Ehkam zamanı - Hekayə

Bu gün nədənsə canım çox sıxılırdı. İçimdəki darıxmaqlıq hissi məni rahat buraxmadığından biraz hava alım deyib, hər zaman üzüntülərimin qucağı sandığım təbiətin insan əli dəyməyən meşəliyinə üz tutdum. Çılpaq ağacların arasında gəzərkən yerdə quru  ağac budaqlarıyla yaşıl yosunluğun arasında üzümə dikilmiş muncuq kimi bir cüt gözə sataşdı gözlərim. Əyilərək baxdım və soyuqdan büzüşüb titrəyən bir canlının olduğunu gördüm.  Hər tərfəfi Günəş işığının aydınlığına bürünmüş dünyada, kiçik ağac budaqlarının kölgəsinə sığdırmışdı bir əl qədər, kiçicik canını. Elə böyük bir üzüntüylə baxırdı ki, o gözlərin cevrəsindəki kirpikıər qorxunun sərt qandalları kimi saplanmışdı həndəvərinə. Səssiz-səssiz baxan bəbəklərindən  iniltinin acı və üzüntülü harayı duyulurdu... Mənim işıqlı  sandığım dünya qaranlıq köynəyini çəkmişdi bu gözlərin üstünə. Ölü kimi çökmüşdü yaş torpağa. Dünyası o qədər qaranlıqdı ki, bir işıq damlasının  parıltısını görmək ümidinə gücünün yetə biləcəyi qədər ön ayaqları arasında düşüb qalmış başını qaldırmağa çalışırdı. Hənirtimi hiss etmiş kimi yaralı pəncələrini də qurd düşmüş vücudana dayaq etmək istəyirdi. Zəif, çarəsiz olduğu qədər yorğun və məsumca baxırdı. Bütün məsumiyyəti ilə baxır və danışan baxışlarıyla canına taraşan qurdların bədənini yeyib bitirəcəyi ehtimalını düşünmək istəmidiyini bəyan edirdi... Susqun və çarəsiz... Sadəcə inləyirdi... Səsiylə deyil, baxışlarıyla İmdad diləyirdi... Kim bilir, bəlkə də onun hayqırmaq istəyən səsini elə üstünə çökmüş qorxuya əsir edən insan adlı varlıqlar susdurmuşdular... Çarəsizliyin, aclığın, səfalətin bataqlığından üzümə baxıb bir damlacıq ümidin məndən gələcəyini diləyən bu məsumiyyət əslində mənim, mən insan övladının qaranlığında boğulan mənliyi insanlığıydı! Əlimi ona uzatdım, sadəcə baxdı, və o səssiz iniltisini içinə çəkdi. Kirpiklərinə çökmüş qorxunun soyuq nəfəsi dəydi sanki üzünə və oyandı. Oyanması nəyə yarardı ki..? Nə duracaq qüvvəti, nə yeriyəcək halı, nə gizlənəcək köşəsi vardı. Tək sığınacağıydı onu ağuşunda saxlayan qorxunun qucağı. Bir az onun oyanmışlığıyla baş -başa buraxıb gözlərinin içinə baxdım. Baxışlarımla içindəki qorxunu yox etməyə çalışdım, lakin bacarıb- bacarmadığımı bilmək üçün ona yenidən toxunmalı olduğumu düşündüm. Yenidən əllərimlə üzünə toxundum, bu dəfə baxışlarından deyil, içindən gələn çingiltili bir səs duydum. Bu səs onun ümid qığılcamlarına oyanmış səsiydi. Kövrək bir sevgiylə onu oxşamağa başladım. Mən çənəsinin altını sığalladıqca içindən gələn cingiltili səsin də artıb çoxaldığını duydum.  Bu ona qucaq açmış sevgiyə baxan gözlərindən yağan sevincin çığırıqlarıydı. Artıq nə ona sarılmış qurdlar, nə onun çarəsizlikdən boğulan hıçqırıqları, nə səssiz çığırıqları, nə də gözlərindəki acının qara qorxusu vardı. Sadəcə yalvarışlı baxış və ümidinin ilıq hərarətinə diksinmiş qulaqları. Əlimi boğazıma aparıb boynumdakı yaylığı çıxardım. Onun qurd basmış yarasındakı qurdları yaylıqla sığallayıb təmizlədikdən sonra gödəkçəmi də çıxarıb onu gödəkçəmə bükdüm. Mən bunları edərkən o imidinin kölgəsində şirin xəyala dalmış kimi sakit, səssiz-ssəsiz məni izləyirdi. Onu ağuşuma aldım. Körpə bir uşaq kimi başını köksümə qoydu. Aclıqdan, xəstəlikdən pis qoxuyan iyli nəfəsini üzümdə hiss etdim. Bu nəfəsdə qəlbinin həyacanı ilə zəifliyinin çırpıntıları bir-birinə qarışmışdı sanki. Burnunun dəliklərindən bir ağırlıq, zingiltiyə bənzər səslər duydum. Canı çox incinmişdi...Onu qucağıma alıb yeridikcə burun dəliklərinin səsi artıb çoxalırdı...Sanki o da qucağımda yox mənimlə birgə yeriyirdi. Gödəkcənin üzərindən o bir əlimi belinə qoydum. Nəfəsində duyduğum bütün səslərin xışıltısı bir anda əlimin içini yararaq bütün vücuduma yayıldı sanki. Canındakı ağrıları bütün varlığımla hiss etdim. Onu iki əlimlə də köksümə sıxıb üzümü üzünə dayadım. Qucağımda mən insan oğlunun biganəliyindən ağrınan bir can daşıyırdım...Boğazımda düyünlənmiş qəhər böyük bir hönkürtü  kükrəməsiylə töküldü gözlərimdən. Səsimdəki acıya içimdəki Tanrı oyandı. Ehkam zamanı! Reyhanə Aslan

Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün!

Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Güzgülü tarixlər adlanan 25.05.2025 - ci il. Bu unudulmaz tarixdə gülərüzlə, sevinclə yeni yaşımı qarşıladım.  Uca, Böyük Yaradan! Yeni yaşım xeyir-dualı olsun, taleyimə, bəxtimə uğur gətirsin! Fəslin çiçəkli bahar günü-mayın 25-də sevgi dolu gözəl bir gündə dünyaya göz açdığım gündür! Uca, Böyük Yaradana şükranlıq duaları edirəm mənə qismət etdiyi bu mənalı, xoş keçən ömrə-günə görə. Çox-çox şükürlər olsun mərhəmətli, rəhmli Yaradanın böyüklüyünə, varlığına!  Ən gözəl, ən xoş arzularım həyata keçsin! Dualarım ulu Tanrının Dərgahına çatsın! Kaş ki, arzu-istəklərim, murazım, niyyətim çin olsun! Həyatın bütün gözəllikləri, sevgi dolu günlər taleyimə yazılsın! Ulu Tanrım xoşbəxtliyi, bəxtəvərliyi kaş ki, ömrümdən heç vaxt əsirgəməsin! Ömrümə yazılsın Tanrının bəxş etdiyi gözəlliklər! Ürəyim həmişə sevgilə döyünsün! Getdiyim yollar xeyirli günlərə tuş olsun. Ömrümü sevgi bürüsün. Uca Tanrı ən xoşbəxt, ən bəxtəvər günləri bəxtimə qismət etsin! Bu gözəl dünyamızın xoşbəxt xanımlarından olum! Taleyim, bəxtim bəxtəvər, xoşbəxt günlərlə baş-başa qalsın! Ömrüm bərəkətli, yolum uğurlu olsun! Ürəyim fərəhlənsin, gözlərim gülsün! Yeni yaşımın qədəmləri sevincə bürünsün! Taleyimdə, bəxtimdə xoş günlər görünsün! Ömrümü-günümü ağ günlər bürüsün! Onu da söyləyim ki, yaşadığım ömür yolunda çox keşməkeşli yollardan keçdim. Amma həyatın bütün çətinliklərinə dözdüm, tab gətirdim. Neçə-neçə sınaqla üzləşdim əzab-əziyyətli tale yollarında. Nə xoş ki, ömrüm boyu üzləşdiyim bir çox çətin, ağır imtahandan şərəflə keçə bildim.  Baxmayaraq ki, həyatım boyunca nə qədər çətinliklərlə rastlaşdım, əzablı günlərlə üz-üzə qaldım, amma yenə də üzülmədim, başımı dik tutdum, çətinliklərlə mübarizə apardım, sınaqlardan üzüağ çıxmağı bacardım. Uca, Böyük Yaradanın böyüklüyünə, varlığına, mərhəmətinə, rəhminə bir daha şükürlər olsun!  Bəxt-taleyimə nəsib etdiyi bu həyata görə, bu ömrə-günə görə, sevgi dolu Rəbbimə şükranlıq duaları edirəm! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

KÖZDƏ YANDIM

Çınqılardan köz düzəldib, Közdə yandırdım özümü. Yalanlardan söz düzəldib, Sözdə yandırdım özümü. Ümidimi yenə tikdim, Səbr sapım, dərdə naxış. Gözlərimdə donub qalan Arzularım — yüz min baxış. Yuxularda qanadlanıb, Ayın belin ölçüb, susdum. Səhər erkəndən oyanıb, Xəyalları bir-bir qusdum. Qəbrin daşına dönməmiş, Ümidlərim döndü daşa. Yaşamaq eşqim sönməmiş, Tale dedi: “Çatdın başa”. Zakir doğma ölkəsində, Boynu bükük, yetim qaldı. Sözləriylə, səssizliyi Bu yurda bir yetim saldı. Dərd əlimdən su içsə də, Əlim suya möhtac qaldı. İçim kədər, qəm, qüssədə, Bir ömürü göz suladı. Yanan közdə bir ovuc kül, Və bu külün içində mən. Arzularım açmadı gül, Və bu gülün içində mən... Zakir İsmayil 

