“Fəqət əminiz: Bolşevizm düşüncə – siz bunu istəsəniz də, istəməsəniz də həpsi birdir – Rusiya parçalanacaq və dünyanın bu geniş kıtasındakı əsir millətlər bu dəfə artıq əbədiyən kurtulacak, kəndi müqəddəratlarına sahib, hür və müstəqil olacaqlardır!” (“İstiqlal” qəzetəsi, I-ci Kanun-20 – Dec. 1932, yıl 1, № 22).
Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin “Əski nəqərat – “Bütün və parçalanmaz Rusiya” adlı məqaləsi siyasi uzaqgörənliyə nümunə olan bu cümlə ilə başa çatır.
Yaranış mahiyyəti ilə şər qüvvə sayılan müstəmləkə rejimi əsrlər boyu qonşu xalqları, millətləri əzab-əziyyətlərə düçar edib. Onların mənəviyyat ulduzları olan düşüncə, zəka sahiblərini amansızcasına məhv edib. Nəticədə bu zorakılıq vasitəsi ilə əsarətdə saxladığı xalqların bütün maddi və mənəvi sərvətlərini istismar edib. Gənc nəsli isə qeyri-sağlam istiqmətlərə yönəldərək vətənpərvərlik, millətçilik kimi hisslərdən məhrum edib.
92 il əvvəl səsləndirilən bir fikrin indiki halda gerçəkliyinə baxın. Həmin Rusiyadır – Qarabağı 30 il əsarətdə saxladı ki, bəlkə Azərbaycanı yenidən müstəmləkə rejiminə qaytara bildi. Bu ssenarinin davamı olaraq Ukrayna prosesi göz önündədir. Gündəlik xəbərlərin məzmunu yalnız neftə emalı müəssisələri, elektrik enerji bazalarının raketlərlə dağıdılması, yandırılması, yaşayış obyektlərinin tarımar edilməsindən ibarətdir. Ağlasığmaz sayda şəhid hesabına hökmranlıq iddiasının haradan, nə ilə qaynaqlandığını adam təsəvvürünə gətirə bilmir.
Bütün bunlar insanlarda bəzən bədbinlik də yaradır. Rəsulzadənin proqnozunu oxuyanda isə bir ümid yaranır.(Basta)
Nəzakət Muradova