Bizdə güllü paltar geyinmək ayıb sayılır, amma rüşvət almaq, xalqın malını talamaq yox. Hamı bilir ki, pula pul deməyən nazirlərin, icra başçılarının, onların böyüklərinin varidati dövlətdən və xalqdan oğurlanmış pullar hesabınadır. Hamı bilir ki, cah-cəlal içində üzən prokurorun, hakimin, polis rəisinin var-dövləti hansısa cinayətə göz yumulması müqabilində alınan rüşvət hesabınadır. Bilir, amma demək olar ki, heç kim onları açıq qınamır. Əksinə, əksəriyyət onlarla salam kəsməyi, yaxın olmağı özlərinə şərəf sayırlar... Birisi var, adını müxalifətçi qoyub, özü tanıdığım ən zəngin adamardan biridir, çünki əli iqtidarın cibindədir. O da güllü paltar geyinməyi qınayıb. Biri ona demir, ay filankəs, sən indiyə qədər azı 3 dəfə mənsub olduğun düşərgəni, dostlarını satmısan ee, indi "kişilikdən", "dəyərlərdən" dərs keçəcəksən? Güllü paltar geyinmək niyə ayıbdır? Onlar kimə ziyan vurub? Qadınlar geyinəndə niyə ayıb olmur? Güllərdən xoşunuz gəlir, evinizi, bağınızı güllərlə bəzəyirsiz, fonunda şəkil çəkdirirsiz. Paltarda gül şəkli olanda nə olur? Deyə bilərsən ki, zövgsüzdür, yaraşmır, amma illah da səhnəyə çıxan artisti geyiminə görə mənəvi terrora məruz qoymaq - güllü paltar geyinməkdən qat-qat daha pis əməldir. Əjdadlarımız xələt geyiniblər. Ondan da əvvəl kişilərin libası qadınların indiki donu kimi olub. Orta əsrlərdə kişilərin sırğa taxması Azərbaycanda da adi hal olub... İndi onları qabağımıza qoyub danlamalıyıq? Güllü paltar geyinməyin dəyərlərə heç bir aidiyyatı yoxdur, bu, stereotip məsələsidir. Stereotiplər cəmiyyətin problemidir. İnsanlar mənasız hisslərin əsiri olmamalıdır. Kimlərsə şəxsi nümunəsi ilə və cəmiyyətin hədəfinə gələrək bu stereotipləri məhv edirsə, onlara təşəkkür etmək lazımdır. Mustafa Hacıbəyli, jurnalist
10 noyabr 2020-ci ildən sonra Azərbaycan və Ermənistan arasında müharibənin bitmədiyini sübut edən kifayət qədər hərbi, siyasi hadisələr baş verib. Son hadisələr- əsir əsgərimizə verilən işgəncə və bayrağımızın beynəlxalq tədbirdə yandırılması göstərir ki, müharibə iki millət arasında da davam edir. Yolu azıb erməni tərəfə keçən əsgərimizə vurduqları təpiklə ermənilər reinteqrasiya dediyimiz birgəyaşayışı qəbul etmədiklərini, bunun qeyri-mümkünlüyünü bir daha göstərdilər. Bayrağımızı İrəvanda, rəsmi tədbirdə yandıran ermənilər vandallıqları ilə yanaşı, bizimlə heç zaman barışmayacaqlarını nümayiş etdirdilər. Müharibəni yalnız hərbiçilər deyil, erməni cəmiyyətinin sıravi üzvləri də davam etdirir. Bu qənaətə gəlməyimizin səbəbi sərhəddə baş verən son hadisə deyil, belə təxribatlara adət etmişik. Naxçıvan istiqamətində yol azıb düşmən tərəfə keçən əsgərimizə təpiyi erməni əsgəri yox, mülki erməni vurub və nümayiş etdirib. Bayrağımızı da sıravi dizayner yandırıb. Müharibə bitməyib, dayandırılıb. Müharibənin dayanmasından iki il yarım zaman keçib və vaxt uzandıqca himayədarına sığınan, işğaldan ruhlanan Qarabağ erməniləri heç vaxt Azərbaycanın tərkibində olmayacaqlarını, müstəqil olacaqlarını daha bərkdən söyləyirlər. Ümumiyyətlə, bu gün real vəziyyət necədir? Azərbaycanın hərbi-siyasi üstünlükləri ortada olsa da reallıqda Azərbaycan torpaqlarının 