Körpələrin silahı olmur

Körpələrin dini olmur Körpələrin peyğəmbəri olmur Körpələrin məscidi, kilsəsi, sinaqoqu olmur Körpələrin "İncil"i, "Quran"ı, "Tövrat"ı olmur Körpələrin milləti olmur Körpələrin siyasi baxışları olmur Körpələrin vətəni anasının qucağı, atasının çiyinləridir Körpələrin vətəni də olmur Körpələrin silahı olmur Körpələrin gülüşü olur Körpələr ölümü də tanımır Böyüklərin - qatillərin, canilərin, cinayətkarların başlatdıqları müharibələrdə ölənədək heç bir körpə ölumü tanımır Bir körpənin ölümü tanıdığı dünyada ədalət də yoxdur, vicdan da, mərhəmət də. Rəşad Ergün

Bişmiş balığın gülməyi

Biri var imış, biri yox imiş. Qədim zamanlarda uzaq diyarların birində bir padşah var imiş. Bu padşahın arvadı öz isməti, ərinə öz sədaqəti ilə dillərdə dastan olmuşdu. Nə o padişahdan başqa bir kişi görmüşdü, nə də başqa bir kişi onu. Padşahın arvadı o qədər sədaqətli idi ki, dilinə heç erkək heyvan əti belə dəyməmişdi. O, ancaq dişi quşların və heyvanların əti ilə qidalanar, bunu özünə fəxr bilərdi. Günlərin bir günü bir balıqçının toruna qeyri-adi gözəlliyə malik bir qızıl balıq düşdü. Ətrafdakı digər balıqçılar bu qeyri adi balığın gözəlliyinə heyran olmuşdular. Təcrübəli balıqçılardan biri bu balığa heç vaxt bizim sularda rast gəlmədiyini söyləyərək, onun başqa ölkələrin sularından gəldiyini söylədi. Balıqçı bu balığı padşaha hədiyyə etmək qərarına gəldi. Düşündü ki, həm padşahın nəzərində hörmət qazanmış olar, həm də padşahın ona verdiyi ənam,  onun adı günlərdəki gəlirindən daha çox qazanc əldə etmiş olar. Tutduğu balığı padşaha hədiyyə etmək üçün onu saraya gətirdi. Padişah bu hədiyyədən çox məmnun oldu və balıqçıya ənam verərək onu yola saldı. Sarayın baş aşbazını çağırıb, balığın arvadı üçün ləziz şəkildə bişirilməsinə əmr verdi. Sarayın baş aşbazı əmri yerinə yetirərək balığı bişirdi və padşahın arvadının süfrəsinə gətirdi. Gözəl hazırlanmış balığı görən xanım ərindən soruşdu: – Padşah sağ olsun, biz necə bilə bilərik, bu balıq erkəkdir, yoxsa dişi? Gözlənilməz sual qarşısında özünü itirən padişah cavab verməyə macal tapmamış, arvadı bir az əsəbi və bir o qədər də nəzakətlə dilləndi: – Qibleyi aləm, axı mən erkək heyvan əti yemirəm, bunu ki, sən özün bilirsən… Balığın erkən və ya dişi olduğunu bilməsəm onu necə yeyə bilərəm? Padşahın arvadı sözünü yenicə bitirmişdi ki, qeyri-adi bir hadisə baş verdi. Bişmiş balıq qəflətən qəh-qəhə çəkərək güldü. Gördükləri mənzərə qarşısında çaşıb qalan padişah və arvadı bir müddət təəccüblə bir-birlərinin üzünə baxmaqla kifayətləndilər. Hadisənin təsirindən çıxan kimi padşah bu olayın izah edilməsi üçün ölkənin bütün bilicilərini, münəccim və alimlərini saraya çağıraraq, bu sirrin açılması üçün onlara əmr verdi. Bilicilərin müxtəlif cavabları  padşahı qane etmədiyi üçün, onun əmri ilə onlar bir-bir dar ağacından asılırdılar. İş o yerə çatmışdı ki, artıq bir dar ağacı bəs etmədiyi üçün, yeni dar ağacları qurulurdu. Günlərin bir günü vəzir padşahın hüzuruna gələrək saraya ucqar kəndlərin birindən bir qocanın gəldiyini və bu sirri aça biləcəyini dedi. Padşahın əmri ilə qoca saraya gətirildi. Qoca ədəb-ərkanla padşaha təzim etdi. Padşah və arvadı həmin hadisəni qocaya nəql etdilər. Qoca balığın niyə güldüyünün səbəbini bildiyini padşaha söylədi. Dərhal padşahın əmri ilə şəhər əhli meydana toplaşdı. Padşah üzünü qocaya tutub gur səslə dedi:- “Qoca, əgər sən bişmiş balığın niyə güldüyünü tapa bilsən, sənə ənam verib yola salacam. Yox əgər deyə bilməsən, səni də dar ağacından asdıracam”. Dünya görmüş ağ saqqallı nurani qoca müdrik görkəm alaraq  bir az fikirləşdikdən sonra üzünü xanımın gərdəyinə tutaraq dedi: ” Xanım, mən bişmiş balığın gülmə səbəbini bilirəm, bəlkə deməyim?” Padşah və xanımı təkidlə bu sirrə vaqif olmaq istədiklərini bildirdilər. Meydana toplaşmış əhali də bu fikri dəstəklədiklərini nümayiş etdirdilər. Qoca vəziyyətin gərginləşdiyini görüb dedi: ”Bişmiş balıq ona görə güldü ki, padşahın arvadı yaşadığı otağın zirzəmisində  qırx lotu gizlədilib və xanım gizlincə onlarla eyş-işrətlə məşğul olur, amma balığın erkək yoxsa dişi olmasını soruşur”. Qocanın bu sözündən sonra meydana ölü bir sükut çökdü. Padşah dərhal qocanın müşayəti llə otağın altındakı gizli zirzəmiyə  daxil olaraq  qırx bığıburma oğlanı gördü. Padşah bir anlıq əsəbləşsə də özünü tez ələ aldı və təmkinini pozmayaraq, eşiyə çıxıb qocanın yalan söylədiyini bildirdi. O cəllada qocanın boynunu vurmağı əmr etdi. Padşah bu müdrik qocadan çox qorxdu. Düşündü ki, onun ata və qardaşını zəhərləyib öldürərək hakimiyyətə gəldiyini nə vaxtsa xalqa açıb danışa bilər. Əbil Həsən

Azərbaycan xalqının qəhraman oğlu Sərdar Həmidovun adı niyə çəkilmir?

Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR.. Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını  Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi.  Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü  bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi.  Ağdərədəki qərargahda Sərdar Həmidovun  Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin  torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi.  1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi. "Tərtər” Özünümüdafiə Batalyonu  digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar.  Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər..  AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana cəzası alıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər.  Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin  ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Tək Nəcməddin deyil, ondan qorxan bəzi müxalif şəxslər, generallar, məmurlar onun həbsdə qalmasına səbəb oldular  .. Əsl döyüşçü, əsl qəhrəman 7 ilini  ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi.  Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı.  O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki.. Artıq yaxşı pullar alan həmin bəzi  xain  müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar..  Deyirdi..güclə nəfəs ala ala deyirdi   Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi.  Dinləmədilər onu 2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin  Qarabağ savaşında cəsarəti və bacarığı ilə ad çıxaran qəhrəmanlardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi. Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov  Gözlərin yumanda da Vətən dedi  Ruhun şad olsun  Komandir  Daha Qarabağ azaddır Ağdərə azaddır Xankəndi azaddır Tərtər təhlükədə deyil  Zaur Aliyev, dosent

Ölü canlar

Əbil Həsən Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.  Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.  Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı. Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.  Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.  Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.  İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.  Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.  Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.

Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin?

Bir neçə nəfər adam var. Arada girib baxıram, ümumiyyətlə susublar. Sülh tərəfdarları pis-yaxşı öz fikirlərini yazırlar, dediyim qrup isə ümumiyyətlə qaçıb gizlənib. Yoxdurlar.  Əksəriyyəti ayrı vaxt hamıya ağıl verənlərdi. Başda... Nəysə. Adlarını çəkib ana səhifələrinizi kanalizasiya iyinə qərq eləmək istəmirəm. Onsuz tanıyırsız çoxunu.  Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin? 1 cümlə yazmasın.  Görüm lənətə gəlsin o ağuya dönmüş qrantı!  Necə ola bilər ki, insan onun xalqına qarşı cinayət törətmiş adamların həbsinə sevinməsin? Vallah heç kim qana susamayıb. Hamımız sülh istəyirik. Heç kim də müharibə arzulamırdı. Amma işğalçı tərəf geri çəkilmədi, bizi aşağılamağa davam etdi, "yeni torpaqlar" dedi. Cavabı verilməliydi də.  Qarabağ probleminin həlliylə Azərbaycan avtomatik İsveçrə olmayacaq. 500 dənə problem var ölkədə, hamısı da deyilməli, danışılmalıdır. Siyasi məhbuslar, korrupsiya, sosial problemlər, insan haqları, ifadə azadlığı və s. problemlər ciddi şəkildə var və bu problemlərin həllini ardıcıl şəkildə hökümətdən tələb etmək lazımdır.   Amma bunlar, Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğu həqiqətini dəyişmir, axı. Biz zülmə, işğala məruz qalmışıq. Alçaldılmışıq.  Və bugün bu təhqiri öz üzərimizdən silirik. Nəyi pisdi?  Yoxe, deyir qələbə Əliyevi gücləndirəcək. Güya, müharibədən qabaq barrikadaya dırmaşmışdı da kişinin oğlu.  Hansı ciddi mübarizəni qoymusuz ortaya, axı? Heç kimə lazım olmayan layihələr, hesabatlar yazıb qrant alıb bağ evlərində dəmə qoyan adamlar olmusuz da.  Onun-bunun əzmi, mübarizəsi hesabına özünüzü qərb təşkilatlarına dürtüşdürüb ictimai xadim kimi gözə soxmusuz.   Axı, sizin əksəriyyətinizin heç cəsarəti olmayıb ki, normal demokratiya mübarizəsi aparasınız. Tanıyırıq da sizi.  Səhv edirsiz. Vallah, billah səhv edirsiz. Xalqımız siyasi cəhətdən naşı olsa da, fəhmlidi. Bu davranışınızı heç kim unutmayacaq. İlkin Rüstəmzadə, İctimai fəal

Heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər

Fikir verdiz, heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər.  Qadın-uşaq qatillərinin biri belə əlinə silah alıb döyüşmədi. Toyuq kimi, hinlərdə, padvallarda gizləndikləri yerdə tutuldular.  Çünki öz davalarına inanmırdılar. Haqsız olduqlarını bilirdilər.  Özlərindən sonra nə bir hekayə, nə bir mif qoya bilmədilər. Yaratdıqları kukla "Artsax" nağılı çox rüsvayçı şəkildə də bitdi. İlkin Rüstəmzadə, İctimai fəal

Başıqapazlı, üzütüpürcəkli “prezident”...

Tarixi günlərə şahidlik edirik. Yeniyetməlik, gənclik illərimiz odlu-alovlu müharibə dövrünə təsadüf etsə də, taleyimizdən şikayət etməyə haqqımız yoxdur. Son üç ildə köksümüzü qabardan o qədər hadisələr baş verib ki! Oktyabrın 4-ü doğma Cəbrayılımın düşmən tapdağından azad olunduğu gündür. İndi zəngilanlılar öz ata-baba yurdlarının çırağını yandırırlar. Qubadlının simvolu olan Bərgüşad çayı daha kədərli zümzümələr etmir. Kürəyini sıldırım qayalara söykəyən laçınlılar indi qamətlərini şah, başlarını dik tuturlar. Kəlbəcərdə bülbüllər üç ildi düşmən üçün şərqi söyləmirlər. Qoca tarixin həmyaşıdı olan qədim Füzuli yenidən qurulur, erməni barbarlığından yetərincə nəsibini almış Ağdam yaralarını sarıyır, Qarabağın incisi Şuşa bütün dünyaya səs salır... Allahın əsir mələyi - Xocalı indi rahat nəfəs alır. Ağdərədə, Əsgəranda şəhid ruhları bayram edir. Xanın nəvələri öz kəndinə - Xankəndinə qayıdıb. Möhtəşəmsən, Azərbaycan! Bu günlərin dəyərinə dəyər qatan, əhəmiyyətini artıran başqa hadisələr də baş verib. Ard-arda bu qədər şad xəbər aldığımız üçün sənə minnətdaram, Allahım! Şükür, məzlumun ahı yerdə qalmadı, zalım qandallandı. Uzun illərdən bəri Azərbaycana meydan oxuyan üç dılğır - özlərini qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" elan etmiş Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan DTX tərəfindən həbs edilərək Bakıya gətirildi. Əgər məhkəmə prosesi açıq keçirilsə, 10 milyondan çox insanın onların murdar sifətinə tüpürmək şansı olacaq. Mən hər növ qanunsuzluğa qarşı olsam da, müharibədən yetərincə zərər çəkmiş bir azərbaycanlı kimi bu adamların başına yağlı bir qapaz vurmaq hüququmu özümdə saxlayıram. Qoy tarixdə başıqapazlı, üzütüpürcəkli "prezident" kimi qalsınlar... Seymur VERDİZADƏ

“Terroru “milli dirçəliş” sayan təfəkkür və ya qonşun ermənidirsə, çomağını unutma...”

