Başkəndin azad edilməsinin 31-ci ili

8 avqust 1992-ci il Başkənd'in azad edildiyi gün kimi tarixə düşüb. Bu əməliyyat Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri idi. 861 nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Cahangir Rüstəmovun rəhbərliyi altında həyata keçirilmiş əməliyyat nəticəsində 4600 hektardan artıq ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Əgər Başkənddə əməliyyatlar uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx bölgəsinin 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.  Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnaselsk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. Həyata keçirilmiş əməliyyatlar nəticəsində işğalçıların ayaq izləri birdəfəlik Başkənddən, bütünlükdən Gədəbəydən silinmişdir. Bu əməliyyatlarda Gədəbəylilər ilə yanaşı milliyətcə kabardin, peşakar hərbiçi, Gədəbəydə hərbi komissar işləmiş Vyaçeslav Malbaxov, Şəmkirdən Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbinin yetirmələri Dilqəm Əliyev, qardaşı İlham Əliyev, Göyçə mahalından gəlmiş, Çənlibeldə yaşamış Rizvan Pirnəzərov, Özbəkistandan gəlmiş Kür qəsəbəsində yaşamış axısqa türkü İsgəndər Aznaurov və onlar kimi yüzlərlə döyüşçü, Qazax istiqamətindən Eldar Salmanov komandirliyi altında tank bölüyü, Ərəstun Hacıyevin başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə və s yer almışdır. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi. 8 avqust günü əməliyyat nəticəsində ermənilər Başkəndin özündə 26 nəfərə itki verməklə tamamilə oranı tərk etdilər.  Yazının hazırlanmasında 861 nömrəli hərbi hissənin silahlanma üzrə komandir müavini Dilqəm Əliyevin verdiyi məlumatlardan yararlanılmışdır.  Həmin dönəmdə çəkilmiş fotolar fotoqraf-jurnalist Kərəm Nebiyev'ə məxsusdur.  Yazını hazırladı: Ceyhun Nəbi

Başkənd uğrunda savaş(1992-ci il avqust) - Dilqəm Əliyev yazır(2-hissə)

