QABİLİYYƏT İMTAHANI

O barmaqları ilə qarşısındakı masanı tıkkıldadıb dedi:

- Ritmi hiss etməyə çalış və bədəninin plastikasını bizə göstər.

Gözlərini həris-həris qıza zilləyib, dişlərini çöldə qoydu. Az qala ağzının suyu axırdı. 

- Yanını burcut, qızım. Ritmi tutmağa çalış!

Burnundan başqa heç yerində eyibi olmayan qız, imtahan məmurunun barmaqlarının ritminə uyub, yaxşıca burcutdu. 

- Əla! Qəşəng! Xoşuma gəldi. Ritmi yaxşı hiss edirsən. Geyiminə fikir ver. Gözəl ağ baldırların var, topuğunun ağlığından hiss edirəm. Baldırını bir az çöldə qoysaydın, günah olmazdı. 

- Müəllim, mən kənddən gəlmişəm. Biz tərəflərdə qısa geyinən qızları qınayırlar.

- Hm.m.m.m... Eh! Hansı müəllifin monoloqunu hazırlamısan? Buyur, de, aktyor sənəti üzrə imtahan məmuru səni dinləsin. 

- Buyur, qızım. De, monoloqunu, - Mən ölkəmizin xalq artistiyəm. Məni tanıyırsan? “Otello”nu oynamışam! “Qırx quldurbasan” tamaşasında, quldurbaşını oynamışam! Sənə öz yaradıcılığım haqdqa danışsam, bu səhnənin pərdələri illərlə bağlanmaz. Yəqin ki, xəbərdarsan - Üzeyir bəy “Leyli və Məcnun” tamaşasını ilk dəfə səhnələşdirəndə, teatrın sahibi teatrın pərdələrini qıfıllamışdı. Sual edə bilərsən – nə üçün? Çünki teatr sahibi pərdələrin açılması üçün pul istəyirdi. Qızım, bu dünya belədir, bəzən pərdələr pulsuz açılmır...Sən monoloqunu de!

- Üstündə gəzdiyim torpağı öpdüyünü niyə mənə dedin? Məni öldürmək lazımdır. (Masaya söykənir.) Çox yoruldum! Kaş dincəlsəydim, bir az dincəlsəydim!.. (Başını qaldırır.) Mən qağayıyam... Yox, yox. Mən aktrisayam. Ah, bəli! (Arkadinanın və Triqorinin gülüşünü eşidib qulaqlarını əlləri ilə tutdu. Sonra sol tərəfdəki qapıya tərəf qaçır və açar deşiyindən baxır.) Deməli, o da buradadır!.. (Treplevə dönüb.) Yaxşı, yaxşı... Nə edək... Bəli... O, teatra inanmırdı, mənim arzularımı ələ salırdı... Ona görə də, get-gedə inamımı itirdim... 

- Qı.zı.ı.ım! – Ritm üzrə imtahan məmuru qışqırdı. – Axı sən sevdiyin oğlanı görürsən, ehtiraslanmırsan? Ehtiraslan! Bir əlinlə yaxanı aç! Qoy o ağ məxməri sinənin alovu sinəndən qanadlanıb uçsu.u.u.un! Belə monoloq demək olar?!

       Bilirsiniz, mən aktrisa olmaq istəyirdim. Bu mənim uşaqlıq arzum idi. Güzgünün önündə çox obrazları canlandırmışam. Hərdən yuxularımda mənə elə gəlirdi ki, məni milyonlarla insan alqışlayır. Axşamlar məktəbdən evə qayıdanda dumanlı çovğundan asılmış küçə lampalarını, səhnənin işıqlarına oxşadırdım. Küçədə o qədər rəqs edirdim ki, nəfəsim isidirdi küçədəki soyuğu. Mənə elə baxma! Sən bu pərdələrin arxasında nələr baş verdiyini bilmirsən! Elə bilirsən kefimdən içirəm? Elə bilirsən o səhnəyə çıxmaq asandır? Sən bilirsən o səhnəyə gedən yol hardan keçir? Teatrın baş rejissorunun yatağından keçir. O qədər də əyləncəli yol deyil. Baş rejissor sadəcə istedadlı alçaqdır! Mövzudan kənara çıxdım. Soruşdun ki, bu sənətə necə gəlmişəm? Bayaq xatırladıqlarımdan bir neçə epizodu sənə danışdım. Yenə hər şeyin başlandığı o günü xatırlamalıyam. Qabiliyyət imtahanı! – Aktrisa çantasındakı dodaq boyasını çıxardıb, yenə dodaqlarını boyadı. Bu artıq neçənci dəfə idi təkrarlanırdı...O yenə keçmişinə qayıdıb danışmağa başladı:

- Mən etüd göstərməli idim. Göstərdim. Kimisə gözləyən, darıxan qızı göstərdim. Ritm üzrə imtahan məmuru, Aktyor sənəti üzrə imtahan məmuru ilə birlikdə üstümə qışqırıb, məndən imtahan otağını tərk etməyimi istədilər. Qiraət üzrə imtahan məmuru isə arxamca mızıldanıb belə dedi, - “Heç danışıq aparatı da işləmir”. 

İmtahan otağından çıxıb tualetə tələsdim. Təsəvvür edə bilirsən, hirsimdən qarnım ağrayırdı. Mən hazırlıqlı gəlmişdim, bilirdim belə olacağını. O imtahandakı ritim məmuru var idi ha.a.a – o barmaqları ilə masanın üstündə ritm tutanda başa düşdüm ki, həmin ritmi xəyalən mənim döşlərimin arasında tutur. Mən bu səhnəni onun açıq qalmış ağzında gördüm. – O, ucadan qəh-qəhə çəkib davam etdi , - Köpəyuşağı məni “minmək” istəyirdi. 

- Siqaret verim? 

- Hə, yaxşı olar.

- Tualetə getmişdiniz...

- Hə, tualetə getdim... Siqaretimi yandır, davam edəcəm. Fu.u.u! Oğraşlar və şorgözlər! – Siqaretinin tüstüsünü həmsöhbətinin üzünə üfürüb, əhvalatının davamını qaldığı yerdən nəql etməyə başladı:

- Tualetdə əl-üzmü yuyub, güzgüyə diqqətlə baxdım. Qoca bir nənə ilə göz-gözə gəldim. Çantamı açıb hazırlaşdım. Hər şey bir göz qırpımında oldu. Cəmi on dəqiqə sonra qoca nənənin səsi imtahan otağındakı məmurların başına düşdü, - “Ayə, siz nə təhər adamlarsınız? Niyə mənim nəvəmi qabiliyyət imtahanından kəsmisiniz? Nəvəm sizdən də istedadlıdı. Nə olub ə.ə.ə.ə mənim nəvəmə?! Ayə aktyor, rüşvət istəyirsən? Kənddəki danamı satıb, pulunu  sənə verərəm. Hələ bu uzundraz, əyrimçə oğraşa bax ha.a.a, ritmdən başı çıxırmış! Mən yaxşı bilirəm sənin başın hardan çıxmaq istəyir, oğ.ğ.ğ.raş.ş.ş!”.

Aktrisa qəşş edib güldü və üzünü həmsöhbətinə tutub dedi ki, - bilirəm, inanmaqda çətinlik çəkirsən amma bu bir həqiqətdir. Mühafizəçilər gəlməsəydi, bu oyun davam edəcəkdi.

- Necə bəyəm?

- Mən imtahandan keçdim! Ha, ha, ha, ha!

Əbil Həsən

Share on Facebook