Əbil Həsən
Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.
Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.
Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı.
Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.
Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.
Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.
İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.
Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.
Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.