DƏYİŞİMİN AĞRISI

İnsan təbiətindəki dəyişikliyi yaradan ən əas səbəb mənən aldığı yaralardır, o yaralar ki, onun bütün bədən üzvlərini öz orqanizmnə qarşı zəhərləmək qüdrətinə malikdir.  Öncə qulağın eşidir, sonra gözün görür, sonra hiss edirsən, sonra şübhələnirsən, sonra şübhələrin gerçəkləşir... Aldığın yara duyma orqanlarını, baxışlarını, hisslərini, davranışlarını sənə qarşı qoyur və sən sən olmaqdan çıxırsan. Yavaş- yavaş başqa birinə çevrilirsən. Səndə bu dəyişikliyi görüb, səndən uzaqlaşan dost-tanışların kimi, bədən üzvlərin də sənə qarşı  gəlir və ya sənlə olan  bağlarını kəsirlər. Günün birində təmamən yalnız qaldığını anlayırsan. Bunu anladığın gün öz-özünə verdiyin sualların ardı- arası kəsilmir. Həm də bu ardı-arası kəsilməyən sualları cavablandıra bilmədiyindən, o suallar təkrarlanaraq səni tanımadığın, bilmədiyin bir yola doğru çəkir. "Mən kiməm? Niyə mənim adım R...r? Nəyə görə mən doğulduğum və içində olduğum bir ailədə doğulmuşam? Nəyə görə mən aynadakı mənə bu qədər bənzər və ondan bu qədər uzağam? Dünya hardan başlayır, harda bitir? Mənim bu dünyaya gəlmə səbəbim nə? Həyat bir həqiqətmi? Zaman və ömür arasındakı məsafə niyə bu qədər yaxın və niyə bu qədər uzaadır? O kimdir? Niyə mən özümü ona aid olaraq görürəm?" Beləcə bir də baxarsan ki, sualların güclü axınında gəlib yoğun bir doğanaqda qıvrıla-qıvrıla qalmısan. Artıq sən olmaqdan çıxdığın üçün yeni bir dünyaya doğulmaq istəyirsən, amma səni doğuracaq təbiətin hələ hamiləlik dövrünü yaşayır. Sən nə qədər çox doğulmaq istəsən də təbiətin hələ zamanı gəlmədiyini söyləyir. Yenə gözlərini yumub bir zaman tunelində özünlə çəkişməyə başlayırsan... Düşkünlüyün səni canlı aləmdən təcrid edərək, cansız bir varlıq kimi görməyə başlayır və ancaq bu zaman içindən gəldiyi qədər uca səslə bağırmaq istəyirsən...  Az sonra səssizliyin sükut qaranlığını bütün iliklərinə qədər hiss edirsən.. Yenə sorursan özünə. "Öldümmü mən?" "Niyə mənim səsim çıxmır?" "Niyə məni kimsə duymur?" Yumursan gözlərini. Pıçıltılı bir səslə "bəlkə mən yuxu görürəm", deyib qapanmış kipriklərini qaldırmaq istəyirsən. Yenə olmur. Kirpiklərini qaldırmağa gücün yetmir. Səsini çıxara bilmədiyin kimi, gözlərini də aça bilmirsən... Bu zaman  ruhunla ayağa qalxır və özünü kənardan seyr edirsən. Əlinlə bütün orqanlarının olub olmadığını yoxlayırsan. "Yox, daha ölmədim, ölmüş olsaydım çoxdan çürüyüb getmiş olardım deyirsən"  və ölü kimi uzanmış bədəninə geri dönürsən. Sonra əllərini havaya qaldırıb ölmədiyini özünə isbatlamağa çalışırsan, amma əlini qaldırmağa da gücün yetmir. Ağlından iti bir sual keçir, "Bəlkə yeni ölmüşəm?  Bu nə sirdir?  Mən niyə bu qədər gücsüzəm?"  Gözlərinin yaşardığını və o yaşların yanağından damla- damla axtığını hiss edirsən, amma ağlaya bilmirsən. Sən kirpiklərini qaldıra bilmədiyin halda gözlərindən axan bir damlanın qüdrəti qarşısında çaşırsan. Təəcüblə "Axı bu necə olur?", deyə bilirsən özünə. Yenə bütün gücünü toplayıb qaldırmaq istəyirsən kirpiklərini, olmur, qaldıra bilmirsən. Əllərini, ayaqlarını tərpədib çırpınmaq, çırpınaraq bağırmaq istəyirsən, olmur... Olmur ki, olmur. Bütün bədənini bürüyən tər damcılarının hər biri bir ton qədər ağır gəlir sənə. Sonra dərindən nəfəs alıb bir daha bağırmaq istəyirsən, lakin nəfəsinin də səni yarı yolda qoyduğunu hiss edirsən. O qədər ucadan bağırırsan ki, bu an sanki bağırtın əks səda verir, səni duyan olur və kirpiklərin aralanır gözlərin tavana dikilir. İçindən bir səs "hamısı yuxu imiş", deyir və tez oyanmaq istəyirsən. Fəqət oyanan sadəcə ağlındır, çünki bədəninin digər üzvlərini tərpədəcək qədər gücün olmadığını görürsən.  "Allahım bu nə işdir?" deyib, ağır-ağır nəfəs almağa davam edirsən.  "Əgər bu gördüyüm bir yuxudursa, o zaman ölümün necə ağır olduğunu düşünmək belə istəmirəm" deyirsən, içində öz-özünə. Gözlərin yenidən yumulmaq istəyir, lakin sən buna mane olmaq üçün yenidən var gücünlə bağırmağa başlayırsan. Bu an kimsə səni möhkəm silkləməyə başlayır və sən göydən hoppanmış kimi səni silkləyən adamın üzərinə atıllrsan... Səni oyadan adam -deyəsən yuxu görürdün? Çox əcaib səslər çıxarırdın, deyir. Sən isə hələ gördüyün yuxunun, hiss etdiklərinin şokunu yaşayırsan.  "Hər şey gerçək kimiydi" -hər şey sanki gerçəkdi.., deyirsən. Həmin andan gerçəklə yalan arasında bir körpü olduğunu dərk edirsən. Sənə yeni bir yol açılır. Yolun açıq olsun! Reyhanə Aslan

Xatirə Əzizdən gül şeirlər...

