8 avqust 1992-ci il Başkənd'in azad edildiyi gün kimi tarixə düşüb. Bu əməliyyat Azərbaycan ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyatlardan biri idi. 861 nömrəli hərbi hissənin komandiri, polkovnik-leytenant Cahangir Rüstəmovun rəhbərliyi altında həyata keçirilmiş əməliyyat nəticəsində 4600 hektardan artıq ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Əgər Başkənddə əməliyyatlar uğurlu alınmasaydı, Ermənistanla bu kəndin birləşməsi Şınıx bölgəsinin 26 kəndinin birbaşa mühasirə şəraitinə düşməsinə və Ermənistana birləşdirilməsi ilə nəticələnəcəkdi. Həmin 26 kənd ələ keçirilsəydi, bütün əsas yüksəkliklər ermənilərin nəzarətinə keçərdi.
Başkəndi Ermənistanla birləşdirən bir tək avtomobil yolu varıydı. O da Başkənd-Krasnaselsk yoludur. Bu yol da Gədəbəyin Mutudərə aşırımından keçirdi. Bu yolu ermənilər Başkənd üçün, həyat yolu adlandırırdılar. Həyata keçirilmiş əməliyyatlar nəticəsində işğalçıların ayaq izləri birdəfəlik Başkənddən, bütünlükdən Gədəbəydən silinmişdir.
Bu əməliyyatlarda Gədəbəylilər ilə yanaşı milliyətcə kabardin, peşakar hərbiçi, Gədəbəydə hərbi komissar işləmiş Vyaçeslav Malbaxov, Şəmkirdən Bakı Ali Hərbi Ümumqoşun komandirləri məktəbinin yetirmələri Dilqəm Əliyev, qardaşı İlham Əliyev, Göyçə mahalından gəlmiş, Çənlibeldə yaşamış Rizvan Pirnəzərov, Özbəkistandan gəlmiş Kür qəsəbəsində yaşamış axısqa türkü İsgəndər Aznaurov və onlar kimi yüzlərlə döyüşçü, Qazax istiqamətindən Eldar Salmanov komandirliyi altında tank bölüyü, Ərəstun Hacıyevin başçılıq etdiyi artilleriya batareyası, Ağstafadan Maqsud Aşurovun rəhbərlik etdiyi reaktiv artilleriya batareyası, Daşkəsən rayonundakı batalyondan bir bölük, Bakıdan 20 nəfərə yaxın xüsusi təyinatlı dəstə və s yer almışdır. Həmin dəstə Qaradağ postundan, Şəmkir batalyonu isə Tovuz rayonunun Göyəbaxan kəndi və Gədəbəyin Saratovka kəndi istiqamətindən Başkəndə girmişdi. 8 avqust günü əməliyyat nəticəsində ermənilər Başkəndin özündə 26 nəfərə itki verməklə tamamilə oranı tərk etdilər.
Yazının hazırlanmasında 861 nömrəli hərbi hissənin silahlanma üzrə komandir müavini Dilqəm Əliyevin verdiyi məlumatlardan yararlanılmışdır.
Həmin dönəmdə çəkilmiş fotolar fotoqraf-jurnalist Kərəm Nebiyev'ə məxsusdur.
Yazını hazırladı: Ceyhun Nəbi