Mən indi sizi 1992-ci il 07--08 avqust tarixində Başkənd - Mutudərə əməliyyatında iştirak edən, Başkəndə hücum edən qüvvələrlə və eyni zamanda həmin zaman hərbi hissədə olan peşəkar zabitlərlə tanış edirəm:  -- 861 saylı HH-nin komandiri-- Polkovnik leytenant Rüstəmov Cahangir - Ukraynada Vasilkovo Hərbi Aviasiya Məktəbində təhsil alıb. Sovet ordusunda Qırmızı Ulduz ordeninə layiq görülüb.  -- 861 saylı hh-nin QR - kapitan Nadir Qasımov. Ukraynada Donetsk Hərbi Siyasi məktəbdə təhsil alıb.  -- 861 saylı HH komandirinin silahlanma üzrə müavini (MTO) Baş leytenant Dilqəm Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun Komandirləri məktəbində təhsil alıb. 1986--1992-ci illərdə Ukraynadfa məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi--USTA.  -- Mayor Süleyman Yusifov. 861 saylı hh-nin Arxa cəbhə üzrə müavini. Ukraynada Vasilkovo Aviasiya məktəbini bitirib.  -- 2-ci batalyonun komandiri polkovnik leytenant Malbaxov Vyaçeslav. Rusiya Federasiyasının Kabardino Nalçik şəhərində Alı Ümumqoşun məktəbində təhsil alıb. Əfqanıstan döyüş məktəbini keçib,200-dən çox uğurlu əməliyyatları həyata keçirib. Sovet Ordusunda Qırmızı ulduz ordeninə layiq görülüb.  -- 4-cü batalyonun komandiri kapitan Rizvan Pirnəzərov. Rusiya Federasiyasında Ali Siyasi məktəbi bitirib,Əfqanıstan döyüş məktəbini keçib.  -- 1-ci batalyonun QR Kapitan İlham Əliyev. 1982--1986-cı illərdə Bakı Ali Ümumqoşun məktəbində təhsil alıb. Ukraynada 1986--1992-ci illərdə məşhur Dəmir Diviziyada xidmət edib. Zabit Məharət dərəcəsi-- 1-ci dərəcə.  -- Artilleriya Divizionunun taqım komandiri Leytenant Məmmədov Dəmir. Rusiya Federasiyasında Ali Artilleriya məktəbini bitirib.  -- 4-cü batalyonun rabitə rəisi leytenant Musayev Hafiz. Rusiya Federasiyasında Ali Rabitə məktəbini bitirib.  Bəli Başkəndə hücumdan əvvəl hərbi hissədə olan peşəkar zabitlər yuxarıda adlarını sadaladığım adamlar idilər. Onu da qeyd edirəm ki,hərbi hissəmizdə peşəkar olmasa da ümumi işə ürəkdən can yandıran, bütün bacarığını ortaya qoyan hərbçilər də var idilər. Onlardan da bəzilərini sizə təqdim edirəm:  -- Baş leytenant İmanov Eldar -- 861saylı HH-nin Rabitə rəisi.  -- Gizir Pünhan Əliyev -- 2-ci batalyonun Kəşfiyyat taqım komandiri.  --Gizir Sahib Rüstəmov -- Artilleriyaçı, 2-ci batalyonda minomyot taqıminin komandiri.  -- Baş leytenant Ayaz Gözəlov -- 861 saylı HH-nin Avtomobil Xidmət rəisi.   -- Gizir Məmişov Əli-- 861 aylı HH-nin RAS xidmət rəisi.  --Leytenant Həsənov Telman -- 861 saylı HH-nin Kəşfiyyat rotasının komandiri.  -- Leytenant Aznaurov İsgəndər -- Artilleriya Divizionunda taqım komandiri.  -- Baş leytenant Bədirbəyli Səbuhi Artilleriya Divizionunda batareya komandiri.  --Gizir Həsən Abdullayev -- Kəşfiyyat rotasının Starşinası... Mən bu siyahını çox uzada bilərəm...  Əlavə olaraq onu da qeyd edirəm ki, hərbi hissəmizdə çoxlu sayda peşəkar gizirlər var idilər ki, onlar Sovet Ordusundan bizim hərbi hissəmizə gəlmişdilər. Üstəlik Komandirləri Kapitan Heydərov Sərdar olan Dəli Kür Praporşiklər rotası da yaradılmışdı. Bu onu göstərir ki,861 saylı alay həmin dövr üçün respublikada olan bütün digər hərbi hissələrdən öz tərkibinə görə çox seçilirdi. Yəni bizim HH-mizdə öz işini dəqiq bilən hərbçilər çoxluq təşkil edirdilər. Bu adamların hamısı silah və taxnikadan yaxşı istifadə edirdilər.     Əməliyyatda iştirak edən Qüvvələr:  -- 1-ci batalyon.  -- Təmir rotası.   -- Maddi texniki təminat rotası.  -- Daşkəsəndən (3-cü batalyon) gələn 1 (bir) rota.  -- 4-cü batalyon.  -- Mühafizə rotası.  -- SPQ-9 rotası.  -- Artilleriya batareyası.  -- ZRAB.  -- Kəşfiyyat rotası.  -- Qazaxdan göndərilən D-30 taqımı.(3 ədəd) (komandirləri baş leytenant Hacıyev Ərəstun)  -- Qazaxdan göndərilən T-72 (tank) taqımı və 2(iki)ədəd PDM-2.(komandirləri baş leytenant Salmanov Eldar)  -- Aqstafadan göndərilən BM-21 QRAD qurğusu-2(iki)ədəd.(komandirləri leytenant Aşurov Maqsud.)  -- Bakıdan gələn 40 nəfərlik xüsusi təyinatlılar.  -- 2-ci batalyon dağlarda mövqelənib düşmənin hücumunun qarşısını almalı idi... Əməliyyatın rəhbəri Polkovnik leytenant Cahangir Rüstəmov...    ARDI VAR... Dilqəm Əliyev 

Başkənd uğrunda savaş( 1992-ci ilin avqustu) - Dilqəm Əliyev yazır

Artıq məşhur BAŞKƏND əməliyyatının üstündən 31 il keçir. Son illərdə bir çoxları həmin əməliyyatı, orada gedən döyüşlərə rəhbərliyi öz adı ilə bağlama çalışır və bununla da başqalarının haqqına girirlər. BAŞKƏND son 200 ildən də çox vaxt ərzində rəsmi olaraq yeganə erməni ərazisidir ki, Azərbaycan Ordusu onu 08.08.1992-ci ildə düşməndən təmizləyib və kənd indi də nəzarətimizdədir...   Başkənd haqqında qısa məlumat:  -- Ərazisi: 4600 Ha+400Ha zəbt= 5000Ha.  -- Əhalisi: +- 10.000 nəfər.  -- Sahə müvəkkili: Kapitan Mujikyan.  -- Sovet Sədri (İcra Nümayəndəsi) Xaçikyan Mamiko Sərxan oğlu.  -- Başkənddə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdular. Yığılan məhsul o qədər çox olurdu ki,İrəvanın bazarlarını da doldururdular.  -- Kənndə 2(iki) ədəd vertolyot(helikopter) meydançası,kabel televiziyası,tikiş və ayaqqabı fabrikaları,nəhəng kinoteatr və demək olar ki,hər şey var idi.  Hadisələrin xronikası:    -- 03.08.1992-ci il--Şəmkirdə yerləşən 861 saylı alay (Komandiri Polkovnik Leytenant Rüstəmov Cahangir İsgəndər oğlu) tam heyətlə Gədəbəyi qorumaq üçün Gədəbəyə qalxdı.  -- 03-04 avqust 1992-ci il--861 saylı H.H-nin bölükləri kəndin ətraflarına yerləşdirilməyə başlandı. 4-cü batalyonun hərbçiləri kapitan Rizvan Pirnəzərov, leytenant Hafiz Musayev, çavuş Azər Cəfərov İvanovka kəndi istiqamətindən Aşırım mövqeyinə hərəkət edərək Başkəndə köməyə gedən düşmən T-72 tankına atəş açaraq ələ keçirtdilər. Sonra isə yolu təmizləməyə gələn Komatsu markalı traktoru ələ keçirtdilər.   -- 04.08.1992-ci il PDM-1dən Saratovka kəndi təpəliklərindən Başkənddəki fermaya atəş açaraq düşmənin 10-12 nəfər canlı (hərbçi) qüvvəsini məhv etdim.  -- 05.08.1992-ci il--erməni və rus hərbçiləri hücum edərək Başkənd Krasnoselsk yolunun üstündə duran MUTUDƏRƏ kəndinin zastavasının zəif və güclü yerlərini dəqiqləşdirdilər.   -- 06.08.1992-ci il-- erməni və rus hərbçiləri hücum edərək MUTUDƏRƏ zastavasını ələ keçirdərək Başkənd-Krasnoselsk yolunu tam nəzarətə götürdülər və bununla da BAŞKƏND faktiki olaraq Ermənistana birləşdirildi. Bu zaman düşmənin qəfil hücumunun qarşını ala bilməyən zastavanın döyüşçüləri geri çəkilməyə məcbur oldular. Düşmən 2-ci Batalyonun 1-ci rotasının Zam.Politi leytenant Məzahir Rüstəmovu əsir götürərək böyük işgəncələrdən sonra başını kəsdilər.  --06.08.1992-ci il Özünü Boz Qurd adlandıran dəstənin komandiri Etibar Əmiraslanov öz dəstəsi ilə gələrək 2-ci Batalyonun komandiri, Əfqanıstan döyüş məktəbini keçmiş, 200-dən çox əməliyatın hamısını qələbə ilə başa vurmuş, polkovnik leytenant Malbaxov Vyaçeslavı və həmin batalyonun 1-ci rotasının komandiri leytenant Hacıyev Bayramın əllərini tikanlı məftillərlə bağlayıb özləri ilə naməlum istiqamətə apardılar. Bununla da Mutudərənin müdafiəsi rəhbərsiz və başsız qaldı, Şınıxın içərisinə doğru yollar düşmən üçün açıldı, ümumilikdə Gədəbəy rayonu olduqca təhlükəli duruma düşdü. Ermənilər bundan istifadə edərək Mutudərə və Qasımağalı kəndlərini tam işğal etdilər.  -- 06.08.1992-ci il--Tovuz rayonunun Göyəbaxan kəndi istiqamətindən BAŞKƏNDdəki erməni mövqelərinə PDM-1 dən atəş açaraq düşmənin 12-15 nəfər canlı qüvvəsini,1(bir)ədəd D-44 markalı topunu (döyüş sursatı ilə birgə), 1(bir)ədəd PDM-1-ni sıradan çıxartdım.  --Mutudərə və Qasımağalı kəndlərinə düşmən hücumu başlayanda həmin ərazini qorumalı olan Gədəbəy rayonunun OMON ları sadəcə olaraq aradan çıxdılar...  Nəticə: 06.08.1992-ci ildə -- Başkənd Ermənistanla tam birləşdi...      DAVAMI VAR... Dilqəm Əliyev

