İranla Azərbaycan arasında gərginlik artan xəttlə gedir. Azərbaycan hökuməti 4 iranlı diplomatı “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdi və artıq ölkədən çıxıblar. Diplomatları ölkədən jurnalistlər yola saldılar. Özü də necə. "Siz Azərbaycana qarşı casusluq edibsiniz, niyə?" Bu sualı eşidəndə elə bil başıma nüvə başlığı düşdü. İranlı diplomat Azərbaycana qarşı necə casusluq edə bilər? İran vətəndaşı, İranın Azərbaycandakı səfirliyində rəsmi vəzifə tutmuş şəxsi Azərbaycana işləməli imiş? Hər şey cəhənnəmə, bəs məntiq? Ümumiyyətlə, hökumətin qərarında casus sözü görən olub? Bu cür hadisələr olanda bir çoxları deyir ki, tapşırıq belə olub, ona görə jurnalistlər bu cür oyun çıxarırlar. Birmənalı olaraq inanmıram. Müharibə vaxtı eyni tip jurnalistlər vurulmuş ərazini çəkəndən sonra rəsmi şəxsə sual ünvanladılar ki, müəllim, bundan sonra ermənilər haranı vuracaqlar? Həmin rəsmi şəxsin gözlərinin bərəlməsi və üzünün rəngi hələ də xatirimdədir. Bəziləri çıxıb deyəcəklər ki, Azərbaycanın mövqeyini müdafiə ediblər, hətta "etmişik" deyən də olacaq. Belə ölkə mövqeyi müdafiə edirlər? Bu ölkəni gülünc yerinə qoymaqdan başqa bir şey deyil. Azərbaycanlı diplomatlara qarşı belə hərəkət edilsəydi, əsəbləşərdiniz, yoxsa gülərdiniz? Belə şeyləri görəndən sonra adamın hər şeydən əli qolu soyuyur. Casusun aşkarlanması dünyanın ən çətin işlərindən biridir. Bir casusun müəyyən edilməsi bəzən uzun illər alır. Dünyanın ən çətin işi Azərbaycanda ən asan peşəyə çevrilib. Jurnalistlərin kimisə casus elan etməsi isə iki vur ikidir. Arada keçmiş təhlükəsizlik əməkdaşlarından xahiş edin, casusun aşkarlanması prosesini sizə danışsın, bəlkə onda prosesin ağırlığından utanıb, qabağınıza keçənə o damğanı vurmazsınız. Əslidə qınamaq da olmur. Mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdən artıq olmayacaq ha. Günah məndədir ki, kəmiyyət tələb edilən yerdə keyfiyyət axtarışına çıxıb, vaxtınızı aldım. Səxavət Məmməd
3 saylı Uşaq Evi ilə bağlı yaranmış qalmaqal səngimək bilmir. Söhbətin nədən və kimdən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün qısa izahat verməyi özümə borc bilirəm: 3 saylı Uşaq Evinə sığınan Məhəmməd Hacıyev adlı yeniyetmə bu müəssisədəki təminatdan şikayət edib. Bundan sonra, o - ata-ana himayəsindən məhrum olan zavallı uşaq 1 saylı Psixiatriya xəstəxanasına yerləşdirildi. Guya sözügedən müəssisədə güllük-gülüstanlıqdır, uşaqlar yağ-bal içində üzür. Amma balaca Məhəmməd "dəli" olduğu üçün cənnətdə yaşadığından xəbərsizdir. Bundan sonra baş verənlər isə maraqlı bir filmin ssenarisi ola bilər. Sözügedən tibb ocağının, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov əlini vicdanın üstünə qoyub açıqlama verdi: "O yeniyetmə ruhi xəstə deyil." Həkim vicdanlı davranaraq arxası-dayağı olmayan uşağın başına hörülən corabı yırtdı. Cəmiyyət bir daha əmin oldu ki, uşağı "dəlixanaya" saldıranların başlıca məqsədi öz pis əməllərini ört- bas etməkdir. Dünəndən bəri sosial şəbəkələr