Səməd Qurbanovun dəyişməkliyi

Rəşad Ergün

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda futbol camiəsini yaxından maraqlandıran bir məsələyə nəhayət, aydınlıq gəlib.

Şükür, axır ki, AFFA-da da idman prinsiplərinin qorunmasının vacibliyini anladılar və Premyer Liqada sonuncu yeri tutan “Qəbələ”yə güzəşt edilməməsi qərara alındı. Qaydalara, reqlamentə hörmət edilməlidir və doğrusu bu idi.

Bu arada, AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanovun bir açıqlaması diqqətimi çəkdi. Keçmiş futbolçu İcraiyyə Komitəsinin qərarlarını şərh edərkən bildirib ki, “idman prinsipləri önəmlidir”. And içə bilərəm ki, AFFA rəhbərliyi fərqli qərar qəbul etsəydi, komanda sayının artırılmasına, “Qəbələ”nin Premyer Liqada qalmasına “yaşıl işıq” yandırmış olsaydı, hörmətli Səməd müəllim bu dəfə “bölgələrdə futbol olmalıdır, “Qəbələ” kimi infrastruktura, akademiyaya malik klub elitadan kənarda qalmalı deyil” kimi açıqlama verərdi. Necə deyərlər, “Pir mənimdir, kəramətinə bələdəm”.

Bir də… İcraiyyə Komitəsinin iclasında hesab ediblər ki, Premyer Liqada komanda sayının artırılması mərhələli şəkildə həyata keçirilməlidir. Yəni, qarşıdakı mövsümdə olmadısa da, növbəti illərdə bu məsələ aktuallaşacaq. Maraqlıdır ki, idman mediasında da Premyer Liqada komanda sayının artırılmasını dəstəkləyənlərin sayı az deyil. Niyə, hörmətli həmkarlar? “Filan klubda futbolçular aylardır maaşlarını ala bilmirlər” kimi xəbərləri tirajlamaq xoşunuza gəlir? Kəmiyyətə üstünlük verməkdənsə, keyfiyyəti qaldırmaq haqda düşünməyin vaxtı çatmayıb? Yoxsa, “Qarabağ”, “Sabah” kimi bir neçə klubu çıxmaq şərtiylə, komanda sayı artırılmalıdır və hamısı da ağızlarını, ciblərini açıb dövlət büdcəsindən gələcək pulları gözləməlidir? Əslində, bu sxem, bu gedişat özü də biabırçılıqdır və futbolun Azərbaycansayağı versiyasıdır.

AFFA 2025/2026-cı illər mövsümündə legioner limitinin 8+3 olacağına da qərar verib. Şəxsən mən legioner limitinin tamamilə ləğvinin tərəfdarıyam. Futbolda “kim güclüdürsə, o oynamalıdır” prinsipinə əməl olunmalıdır. Azərbaycanlı futbolçunun potensialı və səviyyəsi aşağıdırsa, hansısa limit ona niyə layiq olmadığı imkanı tanımalıdır? Amma… Bəzi azərbaycanlı “menecerlər”in Avropada hansısa barda, pabda pivə içərkən, Afrikada hansısa ölkədə banan toplarkən yağlı vədlərlə Azərbaycana gətirdiyi “legionerlər” yox. Legioner limiti məsələsində də kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməlidir. Özünə hörmət edən hansısa əcnəbi futbolçu Azərbaycana gəlmək istəmir? Bax, bu, artıq mənim, hətta sənin də problemin deyil, əziz oxucu.(Komanda.az)

Share on Facebook