Xatirə Əzizi tanıdığım gün, onun zərif, kövrək gül ləçəklərinə oxşar şeirlərini oxuduğum gün idi; O gün hiss elədim ki, Azərbaycan poeziyasının zəriflər sırasına bir istedad da qoşuldu. İncə, səsi də şeiri kimi sakit axan, çayların həzin zümzüməsinə bənzəyən Xatirə Əziz poeziyası bu zəriflər meydanında geniş əhatədədir; O, bu əhatədə salxarlı-məzmunlu yaradıcılıq sərgiləyə-sərgiləyə artıq ömrün yarım əsri ilə görüşə gəlib. Amma inanmıram ki, ömrün bu pilləsi onun şeirlərindəki o zümzüməni ahəngdən qoya bilsin.  Şirvan elindəndir Xatirə Əziz. Şirvanın qədim, ecazkar muğam dünyasından, o ulu şeirlərin şeir boğçasından onun poeziyasına da həzin səslər, incə güllər qarışıb. Bu səs yanğılıdır, bu güllər kövrəkdir. Yad bir nəfəs, namərd bir əl onlara toxunanda kaman kim inildəyir: Ürəyimdə həsrət odu, Səsim sözümü yandırır. Bu nə baxtdı; çölüm yadı, İçim özümü yandırır?! Xatirə Əzizin şeirləri sevgidəndir. Vətən sevgisindən, torpaq sevgisindən, ana sevgisindən və bir də... könlündəki sevgidən. Şeirləri gül-çiçək qoxulu Xatirə xanım Vətən sevgisini uca sevgi, qoca sevgi kimi yaşadır. O sevgi yaşına görə qocadı, amma müdrik qocadı.  Xatirə Əziz qadın yazarlar içində bəlkə də nadirlərindəndi ki, hər ay Vətən sevgisini içində gəzdirə-gəzdirə üçrəngli bayrağımızın keşiyini çəkən Vətən oğullarının-Azərbaycan döyüşçülərinin, sərhədçilərin ziyarətinə gedir. Zərif bir qadın buna necə tab gətirir?! Zərifliyin də bir qiyamı var. Xatirə xanlm Vətən oğullarının qarşısında şeir oxuyur: həmin an onun zərif gül ləçəyi şahə qalxır, alov rənginə dönür. Bax, budur qeyrət! Xatirə Əzizin bu dünyadan bəlkə də heç bir istəyi yoxdur. Tanrı ona şairlik istedadı bəxş edib, bu da bəsidir... Amma şəxsi istəyindən yox, torpağına sevgisindən danışır, Vətəninə atəşin ürəklə bağlılığından danışır. Onda görünür ki, Xatirə xanımın ən böyük istəyi Azərbaycanı dərdsiz-qəmsiz görməkdir. Onun bu dünyasında Vətən adlı bir könlün sevgisi var: Namərdin əli altda, Kəsilir mərdin əli. Vətənin yaxasından, Əl çəkmir dərdin əli. Kim salıb bu qırğını? Ölüm an içindədi. Zalımların əlindən, Dünya qan içindədi. Zəriflərin - qadın yazarların sevgi şeirləri riyasız olur. Yalan az yeriyir bu şeirlərə. Xatirə Əziz də bugünədək sevgi şeiri yazır və məhəbbəti tükənmədiyi üçün onu zərrə-zərrə şeirlərinə səpir. Əslində, onun taleyinə aid sevgi şeirləri təkcə özünə deyil, bütün sevənlərə ünvanlanıb. Axı sevgidə vüsal arzusu həmişə əlçatmaz xəyala dönür... Özü də qarşılığı olmayan sevgilərdə aldanışlar, yamanlıqlar həddən ziyadə... Barışmaq çətindir ayrılığınla, Həsrətin yükünü daşıyıram mən. Alışıb kül olmaq yaşamaqdısa, Sən də elə bil ki, yaşayıram mən. * Tanrım, bu ayrılıqlar,  Görən nə vaxt bitəcək? Bir bitməz nağıldımı? Sonu haçan yetəcək? * Ürək duya-duya, göz baxa-baxa, Kimsə dözə bilməz, dözdüyüm dağa. Demirsən, sən axı, bu ayrılığa, Daş olub beləcə dözməliyəm mən!? Səndən əllərimi üzdüm, qayıtma, Sevdanın üzündən bezdim,  qayıtma, Bəsdir yol gözlədim, gəzdim, qayıtma, Səni ürəyimdə gəzməliyəm mən!? Beləcə ayrılıqlar, gözlərin yol çəkməsi, ürəyin dərddən qubar bağlaması, minillik şeirimizin həsrət notları Xatirə Əzizin şeirlərindən də keçir.  Arzulayıram ki, bu ayrılıqlar sona yetsin, sonu vüsala dönsün. Vüsala dönməyəcəksə, yenə ürək var, dərd var, ilham var. Həyat, sevgi, şair ömrüsə davam edir. Qəlbi sevgi ilə çağlayan şair Xatirə Əzizin zərif gülləri solmayacaq! Vaqif Yusifli Filologiya elmləri doktoru, professor

Qaranlıqda yaşayan cəmiyyət demokratiyaya hansı prizmadan baxa bilər?

Cəmiyyətin düşüncəsi işıqlı, aydın olmalıdır! O zaman cəmiyyət demokratiyanı anlayır! Bəzən elə hiss olunur ki, cəmiyyət elə bil ki, düşüncəsinə görə işıqlı yox, sanki qaranlıq bir aləmdədir.  Şair-jurnalist kimi elə hey düşünürəm ki, düşüncə baxımdan qaranlıqda yaşayan cəmiyyət demokratiyaya hansı prizmadan baxa bilər?  Yəni fikirlərinə, düşüncələrinə qaranlığı rəva bilən bir cəmiyyət demokratik fikirli ola blərmi?  Çünki zülmətdə olanlar işıqlığı görə bilməz. Mənə elə gəlir ki, fikirləri zülmət qaranlığa bürünmüş bir cəmiyyət demokratiyanı dərk  etməkdə çətinlik çəkir. Demokratiyanı dərk etmək üçün cəmiyyətin fikirləri, düşüncələri işıqlı, aydın olmalıdır. Bu, birmənalı olaraq belədir. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Sonsuz Sevgi

