TV-lərə yerləşən “bombalar” - Xoşqədəm və zaurların “zibil seli” nə vaxt dayandırılacaq?

Təəssüf ki, barmaqla sayılası bu müsbət dəyişikliklər ölkədə televiziyaların imicini dəyişmir. Çəkilən əziyyyətlər, xərclənən pullar sanki boşuna gedir. Çünki vitrində ciddi verilişlər deyil, sosial problemləri şouya çevirən, insan həyatından tamaşa düzəldən proqramlar daha çox gözümüzü deşir. “Biz yüzlərlə işçiyə maaş vermək üçün maarifləndirici deyil, gəlir gətirən şou proqramlara üstünlük verməliyik” kimi absurd bəhanələr isə çıxış yolu deyil.

Sadaladığımız və sadalamadığımız nümunələr, qonşu Türkiyə və Rusiya telekanallarının təcrübəsi isə göstərir ki, düşük, bayağı, cəmiyyəti deqradasiyaya sürükləyən, onun dəyərlərini, ailə institunu zədələyən şou proqramları eyni janrda hazırlanan, maraqlı, səviyyəli şou proqramlarla əvəzləmək və reytinq qazanmaq mümkündür. 

Bəs, bunun əvəzində bizə - 10 milyonluq auditoriyaya nə təqdim olunur? Bu sual məşhur Amerika kinorejissoru Vudi Allenin sözlərini yada salır: "Los Ancelesdə artıq zibilləri tullamırlar. Onları televiziya şoularında yenidən emal edirlər".

Doğrudan da bu gün Xoşqədəm Hidayətqızının, Elgiz Əkbərin, Zaur Bəxşəliyevin, Lalə Azərtaşın, Tolikin və başqalarının hazırladığı dedi-qodular, vulqar söhbətlərlə dolu, bayağı, şit hərəkətlərin, cəmiyyətə açıq hörmətsizlik ifadə edən ikrahdoğurucu davranış tərzinin bəzədiyi verilişləri izləyəndə Vudi Allenin sözlərini təsdiqləməmək olmur: Bu aparıcılar illərdir ki, xalq arasındakı məşhur ifadə ilə desək, "zibildən konfet düzəldib" Azərbaycan tamaşaçısına sırımaqla məşğuldurlar.

Ən dəhşətlisi isə odur ki, bu aparıcılar, onların çalışdıqları telekanal rəhbərləri evlərimizə axıtdıqları bu "zibil seli"nə görə utanıb-çəkinmədən bizləri - tamaşaçıları, bütövlükdə cəmiyyəti günahlandırırlar. Guya, cəmiyyət səviyyəsiz və zövqsüzmüş... Xoşqədəm, Zaur və Elgiz isə səviyyəli aparıcılar kimi bu cəmiyyətə onun istədiyini verir! 

Əslində, nə baş verir: Adını çəkdiyim aparıcılar on illərdir ki, Azərbaycan cəmiyyətindəki ən neqativ hadisələri, ən pis nümunələri, "meşə çaqqalsız olmaz"dakı çaqqaları, yəni bütövlükdə xalqımız üçün xarakterik olmayan, istisnalıq təşkil edən fərdləri, tipləri, ailələri, onların bütün pis əməllərini, mənfi cəhətlərini efirdən nümayiş etdirirlər. Psixi problemli psixoloqları, hüquqa hayqırı olan hüquqşünasları, ziyasız ziyalıları... ekspert kimi təqdim edirlər, nümunə kimi göstərirlər, onların məsələlərə münasibətini aksioma kimi sırıyırlar. Təsəvvür edin, bu proses həftənin 5-6 günü, illərlə davam edir və ekranın bu üzündə - cəmiyyətdə, ailələrdə, yeniyetmələrdə, uşaqlarda, onların düşüncəsində hansı effekti doğurur? 