"Çoxlarının rol oynadığı məsuliyyət yükünü ona yüklədilər"

Sürət Hüseynov üzərinə aldığı qara bir ləkə ilə işıqlı dünyadan getdi. Çoxlarının yer aldığı, rol oynadığı oyunda ən ağır məsuliyyət yükünü ona yüklədilər. Özü ilə birlikdə bizidə, gələcəyimizidə, bütün Azərbaycanı qurbana çevirərək bizi qaranlığa qərq edən böyük oyunun bir ifaçısı kimi iz qoydu. Hamı onun simasında hadisələrin cərəyan etdiyini düşündü və düşünməkdədirlər. Hansı ki, həmin sissenariləşdirilmiş hadisələrin əsas gücü köhnə kommunistlər və qanuni hakimiyyətdən narazı düşmüş hakimiyyət hərisləri idi. Hacı Vaqif, Ruslan Rzayev(Zobik), Etibar Məmmədovun yaxın çevrəsindən Şadman Hüseynov, Zərdüşt Əlizadənin yaxın çevrəsindən Aypara Əliyev, komunist Arif Rəhimzadə, Allahşükür Paşazadə, İmam Mustafayev, Rəhim Qazıyev, Nemət Pənahlı, Tahir Əliyev və Heydər Əliyevi hakimiyyətə gətirmək istəyən şəbəkə bu prosesin ən aktiv tərkib hissəsi idi. Amma onları heç bir zaman bu işdəki rollarına görə düşünürəm ki, heç xatırlayan olmayacaq. Qara ləkə, törədilmiş hadisələrin məsuliyyəti, bütün ittihamlar Sürət Hüseynovun üstündə qaldı. Böyük oyunda öz roluna görə rəhmət əvəzinə, lənət yağışı hər zaman onunla olacaq! Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Azərbaycandakı Rusiya trolları hansı mərkəzdən idarə olunur?