3,2 min kvadrat kilometr sahəsi hələ də Ermənistan ordusunun işğalı altındadır, üstəlik 8 anklav kənd. Qarabağda öz qoşunları ilə dayanan Rusiya torpaqlarımızı azad etməyə imkan vermir. Deməli, bu ərazi həm də Rusiyanın işğalı altındadır. Bütün bəlanın mənbəyi də budur. Erməni məğlub olub, amma Azərbaycan torpaqlarının 3, 2 min kvadrat kilometrini işğal altında saxlamaqla hələ də real qazancın əlində olduğunu bilir və onu əldən verməmək üçün 29 aydır ki, hər cür dona girir. Əlbəttə ki, bu donları onların əyninə himayədarları- Rusiya, İran, Fransa biçdiyindən sülhdən, razılaşmadan qaça bilir. Müharibə yalnız iki dövlət arasında deyil, həm də vasitəçi adı ilə geosiyasi təsir imkanlarını reallaşdırmaq istəyən Qərb və Rusiya arasında davam edir. Ukrayna müharibəsindəki isti qarşıdurma öz yerində, Qarabağda da guya ki, vasitəçi olanlar arasında qarşıdurma gah işğal altında olan ərazilərimizdə, gah da iki dövlətin sərhədində təxribatlarla müşayət olunur. Verilən məlumatlara görə ABŞ-da və Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Nəticəsi olacaqmı? Müharibə bitəndən indiyədək belə görüşlər çox olub, hansısa razılaşmalara da nail olunub, amma heç biri reallaşmayıb, çünki vasitəçilər Cənubi Qafqazda bir-birini sıxışdırmaq üçün müxtəlif təxribatlara əl atdıqca heç bir razılaşma olmayacaq. Bu siyasətdə vasitəçilərin aləti, həmişə olduğu kimi Ermənistandır. Azərbaycanla sülh müqaviləsini bağlamamaq üçün bütün manevrlərdən istifadə edir, gələcəkdə hansı qütbün yanında olacağına qərar verə bilmədiyi üçün və ya qəsdən hər iki tərəfə vədlər verərək, onların maraqları ətrafında reveranslar edib əlverişli beynəlxalq şəraiti gözləyirlər. İki il yarımdır ki, Ermənistan və Rusiyanın zaman uzatmaq siyasətinin şahidiyik. Yeni görüşlər, yeni delimitasiya, demarkasiya işləri, infrastrukturun açılması müzakirə olunacaq, vədlər veriləcək, Nikol Paşinyan Brüsseldən, Vaşinqtondan qayıdan kimi, orada dediklərini unudub tamam əks mövqedən çıxış edəcək, Soçiyə, ya da Moskvaya çağrılacaq, oradan da qayıdanda Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlavə şərtlərdən danışacaq. Yəni, Putin Valday çıxışında dediyi kimi, “ Vaşinqton variantı ilə Qarabağdan imtina edirsinizsə, biz də buna razıyıq” deyib, Ermənistan rəhbərliyini şantaj etməkdə davam edəcək. Biz Ermənistana hərbi və birbaşa himayədarı olan Rusiyaya diplomatik təzyiqlərimizi artırmalıyıq. Ermənistana ilk hərbi təzyiqimiz 8 anklav kənd ətrafında baş verməlidir. Bu ərazilər Qarabağ deyil, burada 10 noyabr bəyanatı keçmir. Burada Ermənistanın işğalı altında olan ərazilərin qısa müddətdə azad edilməsi həll olunmalıdır. Ermənistanın 41 kvadrat kilometrlik Başkənd anklavı bizim nəzarətimizdədirsə, Ermənistanın nəzarətində 200 kvadrat kilometrdən çox 8 anklav kəndlərimiz var. Düşmən bilməlidir ki, tezliklə masa arxasında bu problem həll olmasa hərbi yola əl atmaq beynəlxalq hüququmuzdur. Rusiyaya təzyiqimizi Qərblə koordinasiyalı şəkildə aparmalıyıq. Bu təzyiq ilk növbədə Laçın yolunda sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması ilə başlanmalıdır. Buna Qərb də etiraz etmir, heç Ermənistan hakimiyyəti də. Bu