Qazilər və şəhid ailələri rüşvətdən azaddır!

İndi hansı xəstəxanaya, dövlət qurumuna gedirsən, binanın girişində yazılır: “Qazilər və şəhid ailələri növbədənkənar qəbul olunur”. 

Mənə elə gəlir ki, əgər mümkün olarsa, bu yazı “qazilər və şəhid ailələri rüşvətdən azaddır” kimi dəyişdirilsə sözügedən kateqoriyadan olan vətəndaşlar üçün daha böyük xidmət olar. Növbədənkənar qəbul o qədər də böyük anlam ifadə etmir. Növbədə dayanmaq bu insanlar üçün problem deyil. Növbədə dayanmaq onları incitməz, sındırmaz. Amma vətən üçün bədəninin bir parçasını qurban verən bu qürurlu adamlardan dirəşib rüşvət almaq onların mənliyini sındırır, qürurunu tapdaq-tapdaq edir. 

Dünən bir video yayıldı. Qaradağ rayonunda yerləşən 4 saylı doğum evinin həkimi Qarabağ qazisindən açıq-aşkar rüşvət tələb edir. Qazi qardaşımız təbii ki, həkimə imkanı çatan “hörməti” etməyə çalışır. Amma həkim üzünün ən qırmızı yerinə salıb daha böyük məbləğ istəyir. Bu, həmin həkimin nə ilk, nə də son əməlidir. Sadəcə şanssız günü idi. Videosu çəkilmiş və mediada yayılmışdı.  SEO Xidməti

O, tək deyil. Onun yüzlərlə, minlərlə həmkarı var ki, eyni əqidədədirlər. Onlar bu pulu təkcə özləri üçün yığmır. Təbii ki öz payları da var. Amma ondan vəzifəcə yuxarıda olanın da haqq-hesabı bu məbləğin içərisindədir. Sistem bu cür işləyir. Əgər rüşvət almağı bacarırsansa, işləyirsən, alırsan, sənə rəhbərlik edənin də payını vaxtlı-vaxtında çatdırırsan. Amma elə al ki, şikayət edən olmasın. Səs yazın, video yayılmasın. Yox əgər işlər tərs getsə, batdın. Cavabdeh özünsən...

Rüşvət almaq alçaq hərəkətdir. Qazidən, şəhid ailəsindən bunu tələb etmək isə daha böyük biabırçılıqdır. Şərəfin olmamasıdır. Xəyanətdir. Vətənə xəyanətdir, dövlətə xəyanətdir... 

Vətənpərvərlik sözdə olmur. Bu, əməllə üst-üstə düşməlidir. Əməlin ürək bulandırırsa, ağzınla quş tutsan da faydasızdır. 

Axı rüşvət almaq həm də cinayətdir. İndi görək bu rüşvət tələb edən həkimlə bağlı hansı tədbir görüləcək?! Görülsün və ən azından, cüzi də olsa başqaları üçün dərs olsun. 

Rüşvət olan cəmiyyətlər heç vaxt inkişaf etməyib. Çünki rüşvət alan da, verən də hər zaman bir-birinin qarşısında gözükölgəli olub. Gözükölgəli olmaq çox pis hissdir. Belə adamlar bir-birindən heç bir haqq-ədalət tələb edə bilməz. Bir-birinin gözünə dik baxa bilməzlər. Yox, əgər buna rəğmən bir-birinə qarşı heç nə olmamış kimi davranırlarsa, o zaman onlar dünyanın ən qırmızı adamlarıdır, heç bir ləyaqət hissləri qalmamışdır. Deməli, bu adamların pafoslu sözlərlə, təlim-tərbiyə ilə, təbliğatla, maarifləndirmə ilə düzəlməsi, ləyaqətli davranmaları mümkün deyil. Qanun işləməlidir. Söhbət yazılan qanunlardan gedir. Amma təəssüf ki, bizdə yazılmayan qanunlar daha müqəddəs hesab olunur. 

Görəsən, son sutkada Azərbaycanda nə qədər uşaq rüşvətlə doğulub? Əminəm, onların böyük əksərinin eşitdiyi ilk səs rüşvət vermək üçün sayılan pulun xışıltısı olub. Əvvəllər uşaq doğulanda qulağına gözəl sözlər deyilirdi. İndi rüşvət səsi eşidirlər. Ya da rüşvət verməyə gücü çatmayan kasıb valideynlərin səs-küyünü... 

Azərbaycan qəribə ölkədir; burada təkcə ananı deyil, həm də atanı "doğuzdururlar"...

Elnur Məmmədli

Share on Facebook