“Vaqner”in qurucusu Yevgeni Priqojinin “trol fabriki” hesab olunan “Patriot” media holdinqini ləğv edilib. “Patriot”un tərkibinə daxil olan “Nevski xəbərləri” nəşrinin redaktorları fəaliyyətlərini dayandırdıqlarını elan edərək, oxucularla vidalaşıblar. Eyni addımı “Patriot”a daxil olan “Economics Today” nəşrinin rəhbərləri də atıblar. “Trol fabriki”nə daxil olan RİA FAN-nın baş redaktoru Kristina Masenkova rəhbərlik etdiyi media qurumunun fəaliyyətini dayandırdığını deyib. “Politics Today” nəşri isə “köklü şəkildə yeniləndiyini”, bundan sonra fəaliyyətlərini davam etdirəcəyini bildirib. The Bell internet resursu “Patriot”un sahibinin dəyişə biləcəyi haqqında məlumat yayıb.  Priqojin bu ilin əvvəlində bir qrup jurnalistin suallarını cavablandırarkən “trol fabriki” yaratdığını və idarə etdiyini etiraf etmişdi. Bundan əlavə, Priqojin “Kibercəbhə Z”-dən olan bloqçuların işləməsi üçün binalar verdiyini, hətta onlara maliyyə yardımı təklif etdiyini bildirmişdi. Der Spiegel jurnalistləri “Kibercəbhə Z”-ni Priqojinin “yeni trol ordusu” adlandırıblar.  Priqojinin “trol fabriki” 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilmişdi. Vaşinqtonda əmindirlər ki, Priqojinin “trol fabriki” saxta sosial şəbəkə hesabları yaradaraq dezinformasiya yayıblar və ictimai rəyi manipulyasiya etməyə çalışıblar.  Priqojinin “trol fabriki” fəaliyyətini dayandırsa da, sosial şəbəkələrin Azərbaycan seqmentindəki Rusiya trolları fəaliyyətini daha da gücləndiriblər. Belə görünür ki, sosial şəbəkələrin Azərbaycan seqmentindəki trollar Priqojinin “trol fabriki”ndən deyil, başqa mərkəzdən idarə olunurlar. Azərbaycan ictimai rəyini manipulyasiya etməyə çalışan, dezinformasiya yayan trolların qısa adı “Rossotrudniçestvo” olan Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin Bakıdakı ofisi tərəfindən idarə olunduğu güman edilir. Avropa İttifaqı hələ ötən ilin yayında “Rossotrudniçestvo”-ya qarşı sanksiya tətbiq edib. Azərbaycanın da bu sanksiyaya qoşulmalıdır.  Təhlükəsizlik məsələləri üzrə dünyca nüfuzlu ekspertlər “Rossotrudniçestvo”-nu Rusiya xüsusi xidmət orqanlarının qeyri-rəsmi şöbələri hesab edirlər. Bütün bunlara görə, “Rossotrudniçestvo”-nun Azərbaycandakı ofisi bağlanmalı, fəaliyyəti qadağan edilməlidir. Xəqani Cəfərli, siyası şərhçi 

"İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur" - Şahin Cəfərli

Gədəbəydəki hadisədə polis nəfərinin yaşlı anaya qarşı tamamilə qeyri-adekvat, gərəksiz, ağıl və məntiqdən uzaq hərəkəti haqlı olaraq hər kəsi qəzəbləndirib.  Lakin həmin epizod nəhəng problemin çox kiçik bir təzahürüdür. Bu hadisə kontekstində Azərbaycanda 2 fundamental problemdən söz açmaq lazımdır:  Birincisi, ölkədə hüquq və azadlıqların təminatı sahəsində onsuz da acınacaqlı olan vəziyyətin daha da ağırlaşması gerçəyi.  Azərbaycan Respublikası dövləti Konstitusiyasının İkinci Bölmə - III Fəslində qeyd olunmuş qırx yeddi maddənin çoxsaylı bəndlərinin mütləq əksəriyyəti tamamilə formalitədən ibarətdir və icra olunmur. Dövlət hakimiyyətini həyata keçirənlər dövləti öz vətəndaşına xidmət edən deyil, öz vətəndaşını əzən mexanizmə çeviriblər. Nəticədə vətəndaş özü də vətəndaş olmaqdan çıxaraq rəiyyətə, təbəəyə çevrilib.  İkinci məsələ Azərbaycanda ekoloji problemlərin getdikcə kəskinləşməsidir.  Çox təəssüf ki, hamımız bu mövzunu tamamilə diqqətdən kənarda qoymuşuq, halbuki söhbət Azərbaycanın təbiətinin, havasının, su hövzələrinin, bir sözlə, insanın yaşaya bilməsi üçün zəruri olan ekoloji sistemin vəziyyətindən gedir. Konkret Gədəbəydəki hadisəyə qayıtsaq, məlumdur ki, qızıl mədənçiliyində istifadə edilən sianid (Türkiyədə siyanür deyilir) ətraf mühitə çox ciddi zərər verir. (Bu sahəni bilənlər və kimyaçılar ətraflı məlumat verə bilər.) Buradan gəlib çıxırıq ekoloji maariflənmənin və ekoloji hərəkatın nə qədər həyati olduğu mövzusuna... İçdiyimiz suyun, udduğumuz havanın, yediyimiz qidanın tərkibinin normalara nə dərəcədə uyğunluğu və ümumən bu ölkəni gələcək nəsillərə hansı vəziyyətdə ötürdüyümüz ekzistensial məsələdir.    Biz müstəqil vətəndaş cəmiyyətinin bir toplum üçün nə qədər vacib olduğunu hələ tam dərk edə bilməmişik. Cəmiyyətdə ekoloji maariflənmənin aparılmasında məhz vətəndaş cəmiyyəti və digər demokratik institutlar (xüsusən azad media) əsas rol oynamalıdır. Onlar fasiləsiz şəkildə bu problemi ölkənin gündəmində saxlamalıdır, dinc etiraz aksiyaları təşkil etməlidir (azad media bu aksiyaları işıqlandırmalı, siyasi partiyalar səslənən tələbləri hökumətin qarşısında qoymalıdır), əhalidə, xüsusən gənc nəsillərdə ekoloji şüurun formalaşmasına çalışmalıdır. Normal ölkələrdə belədir. Lakin bizdə müstəqil vətəndaş cəmiyyəti demək olar ki, ortadan qaldırılıb. Qeyri-müstəqil QHT-lərin məmur biznesinin və ya siyasi iqtidarın maraqlarına aid mövzulara müdaxilə etməyəcəyi, heç məmur biznesi və iqtidar maraqlarının olmadığı məqamlarda da bu məsələlərlə bağlı özünü yormayacağı isə məlumdur.  ... İnsan haqlarından, demokratiyadan danışanda bəzən qıcıqlananlar, cırnayanlar olur. Son vaxtlar (xüsusən Qarabağ müharibəsindən sonra) “demokratiya, insan haqları yox, təhlükəsizlik daha önəmlidir” deyib, bir-birini inkar etməyən, əksinə, tamamlayan bu anlayışları ayıraraq əks qütblərə yerləşdirən adamları (hətta partiya liderlərini) çox görür və eşidirik. Halbuki hüquq və azadlıqların durumu ölkənin, xalqın gələcəyinə bilavasitə, müəyyənləşdirici təsir göstərən məsələdir, bu hüquqların təminatı isə konstitusion tələbdir. Şahin Cəfərli, politoloq

Dürüst siyasətçi, dürüst siyasət ola bilərmi ?

