Səs-küy salmayın, qadınlar, dərk edin: siz zəifsiniz!

Zaman-zaman hansısa mövzularda qadınlar haqqında tənqidi fikirlər səslənən zaman əsəbiləşmək, təbiətin verdiyi instinkti, bioloji funksiyaları önə çəkmək, aqressiv intonasiya ilə çıxış eləmək, əlbəttə ki, bir daha qadınların nə qədər kompleksli, zəif olduğunun göstəricisidir. Üstəlik, bu arqument o qədər mənasızdır ki! Övlad dünyaya gətirmək, analıq etmək - axı bunlar təbiətin qanunudur. Buna görə qürrələnmə, minnətli intonasiyada çıxış etmək bütün tənqidləri təsdiqləyir, əslində.

Qadınlar, demək olar ki, elə ancaq buna görə uduzdular: Arqumentləri qəbul etməmək, emosional çıxışlar etmək. Halbuki dinləsələr, şüvənlik etməsələr, bəlkə də nəticə çıxardacaqlar.

Sözsüz, qədimdə də, indi də qadının rolu bəllidir. Bu romantik varlıqların böyüklüyü onsuz da məlum. Birmənalı bilmək lazımdır ki, qadın anadır və heç bir kişi anasından böyük, güclü deyil. Məsələn, belə danışanda həm haqlı olmaq olur, həm də söhbəti bitirmək. Amma reallıqlar var, axı. Onları necə gizlətmək olar?

Ümumiyyətlə, güclü adamın gücünü sübut etməyinə ehtiyac yoxdur. Qadınların təbiətindəki natamamlıq kompleksi isə ümumiyyətlə imkan vermir ki, ola biləcək gücü də göstərə bilsinlər. Zəiflik və zərifliyin harmoniyası da buradan qaynaqlanır.

Üstəlik, demək olar ki, bütün sahələrdə, məsələlərdə olduğu kimi, sözü düzgün anlamaq məsələsində də əziyyət çəkən qadınlar elmdə də geri qalırlar və ona görə də təbiətin verdiyi fiziki gücün nələrə qadir olması, kişilərin hər məsələdə üstünlüyünün bioloji səbəblərinin izahını anlamırlar.

Belə məsələlərdə qadınlar məhz barmaq hesabı şəxsləri də önə çəkirlər. Məsələn, deyirsən ki, ən yaxşı yazıçılar, şairlər kişilərdir, deyirlər, bəs Aqata Kristi, Virciniya Vulf var. Deyirsən, ən yaxşı siyasətçilər kişilərdir, deyirlər, tarixin Tomrisi, dünənin Dəmir Ledisi, buğunun Briciti kimdi bəs? Hələ İngiltərə kraliçasını demirik.

Deyirsən, ən yaxşı aşpazlar kişilərdir, deyirlər, ananın bişirdiyi yemək başqadır. Bəli, məhz bu cür mənasız, yüngülvari söhbətlər, misallar qadının zəifliyini bir daha sübut edir.

Doğrudan da düşünmək lazımdır. Əksərən qadınlara aid olan sahələrdə belə niyə ən yaxşılar, peşəkarlar kişilərdir?

Niyə dünyanın ən yaxşı, peşəkar aşpazları kişilərdir?

Niyə dünyanın ən yaxşı qadın saç ustaları kişilərdir?

Niyə dünyanın ən yaxşı dərziləri kişilərdir?

Niyə ən yaxşı alimlər, müəllimlər, siyasətçilər, idmançılar, rəqqaslar, şairlər, yazıçılar, musiqiçilər - bir sözlə, siyahını ekvator xəttinin bir ucundan digər ucuna (40076 km) uzatmaq olar - hamısı kişilər olur və bütün bunlar nə qədər təbiidir?

Saçı-baş yolmaqdan, hay-küy qoparmaqdan, “kişi, unutma, səni də qadın böyüdüb” kimi ifadələr işlətməkdən, “biz istəsək, hər şey edərik, biz güclüyük” deməkdənsə, düşünmək, təhlil etmək, təbii məsələlərlə barışmaq və bu gözəl həyatı yaşamaq lazımdır.

Üstəlik, dərin anlamda zəif olmaq da problem deyil. Dünyadır, təbiətdir, yaşayıb gedirik. Bioloji olaraq hər şeyin öz rolu var. Ta qədimdən qadının gücü haradadır, necədir, bəllidir. Bu isə dəyişməyəcək. Dəyişən sadəcə funksiyalardır ki, o da zamanla əlaqədardır.(axar)

Orxan Saffari

Share on Facebook