“Bu gün Rusiya rəhbərlərinin reaksiyasından bilinəcəkdir ki, Moskva, obrazlı desək, kimi “terrorçu” təyin edəcək. Və bu teraktı kimin törətməsindən asılı olmayaraq Rusiyanın siyası maraqları kimi ittiham etməyi tələb edirsə, Kreml onu da “terrorçu” elan edəcəkdir...”
“Hələlik Moskvadakı son terakt barəsində heç bir versiyam yoxdur. Versiya o zaman olacaq ki, Rusiya hökuməti hansısa bir rəsmi mövqe ifadə etsin. Təbii ki, Rusiya hökuməti də öz marağına və atacağı addımlara uyğun da ittihamlar səsləndirəcək. Yəni bu terror aktının kim tərəfindən həyata keçirildiyi,kimin maraq və məqsədlərinə xidmət etməsi mövzusu ətrafında müəyyən bir siyasi spekulyasiya aparılacaq. Və kimisə ittiham etmək, kiməsə qarşı addımlar atmaq üçün bundan istifadə olunacaq. Mənim buna zərrə qədər şübhəm yoxdur”.
Bu fikirləri Moderator.az-açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilmiş son terror aktı haqda danışarkən ifadə edib.
“Versiyalar müxtəlif ola bilər. Mən heç bir versiya səsləndirmək istəmirəm. Çünki hələlik ortalıqda bu və ya digər versiyanın xeyrinə deyiləcək bir fakt yoxdur. Hələki “İŞİD”-ın adı hallandırılır. Bu haqda guya ABŞ kəşfiyyatı da öncədən Rusiyaya xəbərdarlıq edib. Lakin bu da inandırıcı deyil. Çünki “İŞİD” bu gün üçün faktiki olaraq mövcud olmayan, şəbəkəsi olmayan bir təşkilatdır. Hazırda “İŞİD” nümayəndələri hər bir yerdə törədilən müxtəlif terror olaylarını öz üzərlərinə götürməklə öz sıralarını bərpa etməyə, yeni üzvlər cəlb etməyə çalışırlar. Bəzi Rusiya müxalifətçiləri də deyir ki, guya bu, Rusiya hakimiyyəti daxilində ordu və “FSB” qruplaşmaları arasında mübarizənin nəticəsidir. Bir sözlə, bir daha təkrar edirəm mən hələlik heç bir versiya üzərində dayanmaq istəmirəm. Çünki bunun üçün əsas yoxdur” -deyə davamında analitik diqqətə çatdırıb.
“Sizcə, teraktın məhz azərbaycanlı(!) milyarder Araz Ağalarova məxsus obyektdə törədilməsi təsadüfdür, bəlkə bununla təşkilatçılar Azərbaycana nəsə mesaj verir?” sualını isə ekspert belə cavablandırıb:
“Terror aktının məhz Araz Ağalarova məxsus obyektdə törədilməsi məsələsinə gəldikdə, sözün düzü, mən deməzdim ki, bu hansısa mesaj xarakteri daşıyır. Yəqin ki, sadəcə orada konsertin olmasına görə insanların toplaşması səbəbindən bu qanlı olay məhz “KrokusSiti”də törədilib. Özü də həmin mərkəz Rusiyada bir elit məkan sayılır...
Bəli, bəziləri deyir ki, guya bu, Azərbaycana nəsə mesaj olub. Amma Azərbaycana mesaj vermək məsələsi olsaydı, Rusiya elə həmin terror aktını Azərbaycanın özündə törədərdi. Son onilliklərdə belə hallar dəfələrlə olubdur. Və Kremlin terror törətmək üçün yetərincə resursları var...
Hər bir halda düşünürəm ki, bu gün Rusiya rəhbərlərinin reaksiyasından bilinəcəkdir ki, Moskva, obrazlı desək, kimi “terrorçu” təyin edəcək. Və bu teraktı kimin törətməsindən asılı olmayaraq Rusiyanın siyası maraqları kimi ittiham etməyi tələb edirsə, Kreml onu da “terrorçu” elan edəcəkdir”.