işə yalnız Rusiya mane olur. Dinc aksiyanın götürülməsi müqabilində nəzarət məntəqəsinin qurulmasının yaxın tarixi elan olunmalıdır. İkinci təzyiq erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı olmalıdır. Rusiya imzasına hörmət edirsə, bu silahlı qüvvələrin çıxarılmasının da vaxtını elan etmək lazımdır. “Kəsə qarabağı”, Rusiyaya diplomatik təzyiq Qarabağla, Ermənistana hərbi təzyiq anklav kəndlərlə başlanmalı və sona çatmalıdır. Yoxsa, biz bu tamaşanı sonadək seyr edə bilmərik, çünki bu tamaşanın sonu yoxdur. moderator İlham İsmayıl
İtkin düşdüyü bildirilən azərbaycanlı əsgərlərdən daha birinin saxlanılması görüntüsünü ermənilər özləri yaydı. Artıq hamı təfərrüatı bilir: aprelin 10-dan 11-nə keçən gecə duman səbəbindən azdığı bildirilən azərbaycanlı əsgərlərdən biri Zəngəzurun Bnunis kəndində, bir evin qapısını döyərkən saxlanılmışdı. Sonra əfsanələr uyduruldu: əsgərin paltarını dəyişməsi, kənd mərkəzində ermənilərlə kart oynaması və s. Digər azərbaycanlı əsgərin qaçmasından sonra Ermənistanda panika başladı: bir-birini öldürəndə, İrəvanda maşın adam vuranda da “qaçan azərbaycanlı əsgərin” bunu edə biləcəyi haqda ağla gəlməsi mümkün olmayan iddialar səsləndirməyə başladılar. Mis-molibdendə qarovulçunun öldürülməsi cinayətini də azərbaycanlı əsgərin üstünə atmaq üçün hər şey edirlər. Halbuki silahsız, yalnız duman səbəbindən azaraq Ermənistana keçdiklərini və geri qayıda bilmədiklərini Ermənistan MN özü də yaxşı bilirdi və bunu etiraf da etdilər. Əks halda niyə erməni evinin qapısını döyməli, ac olduğunu bildirməli idi... Bu gün saxlanılan azərbaycanlı əsgərin hərbi və mülki paltarlılar tərəfindən qolu bağlı halda dəhşətli şəkildə döyülməsi, vintaçanla işgəncə verilməsi nə deməkdir? Erməni əsgər yaralanır – azərbaycanlılar ona tibbi yardım göstərir; Erməni əsgər azır – qısa müddətdə sağ-salim, burnu belə qanamadan, təntənəli surətdə geri təhvil veririk; geri təhvil verilənlər mediaya açıqlama verib, xoş qarşılandıqlarını, yedirilib-içirildiklərini bildirirlər; Erməni sakin azır - əsgərlərimiz eyni davranış göstərir, yol azuqəsi belə verirlər. Bu da azaraq, Ermənistana keçən azərbaycanlının halı: köməksiz, qolları bağlı, yerə uzadılmış insanı bu cür vəhşicəsinə döymək, ona işgəncə vermək bu millətin naqis xislətindəndir. Və bunun videosunu fəxarətlə yayırlar: humanizmə tüpürərək, beynəlxalq qınağı veclərinə almadan. Çünki dünya ermənilərin necə alçaq olduğunu Puşkindən üzü bəri çox yaxşı bilir – ancaq məhz onların bu alçaq, murdar, satqın, oğru, yalançı, qatil, qaniçən, yaramaz, insanlıqdan kənar, xəyanətkar sifətindən istifadə edir! Ona görə də bu ləyaqətsizlərə bu videoya görə irad bildirən də olmayacaq! Bu, Xocalıda qız uşağını işgəncə verə-verə öldürdüyünü fəxarətlə bildirən Zori Balayanın həmvətənləridir; Bu, silahsız azərbaycanlıları qətlə yetirməkdən qürur duyan Sərkisyanın xalqıdır; Bu, Njde kimi faşisti qəhrəmana çevirib, heykəlini hər yerə dikən xalqdır! Bu, onlarla terror təşkilatı yaradıb, dinc azərbaycanlılara qarşı terror hücumu həyata keçirən millətdir! Yalnız təpələrinə yumruq dəyəndə yumşalan, silahsız və köməksiz azərbaycanlı görəndə