Kənd camaatı Danabaş Ağanın əlindən bezmişdi. Danabaş Ağa – adı ağa, özü yırtıcı idi. Pula həris, acgöz, daşürək adamdı. Kimin pulu yox idisə, Ağa sələmə verərdi. Əvvəl bir manat, sonra bir yastıq yeri, axırda isə evin damını da söküb aparardı. Amma özü elə yaşayardı ki, guya göydən zənbillə düşüb. Qızılı qənd kimi yeyərdi, qırıq-qırtığı isə kənd camaatına çürük meyvə kimi tullayardı. Amma qadağayla: "Əlim dəyməsin, gözüm görməsin!"
Camaat isə o çürük meyvəyə belə möhtac idi. Hamı Danabaş Ağadan qorxurdu. Heç kim Danabaş Ağaya səsini çıxarda bilmirdi. Ta ki, qonşu kənddən Ədalət kişi gəlib çıxana qədər...
Ədalət kişi oxumuş adam idi. İynəli danışardı, dedikləri qaya kimi ağır gələrdi. Köhnə bir çap maşını vardı – dişsiz, cırıldayan. Çap maşını Ədalət kişinin çörək ağacı idi.
Ədalət kişi bir gecə, Danabaş Ağanın kəndinə səssizcə girdi. Çap maşını ilə yazdığı elanları kəndin küçələrinə səpdi. Elanlarda yazılmışdı:
"Adım CƏNAB-dır. Mənim itlərim sizin malınızı qoruyar. Bu itlər ‘YOX’ sözündən başqa heç nə bilməz. İcazəsiz bir əşyaya toxunsanız – əvvəl ‘yox’ deyəcəklər, sonra parçalayacaqlar.”
Səhər kənd camaatı elanları oxudu. Camaat qorxuya düşdü: “Bu Cənab kişi kimdirsə, bizi Danabaş Ağanın əlartığından da edəcək. Amandır, ağa bu elandan xəbər tutmasın!”
Amma kəndin içində satqınlar çox idi. Bu satqınlardan biri, elanı götürüb, cumdu Danabaş Ağanın villasına:
– Ağa, bax, bu nədi?
Danabaş Ağa yazını oxudu və qaşlarını çatdı. “Kimdi bu Cənab?! Çağırın gəlsin!”
Elə həmin gün Cənab kişi gəlib çıxdı. Kostyumu qırışlı, gözləri parlaq, amma nitqi – ipək kimi.
Danabaş Ağa ondan itlər istədi. Cənab qiymətləri ucaltdı – itlər bir ətək qızıla başa gəldi. Amma Danabaş Ağa razı idi, çünki malı-mülkü qorunacaqdı.
İtlər sözə qulaq asan, görüb-götürmüş itlər idi. Kənddə kim Danabaş Ağanın bağında bir çürük almaya əl uzatsa, it əvvəlcə “yox” deyirdi sonra həmən adamı oradaca parçalayırdı.
Danabaş Ağa itlərdən o qədər razı idi ki, təriflərini yerə göyə-sığdıra bilmirdi. Deyirdi: “Bax, bu itlər mənim kimi düşünür!”
Bir gün həmən bu Cənab, yəni Ədalət kişi, kəndin ağsaqqalına yaxınlaşıb dedi:
– Ay kişi, bu itlərin bir sirri var. Onlarla danışmağın bir yolu var ki, bu yoldan xəbər tutsanız, kənd əhli Danabaş Ağanın zülmündən qurtulacaq. Əgər itlərə siyasətlə desək: “Ay it, Danabaş Ağanın bağından bir alma yesəm, xətrinə dəyməz ki?” – it deyəcək ki, “Yox.” Elə bu “yox”la almalar da sizin olar, Danabaş Ağanın malı-mülkü də.
Ağsaqqal başını sallayıb gülümsədi. Bu sirri kəndin içində güvəndiyi adamlara yaydı.
Kənd camaatı itlərə siyasətlə yaxınlaşıb, nəzakətlə müraciət edib, Danabaş Ağanın mallarını səssiz-səmirsiz əlindən çıxartmağa başladılar.
Ədalət kişi isə hər gün Danabaş Ağanın yanında olurdu. Guya itlərə yeni komandalar öyrədirdi. Əslində isə Danabaş Ağanın başını qatırdı.
Bir gün Danabaş Ağa villasının balkonunda oturmuşdu. Kəndə baxırdı. Birdən bir hay-küy qopdu. Villanın nəhəng qapıları açıldı, Danabaş Ağanın xəbərçisi qan-tər içində özünü ağanın ayaqları altına atdı:
– Ağa, ağa itlər kənd camaatı ilə əlbir olub, malını mülkünü talan ediblər. Ağa, qoyma, məni də itlərə yedizdirmək istəyirlər!
Qəzəbli kənd camaatı da, doluşdu həyətə.
Danabaş Ağa yekə qara kürsüsündən sıçrayıb, ayağa qalxdı. Dana kimi böyürüb, Cənabı çağırdı:
– Bu nə deməkdir?! İtlərə əmr et, məni qorusunlar! Əmr et, bu narkomanları, piyanskaları, və başıpozuqları cəzalandırsınlar!
Amma Cənab – yəni Ədalət kişi – susdu. Bir kəlmə də danışmadı.
Danabaş Ağa özü itlərə bağırdı:
– Cənabı parçalayın!
İtlər tərpənmədi.
Ədalət kişi gülümsədi. İtlərdən birinə dedi:
– Ay itlər, Danabaş Ağanın kürsüsündə otursam, xətrinə dəyməz ki?
İtlər “yox” dedilər. Gəlib kürsünü Danabaş Ağanın altından çəkib, gətirib, Cənabın qarşısına qoydular.
Danabaş Ağa iki əli ilə başına vurub: “Kül mənim başıma” - dedi.
Kənd camaatı qəh-qəhə çəkib güldü.
Ədalət kişi kürsüyə oturub camaata səsləndi:
– Ədalət dişlə, dırnaqla gəlməz. Elmlə, əqillə, səbrlə və siyasətlə gələr!
Əbil Həsən