“Rusiya Xankəndi və Xocalının tezliklə Azərbaycanın yurisdiksiyasına keçməsinə imkan verməyəcək...”
“Hesab edirəm ki, Rusiya, nə qədər ki, bölgədədir, Xankəndi və Xocalının tezliklə Azərbaycan dövlətinin birbaşa idarəçiliyinə, yurisdiksiyasına keçməsinə imkan verməyəcək”.
Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Rusiyanın Yuxarı Qarabağın bir hissəsində faktiki hərbi mövcudluğu şəraitində Xankəndi, Xocalı, Ağdərə və s. məntəqələrimizi tezliklə rəsmi Bakının yurisdiksiyasına qaytara biləcəyikmi? Sualını cavablandırarkən dilə gətirib.
Analitik müəyyən səbəblərdən bu məsələdə də optimist ola bilmədiyini bildirib.
“Yalnız iki halda Azərbaycan bu iki şəhərimizin tezliklə öz yurisdiksiyasına qaytarılmasına nail ola bilər: 1. Rusiyanın tam zəifləyib Cənubi Qafqazdan əlini üzəcəyi halda; 2. Azərbaycanın Rusiyaya keçmiş Dağlıq Qarabağ ərazisində rəsmən öz hərbi bazasını qurmağa icazə verəcəyi halda...
Məhz Xankəndi və Xocalı Rusiya üçün çox önəmlidir. Elə əslində Ağdərənin özünün də strateji əhəmiyyəti vacibdir. Biz Aprel döyüşlərində də, 44 günlük savaşda da gördük ki, Ağdərə istiqamətində hücum edilməsinə baxmayaraq Azərbaycan ordusunun sonadək irəliləməsinə imkan verilmir. Düzdür, artıq ordumuzun Ağdərə şəhərinin girişinə bayraq sancmasını əks etdirən videolar yayılmaqdadır. Lakin bu şəhərin birbaşa dövlətimizin idarəçiliyinə keçəcəyi məsələsi hələ sual altındadır. Çünki Ağdərə bir növ Xankəndi və Xocalını şimal hissədən bağlayan forpostdur. Buna görə də bu məsələdə də mən optimist ola bilmirəm”,- deyə ekspert vurğulayıb.