Böhtançılara alət olmayın

2020-ci ilin parlament seçkilərində bir dəstə adam Müsavat Partiyasının hakimiyyətlə anlaşdığını deyib şər-böhtan kampaniyası aparırdı. Hətta parlamentdə Müsavata deputat sayı da müəyyənləşdirmişdilər. Seçki bitdi, tirajladıqları yalanların şər-böhtandan başqa bir şey olmadığı məlum oldu. Ancaq utanmadılar. Çünki vicdansız adamlarda utanma hissi olmur. Eyni abırsızlıqları 2015, 2018 və sonuncu növbədənkənar prezident seçkilərində də etmişdilər. Birinin çıxıb Müsavatdan, Müsavat rəhbərliyindən üzr istədiyini görmüsünüz?

Hər Qurultayda “Müsavat bitdi”, “Müsavat dağıldı”, “Müsavat satıldı” deyib üfunət iyi verirlər. Nə olur bəs? Bir partiya, təşkilat dağılırsa, bu, bir dəfə olur da. Yox, əgər sizlər bu kampaniyanı hər seçkidə, hər Qurultayda aparırsınızsa, demək Müsavat dağılmayıb, satılmayıb, sadəcə siz şər-böhtan kampaniyası aparmaqla məşğulsunuz. Təəssüf ki, çox az sayda adam da bu axına düşüb, o böhtanlara qoşulur, alət olur.

Müsavata qarşı kin qusanların bu qədər irəli getməsinin günahkarları içərisində bəlkə də biz müsavatçılar da varıq. Çünki uzun illərdir bu adamlara baş qoşmuruq, üzvlərimizə heç kimi təhqir etməməyi, ağayana davranmağı, belə adamları boş verməyi tapşırmışıq. Ancaq görünən odur ki, bu adamlara öz dillərində də cavab vermək lazımdır. Yəqin ki, bundan sonra da elə olacaq. Həm də çox ağır formada!

Ədalət Vəliyev ilk dəfə siyasi partiyalarla görüş keçirəndə Müsavat Partiyası belə görüşdə iştirak etməyib. 2020-ci ildə Vətən Müharibəsi başlayarkən yenidən Müsavat Partiyasına görüş təklif olunub, hansı məsələ müzakirə olunacaq sualı verilib, ümummilli məsələ olduğu, Qarabağ məsələsi olduğu bildirilib. Bu görüş baş tutub. Müsavat Partiyasının Vətən Müharibəsində dəstəyi bildirilib və partiya tərəfindən müəyyən işlər də görülüb.

O vaxt da Müsavat Partiyasına “satılıb” damğası vurmaq istədilər. Elə bildilər 5-10 günlük hərbi əməliyyatlar olub dayanacaq. Gördükdə ki, bu artıq müharibədir, ordumuz irəliləyir, əleyhlərinə işləyəcəklərini görüb kampaniyanı dayandırdılar…

Hakimiyyət tərəfindən ikinci görüş təklifi mən, Fərəc Kərimli 44 günlük müharibədən döndükdən bir neçə gün sonra Müsavata təklif olunub. Müzakirə olunacaq məsələ də müharidən sonra görüləcək işlər, Müsavat Partiyasının verə biləcəyi təkliflər olub. Müsavatdan Başqan Arif Hacılı və mən iştirak etmişik, prezident aparatından da iki rəsmi şəxs. Görüş Müsavat Partiyasının qərargahında keçirilib. Bildirilib ki, verdiyiniz təkliflər şəxsən ölkə başçısına məruzə olunacaq. Siyasi məsələlər, beynəlxalq siyasətlə bağlı təkliflər Başqan tərəfindən səsləndirilib, orduyla bağlı partiyanın təklifləri mənim tərəfimdən. Professional orduya keçiddən tutmuş, zabit-gizirin, MAXE-nin “belinə” vurulan xarab olmuş maşınlar, orduda ruh düşkünlüyü yaradan başqa məsələlərin həllinə qədər təkliflərimizi səsləndirmişik. İndi hakimiyyət nə dərəcədə əməl edib, ciddi yanaşıb-yanaşmayıb bu onların öz işidir…

Siz heç görmüsünüz yuxarıda qeyd etdiyim məsələ ilə bağlı Müsavata hücum olsun? Eşitməmisiniz. Bilirsiniz niyə? Çünki müharibə yeni bitmişdi, o zaman bu məsələyə görə Müsavata hücum etmək cəmiyyətdə yaxşı qarşılanmazdı, hətta partiyanın xeyrinə işləyərdi.

Vicdanı, ləyaqəti olan, özünə hörmət edən adamlar əmin olsun ki, Müsavat Partiyasına qarşı son günlər aparılan kampaniya da növbəti böhtan kampaniyasıdır. Bir müddət sonra özünüz də buna şahid olacaqsınız. Odur ki, belə böhtançılara alət olmayın.

Fərəc Kərimli, Müsavat başqanının müavini

Share on Facebook