Bir vaxt əllərindən tutan bu əllər, İndi boşluqlarda səssizcə üzür. Bir vaxt mənim üçün bərq vuran tellər, İndi başqa biri, ona gül düzür. Sonsuzluğa baxır yenə gözlərim, Bir an xəyal kimi, ötüb keçirsən. Rüzgar tək göylərdə uçur sözlərim, İzini  silirsən, itib gedirsən. Bir ümman sevgidir, qəlbimi didən, Bütün vücudumla səni dinləyir. Gecələr yuxuma gəlirsən hərdən, Baxıb susqunluqla qəlbim inləyir. Unuda bilmirəm, səni bir an da, Sevdan hələ də bil, içimdə yaşar. Elə bil gəzirsən, damarda, qanda, Xatirən qəlbimdə, parlayar coşar. Uzun illər keçsə, ayrı düşsək də, Bir duyğu, bir səslə, eyni nəfəsik. Yolumuz ayrılıb, ayrı getsək də, İki sevən qəlbə, biz bir qəfəsik. Gözlərində qalan sənin sükutun, Elə bil qəlbimdə ən şirin qışdır. Sonsuz sevgin ilə yaşadım bütün, İnan ki, bu sevgi, mənə çox xoşdur. Zakir İsmayil

Donuz əti və araq

Şəriət qaydalarına görə,  müsəlmanlara donuz əti kimi spirtli içki də haramdı. Donuz ətini böyüklərimiz yeyə bilməz, uşaqlara da qadağan edirdilər. Fəqət niyəsə böyüklərimiz spirtli içki  qadağasına əməl etmirlər. Mən də bilmirəm niyə. Soruşacqsınız ki, nəyi!? - Həə deyim, siz də bilin. Nə hoqqadırsa bu spirtli içki ləzzətli bir zaddır. Zad dedim yadıma şey düşdü. Getmişdim Tanya xalagilə. Siz Tanya xalanı tanıyırsınız? Haradan tanıyacaqsınız?! Tanya xala mənim uşaqlığımdan çırpışdırdığım çox maraqlı bir adamdır. Adam deyirəm ha sizə, əli-ayağı düz, əyriliyi olmaz. Dili yalana yürüməz. Belə əməlli başlı adam kimi adamdır. Başlayım? - Uşaqlıqda başıma gələn əhvalatı deyirəm.    Gün o gün idi ki, Tanya  xala məni çağırdı. Dedi - "Get bizə çörək al". Gün o gün idi ki, isti göydən təpəmizə şığıyırdı. Futbol oynamaqdan gəlirdim. Nəfəsim təntimişdi. Aclıq da bir tərəfdən təntidirdi məni. Bilirsiniz nə fikirləşirdim? İsti çörəyin arasında şor nə gedər?!  - Hara? - Qarnıma! Bəh, bəh, bəh! Elə bu dəm Tanya xala yenə səsləndi:   - Gəl da, get, mənə çörək al, gətir!  Süfrələrimizdən spirtli içkilər əskik olmazdı. Qadağa nə qədər güclü olsa da donuz ətini nuş eləmək istəyi də bir o qədər güclü olardı. Bir neçə dəfə donuz əti və donuz ətindən hazırlanmış kolbasa yeməyə imkanım olsa da, böyüklərin qorxusundan bunu edə bilmirdim.  İndi sizə o məşəqətli gündən danışacağam. Qonşumuz Tanya xalanın qızartdığı donuz ətinin qoxusu ətrafa yayılanda ürəyimdə donuz əti yemək istəyi keçdi. Tanya xala Borya dayı ilə birlikdə yaşayırdılar. Əsilləri Ukraynadandı.  Hər ikisini valideyinləri ikinci dünya müharibəsində öldürülmüşdü. Yetim Tanya və Borya  Bakıda uşaq evində böyümüşdülər. Tale elə gətirmişdi ki, bu ikili elə Bakıdaca ailə qurub, bu şəhərdə yaşamağa başlamışdılar.  Tanya xala xəstəxanada tibb bacısı, Borya dayı isə zavodda elektrik işləyirdi. Uşaqları Ukraynada yaşadıqları üçün Tanya xala məni  tez-tez çağırıb, dükana ya da, bazara göndərirdi. Demək olar ki, günümün çox hissəsi onlarda keçirdi.  Evimizdəki elektrik cihazları, mətbəxdə və hamamda su kranları xarab olanda  onları Borya dayı təmir edirdi. Özü də təmənnasız. Bir sözlə mehriban qonşulardıq. Atamla Borya dayı gah biz də, gah da ki, onlarda süfrə arxasında oturar və araq içərdilər.  Atam araq içməsinə baxmayaraq donuz əti yeməzdi. Bir dəfə evə gəlirdim. Tanya  xalanın qızartdığı donuz  ətinin qoxusu ətrafa yayılmışdı. Ac olduğum üçün qızardılmış donuz ətinin qoxusu məni məst elədi. Elə bu dəm Tanya xala məni çağıraraq  çörək almaq üçün dükana  göndərdi. Mən çörəyi alıb onlara gələndə masanın üstündə kartofla birlikdə qızardılmış donuz əti, xüsusi ədviyyatla hazırlanmış donuz piyi tamahıma gəl-gəl, dedi. Məni yeməyə dəvət etdilər.   Mən süfrə arxasına keçib, oturdum. Süfrədəkli qızardılmış donuz ətinə həsrətlə baxdığımı görən Tanya xala mənim də qabıma qızardılmış kartof və donuz əti qoydu. Onsuz da heç kim bilməyəcəkdi deyə masanın üstündəki donuz ətindən hazırlanmış ədviyyatlanmış donuz piyindən də ləzzətlə yeyirdim ki, bu zaman  gözlənilmədən içəri daxil olan atam gətirdiyi bir şüşə arağı masanın üstünə qoydu.  Əvvəl fikir verməsə də, qəfil ağlı kəsdi ki, mən donuz əti yeyirəm. Birdən qəzəblə mənim qabağımdakı ətlə dolu boşqaba baxdı. Qorxumdan udduğum tikə boğazımda düyünləndi. Ancaq mən qorxduğumu hiss etdirmədim. Kirimişcə  evə gəlib heç kimə heç nə demədən atamın qayıtmasını,  cəzalandırılmağımı gözlədim. Çox keçmədi ki, atam evə gəldi. Onun gəlişiylə bərabər araq iyi evə yayıldı. Ayaq üstə güclə dururdu. Dili topuq vura-vura məni yanına çağıraraq –"Ə.ə.ə, Əclaf sən bilmirsən ki, donuz əti yeməyi dinimiz qadağan edib?”-  deyib,  üz-gözümü yumruqladı.  Bu zərbələrin təsirindən elə bildim ki, Borya dayı gildə yediyim donuz əti qana dönərək ağzımdan, burnumdan axıb sinəmə tökülürdü.  - Birtəhər nənəm məni atamın əlindən alıb, - dedi: "Bax, oğlum özün də bilirsən ki, donuz ətini yeməsəydin atan səni döyməzdi”.  Mən sual dolu nəzərlərlə atamı göstərərək nənəmin gözlərinə baxıb dedim:  - Nənə, bəs araq haram deyil?  Səhəri gün Tanya xala bizə gələndə mənim sifətimdəki göyərmiş yerləri gördü. Yazıq-yazıq üzümə baxıb dilləndi:  - Bağışla oğlum, belə olacağını gözləmirdim... O gün, bu gün, mən hər dəfə donuz ətini görəndə əlimi üzümə tuturam.  O məşum günü xatırlayıb, fikirə gedirəm. Bilirsiniz nə fikirləşirəm,  günah donuzda idi yoxsa araqda? Əbil Həsən