yırtıcıya dönən, ləyaqətdən, insanlıqdan, bəşəri dəyərlərdən məhrum miskin xalqla qonşu olmaqdan dəhşətli heç nə ola bilməz! Bu xalq adlana bilməyəcək məxluqlarla sərhədi 6 metr hündürlükdə betonla hörməkdən başqa çarə yoxdur! Mən ölü, siz diri: heç vaxt ermənilərlə barışmayın, onlarla bir süfrədə oturmayın, bu xalqın istənilən fərdinə dünyanın harasında rast gəlsəniz, uzaqlaşın! Bunlar yaltaq dilləri ilə qəlbinizə girib, sizi məhv edərlər – onillərdir bu məxluqlar bununla məşğul olub, yüzillər keçsə də, düzəlməyəcəklər!(axar) Şeyx Teymur
İranla Azərbaycan arasında gərginlik artan xəttlə gedir. Azərbaycan hökuməti 4 iranlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdi və artıq ölkədən çıxıblar. Diplomatları ölkədən jurnalistlər yola saldılar. Özü də necə. "Siz Azərbaycana qarşı casusluq edibsiniz, niyə?" Bu sualı eşidəndə elə bil başıma nüvə başlığı düşdü. İranlı diplomat Azərbaycana qarşı necə casusluq edə bilər? İran vətəndaşı, İranın Azərbaycandakı səfirliyində rəsmi vəzifə tutmuş şəxsi Azərbaycana işləməli imiş? Hər şey cəhənnəmə, bəs məntiq? Ümumiyyətlə, hökumətin qərarında casus sözü görən olub? Bu cür hadisələr olanda bir çoxları deyir ki, tapşırıq belə olub, ona görə jurnalistlər bu cür oyun çıxarırlar. Birmənalı olaraq inanmıram. Müharibə vaxtı eyni tip jurnalistlər vurulmuş ərazini çəkəndən sonra rəsmi şəxsə sual ünvanladılar ki, müəllim, bundan sonra ermənilər haranı vuracaqlar? Həmin rəsmi şəxsin gözlərinin bərəlməsi və üzünün rəngi hələ də xatirimdədir. Bəziləri çıxıb deyəcəklər ki, Azərbaycanın mövqeyini müdafiə ediblər, hətta "etmişik" deyən də olacaq. Belə ölkə mövqeyi müdafiə edirlər? Bu ölkəni gülünc yerinə qoymaqdan başqa bir şey deyil. Azərbaycanlı diplomatlara qarşı belə hərəkət edilsəydi, əsəbləşərdiniz, yoxsa gülərdiniz? Belə şeyləri görəndən sonra adamın hər şeydən əli qolu soyuyur. Casusun aşkarlanması dünyanın ən çətin işlərindən biridir. Bir casusun müəyyən edilməsi bəzən uzun illər alır. Dünyanın ən çətin işi Azərbaycanda ən asan peşəyə çevrilib. Jurnalistlərin kimisə casus elan etməsi isə iki vur ikidir. Arada keçmiş təhlükəsizlik əməkdaşlarından xahiş edin, casusun aşkarlanması prosesini sizə danışsın, bəlkə onda prosesin ağırlığından utanıb, qabağınıza keçənə o damğanı vurmazsınız. Əslidə qınamaq da olmur. Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdən artıq olmayacaq ha. Günah məndədir ki, kəmiyyət tələb edilən yerdə keyfiyyət axtarışına çıxıb, vaxtınızı aldım. Səxavət Məmməd
3 saylı Uşaq Evi ilə bağlı yaranmış qalmaqal səngimək bilmir. Söhbətin nədən və kimdən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün qısa izahat verməyi özümə borc bilirəm: 3 saylı Uşaq Evinə sığınan Məhəmməd Hacıyev adlı yeniyetmə bu müəssisədəki təminatdan şikayət edib. Bundan sonra, o - ata-ana himayəsindən məhrum olan zavallı uşaq 1 saylı Psixiatriya xəstəxanasına yerləşdirildi. Guya sözügedən müəssisədə güllük-gülüstanlıqdır, uşaqlar yağ-bal içində üzür. Amma balaca Məhəmməd "dəli" olduğu üçün cənnətdə yaşadığından xəbərsizdir. Bundan sonra baş verənlər isə maraqlı bir filmin ssenarisi ola bilər. Sözügedən tibb