Bir vaxt əllərindən tutan bu əllər,
İndi boşluqlarda səssizcə üzür.
Bir vaxt mənim üçün bərq vuran tellər,
İndi başqa biri, ona gül düzür.
Sonsuzluğa baxır yenə gözlərim,
Bir an xəyal kimi, ötüb keçirsən.
Rüzgar tək göylərdə uçur sözlərim,
İzini silirsən, itib gedirsən.
Bir ümman sevgidir, qəlbimi didən,
Bütün vücudumla səni dinləyir.
Gecələr yuxuma gəlirsən hərdən,
Baxıb susqunluqla qəlbim inləyir.
Unuda bilmirəm, səni bir an da,
Sevdan hələ də bil, içimdə yaşar.
Elə bil gəzirsən, damarda, qanda,
Xatirən qəlbimdə, parlayar coşar.
Uzun illər keçsə, ayrı düşsək də,
Bir duyğu, bir səslə, eyni nəfəsik.
Yolumuz ayrılıb, ayrı getsək də,
İki sevən qəlbə, biz bir qəfəsik.
Gözlərində qalan sənin sükutun,
Elə bil qəlbimdə ən şirin qışdır.
Sonsuz sevgin ilə yaşadım bütün,
İnan ki, bu sevgi, mənə çox xoşdur.
Zakir İsmayil