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

İlham Əziz Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları… Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir. Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu “silikonlu Harvard məzunu”, hələ də başa düşməyib ki, insan faili-muxtardır, ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən göyçək, bu yaxınlarda anası yaşda qadını da verlişində danlayıb, az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə tv-lərə buraxırlar, ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur, özəl firmalardı, nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmək olar? Heç nə! Bu “ay canı yanmışlar” hələ indi-indi cücərir, bir azdan hər yerdə peyda olacaqlar, elliklə bu “şeyda gözəl”in ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə, çünki başqa sahələri, müasir çobanlar tutub. Bax elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədi, ağır sənətdi, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü, qoy danışım, yadımdan çıxar. Kəndimizin sovet dövründə, elə indi də təhsili çox yaxşı olub, məktəbimiz nümunəvi məktəbdir. Kasıb-kusub balaları oxuyub adam olub. Nə isə bir qohum xanım var, gəncliyindən həyat yoldaşını itirib, yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı, böyüdü, böyüdü, oldu polkovnik. Vəzifəyə gəldi, bir-iki ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb, uşağımı əsgərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı, rüşvət verən “kişi”yə heç nə olmadı, polkovnik tutuldu, 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülmlər çəkdi. Oxumayan uşaqlar, işləyib, türməyə yemək-içmək daşıdı. Nə başınızı ağrıdım, bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım, xoş-beşdın sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlun məktəbi qurtardı? İnstituta girdi? Dedim, hələ 2 ili var. Dedi, xalan qurban oxutma, oxuyanları tuturlar. İndi ay İsfəndiyar əmi, yaxşı ki, yazıb-oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər? Gül kimi acından ölürlər də… Yaxşı maaşı adam “Harvard məzunu”na verər. Siz bizim qüsurumuza baxmayın, heç bilənlə bilməyən bir ola bilər? Allah iş avandlığı versin, pullar gəlsin, şad-xürrəm yaşayın. Alimlərdi də, “baş dolu cib boş”, danışırlar da…Bakupost

