimaiyyətin susqun razılığı ilə Azərbaycan çoxdankı məqsədinə - erməni əhalisi olmadan Dağlıq Qarabağ ərazisini əldə etməyə nail oldu. Amma bundan sonra da Azərbaycan tərəfinin tələbləri dayanmadı. İndi Ermənistanın bütün suveren ərazisi qonşumuz üçün hədəfə çevrilib. Bu ölkə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyil”. 

Beynəlxalq platformada bu fikirləri söyləyənin sülhdən danışması riyakarlıqla yanaşı, düşmənçilikdir. Sülh istəyən belə danışmaz. Sülh istəyən Ermənistanı silahlandırmaz. Sülh istəyən Azərbaycanı sanksiya ilə hədələməz. Sülh istəyən vasitəçi.., tərəf tutmaz.

Üstəlik, sülh istəməyənlərin Azərbaycanı hədəfə alan bəyanatları məhz vasitəçisiz olaraq delimitasiya komissiyalarının sərhəddə ikitərəfli görüşü keçirilən gün elan olunur. Sərhəddə vasitəçisiz keçirilən ikitərəfli görüşün daha çox Azərbaycan cəmiyyətinin gündəmində olduğunu desək, yanılmarıq, çünki Ermənistanı dünən də, bu gün də ən çox narahat edən Yuxarı Lars yolunda erməni maşınlarının Rusiya sərhəddini keçə bilməməsi və əksəriyyət maşınların da geri qaytarılmasıdır. Rusiya tərəfindən fitosanitariya adı altında yüklərin buraxılmamasını təzyiq kimi qiymətləndirən ermənilər təlaş içərisindədirlər. Vaxtilə Rusiyanın postsovet respublikaları- Moldova və Gürcüstana, daha sonra Türkiyəyə bu ad altında təzyiqlər göstərdiyi məlumdur və artıq ermənilər də sərhəddə baş verənləri “Ermənistan diz çökdürülür” kimi qəbul edirlər. Amma yenə Azərbaycanla sülh bağlamaqdan müxtəlif bəhanələrlə qaçırlar. Əgər sülh olsaydı, Zəngəzur yolu Azərbaycan üçün açılsaydı, Ermənistan da Azərbaycandan keçməklə alternativ yoldan istifadə edə bilərdi. lakin erməni siyasiləri, politoloqları, hətta sıraviləri bu variantı belə vəziyyətdə də dilə gətirmirlər...

Ermənilər və ermənipərəstlər səhv edə-edə 30 ildir yol gəlirlər, indi də növbəti səhvlərini edirlər, gec-tez bizim mövqeyimizə razılıq verəcəklər, çünki  bizim karvanımız düz yoldadır... moderator)

İlham İsmayıl

Share on Facebook