 “Bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir...”                      “Hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar...”-Uliyam Saroyan Bu gün yaşından asılı olmayaraq rastlaşdığım insanlardan ən çox eşitdiyim söz “nəhayət, bitdi” kəlməsidi. Bu kəlməni sual şəklində də verənlər var, əmr formasında deyənlər də. Hər iki deyimdə haqlı çalarlar var. Azərbaycanın son əməliyyatından sonra sürətlə baş verən hadisələr - 10 gün ərzində tərksilah prosesi, qondarma rejimin özünü buraxması, ermənilərin köçü, bizim dövlət strukturlarının artıq Xankəndində hələ kiçik miqyasda olsa da fəaliyyətə başlaması və 27 sentyabr 2020-dən başlayan uğurlu dövlət siyasəti əsas verir ki, “bəli, bitdi” cavabını verəsən. Bu kəlməni sual formasında verənlər daha çox erməniləri tanıyanlar, onların xislətinə, məkrinə, havadarlarına bələd olan insanlardır. Doğrudan da “bəli, bitdi” əhval-ruhiyyəsi bizi nə qədər sevindirirsə, düşmənin kimliyini bilməyimiz də hər zaman ehtiyatlı olmağımıza əsas verir. Ermənilər tarixən maraqlarını dilə gətirib uduzan, hətta faciə ilə üzləşən millətdi, çünki onların maraqları, məqsədləri haqsızlığa, ədalətsizliyə, yalana, böyük xülyalara əsaslandığından cəzalarını ikiqat ödəyiblər və ödəyirlər. Amma, dərs olmur. Heç bu gün baş verənlərdən də dərs çıxarmaq fikirləri yoxdur. Erməni təfəkkürü planetin harasında yaşamasından asılı olmayaraq eynidir, dəyişməzdir. Amerikada dünyaya gəlib, Ermənistanın üzünü görməyən yazıçı Uilyam Saroyan da erməni təfəkkürünü daşıyan, həm də xarakterlərinin dəyişməz olduğunu etiraf edənlərdən biridir. O uzun-uzadı yazdığı fikrin sonunda deyirdi:”.., hər şeyləri məhv olsa da, heç olmasa iki erməni bu dünyada rastlaşsa, görərsən ki, yeni Ermənistan yaradacaqlarından danışacaqlar”. İndi də elədir. Bəlkə də, son yüz ildə ən böyük məğlubiyyətlərini yaşayan ermənilər yenə də iddialarından əl çəkmirlər...  Jirayr Sefilyanın adı bizlərə hələ Serj Sarkisyanın hakimiyyəti dövründə İrəvanda polis məntəqəsini “Sasna Tsrer” adlı terror təşkilatının üzvləri ilə tutandan tanışdır. Sefilyan dünən  İrəvanda təşkil olunan mitinqdə çıxışı zamanı yenə də Azərbaycan ərazilərini tutacaqları barədə danışıb:“Biz Artsaxa qayıdacağıq. Əvvəlcə İrəvanda milli siyasi qərargah yaradılacaq. Beynəlxalq qoşunlar təhlükəsizliyin təminatı kimi Artsaxa daxil olacaq. Xalqımız bugünkü sərhədlər daxilində Artsaxa qayıdacaq. Bundan əvvəl Ermənistanda gecə-gündüz çalışmalı və dövlət quruculuğu ilə yanaşı, milli ordu müdafiə sistemini, qüdrətli Ermənistan ordusunu qurmalıdır ki, bu da tezliklə Azərbaycana işğal olunmuş torpaqlardan çıxmağı söyləyəcək. Onları yalnız Dağlıq Qarabağdan yox, aran Artsaxdan, Naxçıvandan, Çaykənddən, Şaumyandan qovacağıq...”  Deyə bilərik: “bir səfil Sefilyandı də, ağlına və ağzına gələni danışıb”, amma, məsələ bundadır ki, bu fikirlər yalnız bir erməninin qənaəti deyil, hamısının düşüncəsi gizli və ya aşkar şəkildə buna köklənib. Kilsə, diaspora bir müddətdən sonra yeni fürsətlər ideologiyası ilə uzunmüddətli təbliğata başlayacaq. Bu millət hər məğlubiyyətdən sonra özünə təsəllini qisas almaqda görüb və terrora baş vurub. 1915-ci il hadisələrindən sonra türk paşalarının qətl edilməsi, 1920-ci ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına qarşı Tiflisdə, Türkiyədə həyata keçirdikləri qətllər, keçən əsrin 70-ci illərində 30-a yaxın Türkiyə diplomatlarının xaricdə terror edilməsini unutmayaq.  Bu millət terroru məğlubiyyətdən sonra “özünəgəlmə, dirçəlmə” amili kimi dəyərləndirib fəaliyyətə keçir. Əgər “Quççi”nin erməni modeli də qisas almaq üçün “Voma” terror təşkilatına qoşulduğunu və artıq silahlı təlimlərə başladığını elan edirsə, deməli onların sayının çoxalacağı istisna deyil. Qeyd olunan terror hadisələrinin icraçılarına “Nemezis” abidəsi ucaldan millətdən bəşəri dəyər ummağa dəyməz. Perspektivdə belə bir təhlükə ilə üzləşəcəyimizi xüsusi xidmət orqanlarımızın diqqətdə saxlayacağı şübhəsizdir...  Ermənilər bütün tarixləri boyu sığındıqları imperiyaları başqa bir imperiyaya satmaqla ad çıxarıblar. Necə deyərlər, ”çörəyi dizinin üstündə” olan bu toplum indi də hər zaman onların ayağına daş qoyan Rusiyaya qarşı asi çıxıb və anti-Rusiya təbliğatını o həddə çatdırıblar ki, Rusiya hərbiçilərinin Həkəri körpüsündən Ermənistana keçməsini qadağan etmək tələbi ilə çağırışlar edirlər. “Lragir.am” saytı dünənki nömrəsində xüsusi olaraq vurğulayır ki, “Qarabağı tərk edən Rusiya hərbi kontingentinə Həkəri körpüsündən keçidə icazə vermək olmaz. Qoy, Gəncədən, Yevlaxdan getsinlər...”  Bu istiqamətdə çox dəlillər yazmaq olar, amma elə bu qeyd olunanlar da kifayət edir ki, hər zaman sayıq olaq. Məşhur bir atalar sözünü interpretasiya edib daim yaddaşımıza yazmalıyıq: “qonşun ermənidirsə, çomağı yaddan çıxarmaq olmaz”.moderator) İlham İsmayıl

Erməni generallar söz vermişdilər ki, tankları ilə Bakıya gələcəklər

Erməni generallar söz vermişdilər ki, tankları ilə Bakıya gələcəklər. Kişi kimi verdikləri sözü tutdular.  İndi tankları Qənimətlər Parkındadı, özləri də DTX-nın 4-cü mərtəbəsindəki təcridxanada.  "Kişi"lər söz demişdilər, elədilər. Halaldı. İlkin Rüstəmzadə 

Bir maraqlı sual da odur ki, Putin Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaqmı?

