Ömrün İki Rəngi

​Al rəngli səhərtək ötən günlərim,

Atalı, analı, qayğısız anlar...

Uzaq üfüqlərdə uçardı ruhum,

Uşaqlıq anlarım - gözəl zamanlar.

​Qayğısız yaşardım, gözümdə gülüş,

Nə çörək, nə də su dərdi çəkərdim.

Atamın, anamın çəkdiyi dərdi,

Sən demə, özümçün mən də əkərdim.

​Qabaqda böyük bir həyatım vardı,

Dünya dağılsa da, vecə almazdım.

Anamın, atamın çəkdiyi dərdi,

Uşaq olduğum an mən anlamazdım.

​Yetişdi ömrümün xəzan sarısı,

Aynada kölgəmə baxıb üşəndim.

Bir anlıq qəlbimin tutdu ağrısı:

"İlahi, görəsən, bu mən, o məndim?"

​Baharlı yağışdan yağmura düşdüm,

Tozlu albom kimi heç açılmadım.

Gənclikdə şəfəqtək nur verən Zakir,

Qocalıq nuruyla heç saçılmadım.

​Tökülən yarpaqtək seyrəldi saçım,

Üzümdə qırışlar şırıma döndü.

Bilmirəm nədəndir bu dərd, bu acım,

Payız yetişdikdə günəşim söndü.

​Qalmışam qapıda paslı açartək,

Mən həmən mənəmmi, yoxsa deyiləm?

Bilmirəm cəftəmi kimlər çəkəcək,

Qərib kölgə kimi, mən də sönürəm.

Zakir İsmayıl

Share on Facebook