Ümumiyyətlə müşahidələr göstərir ki, siyasətlə məşğul olan insanları həmişə etibarlı saymırlar. Azərbaycan kimi ölkələrdə siyasətçilər haqqında qaranlıq təsəvvürlər mövcuddur. Avtoritar və ya totalitar ölkələrdə əzilən, əziyyət görən xalqın bu rəyi hesab edirəm ki, təbii görünməldir. Bir çox ölkələrdə uzun illərin mənzərəsi bunu ortaya qoyub. İnsanların etibar etdiyi, arxasınca getdiyi, inandıqları siyasətçilər onları yarı yolda qoyub, pul, vəzifə, mandat qarşılığında maraqlarını müdafiə etdiyi insanları məğlubiyyətə, mənəvi sarsıntılara düçar edərək əks düşərgəyə keçib və dahada azğınlaşaraq simasızlaşıblar. Bunu görən sadə insanlar isə siyasəti belə təsəvvür etməyə başlayıblar. Xəyanət, pul qarşılığında satılmaq, mandata görə xalqı yarı yolda qoymaq siyasi inamı, siyasi dürüstlüyü yaddaşlarda arxa plana keçirib. Bu qeyd olunanları əlbəttə ki, bütün siyasətçilərə, siyasi fəaliyyətlə məşğul olanlara aid edilə bilməz. Amma siyasi əhval-ruhiyyə o qədər çirkablaşır ki, yaxşı kimi tanıdığın siyasətçilərə belə şübhə ilə yanaşmağa başlayırsan. Düşünürsən ki, görəsən budamı kiminsə əlinə işləyir, kiminsə adamıdır ? Özün-özlüyündə sual edirsən. Ümumiyyətlə şübhə çox gözəl bir şeydir. Şübhə həqiqətin açarıdır. İnsanı araşdırmağa, həqiqəti bütün çalarları ilə görməyə, daha çox öyrənməyə, məlumatlanmağa sövq edir. Şübhə insanı tələsik qərarlar verməyə sövq etməməlidir. Mükəmmələşməyənə qədər mövqeyini özündə saxla. İnana biləcəyin dürüst siyasət adamı xalqın içərisindən olan, xalqa daha yaxın, xalqın dərdini özününkü bilən, xalq maraqlarını hər şeyin üstündə bilən adamlar ola bilər. Bunu bəlkə müəyyən etmək bir az çətin olsun, amma gəldiyi qısa yola baxmaq ilkin müşahidə üçün yetərli hesab oluna bilər. Yeni dövrdə bütün bunlar daha əlçatan və rahatdır. Dürüst siyasətə gəldikdə isə bu bütün mütərəqqi ölkələrin uğurlarının əsas açarıdır. Dələduz, oğru, cinayətkarlar heç bir zaman xoş mənzərə yarada və ya düzən qura bilməzlər. Bütün gözəlliklər dürüst adamların əsəridir. Özünəmünasibət, ətrafındakı insanlara, gələcəyə sağlam yanaşma dürüst siyasətin təməl özülüdür. Özünəmünasibətlə etibarlılıq qazanmaq, ətrafındakı insanların inamını hər zaman qorumaq və bu dəyərləri gələcəyə ötürmək. Dürüst siyasətin əsasında etibarlılıq qazanılır, şəffaflıq qorunur və bütün bunların nəticəsində hesabatlılıq təmin edilir. Dürüst siyasət xalqın saflaşan və saflaşmağa meyilli ruhundan doğur. Dürüst siyasəti xalq öz soyuducusunda, uşaqlarının geyimində, yaşadığı məkanın görüntüsündə, ictimai nəqliyyatda, məktəbdə, xəstəxanada, dövlət idarələrində görə bilər. Bunu hansı formada görürsünüzsə ölkənizdə ki, siyasətçilərin nə qədər dürüst olduğunu anlaya bilərsiniz.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Güllü paltar geyinmək ayıbdır, yoxsa xalqın malını talamaq?

Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox.  Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır.  Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır.  Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar...  Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən?  Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur?  Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir.   Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq?  Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist 

MENAQVE

Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri  çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm.......                    Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)

DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK

Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və  köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin,  keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət

Can ay başına Vətən daşı düşən vətəndaş...

AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi.  Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir.  Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb.  Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb.  Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur.   Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər.  Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər.  CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy 

Ermənilər kapitulyasiya aktına imza atmamışdı?

Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı? Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki? Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı? Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi? “Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi? İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim? Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir? Dəyərli dostlar! Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır. Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır. Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir. Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır. Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər. Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr,  İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər. Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək. Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb. Elşən Əlisoy