Biz zülm çəkdik, Arayik “Marlboro” çəkir...

Hazırda Azərbaycanda həbsdə olan qondarma rejimin sabiq “prezidenti” Arayik Arutyunyanın murdar adı yenə saytlarımızı “bəzəyir”. Demək olar ki, yerli KİV hər gün Arayiklə bağlı müxtəlif səpkili xəbərlər tirajlayır. 

Oxuduqlarımdan belə qənaətə gəldim ki, tez-tez adını yazıb, ürəyinizi bulandırmaq istəmədiyim bu erməni köpəyinin günü heç də pis keçmir. Gündə ən azı 9 saat kompüterin qarşısında əyləşən müxbirimizin hələ indiyə kimi, 1 qutu siqaretə 3 manat verməyə əli gəlməyib. Arayik isə qiyməti bizim pulla 9-10 manat olan bahalı “Marlboro” çəkir… 

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov ötən gün istintaq təcridxanasında Arutyunyana baş çəkib. Tural müəllim deyir ki, dörd divar arasında olmasına rəğmən, Arayikin normal yaşaması üçün təcridxanada hər cür şərait var. Saxlama kamerasında hamamı, istilik şəraiti yüksək səviyyədədir. Ərzaq təminatı qaydasındadır. Bunu Tural Hüseynov demir, mən deyirəm: DTX-nın cəsur oğlanlarının oktyabrın 3-də danaboyun eləyib Bakıya gətirdikləri Arayik yeyib-yatmaqdan dana boyda olub. Məhkəmə başlayanda özünüz görəcəksiniz, təkcə Arayikin deyil, digər seperatçı liderlərin də üzündən qan damır...

Qarabağda özlərinin yaratdığı xunta rejimdən fərqli olaraq, Azərbaycanda hüquqi dövlət var. Biz hər kəslə qanun çərçivəsində davranırıq. Şəxsən mən, Arayiki və onunla bir yerdə təcridxanada saxlanılan digər erməni qatillərini adam saymasam da, Azərbaycan dövləti onları adam yerinə qoyur. Təcridxanada “Marlboro” siqareti çəkib, bədii kitab oxuması, idmanla məşğul olması, quyruğu qapı arasında qalan küçük kimi “mən də Azərbaycan vətəndaşıyam” deyə yalvarması da bununla bağlıdır. Azərbaycan dövlətinin humanistliyindən ona yetərincə pay düşüb...

Arayikin sələflərinin və xələflərinin nankorluğu, namərdliyi, əclaflığı üzündən hansı zülmü çəkdiyimizi təkrar-təkrar yazıb bayram ərəfəsində ovqatınızı təlx etmək istəmirəm. Arayik kimi cəlladların ucbatından 30 il əvvəl biz siqaret əvəzinə dərd çəkirdik. Nisbətən cavan və enerjili olanlar birtəhər dözür, dözə bilməyənlər isə ölürdü. Bu zibillər torpaqlarımızı o qədər zibilləyiblər ki, arada 30 il keçməsinə baxmayaraq, hələ də doğma yurdlarımıza dönə bilmirik. Hələ də yüz minlərlə insan yurd həsrəti çəkir. Buna baiskar olan Arayik və onun kimiləri isə təcridxanada “Marlboro” çəkir…

Görünür, taleyin ironiyası bu imiş… 

Seymur VERDİZADƏ 

Share on Facebook