Zülmətdən yol soruşduqca,
Duman ilə qovuşduqca,
Bir çınqıdan alışdıqca-
Səda qopdu öz içimdən:
– Kiməm mən?
Durulmayır, qara qanım,
Nə evim var, nə ünvanım.
Sıxıldıqca hər an canım-
Səda qopdu öz içimdən:
– Kiməm mən?
Könlüm içində min qapı,
Gəlmir ələ açam sapı.
Odda yandırdım tamahı –
Səda qopdu öz içimdən:
– Kiməm mən?
Əvvəl harda, son hardadı?
Meşə yanır, qar dagdadı.
İsmət gedir, ar dardadı –
Səda qopdu öz içimdən:
– Kiməm mən?
Haqq arayan bir bəndəyəm,
Dərd, qəm soyan bir rəndəyəm.
Bilməm məndə, ya səndəyəm-
Səda qopdu öz içimdən:
– Kiməm mən?
Zakir İsmayil