Əziz Şərifin `Molla Nəsrəddin`in 30 illiyi ilə bağlı `Literaturnıy Azərbaycan`da çap etdirdiyi məqalə çox baxımdan diqqətəlayiq mənbədir. O yazıda mühüm həqiqətlər var. Hətta `Molla Nəsrəddin` jurnalında gedən yazıların gerçək müəlliflərini öyrənmək üçün xeyli ipucu var məqalədə.
Qəlbini bolşevizmə təslim etmişlərdən olan müəllif, yazısına çox qiymətli bir yekun vurmuşdur. O, jurnalın və Məmmədquluzadənin fəaliyyətinə öz ideoloji və xroniki şərhini verdikdən sonra yazır:
`Yeni şərtlər(sovet rejimi-M.V) yeni yanaşma, yeni məzmun, yeni güc istəyirdi. Lakin özünün parlaq istedadına baxmayaraq Məmmədquluzadə hakimiyyətə gəlmiş fəhlə sinfinin gözləntilərini doğrulda bilmədi. Nəticədə `Molla Nəsrəddin` jurnalının adı dəyişdirilib `Allahsız` qoyuldu. Beləcə, türk mədəniyyətində olan ilk satirik jurnalın varlığı sona yetdi`
Mirzə Cəlilin həm şəxsiyyət, həm də ədib olaraq faciəsi məhz Əziz Şərifin yazdığı bu məqamdadır: fəhlə hökumətinin gözləntiləri və ya ədibin bolşevizmdən gözləntiləri.
Mirzə, dostu Nərimanova, bolşevizmə, ədalətli dəyişikliyə inanmış, aldanmışdı. Bu, elə bir aldanış idi ki...
Aldanmaq sözünü min qat aldanmaqla yükləsən belə Mirzə Cəlilin müsibətini ifadə etməz. Mirzə öz bolşevizm gözləntilərində faciəli şəkildə aldanmışdı. Mirzə zənn etmişdi ki, bolşevizm yalnız onun nifrət etdiyi zadəgan sinfini məhv edəcək, sıra ona gəlməyəcək. Mirzə yanılmışdı. Sıra təkcə ona, `Molla Nəsrəddin`ə deyil, Mirzənin övladlarına da, nəsilbənəslinə də gəldi...
Mirzə Cəlil Nərimanovun israrlı təkidi ilə Təbrizdən döndükdən sonra gördüklərindən dəhşətə gəlmiş, başına gələnlərdən sarsılmışdı. Təbrizdə xan kefində yaşayan, istədiyini yazan, yeri gələndə hikkəsini yeridən Mirzə Cəlil, Bakıda bir parça çörəyə möhtac qalmış, amansız bolşevik senzorlar hülqumuna çökmüşdü.
Həmidə Xanımın varı, dövləti, mülkiyyəti, hətta evi əlindən alınmış, böyük ailə çarəsiz bir yoxsulluğa düşmüşdü. Mirzənin ağlına gəlməyən başına gəlmişdi.
Böyük ədibin bütün fikirləri, bildikləri, etdikləri, güvəndikləri... yerlə yeksan olmuşdu.
Əslində, Mirzə Təbrizdən geri qayıtmaq istəmirdi.
Nərimanovun təkidləri - teleqramları onu yerindən edə bilməzdi. Çünkü 1920-ci ilin may üsyanında bolşeviklərin törətdikləri qətliamı öz gözləri ilə görmüşdü. Şahid olmuşdu ki, bolşeviklər Gəncədən üzü Qarabağa, ta Araza kimi tək-tək öldürmədilər, kənd-kənd yandırdılar, yox etdilər, qocalara, uşaqlara, bələkdəki çağalara belə aman vermədilər.
Təbrizdə isə `Molla Nəsrəddin`in bazarı tutmuşdu, jurnal sevilmişdi. Hətta hökumətin yasağı ilə jurnalın çıxmadığı gün Təbriz bazarı üsyan etmiş, baqqallar, tüccarlar `Molla` çıxmasa, biz də çıxmayacağıq` deyib dükanları qapatmışdlar.
Şəhər valisi geri çəkilməyə məcbur olmuşdu.
Mirzə Cəlili Həmidə Xanımın inadı Təbrizdən Bakıya dönməyə vadar etdi. Həmidə Xanım, günlərlə sürən mübahisələrin yekununda `sən getməsən də mən gedəcəm` dedi.
Bu isə başqa bir yazının mövzusudur...
Qeyd: adı çəkilən məqaləni mənə göndərdiyi üçün professor Cəmil Həsənliyə təşəkkür edirəm.
Mehriban Vəzir, yazıçı-publisist