Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi?

Mən Azərbaycanda bu qədər boş-bekar adam olduğunu təsəvvür etmirdim. Bəs dünənə kimi deyirdiniz, çörəyimiz daşdan çıxır? Bəs işləməkdən qəddinizin əyildiyini iddia edirdiniz? Xeyirdə-şərdə görünməyəndə “iş çoxdur, vaxt yoxdur” deyib dad-aman edən siz deyildiniz? Nə oldu? İki gündür dil-boğaza qoymadan danışırsınız, yazırsınız. Kimə nəyi sübut etmək istəyirsiniz? 

Mətləbə keçək. Dünyada ən çox tanınan 5-6 azərbaycanlıdan biri olan Şəhriyar Məmmədyarov bu dəfə bilmədiyi işə girişib. Şəhriyar şahmatdan deyil, qadınların cəmiyyətdəki rolundan danışıb. Sonra da kişilərlə qadınları müqayisə edib və üstünlüyü birinci tərəfə verib. 

Mən bütün müqayisələri qüsurlu sayıram. Kişi ilə qadını müqayisə etmək isə yersiz və lazımsız təşəbbüsdür. Cəmiyyətdə hərənin öz yeri var. Əsas odur ki, layiq olduğumuz yeri tutaq, ortalıqda avaralanmayaq…

Qadınların Şəhriyara qəzəbi anlaşılandır. Amma çox keçməz, bir-iki günə soyuyacaq. Heç kim tanımasa da, biz kişilər qadınları yaxşı tanıyırıq. Onların bir atımlıq barıtı olur. O da çox vaxt yaş olur... 

Məni ən çox düşündürən, hətta narahat edən başqa məqamdır. Bığlı-saqqallı kişilər iki gündür dil-boğaza qoymurlar. Aralarında ciddi saydığım xeyli adam da var. Aralarında hətta deputat olmaq istəyən adam da var. O boyda kişi özünə seçki platforması hazırlamaqdansa, qadınları səhv çıxartmağa çalışır. 

Qadın kimdir?

Qadın anadır. Bizi dünyaya gətirən ana. Uşaqlarımızın anası…

İndi biz onlara nəyi sübut etməyə çalışırıq? Tutaq ki, biz güclüyük, ağıllıyıq.

Sonra?

Guya qadınlar bunu bilmir? Onlar nə vaxt deyiblər ki, biz kişilərdən güclüyük? 

Heç bir ictimai əhəmiyyəti olmayan bu cür söhbətlərə saatlarla vaxt ayırmaq boş-bekarçılıq əlaməti deyilmi? 

Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi? 

Dostlarımızla bir araya gələndə “Allah heç bir evi qadınsız etməsin” deyib, analarımıza, xanımlarımıza olan minnət borcumuzu dilə gətirən biz kişilər deyilikmi? 

“Qadınsız evdə nəinki uşaqlar, kişi də yetimdir, ev də yetimdir” deyib bizi yetim qoymaması üçün Allaha yalvaran biz deyilikmi? 

Əşşi, söhbəti uzatmağın nə mənası var? 

Hərəmiz bir qadının qucağında böyümüşük…

Məncə biz qadınlardan güclü olduğumuzu deyil, onlara layiq olduğumuzu sübut etməliyik... 

Seymur VERDİZADƏ 

Share on Facebook