çalxalanır. Cəmiyyət vicdanını itirməyən vəzifəli şəxsi, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovu alqışlayır. Dünəndən bəri əlimizin biri ürəyimizin üstündədir: "Obyektiv mövqeyinə görə Ağahəsən həkimi işdən çıxarmazlar ki?" Narahatlığımız əbəs deyildi. Axı bura Azərbaycandır. Axı burada doğru danışanı 9 kənddən qovurlar... Bəli, bu gün məlum oldu ki, bizim ölkəmizdə nazirlər dəyişsə də, idarəçilik anlayışı əvvəlki kimi qalır. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının tabe olduğu qurumun rəhbəri - Səhiyyə naziri Teymur Musayev vicdanının ağzına daş asa bilməyən həkimə qapını göstərdi. Nazirin bu gün imzaladığı əmrlə Ağahəsən doktor vəzifəsindən azad edildi. Azərbaycan xəstəxanalarında rüşvət və korrupsiya tüğyan edir. Pulu olmayan adamı xəstəxananın kandarından içəri buraxmırlar. Əməliyyat pulunu ödəyə bilməyən zavallı xəstələr xərəkdə zarıya-zarıya ölür. Biz cənab nazirdən bu cür hallara qarşı mübarizə aparmağı gözləyərkən o, öz gücünü qocaman Ağahəsən doktora və bir parça çörəyə möhtac olan kimsəsiz, yetim bir uşağa göstərdi. Yetimin də Allahı var, cənab nazir... Seymur VERDİZADƏ
Kəndlərdə qapısı bağlı evlər görəndə kədərlənirəm. İnsanlar şəhərə axışır. Kəndlər yavaş-yavaş boşalır. Hal-hazırda isə su qıtlığı çox ciddi bir problemə çevrilib. Belə getsə, qalan adamlar da yavaş-yavaş kənddən çıxacaq. Bir tərəfdən də ən koloritli adamlar yaşa dolub dünyasını dəyişir. Yerini yaddaşsız, tiktokun yaratdığı gənclik tutur. O gənclik isə nə Azərbaycan dilini bilir, nə də milli ruh daşıyıcısıdır. Millətin ruhu kəndlərdədir. Adam şəhərdə xəsis olur, amma kənddə pul xərcləmək istəyir. Bu insanda özünü göstərmək instikidir. Bəs niyə məhz kənddə özünü göstərmək istəyir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar. Arvadların danışıqlarına baxıram, kişilərin bir-birləri ilə zarafatlarına baxıram. Nə qədər doğmadır. Onlar zahirən savadsız görünə bilərlər. Ancaq sağlam ruhları var. Bilmirlər, amma fəhmləri var, hiss eləyirlər, duyurlar. Kəramət Böyükçöl
- Niyə oruc tutursunuz? Bu sualla beş ayrı adama müraciət elədim. Özləri, xarakterləri kimi, cavabları da müxtəlif oldu: Birinci həmsöhbətim mömin olduğu üçün inancına uyğun cavab verdi: "Quranın tələbidir". Sorğuda iştirak edən ikinci adamın cavabı belə oldu: "Müsəlman üçün oruc tutmaq fərz buyurulub". Üçüncü yoldaş məni əməlli-başlı təəccübləndirdi: "Arıqlamaq istəyirəm". Jurnalist sorğusunda iştirak edən dördüncü şəxsin cavabı belədir: "Həyat yoldaşım, uşaqlarım ibadət əhlidir. İldə bir ay da mən onlara qoşuluram. Hələ ki, oruc tutmağın hər hansı bir zərərini görməmişəm". Əgər sorğu-sual etdiyim, beşinci adam bu sözləri deməsəydi, mövzuya fərqli rakursdan yanaşacaqdım. Nə dediyi ilə siz də tanış olun: "Dünya malına qənaət eləmək istəyirəm. Yer üzündə o qədər ac adam var ki... Biz az yesək, onlara da nəsə çatar". Hər kəsin öz arqumenti var. Hətta oruc tutmayanların da öz arqumenti var. Hamısına hörmətlə yanaşmaq borcumuzdur. Axı biz tolerant ölkədə yaşayırıq... Beşinci, yəni sorğuya çəkdiyim sonuncu adamın fikri məni çox düşündürür. Bəli, yer üzündə bir tİkə çörəyə möhtac olan milyonlarla adam var. Əgər biz 1 ay qənaət etsək, onlar azı iki ay ac qalmaz... Hamımız qənaət edirikmi? Aramızda naharda yemədiklərinin üstünə iki o qədər də qoyub iftarda mədəsinə təpişdirən azdırmı? Az deyil! Bakıda kafe və retoranlarda iftar menyülərindən xəbəriniz varmı? Dörd nəfərlik bir ailənin orucunu açmaq üçün hər axşam 340 manat ödədiyini eşitmisinzimi? Kiçik riyazi hesablama aparanda məlum olur ki, bir nəfərin iftarını açmaq 85 manata başa gəlir. Bir oturuma 85 manatlıq ərzaq tükədən adam acların halını düşünə bilərmi? Bəlkə də həmin adamlar oruc tutmasa, aclara nəsə çatar... tutmasa, aclara nəsə çatar... Oruc açmaq qarın açmaq deyil. İftar süfrələri sadə və təvazökar olmalıdır. Oruc tutmayanlar elə bilir ki, oruc tutanlar iftar və sahurda əllərinə keçəni gözlərinə təpirlər. Şəxsi nümunələri sevməsəm də, yazmağı özümə borc bilirəm: "Bizim evdə iftar menyüsü adi günlərdən fərqlənmir. Allahın verdiyinə şükür..." Rəhmətlik Hacı Şahin deyirdi ki, iftar süfrəsində oturan adam Allahın qonağıdır. Qonaq yemək davası eləməməlidir... Seymur VERDİZADƏ
Rəşad Ergün Milli komandanın uduzmasının, uğursuzluğunun səbəbi bir və ya bir neçə fərd deyil. Heç baş məşqçi də deyil. Nə oldu, bütün baş məşqçilər pis oldu? Hansı ki, onların arasında Qurban Qurbanov da olub. Kiçik, əhəmiyyətsiz qələbələr olacaq, hətta bəzən şans üzümüzə güləcək, “şikəst” dövrünü keçirən komandalarla oynayıb, mini uğurlu seriya da yaxalayacağıq. Amma bunlar hamısı Azərbaycanda futbolun normal olduğu, normal səviyyədə olduğu anlamına gəlməz. “Qarabağ” əcnəbi futbolçularla bir yerə qədər gedib dayandığı kimi, Azərbaycan millisinin də gedə bildiyi yer var – Biləcəri stansiyası. Vəssalam. Mənə görə, heç bütün günahlar AFFA rəhbərliyində də deyil. Necə deyərlər, toplum, cəmiyyət olaraq günahlardan arınmalıyıq…(komanda.az)
Mən küçə süpürgəçisiyəm, daha doğrusu, gürcü dilində " zibil yıgan"- menaqve kimi səslənir bu söz...Hər gun saat 5- də yuxudan durur, ogluma dua edirəm və yatan qoca nənəsinin yaninda qoyuram. Mənim evdən getdiyimdən təkcə popuqaylarımın xəbəri olur. Artıq 5 ildir mən hər gun narıncı rəngli gödəkcəni geyirəm, hər kəsdən əvvəl agaclarla, günəslə , kücələrlə və bütün Yer kürəsi ilə salamlaşıram... Hər kəsin öz işi var, isinin daliyca qaçan insanlar ətrafı zibilləyir, mən isə bu zibilləri yıgışdırır, zibil qutusuna atıram. İçimdə gülümsəyirəm, bilirəm ki, hec vaxt küçə süpürənin, zibil yığanın usaqları zibili yerə atmır..oglumun canina and içərəm, atmırlar zibili yerə... Agaclar mənim qarşımda başlarını əyib üzr istəyirlər. Amma kimsə qocalib əlləri əsir, əlindən nəsə tökülürsə agaclarin nə günahı var ki... Mən agacları bağışlayıram, saralıb tökülən yarpaqlarını da bagıslayıram...Amma məni küçədə it yerinə belə qoyan yoxdur, hətta yaxın qonşularım yanımdan