Artıq neçə gündür ki, fotoda gördüyünüz meydan Paşinyan hökümətinə qarşı etiraz tələbləri ilə çıxış edənlərlə dolur-boşalır. Çıxışlar üçün avadanlıq ənənəvi olaraq meydanda yerləşən Erməni Tarixi Muzeyinin qarşısında quraşdırılır, istəklər ifadə olunur, amma təsiretmə gücü zəif olan etirazçılar böyük çoxluğu meydanda ətraflarına yığa bilmirlər.
Sual doğura bilər niyə ?
Paşinyan höküməti müharibə istəmir və Ermənistan əhalisinin çoxluğu hökümətlə eyni istəkləri bölüşür. Qabaqkı illərdə kin, nifrət üzərində kökləndirilmiş əhali bu ritorikanın Ermənistan əhalisi üçün böyük faciələrə rəvac verdiyini anlayır. Hökümət və əhalinin çoxluğu artıq mütərəqqi dünyanın bir parçası olmağı seçərək Rusiyanın müəyyən etdiyi qaydalarda yer almamağı və onun doğurduğu faciələri yaşamaq istəmir.
Heçdə asan bir qərar deyil. Ermənistan bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək üçün bəlkədə olmazın məhrumiyyətlərlə üzləşəcək, amma ortaya qoyduqları iradə göstərir ki, bu işdə qərarlıdırlar. Bunun əksi olan qüvvələr, Rusiya maraqlarının təminatçısı mövqeyində görünənlər isə qızışdırmaq, ara qarışdırmaq, Paşinyan hökümətinin mövqeyini zəiflətmək üçün bütün var gücləri ilə səfərbər olublar və yaxud da olunublar. Bütün cəhdlərə rəğmən Mərkəzi Meydanı doldura bilmirlər.
Ermənistan əhalisinin həmçinin çoxluğu düşünür ki, Qafqazda münaqişə ocağının dərinləşməsi, Azərbaycan-Ermənistan arasında münasibətlərin hər zaman gərgin qalmasında 3-cü tərəf daha maraqlıdır və hər vəchlə onların üz-üzə qalmasını istəyir.
Bu gün 3-cü tərəfin dumanlı ssenarisinin hesabına Qarabağdakı erməni əhalisi ortalıqda qalıb.
Bütün bunları müşahidə edən Ermənistan əhalisinin çoxluğu yekun nəticə olaraq meydanda müharibə tələb edənlərin arasında özlərini görmək istəmirlər.
Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri