Qurban ruhun təntənəsi, nəfsin tərbiyəsidir...

Hər fərdin və ya hər xalqın həyatında müəyyən əlamətdar günlər, bayramlar var. Ancaq müsəlmanlar üçün dinimizin buyruğu olan iki gözəl bayram - Ramazan bayramı və Qurban bayramı xüsusi əhəmiyyət və məna daşıyır. Yəni, bu iki bayram özlüyündə həm təfəkkür mövzusu, həm də bir mükafat mövzusudur.

Qurban bayramı Həcc ziyarəti ilə üst-üstə düşür. Həcc ziyarəti insana ölümdən sonra dirilib Məhşər meydanında toplaşmağın ifadəsi olduğu kimi, qurban kəsmək də verdiyi bütün nemətlər üçün Allaha (c.c.) şükür etməyin ifadəsidir. Qurban vermək əslində hər bir insanın xarakterini formalaşdıran dəyərlər arasında ən mühüm xüsusiyyətdir.

İbadətlərin mahiyyətini tam olaraq ancaq Allah (c.c.) bilir, amma bizə də bildirdiyi bəzi mühüm məqamlar var. Qurban ibadətinin mahiyyətini qısa şəkildə belə ifadə edə bilərik: Allahın əmri hər cür dünya nemətindən, zövqündən üstündür.

Qurban kəsilən heyvan əl əməyinin, alın tərinin nəticəsidir. İnsan çalışaraq əldə etdiyi dünya nemətini Allah yolunda qurban kəsir və ehtiyacı olanlara paylayır və bununla da sübut edir ki, hər şeyin sahibi olan Allah üçün hər cür dünya nemətini fəda etmək olar.

Beş növ heyvan qurban kəsmək olar: qoyun, keçi, inək, camış və dəvə. Bir qoyunu və ya bir keçini bir adam qurban kəsə bilər. Qurban kəsilən qoyun və ya keçi bir yaşından az olmamalıdır. Əgər bir yaşını tamamlamayıbsa, ən azı bir yaşındakı kimi görünməlidir.

Qurban kəsiləcək inək və ya camış iki yaşından yuxarı olmalıdır. Dəvə isə ən azı beş yaşına gəlməlidir. Bir inəyə, bir camışa və ya bir dəvəyə yeddiyə qədər adam ortaq ola bilər. Ancaq bir adam istəsə, təkbaşına bir inəyi, bir camışı, bir dəvəni qurban kəsə bilər. Əsas odur ki, Allah sənin niyyətindən, sənin əməlindən razı olsun.

Qurban kəsiləcək heyvanlar xəstə, qoca və şikəst olmamalıdır. Bu məsələdə heyvanların əlamətlərini kifayət qədər sadalamaq olar, ancaq bircə onu bildirməyi lazım bilirik ki, hər kəsin kəsdiyi qurban elə özünə verdiyi dəyərdir. Quşlardan, həmçinin ov heyvanlarından qurban kəsmək olmaz.

Qurban kəsmək varlı müsəlmanların borcudur, qurban payı gözləmək kasıb müsəlmanların haqqıdır.

Qurban ətini 3 yerə bölmək, bir hissəsini yoxsullara, bir hissəsini qohumlara və qonşulara, bir hissəsini də evə ayırmaq daha doğrudur. Qurban ətindən müsəlman olmayanlara da vermək olar. Qurbanı incitmədən kəsmək, kəsərkən də “Bismillah, Allahu Əkbər” və ya “Bismillah” demək lazımdır. Yaxşı olar ki, qurbanı özünüz kəsəsiniz, əgər kəsə bilmirsinizsə, heç olmasa heyvanın yanında dayanın, kəsənlə birlikdə “Bismillah” deyin.

Allah bu gözəl bayramla yurdumuza xeyir-bərəkət, insanlarımıza könül xoşluğu nəsib etsin! Qurban bayramınız mübarək olsun! (yeniavaz)

Murad Məmmədov

Share on Facebook