Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR..
Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi.
Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi.
Ağdərədəki qərargahda Sərdar Həmidovun Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi.
1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi.
"Tərtər” Özünümüdafiə Batalyonu digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar.
Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər..
AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana cəzası alıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər.
Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.
Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Tək Nəcməddin deyil, ondan qorxan bəzi müxalif şəxslər, generallar, məmurlar onun həbsdə qalmasına səbəb oldular ..
Əsl döyüşçü, əsl qəhrəman 7 ilini ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi.
Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı.
O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki..
Artıq yaxşı pullar alan həmin bəzi xain müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar..
Deyirdi..güclə nəfəs ala ala deyirdi
Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi.
Dinləmədilər onu
2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin
Qarabağ savaşında cəsarəti və bacarığı ilə ad çıxaran qəhrəmanlardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi.
Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov
Gözlərin yumanda da Vətən dedi
Ruhun şad olsun Komandir
Daha Qarabağ azaddır
Ağdərə azaddır
Xankəndi azaddır
Tərtər təhlükədə deyil
Zaur Aliyev, dosent