Bəzən KİV-ləri, televiziyaları silahlarla müqayisə edirlər. Bu analogiyanı əsas götürüb müqayisəni davam etdirsək, deyə bilərik ki, Zaurun, Xoşqədəmin, Elgizin aramsız olaraq cəmiyyəti "atəşə tutduqları" silah zəhərli silahdır! O, dərhal öldürmür, ailələrin, fərdlərin, yeni nəsillərin mənəviyyatını, düşüncəsini zəhərləyir, onları, bütövlükdə cəmiyyəti şikəst edir, əxlaqsızlıqdan tutmuş boşanmalara, məişət zorakılıqlarından başlamış qətillərə qədər yeni-yeni sosial bəlalara, faciələrə gətirib çıxarır...

Aydındır ki, tamaşaçı zövqünü və dünyagörüşünü zəhərləyən bu verilişlərə efir verən TV rəhbərlərinin məqsədi yüksək reytinq və pul qazanmaqdır. Amma bu nəyin hesabına başa gəlir? Cəmiyyətin sağlam düşüncə tərzi, mənəvi ovqatı, gənc nəslin psixologiyasının sarıslması, ümumən mənəvi idealların ucuzlaşması, məhv olması hesabına!

Bizim televiziyalar, onun ən reytinqli verilişləri insanları nəyə inandırmaq yarışına girişiblər? Elgiz, Zaur və Xoşqədəm gənc ailələrin, yeni nəslin şüuruna hansı informasiyaları ötürür, onları nəyə inandırır? Bu verilişlərin cəmiyyətə təqdim etdiyi "qəhrəmanlar" kimlərdir? Ata-anasını atan övladlar, ailəsini, uşaqlarını tərk edən valideynlər, zorla ərə verilən qızlar, həyat yoldaşına xəyanət edən kişilər və qadınlar, gəlinlərini döyən qayınanalar və s. Gənc bir ailə, hansısa yeniyetmə belə nümunlərin, bu cür efir siyasətinin, təbliğatın, telepressinqin qarşısında necə tab gətirsin, bütün bunların təsirinin altına necə düşməsin? 

Media, sosial şəbəkələr, ziyalılar, universitet auditoriyaları və s. cəmiyyətin indikatorlarıdır. Bütün bunların Xoşqədəm, Zaur və Elgizlərə münasibəti, onların cəmiyyətimizə sarsıdıcı zərbə vurduğu haqqında rəy və qənaətləri ortadadır. İllərdir hamı narazıdır. Amma bu rəy və qənaətlərin səsləndirilməsi Don Kixotluqdan başqa bir şey deyil. Çünki adını çəkdiyim aparıcıların "qaydasız döyüşləri" davam edir: tez-tez bu proqramlarda şəxsi həyatın toxunulmazlığı, telejurnalistikanın prinsipləri, peşə etikası qaydaları pozulur, mənəviyyatsızlıq təbliğ edilir. 

Amma bu nə qədər davam edəcək? Axı bu "zibil seli" həm də TV rəhbərlərinin, bu sahədə müəyyən parlaq layihələr həyata keçirənlərin əməyinə axır... Bu, axı onların öz imicinə, ən çox önəm verdikləri bizneslərinə də zərbədir. Bu verilişlər əslində televiziyaların içərisinə yerləşdirilən bombadır, qısa müddətdə zərərsizləşdirilməsə, mütləq partlayacaq. İndiyə kimi cəmiyyətə mənəvi zərbələr endirən bu bombaların fiziki zərbəsi ilk növbədə TV-lərə rəhbərlik etmiş şəxslərə dəyəcək. Odur ki, nə qədər gec deyil, vitrininizdən zibilləri yığışdırın. Yığışdırın ki, həyətinizdəki gül-çiçəklər görünsün. Mahiyyətiniz aydınlaşsın, işıqlı, istedadlı adamların sağlam düşüncələri cəmiyyətimizə işıq saçsın....

Zahid

Baku Post

Share on Facebook