ocağının, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov əlini vicdanın üstünə qoyub açıqlama verdi: "O yeniyetmə ruhi xəstə deyil." Həkim vicdanlı davranaraq arxası-dayağı olmayan uşağın başına hörülən corabı yırtdı. Cəmiyyət bir daha əmin oldu ki, uşağı "dəlixanaya" saldıranların başlıca məqsədi öz pis əməllərini ört- bas etməkdir. Dünəndən bəri sosial şəbəkələr çalxalanır. Cəmiyyət vicdanını itirməyən vəzifəli şəxsi, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovu alqışlayır. Dünəndən bəri əlimizin biri ürəyimizin üstündədir: "Obyektiv mövqeyinə görə Ağahəsən həkimi işdən çıxarmazlar ki?" Narahatlığımız əbəs deyildi. Axı bura Azərbaycandır. Axı burada doğru danışanı 9 kənddən qovurlar... Bəli, bu gün məlum oldu ki, bizim ölkəmizdə nazirlər dəyişsə də, idarəçilik anlayışı əvvəlki kimi qalır. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının tabe olduğu qurumun rəhbəri - Səhiyyə naziri Teymur Musayev vicdanının ağzına daş asa bilməyən həkimə qapını göstərdi. Nazirin bu gün imzaladığı əmrlə Ağahəsən doktor vəzifəsindən azad edildi. Azərbaycan xəstəxanalarında rüşvət və korrupsiya tüğyan edir. Pulu olmayan adamı xəstəxananın kandarından içəri buraxmırlar. Əməliyyat pulunu ödəyə bilməyən zavallı xəstələr xərəkdə zarıya-zarıya ölür. Biz cənab nazirdən bu cür hallara qarşı mübarizə aparmağı gözləyərkən o, öz gücünü qocaman Ağahəsən doktora və bir parça çörəyə möhtac olan kimsəsiz, yetim bir uşağa göstərdi. Yetimin də Allahı var, cənab nazir... Seymur VERDİZADƏ
Kəndlərdə qapısı bağlı evlər görəndə kədərlənirəm. İnsanlar şəhərə axışır. Kəndlər yavaş-yavaş boşalır. Hal-hazırda isə su qıtlığı çox ciddi bir problemə çevrilib. Belə getsə, qalan adamlar da yavaş-yavaş kənddən çıxacaq. Bir tərəfdən də ən koloritli adamlar yaşa dolub dünyasını dəyişir. Yerini yaddaşsız, tiktokun yaratdığı gənclik tutur. O gənclik isə nə Azərbaycan dilini bilir, nə də milli ruh daşıyıcısıdır. Millətin ruhu kəndlərdədir. Adam şəhərdə xəsis olur, amma kənddə pul xərcləmək istəyir. Bu insanda özünü göstərmək instikidir. Bəs niyə məhz kənddə özünü göstərmək istəyir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar. Arvadların danışıqlarına baxıram, kişilərin bir-birləri ilə zarafatlarına baxıram. Nə qədər doğmadır. Onlar zahirən savadsız görünə bilərlər. Ancaq sağlam ruhları var. Bilmirlər, amma fəhmləri var, hiss eləyirlər, duyurlar. Kəramət Böyükçöl
- Niyə oruc tutursunuz? Bu sualla beş ayrı adama müraciət elədim. Özləri, xarakterləri kimi, cavabları da müxtəlif oldu: Birinci həmsöhbətim mömin olduğu üçün inancına uyğun cavab verdi: "Quranın tələbidir". Sorğuda iştirak edən ikinci adamın cavabı belə oldu: "Müsəlman üçün oruc tutmaq fərz buyurulub". Üçüncü yoldaş məni əməlli-başlı təəccübləndirdi: "Arıqlamaq istəyirəm". Jurnalist sorğusunda iştirak edən dördüncü şəxsin cavabı belədir: "Həyat yoldaşım, uşaqlarım ibadət əhlidir. İldə bir ay da mən onlara qoşuluram. Hələ ki, oruc tutmağın hər hansı bir zərərini görməmişəm". Əgər sorğu-sual etdiyim, beşinci adam bu sözləri deməsəydi, mövzuya fərqli rakursdan yanaşacaqdım. Nə dediyi ilə siz də tanış olun: "Dünya malına qənaət eləmək istəyirəm. Yer