keçəndə salam belə vermirlər. Bəzi adamları mənim çirkli paltarlarım qorxudur, bəzilərini süpürgəm, hətta bəzilərini uzanmış saqqalım.. Bu saqqalıma görə hələ mənim 5 yaşlı oglum, Şaxta baba atam- deyə çagırır məni.. ...Zibil yıga- yıga yataqda qoyub gəldiyim oğlumu, qoca anamı və saat 9- u fikirləşirəm, " görəsən vaxtinda oyandılarmı, bagcaya gecikmədilər ki...". Əslində həyət süpurənin oglu dərsə, bagcaya...hec yerə gecikməməli idi, çünki o hər kəsdən tez oyanırdı.. Ətrafda kimə baxırsan, hərə mənə bir cür baxır: birinin yazıgı gəlir, biri iyrənir, hec kəsin uz- gözundə istilik hiss olunmur. Təkcə küçə itləri çirkli ayaqqabılarıma sürtünür, zibil qablarindan onlar üçün yıgdıgım ərzaq qalıqlarını onlara verdiyimə minnətdarlıq göstərirlər... Mən - küçə süpürənəm. Gürçü dilində kücə supürənə - zibil yıgan deyirlər. Üstundən həmisə köhnə zibil iysi gəlir. 5 il əvvəl zibil qutularından birində mən bir təzə dogulmuş usaq tapmışdım. O usaq indi mənim oglumdur. Hər gun insanlar ətrafa zibil atdıqları üçün Allaha təşəkkur edirəm....... Anna Laşxeli (Gürcü dilindən tərcumə: Emma Cəfərova)
Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir. Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər. Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir. Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir. Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər. İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir. Cənab Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır. (Adnan Oktar, 20 iyun 2018) Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır. Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir. Müharibələrin, gərginliyin bitməsi gözəlliyin, keyfiyyətin hakim olması deməkdir. Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin. Nəzakət
Xankəndidəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib: onlar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsini və humanitar, texniki məsələlərin müzakirə edilməsini istəyir, özlərini “tərəf” kimi təqdim edir, beləliklə, reinteqrasiya prosesindən imtina edirlər. Gözlənilən idi, çünki Bakıya gəlmələri “tərəf” olmaqdan imtina etmək və reinteqrasiya prosesini qəbul etmək demək idi, Rusiyanın da buna imkan vermədiyi bəllidir. Lakin imtina etmələri də Bakının əlini gücləndirir: - Təmasların indi qurulmasını istəyən Qərbə (ABŞ və Aİ) göstərəcək ki, “separatçılar erməni əhalisi deyil” və “erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına” onlar imkan vermir; - Qarabağda mümkün praktiki addımların – həm hərbi, həm digər istiqamətlərdə - iddia edildiyi kimi “erməni əhalisinə” qarşı yox, separatçı-terrorçulara qarşı atıldığı mövqeyi önə çıxır. Asif Nərimanlı
