XƏRÇƏNG

Bu mənzili səninlə birgə bəyənib almışdıq. Nə qədər arzularımız vardı. Xöş günlər yaşamaq; bu evə gəlin gətirmək, bu evdən qız köçürtmək, nələr, nələr…Heyif, arzu olaraq qaldı…

Oğul da evlənəcək, qız da gəlin köçəcək. Təəssüf ki, sən bir də qayıtmayacaqsan. Hər dəfə qapının kilidini açıb içəri girərkən gözlərim səni axtarır. Kaş möcüzə olardı, yenə əvvəlki kimi sən məni qarşılayardın… 

Amma artıq hər dəfə qarşıma divardan asılmış şəklindən gülümsəyərək çıxmağına öyrəşmişəm – insan nələrə öyrəşmir ki?!

Vaxt gedir, mən dəyişirəm...

                                                                          *

O çoxdan idi ki, qanadlarını açmırdı. Dimdiyini uzadıb, yuvanın kənarındakı incə, quru söyüd budağını dimdiyinə aldı. Gözlərini budağa zilləyib quru söyüd budağını soyuq günəşə doğru qaldırdı. Baxdı, baxdı və bir qıy vurub budağı yerə tulladı. Bu xəstə leyləyin son qıyıltısı idi. Qanadlarının altındakı zərif tüklərdən boylanan körpə leyləklər, analarının xəstəliyindən xəbərsiz idilər... Körpə leyləklərdən biri, anasının qanadındakı tükləri dimdiklədi. Balaca dimdiyini aralayıb, yemək istədi anasından. Leylək heç qımıldanmadı da. 

Sabah qar yağacaq. Soyuqdur. Leylək başını azacıq sağ qanadının altına uzadıb, bir az əvvəl onu didişdirən balasının dimdiyinə uzatdı dimdiyini. Ağzını açan kimi dili havada qaldı ağzında. Bala leylək anasının dilini bir az dimdikləyib, sakitləşdi...   

                                                                         *  

Otaqlarda nəyi hara qoymusansa elə də qalıb. Heç kimi qoymuram əşyaların yerini dəyişsin. Sənli günlərim məni tək qalmağa qoymur. İllər  səni  məndən uzaqlaşdırdıqca mən sənə daha da yaxınlaşıram. 

…O gün heç yadımdan çıxmaz: İşdə idim. Qəfil evdən zəng gəldi: "Ata, balaca qaqaşımız bayaqdan ağlayır. Tez gəl, nə olar!" – qızımız ağlayaraq, dedi. Mən evə necə gəldiyimi bilmirəm. Uşağı qucağıma alıb sənə tərəf gəldim. Uşaqların üçü də ağlayırdı...Birdən gözüm pəncərədən dəmir yolları dişinə alıb uzaqlaşan qatara sataşdı. Bu sonuncu qatardı. Qismət olsa bu qatarı bir də sabah görəcəm. Bəs səni nə vaxt görəcəm? – Özüm, içimdəki öz səsimə diksindim – Mən nə danışıram? Bir də bilirsən nə gördüm? Dəmir yolunun dirəyi üstə özünə yuva quran leylək artıq yox idi. Həmişə birgə yatdığımız çarpayıya yaxınlaşanda, gündüz vaxtı pərdəni azacıq aralayıb leyləyin yuvasına baxardım. Leyləyin öz yuvasında qanadlarını açıb şahlanması məni bir başqa xoşbəxt edərdi. İndi o leylək gözümə dəymədi. Yadındadı, bir dəfə bu pəncərədən o leyləyə baxanda nə görmüşdük? O leylək yuvasında yenə şahlanıb dimdiyində yekə bir xərçəng tutmuşdu...İndi mən sənin soyuq əllərindən tutub bunu sənə xatırlatmaq istədim. Niyə? Axı bu xərçəng o xərçəngdən deyil?!

- Ata, anam yatıb? Qaqaşla nə balacanın səsini kəsə, nə də ananı oyada bildik. 

- Hə, yatıb. Gəlin, ananızı oyatmayaq. İmkan verin yatsın, yorulub axı?!

Əbil Həsən

Share on Facebook