SƏRÇƏ - Hekayə

Mən onu bağışlamamışam, sən də bağışlama. Hamının yükü özü üçün ağır olur. İndi bəlkə, sənin də yükün sənə ağır gəlir. Bilirəm, payızdan qorxmursan. Hələ qabaqda qışın çovğunu var. Mən də isti yuva axtarıram, sənin kimi. Dostum, mən sənə hər şeyi danışacam… Sən görməmisən o araq dolu şüşəni necə qucaqlayırdı. Məni heç elə qucaqlamazdı. Bir dəfə də araq dolu şüşəni qucaqlayanda, hardansa bir musiqi sədası eşitdi, üzü güldü. Araq dolu şüşəni əzizləməyə başladı. İstədim ki, onu qucaqlayam. İstədim ki… Ona, - ata, səni sevirməm, – demək istəyirdim. Qorxdum, məni döyə bilərdi. Sonra qədəhə araq süzüb, gözucu mənə baxdı, gülümsədi. Elə sevindim ki…”Yaxınlaş”,- dedi. Qorxa-qorxa yaxınlaşdım. Dodaqlarını qulaqlarıma tərəf uzatdı. Bir az da sevindim. Pıçıldadı,- sənin o qəhbə anan, səni mənim üstümə atıb, gedib, aşnasının yanına. Bu sözlərimi yadından çıxartma, sən fahişədən doğulmusan.     Atam o sözləri mənə bir il əvvəl demişdi. Anam evdən qaçmışdı. Atam çox içirdi, anamı döyürdü, məni döyürdü. Sənə dəhşətli bir əhvalat danışım, qorxma...  Bir gün, atam yenə içmişdi. Bir dostu ilə gəlmişdi evə. Dostu ilə evdə nəşə çəkməyə başladılar. Özləri ilə şirniyatlar da gətirmişdilər. Mən sonuncu dəfə o şirniyyatları deyəsən yuxumda görmüşdüm. İkisi də ağızlarını marçıldada-marçıldada, şirniyyatları yeyirdilər. Onlara baxırdım. Ağzım sulanmışdı. Atam dodaqlarımı yalayıb udğunduğumu gördü. Kökənin birini mənə atıb, “tut”,- dedi. Kökə yerə düşdü. Özümü yerə atdım, cumdum kökəyə. Mənim belə etməyim ikisnin də xoşuna gəldi. Sonra dostu da mənə kökə atdı. Atam dedi ki, əgər balaca it kimi hürsəm, mənə ən dadlı kökəni atacaq. Hürdüm… Sən indi elə bilirsən, sənə danışdığım bu əhvalat çox dəhşətlidir? Yox, bu sənə danışacağım əhvalatı xatırlamağım üçün idi. Həmin günü xatırlayıram. Anam, səsini də çıxartmırdı. Sadəcə məni görəndə, ağzına dürtdüyü dəsmalı tez ağzından çıxardıb üzünə tutdu. Həmin gün, atamın dostu, anamla yataqda idi. Elə bilirsən atamın xəbəri yox idi? Mən də elə bilirdim. Mən tez-tələsik otaqdan çıxanda, atmla göz-gözə gəldim. O hallı idi. Məni görüb dedi,- Küçük, o otağa niyə girdin? Ananın nə pox yediyini görmək üçün? Atamın dostu gecəyarı getdi. Atam səhərə qədər məni və anamı döydü. Anam ağlaya-ağlaya ona deyirdi ki, - “Ay oğraş, sən özün mənə dedin ki, nə etsə dinmə, səsini çıxartma, yoxsa səni də, uşağı da, öldürərəm! Ay alçaq, boğazıma bıçağı niyə dirəmişdin?”.  Atam yuxuya gedəndən sonra, anam polisə zəng etdi. Həyətə iki polis gəldi. Anam başını salıb itirmişdi. Hər şeyi elə açıq-aşikar danışırdı ki polisə, utanırdım. Həyətda balaca otaq vardı. Polislər anamla orda danışırdılar. Anamın danışdıqları ilə, atamın evdən gələn xorultu səsi vahiməli harmoniya yaradırdı. Anamın paltarı cırıq-cırıq idi. Polislərdən biri, anamın sinəsinə göz qoymuşdu, həris-həris baxırdı. Arada dəxilsiz suallar da verirdi: - Ərinizin dostu sizinlə necə sevişirdi?  Anam da hər şeyi danışırdı. O biri polis gülümsəyirdi… Bilmirəm, buna bənzər hadisəni neçə uşaq yaşayıb. Əslində mən özümə uşaq da demirəm. Mənim heç vaxt oyuncağım olmayıb. – O hıçqıraraq, içini çəkə-çəkə ağladı. Əlindəki quru çörək qırıqlarını dəmir barmaqlı pəncərənin önünə töküb, əlinin üstü ilə islanmış yanaqlarını və burnunu sildi. Sonra öz həyat hekayəsinə qaldığı yerdən davam etdi: - Gülümsəyən polis, məni otaqdan çölə çıxartdı. “Çöldə gözləyək, o polis əminin ananla məxvi söhbəti var”, - dedi. Məni çölə çıxardan polisə qəfil zəng gəldi. Başı telefonla danışmağa qarışdı. İki addım sola doğru çəkildim. Şüşəsi qırıq, köhnə pəncərənin ağ tül pərdəsi küləklənib yellənirdi. Mən otaqdakı polisin nə etdiyini gördüm. O, anamla…- On dörd yaşlı uşaq qırx yaşlı kişi kimi dişlərini qıcadı. Yumruqlarını düyünləyib dedi, – Mənim bu ölkənin polsilərindən zəhləm gedir! Oğraşlar! – Deyib, qışqırdı! Sonra sağa çevrilib sərçəni görməyəndə, yavaşca pıçıldadı: – Yəqin qışqırmağımdan qorxdu… Zindanın dəmir barmaqlı kiçik pəncərəsinə qonan sərçə, çoxdan uçub getmişdi.  *** - Onu necə öldürdün? - Kimi? - Atanı? - Nə bilim… - Ay uşaq, bizi yorma. Atanı necə öldürdün? - Danışdım da.a… - Sən atanın ananı necə döydüyünü və polislərin sizə gəldiyini, sonra isə ananın səni atıb getdiyini danışdın. Başqa heç nə demədin. - Anam getdi atasıgilə. Polislər atamı oyatdılar. Atam izahat yazdı. Dedilər, bir gün sonra polis bölməsinə gəlməlidi. Bir az atamı qorxutdular. Dedilər, “səni içəri basacağıq”. Polislər gedəndən sonra, atam da evdən çıxıb getdi. Fikirləşdim ki, evə içib gələcək. Mən də anamın yanına getdim. Anam atası məni görüb dedi ki, “rədd ol dədənin xarabasına!”. Mən isə həyətdə dayanıb, ana, deyib, qışqırırdım. Anam evin balkonuna çıxıb məni görən kimi dedi, - “Rədd ol gəldiyin yerə! Sən də böyüyəndə dədən kimi olacaqsan! Onun belindən gəlmisən da.a.a!” Mən çox ağladım. Evə qayıdanda da ağlayırdım. Getməyə başqa yer yox idi. Evə gedib yatağa uzandım, dayanmadan ağladım. Ağlaya-ağlaya yatmışam. Dik atıldım yuxudan. Atam boynumun arxasından sillə ilə vurmuşdu. Birtəhər sivişib, həyətə qaçdım. Atam söyürdü. Anamı söyürdü. Məni söyürdü. Hər şeyi, hamını söyürdü. Allahı da söyürdü. Hamını hər şeyi söyə-söyə yuxuya getdi… Mən pilləkənda oturmuşdum. Aya baxırdım. Göyə baxırdım. Heç birində Allah baba yox idi. Arada qonşu kişinin səsini eşitdim. Qışqırıb arvadına deyirdi ki, - “səni öldürəcəm!”. Elə bil öldürmək sözünü birinci dəfə idi eşidirdim. Dodaqlarım qurumuşdu. Atamı yuxudan oyatmayım deyə, astaca mətbəxə keçdim. Gördüm ki, qəhvədan sobanın üstündə qaynayır. Bir fincan soyuq su içdim. Atam xoruldayırdı. Soyuq su boğazımda ilişib qalmışdı. Anamın dediklərini xatırladım. Mən də atama oxşayacam. Özümə nifrət etdim. Atam yatdığı otağa tərəf getdim. Qapının arasından atamın yatağına boylandım. Atamı gördüm. Ağzını geniş açıb xoruldayırdı. Sonra…Sonra… - Sonra nə? - Deyəsən nəfəsi çatmadı. - Boğuldu? - Hə. Qaynar su boğazına gedən kimi, qəfil hoppandı yataqdan. Özümdən asılı olmadan, qəhvədandakı qaynar suyun qalanını da, üzünə tökdüm. Əlini üzünə tutub, ögüyə-ögüyə yerə yıxıldı. Yerdə qıvrıla-qıvrıla, köynəyinin yaxasını cırıqladı. Mən də qorxub, ağlaya-ağlaya evdən qaçdım. - Atanın öləcəyini bilib, qorxdun? - Yox, müstəntiq. Ona görə qorxmadım allahaqqı. - Nəyə görə qorxdun? - Durub məni döyəcəkdi. - Sən atanı öldürmüsən. - Atam neçə dəfə siqaretini mənim əlimin üstündə söndürmüşdü. Mən heç ölmədim… - Atan öldü. - Anam eşitsə inanmayacaq. - Nəyə? - Mən siqaretin közündən yanıb ölmədim amma atam qaynar sudan yanıb öldü. Gördünüz? Mən atama oxşamıram! - Uşağın üzündə qəribə bir sevinc vardı… Əbil Həsən

