“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”.
Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır:
“Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür.
Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”.
E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür:
“Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür.
Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.