Bir yaz günü Kəlbəcərə gedirdim. Tərtərdən Ağdərəyə keçəndə, yolun kənarından bir az aralıda, yeni tikilən bir evin həyətində yaşlı bir kişinin böyük bir həvəslə ağac əkdiyini gördüm. Maşını saxlayıb bir müddət onu izlədim. Əlləri torpağa bulaşmışdı, amma üzündə qəribə bir rahatlıq, bir sevinc vardı.
Yaxınlaşıb dedim:
– İçin avand olsun, əmi.
O da gülümsəyərək cavab verdi:
– Çox sağ ol, bala. Keç bəri, gedək evə, qonağım ol.
Təşəkkür edib, maraqla soruşdum:
– Əmi, Allah sizə ömür versin, çox həvəslə ağac əkirsiniz. İnşallah, bəhrəsini görərsiniz.
Ağsaqqal dayanıb mənə baxdı. Gözlərində dərin bir fikir vardı. Sakitcə dedi:
– Bala, bu yurdu övladım üçün qururam. Bu ağacları da onun və onun övladları üçün əkirəm. Bax o çinarları yurdun kənarına əkirəm ki, bir neçə nəsil onların kölgəsində oturub mənim ruhuma dua etsin.
O an hiss etdim ki, bu sadə ağsaqqal dediyi sözlə bir fəlsəfə, bir həyat anlamı söylədi. Onun dediklərini yazı ilə ifadə etmək çətindir. Hər sözündə bir nəsil, dərin bir məna yatırdı.
Dövlət də həmin o çinar kimidir. Onu əkənlərin çox zaman ömrü kölgəsində sərinləməyə çatmaz. Amma nəsillər onun bəhrəsini görər. Bəziləri anlayar, bəziləri isə “belə ağac əkərlər? ” deyə, qınayar...
Dövlətin nə olduğunu həqiqətən anlayan, onun varlığı üçün canını fəda edən insanlar bilirlər ki, bəzən qurduqları dövlətin nemətini görməyə ömürləri çatmayacaq. Bəlkə də adı onların, dadı başqalarının olacaq. Amma yenə də canla-başla qururlar o dövləti. Həyatlarını, nüfuzlarını, bəzən də ailələrini övladlarını qurban verirlər. Çünki dövlət beş illik, on illik söyüd ağacı deyil. Dövlət yüz illər, min illər üçün qurulan yurddur. Bu kişilər nə qurduqlarını çox gözəl bilirlər.
O, fədakar insanlar bilirlər ki, dövləti risqə atmadıqları üçün cəmiyyət onları anlamayacaq, hətta bəzən daş-qalaq edəcəklər. Amma onlar yenə də "təki dövlət yaşasın" deyib, sinələrini daşların qabağına verirlər. Əbülfəz Elçibəy kimi...
Bu gün anlayanlar da var, hələ düzgün başa düşməyənlər də. Amma əminəm ki, çox tezliklə bu xalq o çinarların kölgəsində oturub “ruhunuz şad olsun, biz sizi anlamamışıq, dövlət quran babalarımız” deyəcəklər.
Onu da deyim ki, yol kənarında əkilən çinarları quruduğunu görüb, onların dibinə su tökməyən hər kəs, çinarların qurumasında günahkardır.
Ruhunuz şad olsun, dövlət quran babalarımız.
Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri