İnsan təbiətindəki dəyişikliyi yaradan ən əas səbəb mənən aldığı yaralardır, o yaralar ki, onun bütün bədən üzvlərini öz orqanizmnə qarşı zəhərləmək qüdrətinə malikdir.
Öncə qulağın eşidir, sonra gözün görür, sonra hiss edirsən, sonra şübhələnirsən, sonra şübhələrin gerçəkləşir...
Aldığın yara duyma orqanlarını, baxışlarını, hisslərini, davranışlarını sənə qarşı qoyur və sən sən olmaqdan çıxırsan. Yavaş- yavaş başqa birinə çevrilirsən.
Səndə bu dəyişikliyi görüb, səndən uzaqlaşan dost-tanışların kimi, bədən üzvlərin də sənə qarşı gəlir və ya sənlə olan bağlarını kəsirlər. Günün birində təmamən yalnız qaldığını anlayırsan. Bunu anladığın gün öz-özünə verdiyin sualların ardı- arası kəsilmir. Həm də bu ardı-arası kəsilməyən sualları cavablandıra bilmədiyindən, o suallar təkrarlanaraq səni tanımadığın, bilmədiyin bir yola doğru çəkir.
"Mən kiməm?
Niyə mənim adım R...r?
Nəyə görə mən doğulduğum və içində olduğum bir ailədə doğulmuşam?
Nəyə görə mən aynadakı mənə bu qədər bənzər və ondan bu qədər uzağam?
Dünya hardan başlayır, harda bitir?
Mənim bu dünyaya gəlmə səbəbim nə?
Həyat bir həqiqətmi?
Zaman və ömür arasındakı məsafə niyə bu qədər yaxın və niyə bu qədər uzaadır?
O kimdir?
Niyə mən özümü ona aid olaraq görürəm?"
Beləcə bir də baxarsan ki, sualların güclü axınında gəlib yoğun bir doğanaqda qıvrıla-qıvrıla qalmısan. Artıq sən olmaqdan çıxdığın üçün yeni bir dünyaya doğulmaq istəyirsən, amma səni doğuracaq təbiətin hələ hamiləlik dövrünü yaşayır. Sən nə qədər çox doğulmaq istəsən də təbiətin hələ zamanı gəlmədiyini söyləyir.
Yenə gözlərini yumub bir zaman tunelində özünlə çəkişməyə başlayırsan...
Düşkünlüyün səni canlı aləmdən təcrid edərək, cansız bir varlıq kimi görməyə başlayır və ancaq bu zaman içindən gəldiyi qədər uca səslə bağırmaq istəyirsən...
Az sonra səssizliyin sükut qaranlığını bütün iliklərinə qədər hiss edirsən..
Yenə sorursan özünə. "Öldümmü mən?"
"Niyə mənim səsim çıxmır?"
"Niyə məni kimsə duymur?"
Yumursan gözlərini. Pıçıltılı bir səslə "bəlkə mən yuxu görürəm", deyib qapanmış kipriklərini qaldırmaq istəyirsən. Yenə olmur. Kirpiklərini qaldırmağa gücün yetmir. Səsini çıxara bilmədiyin kimi, gözlərini də aça bilmirsən... Bu zaman ruhunla ayağa qalxır və özünü kənardan seyr edirsən. Əlinlə bütün orqanlarının olub olmadığını yoxlayırsan. "Yox, daha ölmədim, ölmüş olsaydım çoxdan çürüyüb getmiş olardım deyirsən" və ölü kimi uzanmış bədəninə geri dönürsən. Sonra əllərini havaya qaldırıb ölmədiyini özünə isbatlamağa çalışırsan, amma əlini qaldırmağa da gücün yetmir. Ağlından iti bir sual keçir, "Bəlkə yeni ölmüşəm?
Bu nə sirdir?
Mən niyə bu qədər gücsüzəm?"
Gözlərinin yaşardığını və o yaşların yanağından damla- damla axtığını hiss edirsən, amma ağlaya bilmirsən. Sən kirpiklərini qaldıra bilmədiyin halda gözlərindən axan bir damlanın qüdrəti qarşısında çaşırsan. Təəcüblə "Axı bu necə olur?", deyə bilirsən özünə.
Yenə bütün gücünü toplayıb qaldırmaq istəyirsən kirpiklərini, olmur, qaldıra bilmirsən. Əllərini, ayaqlarını tərpədib çırpınmaq, çırpınaraq bağırmaq istəyirsən, olmur...
Olmur ki, olmur. Bütün bədənini bürüyən tər damcılarının hər biri bir ton qədər ağır gəlir sənə. Sonra dərindən nəfəs alıb bir daha bağırmaq istəyirsən, lakin nəfəsinin də səni yarı yolda qoyduğunu hiss edirsən. O qədər ucadan bağırırsan ki, bu an sanki bağırtın əks səda verir, səni duyan olur və kirpiklərin aralanır gözlərin tavana dikilir. İçindən bir səs "hamısı yuxu imiş", deyir və tez oyanmaq istəyirsən. Fəqət oyanan sadəcə ağlındır, çünki bədəninin digər üzvlərini tərpədəcək qədər gücün olmadığını görürsən.
"Allahım bu nə işdir?" deyib, ağır-ağır nəfəs almağa davam edirsən.
"Əgər bu gördüyüm bir yuxudursa, o zaman ölümün necə ağır olduğunu düşünmək belə istəmirəm" deyirsən, içində öz-özünə. Gözlərin yenidən yumulmaq istəyir, lakin sən buna mane olmaq üçün yenidən var gücünlə bağırmağa başlayırsan. Bu an kimsə səni möhkəm silkləməyə başlayır və sən göydən hoppanmış kimi səni silkləyən adamın üzərinə atıllrsan...
Səni oyadan adam
-deyəsən yuxu görürdün? Çox əcaib səslər çıxarırdın, deyir. Sən isə hələ gördüyün yuxunun, hiss etdiklərinin şokunu yaşayırsan.
"Hər şey gerçək kimiydi"
-hər şey sanki gerçəkdi.., deyirsən.
Həmin andan gerçəklə yalan arasında bir körpü olduğunu dərk edirsən. Sənə yeni bir yol açılır. Yolun açıq olsun!
Reyhanə Aslan