"MAKARON" - Satirik qəzəl

Olmusan ömür yoldaşım mənə sən ,ay makaron. Kasıbın menyüsunda səndən vardır pay, makaron.  Mövsümi deyilsən ki,arabir nuş edək səni, Səninlə birgə keçir payız,bahar,yay,makaron.  Ət ilə sinteziniz çox əladır amma ki, gəl, Daimi xəyallara adət etmə day,makaron.  Hökumət yaradıbdır şərait ki, zövqü alaq, Qatıqla yeyək səni,yanında da çay, makaron.  Elə ki,sezonu gəldi pomidor,badımcan,bibər, Üstünə bəzək verir hər üçü lay-lay, makaron.  Nazirlər əlbət səni bəyənməyib "ikra" yeyər, Gəl onlara özümüzü eyləməyək tay, makaron.  Küftəni,bozartmanı yad etdilər mədəmizə, Bir ildə cəm eləsən bir həftə ,ya ay , makaron.  Alimlər heyrətdədir bu qədər səni nuş edirik, Amma gəl ki,mədəmiz heç vaxt olmur zay ,makaron  "Şah plov" tək veririk səni qonaq qarşısına, Bir də kartoşka olur yanında əzvay, makaron  Sən analoqsuz ölkənin strateji məhsulusan, Özünü bu səbəbdən çox hörmətli say, makaron.  Elçinəm, süfrəmizdən heç vaxt əksik olmayasan, Yoxsa bütün cahana olarıq rüsvay,makaron. Elçin Rəhimzadə

Adamı yandıran bilirsən nədir?

Adamı yandıran bilirsən nədir? Dəyər verib qoynunda bəslədiyin, Kədərdən,zərbələrdən qoruyub gizlədiyin, Yanında olmayanda darıxıb özlədiyin, Biri səni atanda. Adamı yandıran bilirsən nədir? Müqəddəs sevgiylə sevdiyin biri, Könlünə həmdəmin saydığın biri, Onunçün canına qıydığın biri, Danaraq əhdini dönük çıxanda. Ya da dayaq bilib arxalandığın, Dar günündə yetişəcək sandığın, Sevincinə sevinib, kədərinə yandığın, Dostun səni satanda. Adamı yandıran bilirsən nədir? Dalda qeybət edib üzə gülənlər, Yasına da sevinərək gələnlər, Yaltaqlıqla zirvəyə yüksələnlər, Səndə nöqsan tutanda. Ömrü boyu işlə,ver yeyim deyən, Yaltaqlıqla hamıya boyun əyən, Başqasının süfrə artığın yeyən, Biri sənə atmacalar atanda. Adamı yandıran bilirsən nədir? Bütün günü avara gəzən veyillər, Bir insanın gərəyi də deyillər, Bu da adam içinə çıxdı deyirlər, Zəhmətinlə bir yerlərə çatanda. Aşıq pərdələrdə sazın gəzdirir, Rəqqasə önündə sinə əsdirir, Biri bir milyona ayı kəsdirir, Qardaş,kasıb borc içində batanda. Adamı yandıran bilirsən nədir? Daim fəxr eləyən İslam diniylə, Torpaq düşməndədir deyən diliylə, Qohum olub xaricdə erməniylə, Saf qanını it qanına qatanda. Görən sonu yoxmu bu cür zillətin?! Cavabın bilmirəm,çətindir,çətin, Sabahı narahat edir millətin, Rahatlıq da vermir gecə yatanda. Deyirlər ki, unut, nəyinə gərəkdir? Bu millətə yalnız Allah köməydir, Gəlib bu gününü kaş ki, görəydi, Fəxr edərdi sənlə mərhum atan da. Fəxr edərdi sənlə mərhum atan da. Elçin Rəhimzadə, jurnalist