Bir neçə nəfər adam var. Arada girib baxıram, ümumiyyətlə susublar. Sülh tərəfdarları pis-yaxşı öz fikirlərini yazırlar, dediyim qrup isə ümumiyyətlə qaçıb gizlənib. Yoxdurlar.
Əksəriyyəti ayrı vaxt hamıya ağıl verənlərdi. Başda... Nəysə. Adlarını çəkib ana səhifələrinizi kanalizasiya iyinə qərq eləmək istəmirəm. Onsuz tanıyırsız çoxunu.
Necə ola bilər, axı, insan öz ölkəsinin ərazi bütövlüyünü bərpa etməsinə sevinməsin? 1 cümlə yazmasın.
Görüm lənətə gəlsin o ağuya dönmüş qrantı!
Necə ola bilər ki, insan onun xalqına qarşı cinayət törətmiş adamların həbsinə sevinməsin?
Vallah heç kim qana susamayıb. Hamımız sülh istəyirik. Heç kim də müharibə arzulamırdı. Amma işğalçı tərəf geri çəkilmədi, bizi aşağılamağa davam etdi, "yeni torpaqlar" dedi. Cavabı verilməliydi də.
Qarabağ probleminin həlliylə Azərbaycan avtomatik İsveçrə olmayacaq. 500 dənə problem var ölkədə, hamısı da deyilməli, danışılmalıdır.
Siyasi məhbuslar, korrupsiya, sosial problemlər, insan haqları, ifadə azadlığı və s. problemlər ciddi şəkildə var və bu problemlərin həllini ardıcıl şəkildə hökümətdən tələb etmək lazımdır.
Amma bunlar, Azərbaycanın Qarabağ məsələsində haqlı tərəf olduğu həqiqətini dəyişmir, axı. Biz zülmə, işğala məruz qalmışıq. Alçaldılmışıq.
Və bugün bu təhqiri öz üzərimizdən silirik. Nəyi pisdi?
Yoxe, deyir qələbə Əliyevi gücləndirəcək. Güya, müharibədən qabaq barrikadaya dırmaşmışdı da kişinin oğlu.
Hansı ciddi mübarizəni qoymusuz ortaya, axı? Heç kimə lazım olmayan layihələr, hesabatlar yazıb qrant alıb bağ evlərində dəmə qoyan adamlar olmusuz da.
Onun-bunun əzmi, mübarizəsi hesabına özünüzü qərb təşkilatlarına dürtüşdürüb ictimai xadim kimi gözə soxmusuz.
Axı, sizin əksəriyyətinizin heç cəsarəti olmayıb ki, normal demokratiya mübarizəsi aparasınız. Tanıyırıq da sizi.
Səhv edirsiz. Vallah, billah səhv edirsiz. Xalqımız siyasi cəhətdən naşı olsa da, fəhmlidi. Bu davranışınızı heç kim unutmayacaq.
İlkin Rüstəmzadə, İctimai fəal