“Əsgərlərimiz yolu azaraq, Ermənistana keçiblər. Ermənistan tərəfinin verdiyi yalan məlumatlarda isə deyilir ki, guya onlar kəşfiyyatçı olublar və s. Elə bir şey yoxdur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, aprelin 10-da Azərbaycan ordusunun Şahbuz istiqamətində itkin düşən 2 hərbçisinin yekun taleyi və onların Azərbaycana qaytarılma proseslərindən söz açıb.
Polkovnik düşünür ki, onlar yaxın günlərdə Azərbaycana qaytarılacaqlar:
“Ermənistan tərəfi yoxlayandan sonra ki onların kəşfiyyata aidiyyəti yoxdur, o zaman əsgərlərimizi bizə təhvil verəcəklər.
Doğrudur, Ermənistan bundan da sui-istifadə etməyə çalışır ki, guya onlar kəşfiyyatçılardır və s. Xeyr. Bu, təbii haldır. Dünyanın ən inkişaf etmiş ordularının əsgər və zabitləri də dumanda yolu azaraq qarşı tərəfə keçirlər. Əslinə qalsa, olmamalı idi, amma indi olub. Hər halda bundan faciə düzəltməyin tərəfdarı deyiləm. Azərbaycan rəsmiləri beynəlxalq qurumlara müraciət ediblər ki, əsgərlərimiz qaytarılsın. Mən onların geri qaytarılacağına əminəm”.
Ü. Cəfərov əlavə edib:
“Ermənilər deyir ki, guya birini Qarakilsədə bazarda, o birisini isə marketdə görüblər. Onlar hadisəni bu cür təqdim ediblər. Sonra özləri məcbur olub öz yalanlarını ifşa edib söyləyirlər ki, sən demə, onlar azərbaycanlı yox, erməni imiş.
Ermənilər özlərini gülünc vəziyyətə qoyublar. Bu, informasiya müharibəsidir və onlar bu müharibəni bu formada aparıb bütün dünyaya yayırlar ki, Azərbaycan kəşfiyyatçısı guya Ermənistan ərazisinə daxil olub, Qarakilsədə marketə girib və s. Biz də informasiya müharibəsində bu faktlardan istifadə edib onların ağzından vurmalıyıq”.
“O ki qaldı ikinci əsgərlə bağlı məlumata, məndə daha böyük əminlik var ki, ikinci əsgər İrəvanda dindirilir. Yəni ikisi də oradadır və Allah göstərməsin, əgər onların başına oyun gətirilməyibsə, yaxın günlərdə geri qaytarılacaq. Çünki ermənilərdə türklərə və Azərbaycan əsgərinə qarşı bir fobiya var. Ümid edirəm ki, ermənilər belə bir axmaqlıq etməzlər və əsgərlərimiz tez bir zamanda Vətənə dönəcəklər”, – müsahibimiz söyləyib.
Onun sözlərinə görə, Müdafiə Nazirliyi də boş oturmamalı, informasiya boşluğunu doldurmaq üçün zaman-zaman müəyyən məlumatlar verilməlidir ki, sosial şəbəkələrin erməni seqmentində bundan sui-istifadə edilməsin:
“Ehtimal edirəm ki, həmin əsgərlərimiz Bakıda saxlanılan erməni hərbçiləri ilə dəyişdiriləcək. Biz onlara terrorçu desək də, onların kimliyi bizim üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Biz öz əsgərlərimizi geri qaytarmaq üçün bəzi addımlar atmalıyıq və bəzi addımlardan biri də budur. Mən də onun tərəfdarıyam ki, əsgərlərimiz burada saxlanılan ermənilərlə dəyişsin.
Mən bir şeyin qəti əleyhinəyəm ki, 2 azərbaycanlıya görə 10 erməni dəyişilsin, yox, elə şeylər olmamalıdır. 2 əsgərə görə 2 əsgər qarşı tərəfə qaytarılmalıdır. Çünki biz indiyə qədər ermənilərə qarşı xeyli humanistlik etmişik. Ermənilərin zərrə qədər insanlığı olsaydı, bunu başa düşərdilər. Biz bu günə qədər “n” qədər ermənini onlara qaytarmışıq və əvəzində də heç nə istəməmişik”.
Hərbi ekspert təklif edib ki, beynəlxalq qurumlar da bu məsələdə Azərbaycana dəstək olsaydı, pis olmazdı:
“Ən azından onların bizə müəyyən dəstəyi ola bilər. Çünki burada söhbət gedir insan taleyindən, cavan əsgərlərdir. Əgər ermənilərdə zərrə qədər insanlıq qalıbsa, onlar o əsgərlərin heç birinin kəşfiyyatçı olmadığını araşdırandan sonra bizə təhvil verərlər.
Bəzilərini əsgərlərimizin əynindəki geyim çaşdırır. İnsandır da, ola bilsin ki, əyni-başı toz-torpaqlı olub deyə üstünü dəyişib. Bu da mümkündür. Amma bunu kəşfiyyatçı olub deyə mülki formadadır demək səhvdir. Hərçənd ki, Azərbaycan ordusunda elə bir forma yoxdur. Ola bilsin ki, orada olanda əyin-başları yaş olub və ermənilər məqsədli şəkildə onları lentə alıblar ki, qalib ordunun əsgərinin geyiminə baxın və s. Hər şey ola bilər və biz detalları onlar dəyişiləndən sonra bilə bilərik”.
“Mənə elə gəlir ki, Azərbaycan əlindən gələni edir və edəcək ki, həmin əsgərlər ölkəmizə qaytarılsın. Əgər onların başqa ölkəyə getmək fikirləri olsaydı, hər hansı bir çəkilişin aparılmasına da razı olmazdılar. Bu 1990-cı illər deyil ki, əsgərlərimiz bu və ya digər səbəblərdən qarşı tərəfə keçib oradan da üçüncü ölkəyə aparılırdılar. Lakin indiki situasiya tamam fərqlidir. Düşünmürəm ki, hərbçilərimiz oraya məqsədyönlü şəkildə gediblər. Sadəcə hava şəraiti ilə bağlı bir məsələdir və inanıram ki, yaxın günlərdə bu məsələ müsbət həllini tapacaq”, – tamamlayıb.