Vardanyanın ağlı olsa, qaçmağa çalışmazdı, elə qalıb Xankəndidə tutulardı. Bəlkə onda ermənilərin rəğbətini qazanardı. Oysa, köhnə kasıb paltarı geyinib qaçmağa çalışıb.  Məncə o, həbsdə çox qalmayacaq. Ondan nələrisə alıb buraxacaqlar, həm siyasi, həm maddi mənada.  Bir maraqlı sual da odur ki, Putin Vardanyana görə Azərbaycan hakimiyyətinə ağız açacaqmı?  Ya da onu Paşinyana hədiyyə etmək olar - müqavilə imzalanan gün.  İstənilən halda qiymətli qənimətdir.  Eşq olsun Azərbaycan əsgərinə! Mustafa Hacıbəyli

Azərbaycan Xalq Cəbhəsi Təşkilat şöbəsinin ilk müdiri - Arif bəy Abdullayev

Bu günə qədər Azərbaycanda bir çox siyasi qətllər həyata keçirilib. Maraqlısı budur ki, həmin qətlləri həyata keçirənlər, sifarişçiləri bu günə qədər qaranlıq qalmaqda davam edir. Xüsusi olaraq idealist, prinsiplərinə sadiq, öz mübarizəsindən və yolundan dönməz adamları sadəcə bir vasitə ilə dayandıra biliblər. Bu vasitə həmin adamları fiziki olaraq aradan götürmək olub. Bu siyasi qətllərdən biri 1990-cı il sentyabr ayının 25-dən 26-na keçən gecə Bakıda öz yaşadığı ünvanda amansızcasına qətlə yetirilmiş Arif Abdullayevə qarşı həyata keçirilmiş sui-qəsd hadisəsi idi. Arif Mustafa oğlu Abdullayev 1953-cü il mart ayının 5-də Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Ailədə 4 qardaş olublar. Cavanşir, Sücəddin, Tofiq və Arif. Araşdırmalarımız əsnasında məlum oldu ki, qardaşlar demək olar ki, hər biri çox istedadlı və öz işlərində bacarıqlı olublar. Arif Abdullayev Ədliyyə orqanlarında çalışırdı. Çalışdığı işlə əlaqədar bir çox önəmli xüsusiyyətləri özündə toplamışdı. İnsanları tanıma bacarığı, ünsiyyət qurmaq, məlumat əldə etmək, əldə edilmiş informasiyanı ciddi şəkildə təhlil və analiz etmək, yüksək dərəcədə təşkilatçılıq bacarığı. Özündə topladığı bu bacarıqlar onun həyatının ən əlamətdar və diqqət çəkən məqamında onun köməyinə gəlmişdi. 1988-ci ildə Azərbaycanda Xalq Hərəkatı başlayarkən Arif Abdullayevdə onun sıralarına qoşulmuşdu. 1989-cu ilin iyul ayında Azərbaycan Xalq Cəbhəsi təsis edilərkən Arif Abdullayev həmin təşkilatın Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Arif Abdullayevin xalq hərakatına qoşulması və bu vəzifəyə gətirilməsinin təfsilatı haqqında geniş məlumat əldə edə bilməsəkdə ehtimal edə bilərik ki, Arif Abdullayevin fitri istedadı, Bakı və Bakı ətrafı kəndlərdə qazandığı hörmət, münasibət çevrəsi, həmçinin bununla yanaşı qardaşının əhatəsi, həmçinin AXC lideri Əbülfəz Elçibəylə xüsusi münasibətləri rol oynamışdır. Çox təəssüf ki, Əbülfəz Elçibəylə münasibətlərinin haradan başladığı, bu qədər güvən və etimad məqamına qədər gəlib çıxması haqqında əsaslı məlumat əldə edə bilmədim. Onların hər ikisinin bu gün həyatda olmaması bunu qeyri-mümkün edir. Bununla yanaşı Əbülfəz Elçibəyində yazılarında bu münasibətlərin başlanğıcı və haradan qaynaqlandığı haqqında məlumatlara rast gəlməmişəm. Sadəcə Arif Abdullayevlə münasibətləri olmuş keçmiş Milli Qvardiya əməkdaşı Əzizağa Süleymanovun sosial şəbəkədəki “Milli Qvardiyanın yaranma tarixi” başlıqlı yazısından özümüzdə müyyən təsəvvür yarada bilərik. O öz yazısında qeyd edir: Bir gün iş yoldaşım Yusif Azayevlə bərabər Arif Abdullayevin Nizami rayonunda 8-ci kilometr deyilən ərazidə kirayə yaşadığı mənzilinə getmişdik. Arif Abdullayev bizi kirayə yaşadığı mənzilinə dəvət etmişdi. Yusif Azayev işi olduğu üçün bizimlə xudafizləşib çıxıb getmişdi. Arif Abdulayevlə bərabər onun yaşadığı mənzilə daxil olanda gözlərimə inanmamışdım, Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy Arif Abdullayevin mənzilində masa arxasında oturub kitab oxuyurdu. Elçibəyi otaqda görəndə qapının ağzındaca donub qalmışdım. Qapının kəndarında durduğumu görən Əbülfəz Elçibəy stuldan ayağa durub bizə yaxınlaşmışdı. Arif Abdullayev məni Əbülfəz Elçibəyə təqdim edərək bəyə söyləmişdi ki, Dağlıq Qarabağ bölgəsinə göndərdiyimiz silah, sursatların əldə olunmasında Əzizağa Süleymanovun böyük köməkliyi var. Xalqını sevən bir gəncdir, ona görə də sizinlə tanış etməyə cürət etdim. Əbülfəz Elçibəy belə insanla tanış olmağa dəyər deyib mənimlə əl verib görüşmüşdü. İlk tanışlıqdan Əbülfəz Elçibəyin nurani görünüşü çox xoşuma gəlmişdi. Söhbət zamanı Əbülfəz bəy hərbçi olduğumu biləndə təhsilimlə maraqlanmışdı. Bəyə hərbi təhsilimlə bərabər ali təhsilli tarixçi olduğumu söylədikdə çox sevinmişdi. Əbülfəz bəylə ilk görüşdən sonra da Arif Abdullayevin kirayə qaldığı mənzilində tez-tez görüşüb söhbət edirdik. Bəylə süfrə arxasında bir tikə çörək kəsərək dərin mənalı və məzmunlu dövlətçilik