üzündə o qədər ac adam var ki... Biz az yesək, onlara da nəsə çatar". Hər kəsin öz arqumenti var. Hətta oruc tutmayanların da öz arqumenti var. Hamısına hörmətlə yanaşmaq borcumuzdur. Axı biz tolerant ölkədə yaşayırıq... Beşinci, yəni sorğuya çəkdiyim sonuncu adamın fikri məni çox düşündürür. Bəli, yer üzündə bir tİkə çörəyə möhtac olan milyonlarla adam var. Əgər biz 1 ay qənaət etsək, onlar azı iki ay ac qalmaz... Hamımız qənaət edirikmi? Aramızda naharda yemədiklərinin üstünə iki o qədər də qoyub iftarda mədəsinə təpişdirən azdırmı? Az deyil! Bakıda kafe və retoranlarda iftar menyülərindən xəbəriniz varmı? Dörd nəfərlik bir ailənin orucunu açmaq üçün hər axşam 340 manat ödədiyini eşitmisinzimi? Kiçik riyazi hesablama aparanda məlum olur ki, bir nəfərin iftarını açmaq 85 manata başa gəlir. Bir oturuma 85 manatlıq ərzaq tükədən adam acların halını düşünə bilərmi? Bəlkə də həmin adamlar oruc tutmasa, aclara nəsə çatar... tutmasa, aclara nəsə çatar... Oruc açmaq qarın açmaq deyil. İftar süfrələri sadə və təvazökar olmalıdır. Oruc tutmayanlar elə bilir ki, oruc tutanlar iftar və sahurda əllərinə keçəni gözlərinə təpirlər. Şəxsi nümunələri sevməsəm də, yazmağı özümə borc bilirəm: "Bizim evdə iftar menyüsü adi günlərdən fərqlənmir. Allahın verdiyinə şükür..." Rəhmətlik Hacı Şahin deyirdi ki, iftar süfrəsində oturan adam Allahın qonağıdır. Qonaq yemək davası eləməməlidir... Seymur VERDİZADƏ
Rəşad Ergün Milli komandanın uduzmasının, uğursuzluğunun səbəbi bir və ya bir neçə fərd deyil. Heç baş məşqçi də deyil. Nə oldu, bütün baş məşqçilər pis oldu? Hansı ki, onların arasında Qurban Qurbanov da olub. Kiçik, əhəmiyyətsiz qələbələr olacaq, hətta bəzən şans üzümüzə güləcək, “şikəst” dövrünü keçirən komandalarla oynayıb, mini uğurlu seriya da yaxalayacağıq. Amma bunlar hamısı Azərbaycanda futbolun normal olduğu, normal səviyyədə olduğu anlamına gəlməz. “Qarabağ” əcnəbi futbolçularla bir yerə qədər gedib dayandığı kimi, Azərbaycan millisinin də gedə bildiyi yer var – Biləcəri stansiyası. Vəssalam. Mənə görə, heç bütün günahlar AFFA rəhbərliyində də deyil. Necə deyərlər, toplum, cəmiyyət olaraq günahlardan arınmalıyıq…(komanda.az)
Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm....... Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)
Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin, keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət
Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər. Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir: - Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir; - Qarabağda mümkün praktiki addımların – həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır. Asif Nərimanlı
AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi. Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir. Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb. Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb. Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur. Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər. Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər. CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy