Ehkam zamanı - Hekayə

Bu gün nədənsə canım çox sıxılırdı. İçimdəki darıxmaqlıq hissi məni rahat buraxmadığından biraz hava alım deyib, hər zaman üzüntülərimin qucağı sandığım təbiətin insan əli dəyməyən meşəliyinə üz tutdum. Çılpaq ağacların arasında gəzərkən yerdə quru  ağac budaqlarıyla yaşıl yosunluğun arasında üzümə dikilmiş muncuq kimi bir cüt gözə sataşdı gözlərim.

Əyilərək baxdım və soyuqdan büzüşüb titrəyən bir canlının olduğunu gördüm. 

Hər tərfəfi Günəş işığının aydınlığına bürünmüş dünyada, kiçik ağac budaqlarının kölgəsinə sığdırmışdı bir əl qədər, kiçicik canını. Elə böyük bir üzüntüylə baxırdı ki, o gözlərin cevrəsindəki kirpikıər qorxunun sərt qandalları kimi saplanmışdı həndəvərinə.

Səssiz-səssiz baxan bəbəklərindən  iniltinin acı və üzüntülü harayı duyulurdu...

Mənim işıqlı  sandığım dünya qaranlıq köynəyini çəkmişdi bu gözlərin üstünə. Ölü kimi çökmüşdü yaş torpağa.

Dünyası o qədər qaranlıqdı ki, bir işıq damlasının  parıltısını görmək ümidinə gücünün yetə biləcəyi qədər ön ayaqları arasında düşüb qalmış başını qaldırmağa çalışırdı.

Hənirtimi hiss etmiş kimi yaralı pəncələrini də qurd düşmüş vücudana dayaq etmək istəyirdi. Zəif, çarəsiz olduğu qədər yorğun və məsumca baxırdı. Bütün məsumiyyəti ilə baxır və danışan baxışlarıyla canına taraşan qurdların bədənini yeyib bitirəcəyi ehtimalını düşünmək istəmidiyini bəyan edirdi...

Susqun və çarəsiz...

Sadəcə inləyirdi...

Səsiylə deyil, baxışlarıyla

İmdad diləyirdi...

Kim bilir, bəlkə də onun hayqırmaq istəyən səsini elə üstünə çökmüş qorxuya əsir edən insan adlı varlıqlar susdurmuşdular...

Çarəsizliyin, aclığın, səfalətin bataqlığından üzümə baxıb bir damlacıq ümidin məndən gələcəyini diləyən bu məsumiyyət əslində mənim, mən insan övladının qaranlığında boğulan mənliyi insanlığıydı!

Əlimi ona uzatdım, sadəcə baxdı, və o səssiz iniltisini içinə çəkdi. Kirpiklərinə çökmüş qorxunun soyuq nəfəsi dəydi sanki üzünə və oyandı.

Oyanması nəyə yarardı ki..?

Nə duracaq qüvvəti, nə yeriyəcək halı, nə gizlənəcək köşəsi vardı.

Tək sığınacağıydı onu ağuşunda saxlayan qorxunun qucağı.

Bir az onun oyanmışlığıyla baş -başa buraxıb gözlərinin içinə baxdım.

Baxışlarımla içindəki qorxunu yox etməyə çalışdım, lakin bacarıb- bacarmadığımı bilmək üçün ona yenidən toxunmalı olduğumu düşündüm.

Yenidən əllərimlə üzünə toxundum, bu dəfə baxışlarından deyil, içindən gələn çingiltili bir səs duydum.

Bu səs onun ümid qığılcamlarına oyanmış səsiydi.

Kövrək bir sevgiylə onu oxşamağa başladım. Mən çənəsinin altını sığalladıqca içindən gələn cingiltili səsin də artıb çoxaldığını duydum. 

Bu ona qucaq açmış sevgiyə baxan gözlərindən yağan sevincin çığırıqlarıydı.

Artıq nə ona sarılmış qurdlar, nə onun çarəsizlikdən

boğulan hıçqırıqları, nə səssiz çığırıqları, nə də gözlərindəki acının qara qorxusu vardı. Sadəcə yalvarışlı baxış və ümidinin ilıq hərarətinə diksinmiş qulaqları. Əlimi boğazıma aparıb boynumdakı yaylığı çıxardım. Onun qurd basmış yarasındakı qurdları yaylıqla sığallayıb təmizlədikdən sonra gödəkçəmi də çıxarıb onu gödəkçəmə bükdüm. Mən bunları edərkən o imidinin kölgəsində şirin xəyala dalmış kimi sakit, səssiz-ssəsiz məni izləyirdi. Onu ağuşuma aldım. Körpə bir uşaq kimi başını köksümə qoydu. Aclıqdan, xəstəlikdən pis qoxuyan iyli nəfəsini üzümdə hiss etdim. Bu nəfəsdə qəlbinin həyacanı ilə zəifliyinin çırpıntıları bir-birinə qarışmışdı sanki. Burnunun dəliklərindən bir ağırlıq, zingiltiyə bənzər səslər duydum. Canı çox incinmişdi...Onu qucağıma alıb yeridikcə burun dəliklərinin səsi artıb çoxalırdı...Sanki o da qucağımda yox mənimlə birgə yeriyirdi. Gödəkcənin üzərindən o bir əlimi belinə qoydum. Nəfəsində duyduğum bütün səslərin xışıltısı bir anda əlimin içini yararaq bütün vücuduma yayıldı sanki. Canındakı ağrıları bütün varlığımla hiss etdim. Onu iki əlimlə də köksümə sıxıb üzümü üzünə dayadım. Qucağımda mən insan oğlunun biganəliyindən ağrınan bir can daşıyırdım...Boğazımda düyünlənmiş qəhər böyük bir hönkürtü  kükrəməsiylə töküldü gözlərimdən. Səsimdəki acıya içimdəki Tanrı oyandı. Ehkam zamanı!

Reyhanə Aslan

Share on Facebook