Qadın və içki düşkünü olan general Kulakov Qarabağda nə iş görəcək ki?..

“İndiyədək hansısa bir "tüklü" əl  onu döyüş zonalarında və digər çətin ərazilərdəki xidmətdən qoruyub. İndi isə onun Qarabağdakı Rusiya kontingentinə komandan gətirilməsi böyük ehtimalla bu generalı Ukraynadakı hərbi əməliyyatlardan uzaq tutmaq məqsədi ilə atılan bir addımdır...”

“Rusiya “sülhməramlı” kontingentinin yeni komandanı, general-mayor Kiril Kulakovun xidmət yoluna nəzər salsaq, görərik ki, bu general hərbi məktəbi də, xidməti də doğulduğu Kazan şəhərində keçirib. Bu isə onu deməyə əsas verir ki, Kulakovu indiyədək hansısa bir "tüklü" əl  döyüş zonalarında və digər çətin ərazilərdəki xidmətdən qoruyub. İndi isə onun Qarabağdakı Rusiya kontingentinə komandan gətirilməsi böyük ehtimalla bu generalı Ukraynadakı hərbi əməliyyatlardan uzaq tutmaq məqsədi ilə atılan bir addımdır. Və heç bir döyüş təcrübəsi, eyni zamanda sülhməramlı fəaliyyətlərdə iştirakı olmayan Kulakovun hazırkı mürəkkəb vəziyyətdə Qarabağda uğurlu fəaliyyət göstərəcəyinə dair ehtimallarımız sıfır səviyyəsindədir.” 

Bu fikirləri Moderator.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Kremlin bu günlərdə Azərbaycan Respublikası ərazisindəki “sülhməramlı” sayılan Rusiya kontingentinin yeni komandanı təyin etdiyi  general-mayor Kiril Kulakovun hərbi və şəxsi keyfiyyətlərini xarakterizə edərkən ifadə edib.

“Bütün hallarda Azərbaycan tərəfinin Rusiya kontingentindən gözləntiləri erməni silahlılarının ərazilərimizdən tam çıxarılmasından, onlara aid silah və texnikaların Azərbaycana təhvil verilməsindən və Qarabağın dağlıq hissəsindən didərgin düşmüş vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıdışının təmin edilməsindən ibarətdir”,- açıqlamasının davamında həmsöhbətimiz nəzərə çatdırıb. 

“Ancaq, təəssüf ki, Rusiya “sülhməramlı”ları hazırkı durumda minimal vəzifələrini belə, yerinə yetirə bilmir. Dəfələrlə erməni terrorçu qüvvələri tərəfindən Azərbaycan ordusunun mövqeləri istiqamətində atəşkəs pozuntuları baş verir, rus hərbçilərin gözü qarşısında Azərbaycanın mülki təyyarələrinə radio-maneələr yaradılır və ən əsası, sülhü təmin etməli olan Rusiya hərbi kontingenti erməni separatçı silahlılarının kuryerinə çevrilir. Özləri üçün ən acınacaqlısı isə odur ki, Rusiya kontingentinin hərbçiləri ermənilər tərəfindən fiziki zorakılığa məruz qalır. Odur ki, Rusiya auditoriyasında qadın və içki düşkünü kimi tanınan Kulakovun da Qarabağda ciddi nailiyyətlərə imza atacağını gözləmirəm”- deyə hərbi ekspert vurğulayıb.

Share on Facebook