və türkçülük barəsində söylədikləri fikirlərə qulaq asmaq mənə qismət olmuşdu. Hər dəfə Əbülfəz Elçibəyin ziyarətinə gəlib, onunla görüşdükdən sonra bəyin necə dahi insan olduğunu hiss edir, ondan ayrılmaq istəmirdim. Mən indi başa düşürdüm ki, Arif Abdullayev çiyinlərindəki paqonlarında zabit rütbəsi gəzdirdiyi halda, hansı səbəbdən cəbhəçi olub, bu təşkilata qoşulub. Bəli Əbülfəz Elçibəylə bu qədər yaxın ünsiyyətdə olan hər bir insan Arif Abdullayevin tutduğu yolu tutmalı idi. Başqa yolu yox idi. Əbülfəz Elçibəy dərin biliyə malik yüksək intellektual səviyyəsi olan millətçi idi. Arif Abdullayev Azərbaycan Respublikasının müstəqilliyinin mənbəyini Əbülfəz Elçibəyin simasında görüb, müstəqilliyin mənbəyindən mənsəbinə doğru irəliləyən bir şəxs idi. 1989-cu il tarixdə vəziyyət elə gətirmişdi ki, hərbi xidmətimlə əlaqədar olaraq məni Bakıda yerləşən daxili qoşunların hərbi bölüklərin birinə yeni vəzifəyə təyin etmişdilər. Əvvəllər olduğu kimi Arif Abdullayevlə mütəmada əlaqə saxlasam da həmişəki qaydada ona silah sursatının əldə olunmasında bir o qədər yaxından kömək edə bilmirdim. Lakin keçmiş iş yoldaşım Mustafa Babayevin vasitəsi ilə Arif Abdullayevə əlimdən gələn köməkliyi edirdim. Biz Arif Abdullayevlə bundan sonra ayrı-ayrı islah əmək müəssisəsi təşkilatlarda xidmət etsək də Bakının mərkəzindəki Azadlıq meydanında xalq cəbhəsi təşkilatı tərəfindən təşkil edilmiş mitinqlərdə tez-tez görüşürdük. Xalq cəbhəsi təşkilatı getdikcə Azərbaycan Respublikası daxilində artıq güclü siyasi təşkilat olaraq real qüvvəyə çevrilmişdi. Respublikaya rəhbərlik edən şəxslər günbəgün artan Azərbaycan Xalq Cəbhəsi təşkilatının xalqa söykənən güclü təzyiqi nəticəsində Xalq Cəbhəsi təşkilatı ilə müəyyən hallarda hesablaşmaq məcburiyyətində qalırdı. Hətta bu təşkilata Nərimanov rayonunun İndiki Atatürk prospektində (keçmiş Çapayev küçəsində) yerləşən iki mərtəbəli inzibati binasında yer də vermişdilər. Hərdən Xalq Cəbhəsi təşkilatının qərargahına gəlib Arif Abdulayyevlə iş otağında görüşürdüm. Arif Abdullayev Daxili İşlər Nazirliyinin əməkdaşı kimi bu orqanının tərkibində yerləşən islah əmək müəssisəsinin birində əməliyyat müvəkkili vəzifəsində işləməklə bərabər həm də Xalq Cəbhəsi Təşkilatında təşkilat şöbəsinin müdiri vəzifəsində çalışırdı. O güclü iş bacarığı ilə cəbhəçilər arasında fərqlənirdi. Xalq Cəbhəsi Təşkilatının təşəbüsü ilə şəhərdə təşkil edilən mitinqlərin təşkil edilməsində onun müstəsna rolu var idi. Çox güclü təşkilatçılıq qabiliyyətinə malik olan bu insan gecə-gündüz çalışır, yorulmaq bilmirdi. Əzizağa Süleymanovun bu qeydlərindən anlamaq olar ki, Arif Abdullayevin fəaliyyəti nədən ibarət olub. Arif Abdullayevin Azərbaycan Xalq Cəbhəsi Təşkilat Şöbəsində müdir çalışdığı zaman onunla sıx təmasda olan bir sıra insanlardan məlumat almağa çalışdıq. İlk öncə Arif bəyin böyük dəyər verdiyi Ellada Məmmədlidən Arif bəy haqqında yaddaşında qalanları bizə danışmasını söylədim. Ellada xanım yaddaşında qalanları yazaraq bizə bildirdi: Arif bəylə ilk dəfə 1989-cu ildə Xəqani 33- də tanış olmuşdum. Tanışlığımızın səbəbkarı Vurğun Əyyub idi. İlk görünüşdən uca qamətli insanın milli dəyərlərə üstünlük verməsi , dolğun analitik qabiliyyətli və ünsiyyətdə olduğu şəxsi sanki tamamilə oxuyurmuş kimi iti baxışları var idi . AXC-də tutduğumuz ictimai vəzifədən dolayı , biz onunla tez-tez görüşməli olurduq. Mən AXC-nin 26-lar indiki Səbayıl r-nu İdarə Heyətinin üzvü kimi o, isə AXC Təşkilat şöbəsinin müdiri kimi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra AXCnin Zivər Əhmədbəyov küçəsində yerləşən qərargahında hər gün iş vaxtından sonra gördüyümüz işlər haqqında fikir mübadiləsi aparırdıq. Sözarası , mənə təşkilat şöbəsində işləməyi təklif edirdi. Deyirdi, gəl sənə bütün işləri təhvil verim , özüm digər işlərlə məşğul olum. Sənin kimi köməkçiyə böyük ehtiyac var qərargahda . Həmin vaxtlar , Bakı şəhər sovetində işləyirdim, birdəfəlik qərarlaşa bilmirdim. 1990-cı il 30 sentyabrda Ali Sovetə seçkilər keçiriləcəkdi , bununla bağlı AXC Ali Məclisinin qərarı ilə bütün rayon təşkilatları seçkiyə hazırlaşırdı. AXC qərargahında qaynar həyat var idi. Hər kəs sənədlərin təsdiqi və əlavə məlumat əldə etmək üçün təşkilat şöbəsinə müraciət edirdi. Böyük enerji potensialına malik olan Arif bəy bütün bunların öhdəsindən məharətlə gəlir , eyni zamanda qərargahın abadlaşdırılmasına ( rus qoşunları 20 yanvar hadisələrində qərargahı darmadağın etmişdilər, bütün otaqların şüşələri, qapıları sındırılmış, sanki bir xarabalıq yaratmışdılar) , səliqəsinə xüsusi diqqət yetirirdi. Şəxsi tanıdıqlarının vasitəsilə evlərdən , çayxanalardan stullar əldə edirdi. AXC İdarə Heyətinin bir çox üzvlərinin mühafizəsini də təşkil edirdi . Sərt-iti baxışlı Arif bəyin böyük ürəyi var idi. Demək olar ki, o, millət fədaisi idi, tezliklə vətəninin rus imperiyasından azad olmasını istəyirdi və bu yolda boynuna hansı yük düşürdüsə , onu məharətlə icra edirdi. Seçki ərəfəsində çoxlu şantaj xarakterli xəbərlər gəlirdi , Qardaşlıq, Bakılı cəmiyyətlərilə yanaşı iqtidarın digər qoçu təfəkkürlü şəxslərindən . Bütün bunlara baxmayaraq, AXC yerlərdə seçkiyə ciddi hazırlıq işləri görürdü, mövcud iqtidarın bütün baryerlərini konstitusiyaya müvafiq aşırdı. Sentyabr ayı yaxınlaşdıqca, yerli sovetliklər tərəfindən əngəllər törədilirdi. Məsələn, Səbayıl rayonunda 9-cu dairə ilə 10-cu dairənin ərazi dislokasını dəyişməyə başladılar. Dislokasiyanın əvvəlki vəziyyətinə qaytarılması üçün 1 həftədən çox vaxtımı Ali Sovetin məsul şəxsləri ilə mübahisəyə sərf etmişdim. Nəhayət , Seçki Komissiyasının sədri Əli Kərim oğlu Həbibovun qəbuluna düşəndən sonra bu məsələ həllini tapmışdı . Bu kimi lüzumsuz işlərlə yerli orqanlar seçkinin son günlərində AXC üzvlərini yorurdu və belə işlərin öhdəsindən gəlməkdə Arif Abdullayevin məsləhətləri yardım edirdi. Arif bəy xüsusi istedadlı insan idi . Bəzən deyirlər, əvəzedilməz şəxs yoxdur. Bu ifadə düzgün deyildir . İllər ötdükcə hiss edirsən ki, Əbülfəz Elçibəyin, Vurğun Əyyubun o cümlədən Arif Abdullayevin yerini heç kim verə bilmir. Çünki onlar əvəzedilməz şəxslər idi. Onlardan öyrənməli çox şeylər var idi. Çox təəsüf ki, zalım düşmən əli Arif Abdullayevi seçkiyə 4 gün qalmış qətlə yetirdi , AXC üzvlərinə sarsıdıcı zərbə vurdu. Sonra AXC Təşkilat Şöbəsinin o zamankı üzvü İlqar Verdiyevlə əlaqə yaratdım. İlqar Verdiyev onunla çox yaxın münasibətdə olduğunu bildirir. Davamlı olaraq təşkilati işlərlə bağlı ünsiyyətdə olurduq və bildiklərini bizə aşılmağa çalır, istiqamətləndirirdi. AXC yarananda İdarə Heyəti var idi, amm ciddi təşkilatı sturuktur mövcud deyildi. Bu işləri Arif bəy qurmağa başladı. 20 yanvardan sonra AXC-də nəzarət artırıldı, giriş-çıxış yoxlamaları ciddiləşdirildi, təşkilatlanma işi gücləndirildi. Bu fəaliyyət isə narahatlıq yaratmaya bilməzdi. İlqar Verdiyev Arif Abdullayevin qətlə yetirilməsindən sonra onu evinə gedib, ilk görən şəxsdir. İlqar bəy qeyd edir ki, qərargaha gəldim, Arif bəyi axtardım qərargahda yox idi. Sənədə möhür vurmaq lazım idi, birbaşa onun 8-ci kilometrdəki mənzilinə getdim və gördüyüm mənzərə məni dəhşətə gətirdi. Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında “Qətl necə həyata keçirilib” başlıqlı yazıda qeyd olunur ki, Arif bəy sentyabr ayının 25-də axşam saat 21-də AXC qərargahından çıxıb Səkkizinci Kilometr qəsəbəsindəki yerləşən evinə gedib. Bir gün işdə olmamışdır(26 sentyabr günü). Sentyabrın 27-də AXC Təşkilat şöbəsinin üzvü İlqar Verdiyev onun yaşadığı evə getmişdir. Arifin öldürüldüyünü görüb, AXC qərargahına, milisə zəng edib. İ. Verdiyev: Mən Arifin mənzilinə çatanda onun qapısını açıq gördüm. Əvvəlcə onu səslədim. Səs gəlmədi. İçəri keçəndə dəhşətli mənzərə ilə qarşılaşdım: Arifi öldürmüşdülər… Mən AXC qərargahına, milisə və təcili yardıma zəng etdim. Bir azdan Bakı şəhər Məhkəmə eksperti gəldi. İlk yoxlamadan aydın oldu ki, Arifin sağ gözünün altından güllə ilə vurublar. Bədəninin döş və kürək nahiyələrindən 10 bıçaq yarası var idi. Hadisənin 26-da baş verdiyi güman olunur(Azadlıq səh 4). İlqar bəy qeyd edir ki, AXC qərargahına, İsa Qəmbərə zəng etdim, o qətl hadisəsi baş verən yerə gəldi. İsa Qəmbər gördüyü mənzərədən dəhşətə gəldi və Arif bəyin nəşinin yanında əyildi. İlk dəfə idi İsa Qəmbərin gözündən yaş gəldiyini görürdüm. Ədalət Tahirzadə “Meydan: 4 il 4 ay” kitabında qeyd edir ki, eşitdik ki, AXC Təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz evində öldürülüb. Canilərin kimliyi bilinmir. Əslən Gədəbəy rayonundan olan Arif bəy milis işçisi idi və yoldaşlarımızın deməsinə görə Cəbhəyə şübhəli adamların soxulmasının qarşısını qətiyyətlə alırdı. İlk baxışda kobud, qaraqaqab adam təsiri bağışlasa da əslində çox mehriban adam idi. İşə ilk vaxtlar başladığı zaman aramızda anlaşmazlıqda olmuşdu. Ancaq tezliklə dil tapdıq. Bir neçə gün qabaq o, Aydın Məmmədov və mən redaksiyamızla stadion arasındakı bağda – çayxanada oturub söhbətləşirdik. Gördüm ki, çox məlumatlı adamdır. Əsasən Azərbaycandakı etnik problemlərdən danışırdıq. Arif bəy indiki hakimiyyətin antitürk siyasət yeritməsinin başlıca səbəbini onun həlledici pillə kadrlarının kökcə qeyri-türk( iranmənşəli) olmalarında ( pasportlarında azərbaycanlı termini altında gizlənərək) görürdü. Redaksiyada və Cəbhədə gedən söhbətlərdə Arif bəyin qətli iki cür yozulur: 1. Cəbhəyə soxulmaq və burada nüfuz dairəsi yaratmaq istəyən yaramaz adamların onu aradan götürməsi 2. 8 sentyabrda Azadlıqda çıxmış “qoçulara ehtiyac qalmadı” yazısına görə “qoçuların” ondan qisas alması. Mən birinciyə daha çox inanıram, çünki onun prinsipiallığının bəzi adamları necə narahat etməsini duyurdum. Olduqca ürəkgöynədən itkidir. Ölməli oğul deyildi…(səh 156-157). Azadlıq qəzetinin 4 oktyabr 1990-cı il sayında Arif Abdullayevin qətli ilə bağlı AXC İdarə Heyətinin bəyanatı yayımlanıb. Bəyanatda qeyd olunur ki – “AXC İdarə Heyəti belə hesab edir ki, Arif bəyə qarşı bu qəsd siyasi terror aktı olub son dövrdə müxtəlif qüvvələrin AXC-yə qarşı apardığı şantaj, təzyiq və təqibin tərkib hissəsidir. Arif bəyin AXC rəhbərliyi birliyinin möhkəmləndirilməsində, AXC sıralarının şübhəli, başıpozuq ünsürlərdən təmizlənməsində, AXC liderlərinin mühafizəsində oynadığı rol, xüsusilə “Azadlıq qəzetində son çıxışları Azərbaycan Xalq hərakatı düşmənlərini quduzlaşdırmışdı. Arif Abdullayevə qarşı cinayət Azərbaycanda vətəndaş sülhünə qarşı cinayətdir. AXC rəhbərliyi ictimaiyyətə dəfələrlə izah etmişdir ki, ünvanı hamımıza yaxşı bəlli olan düşmənlərimizin bizim üçün hazırladığı fəlakət ssenarisində siyasi mübarizəni terror formasına çevirmək və beləliklə Azərbaycanı Livana döndərmək niyyəti çox mühüm yer tutur. Bu mənfur niyyət baş tutsa xalqımızı hansı müsibətlərə düçar olacağı aydındır. AXC öz açıq və gizli əleyhdarlarını xəbərdar edir ki, terror yanğını başlasa bu alovda çoxları məhv olar, nəticədə isə hamı, eləcə də xalq məğlub olacaq ! AXC İdarə Heyəti AXC üzvülərini, xalq hərakatındakı bütün silahdaşlarımızı ruhdan düşməməyə, sıralarımızı daha sıx birləşdirməyə, mübarizəni daha qətiyyətlə və əzmlə davam etdirməyə çağırırıq. Bütün cəbhəçiləri, xalqımızı əmin edirik ki, heç bir süi-qəsd bizi qorxudub vahiməyə sala, yolumuzdan döndərə bilməz !(4). 29 sentyabr 1990-cı il AXC qərargahında Arif Abdullayevlə vida görüşü keçirilir. Dərddən beli bir az əyilmiş Əbülfəz bəy ağır addımlarla söz alır və hüzünlü səsi eşidilir: Arif özünü demokratik mübarizəyə həsr etmişdi. O, səadətini bu mübarizədə tapmışdı. Arifin bu sözlərini gənclərimizə çatdırmaq istəyirəm: Ağır gündə sınmamaq və əyilməmək. Qardaşı Cavanşirin məzarı başında mən də onu beləcə əyilməz gördüm. Cavanşir Əfqanıstanda aparılan haqsız müharibənin qurbanı oldu. Arif də qurbandır – Azadlığımız yolunda gedən mübarizənin qurbanı. Son iki ayda Arif aramızdan gedən üçüncü qurbandır. Şəhidlərimizin ruhu bizimlədir. Azadlıq qəzetinin 11 oktyabr 1990-ci il tarixli sayında AXC sədri Əbülfəz Elçibəyin Azərbaycan SSR prokuroru İsmət Qayıbova müraciəti dərc edilmişdi. Müraciətdə qeyd olunur ki, meyidin ilk müayinəsindən məlum olmuşdur ki, zərərçəkənin bədəninə və baş nahiyəsinə kəsici-deşici və küt alətlərlə çox sayda zərbələr vurulmuşdur. Məlum ölüm işi üzrə tibbi, trassoloji və ballistik və b. ekspertizalar təyin edilməli və aparılmalıdır. Bundan başqa cinayətin siyasi motivlərlə əlaqəsi olub-olmadığı da diqqətlə araşdırılmalıdır. Hadisənin xarakteri və mürəkkəbliyi işin istintaqının ölüm işləri ilə üzrə yüksək peşə hazırlığı və iş təcrübəsi olan şəxslərə həvalə edilməsini tələb edirəm. Qeyd edilən mülahizələrə görə AXC İdarə Heyəti sizdən xaiş edir ki, mərhum Arif. M.Abdullayevin qətli ilə əlaqədar cinayət işinin istintaqının Nizami rayon prokurorluğunun icraatından alınıb rəhbərlik etdiyiniz respublika prokurorluğunun xüsusi istintaq qrupuna tapşırılmasına sərəncam verəsiniz( səh 6). Azadlıq qəzetinin 7 noyabr 1990-cı il tarixli sayında Əbülfəz Elçibəyə Azərbaycan SSR Prokrorluğunun İstintaq İdarəsinin rəis müavini, Ədliyyə müşaviri A.Ə.Ağayevin cavab məktubu çap edilmişdi. Cavabda bildirilir ki, A.M.Abdullayevin qəsdən öldürülməsinə dair cinayət işi Nizami rayon prokurorluğunun icraatından götürülmüş, istintaqın aparılması Bakı şəhər prokurorluğunun baş müstəntiqi M.C.Cəfərova tapşırılmışdır. Həmin cinayət işinin istintaqı Azərbaycan SSR prokrorluğu tərəfindən nəzarətə götürülmüşdür( səh 5). Çox təəssüf ki, istintaq Arif Abdullayevin qatillərini tapa bilmədi. Bu günə qədər Arif bəyin qatilləri qaranlıq olaraq qalmaqdadır. Arif bəyin qətli ilə bağlı cinayət işinin üstünün açılmaması Əbülfəz Elçibəyi ən çox narahat edən bir məsələ idi. İlqar Verdiyevin dediklərinə əsasən Əbülfəz Elçibəy hakimiyyətdə olduğu dönəm 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifəsi icra etmiş Çingiz Qənizadəyə bu işin ciddi şəkildə üzərinə düşməsini tapşırmışdı. Əgər bu qətl hadisəsinin üstü açılmasa 1il sonra istefa verəcəyini bildirmişdir. 1997-ci ildə Elçibəy Naxçıvandan Bakıya dönərkən ilk ziyarət etdiyi yer Arif Abdullayevin Maştağadakı məzarı olmuşdu. Bu Arif Abdullayevin əsl kimliyinə, milli tariximizdə buraxdığı ölümsüz izə böyük ehtiram və sayğı idi. AXC Təsərüfat şöbəsinin müdiri olmuş Fəxrəddin Hilalov moderator.az’a müsahibəsində qeyd edir ki, 1990-cı il may ayının 28-də səhər saat 10-da Türkiyədən birbaşa canlı yayımla bizim bayraq sancma mərasimi olmalıydı. Həmin gün o vaxtkı Kommunist küçəsi, həmçinin də ara küçələr ağzına qədər insanla dolu idi, hamısı 28 Mayı qeyd etməyə yığışmışdı. O vaxt mənim bir köhnə maşınım vardı və demək olar ki, Bəy çox yerə mənimlə birlikdə gedirdi. Həmin gün səhər getdim Bəygilə, Bəyi də, rəhmətlik Arif Abdullayevi də götürüb Əlyazmalar İnstitutunun qarşısına gəldik. Gördük ki, institutun girəcəyində yerə xalça salıblar, mikrofon quraşdırıblar. Rəhmətlik Bəxtiyar Vahabzadə, Ədalət Əzizov, səhv etmirəmsə, Allahşükür Paşazadə də oradaydı. Bəy gələndən sonra çıxış etdi və tədbir başladı. Hər şey hazırlıqlı olsa da Bəydə bir gərginlik var idi. Çıxışı bitəndən sonra Bəy, Arif Abdullayev və mən bayrağı sancmaq üçün İnstitutun damına qalxdıq. Çox sevincli və qürurluyduq, sevincdən üçümüzün də əl-ayağımız əsirdi. Arif rəhmətlik boy-buxunlu adam idi, mənə dedi ki, sən bayrağı götür qabaqda qalx, elə də etdik. Həmin məkana çatanda istədim ki, sevincimizə bir qədər də sevinc qatam və Bəyə yarızarafat dedim ki, nəsə bayrağın yeri dəqiq olmayıb. Bəy bir an dayanıb mənə tərs-tərs baxdı, başladı danlamağa. Gülümsünüb dedim ki, səbr elə, zarafat etdim, hər şey yerindədir. Nə isə, bayrağı sancdıq, sonra üçümüz də elə oradaca oturduq. Aşağıdan bizə qışqırdılar ki, çəkiliş gedir, yaxşı alınmadı, bir də təkrar edin. Sən demə, damda harasa kamera yerləşdirilibmiş və bizi çəkirmişlər. 70 il sonra hakimiyyətin sovetlərə təhvil verildiyi Azərbaycan Cümhuriyyəti parlamenti binası üzərinə 3 rəngli istiqlal bayrağını sancmaq xoşbəxtliyinə nail olan 3 nəfərdən biri də Arif bəy Abdullayev idi. Bütünlükdə burada qeyd olunanları nəzərdən keçirdikdən sonra, onun Azərbaycan Xalq Cəbhəsi daxilində qurduğu sistem və ortaya qoyduğu fəaliyyət bir faktı ortaya çıxarır ki, Arif Abdullayev sıradan şəxs deyildi. Təşkilatın ürəyi Təşkilat şöbəsi olduğu kimi, fərdi mahiyyətdə də bu işi əsas siması Arif bəy idi. Bu səbəbdən Azərbaycan Xalq Cəbhəsinə soxulmaq istəyən ünsürlər, daxildə nifaq yaratmaq, birliyi pozmaq istəyən maraqlı olan tərəflər birinci dərəcədə bir səddlə qarşılaşırdılar. Bu Arif Abdullayev idi. Bu səbəbdəndə AXC-yə yaxınlaşmaq üçün zərərli ünsürlər Arif Abdullayevi fiziki olaraq aradan götürmədən öz məqsədlərinə çata bilməzdilər. Xüsusi olaraq Əbülfəz Elçibəylə yaxın münasibəti, davamlı ünsiyyət, həyata keçiriləcək bütün çirkin planlarla bağlı önəmli liderlərin əvvəlcədən xəbərdar edilməsi təşkilat üçün nə qədər əhəmiyyətli idisə, onun özü üçün təhlükə mənbəyinə çevrildi. Təşkilatı qorumaq naminə öz canını ortaya qoymuşdu. Yekunda qeyd etmək istəyirəm ki, Arif Abdullayevi qətlə yetirməkdə maraqlı olan şəxslər həmişə olduğu kimi öz varlığını qorumaqdadır. Arif bəyin şəhadətinin 32-ci ilinin tamamındayıq hələdə onun qatilləri cəzasız olaraq qalır və həmin qatilləri tapmaq, cəzalandırmaq və hüquqi məsuliyyətə cəlb etmək haqqında ciddi bir cəhdin olmadığının məyyusluğundayam. Tək mənə rahatlıq verə biləcək bir məqam o ola bilər ki, Arif Abdullayev respublika uğrunda mücadiləmizin prinsipal və dönməz siması olaraq gələcək nəsillərə əmanət edilməsi yolunda cəsur bir körpüdür və o körpü öz canı ilə mayaklaşdırdığı mübarizə yolunu dəyərləndirənlər və gedənlər çox olacaqdır !!! Ceyhun Nəbi – Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri, Araşdırmaçı-tədqiqatç

Yaxşı və yaşamalı Vətən üçün yaxşı vətənşüvənlər yox, yaxşı vətəndaşlar lazımdır

Vətən təkcə uğrunda insanlar şəhid olanda Vətən olmamalıdır. Vətən sərvətləri oğurlananda, təhsili məhv ediləndə, gölləri, çayları qurudulanda, meşələri kəsiləndə, korrupsiyanın əlində inildəyəndə, qazilər özlərini yandıranda, şəhid valideyinləri haqsızlığa uğradığında da Vətən olmalıdır. Yaxşı və yaşamalı Vətən üçün yaxşı vətənşüvənlər yox, yaxşı vətəndaşlar lazımdır. Rəşad Ergün