AXC hakimiyyətinin torpaq islahatlarını axıradək aparmağa vaxtı çatmadı. 4 iyun qiyamından sonra necə deyərlər, milli hakimiyyətlə bərabər kəndlinin torpaqları da tədricən, hissə-hissə əlindən çıxmağa başladı. İlk növbədə kəndlinin payına düşən torpaqların əkib becərilməsinə dövlət tərəfindən imkan yaradılmadı. Şərab zavodlarının, pambıq məntəqələrinin və digər təsərrüfat emalı müəssisələrinin dağıdılması, hətta, çətinliklə də olsa torpağından məhsul götürən kəndlinin məhsulunun əlində qalmasına səbəb oldi. Bir müddətdən sonra, hakimiyyətin yüksək rütbəli məmurları insanların imkansızlığından istifadə edərək, əraziləri zəbt eləməyə başladılar. Bu gün kəndli, özünün əlindən alınmış torpaqlarında məmurlar üçün nökərçilik edir. Hazırda bölgələrimizi hakim ailənin əkin sahələri bürüyüb. Axar su olan ərazilərin böyük hissələrində süni göllər yaradılıb. Hakimiyyətin qeyri-neft sektorunu da monopoliya altına salması insanların güzəranını günü-gündən acınacaqlı vəziyyətə salıb. Ölkəmizin demək olar ki, bütün su hövzələri hakimiyyətin əkin sahələrinə axıdılır. Nəinki kəndli əlində olan kiçik torpaqlarını sulamağa su tapmır, hətta, müxtəlif bölgələrimizdə insanlarımızın içməli su problemləri belə acınacaqlı hala gəlib çıxıb. Əvvəllər kənd sakinləri torpaq sahələrini ən çətin vəziyyətdə belə, növbəli şəkildə sulaya bilirdilərsə, bu gün oliqarxların sahələrinə axan sular üzərində söz demək haqqları yoxdur. Su istəyən insanların aqibəti Saatlıda olan kimi olur. Görünən odur ki, insanlarımızı çörəklə imtahan edib qazandılar, indi də həyat mənbəyi olan su ilə imtahan edib, tamamən yox etmək istəyirlər. Adam Yezid sözünü də dilinə gətirmək istəmir ki, onu da Yezid dediyi üçün İrana bağlayıb həbs edərlər. CAN AY VƏTƏN, CAN, AY BAŞINA VƏTƏN DASI DUSƏN VƏTƏNDAS! Elşən Əlisoy
Yazıçı Kəramət Böyükçöl ün səhifəsində "Ərdoğan, yoxsa Kilıçdaroğlu?" Başlığı ilə sorğu keçirilib. 5 min nəfərdən çox insan sorğuya münasibət bildirib. Keçirilən sorğuda Ərdoğan irəlidə olsa da, Kamal Kilıçdaroğlu kifayət qədər səs toplayıb. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Azərbaycanda, Türkiyədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeganə nüfuz sahibi olan partiya MHP olubdur. MHP - dən sonra, partiyası elə də ciddi tanımamasa da, siyasi lider olaraq Rəhmətlik Nəciməddin Ərbakan nüfuzlu siyasətçi olaraq hörmətlə qəbul olunub. . Ərdoğanın hakimiyyətindən sonra Azərbaycanda MHP -nin yerini AKP tutmağa başladı. Tədricən Azərbaycan ictimai şüurunda AKP, MHP - ni sıxışdırdı və MHP ciddi şəkildə gerilədi. AKP hakimiyyəti dövründə Türkiyədə olan siyasi liderlərin içində azərbaycanlıların ictimai şüurunda Nəciməddin Ərbakanın yerini Boyuk Birlik Partiyasının lideri, rəhmətlik Möhsün Yazıçıoğlu tutmağa başladı. Möhsün Yazıçıoğlunun partiyası kifayət qədər tanınmasa da, siyasi xadim olaraq özü kifayət qədər rəğbət göstərilən lider idi. Onu da qətlə yetirdilər. Ruhu şad olsun. CHP- yə gəlincə, CHP heç vaxt Azərbaycanda indiki qədər rəğbət göstərilən siyasi partiya olmayıb. AKP- MHP ittifaqından sonra, Türkiyədə baş verən anti - demokratiya siyasəti Azərbaycanda CHP- ni əsas Türkiyə partiyası halına gətirdi. Bu, Türkiyədən kənar bir türk dövlətində nüfuz qazanmaq baxımından CHP üçün ciddi uğurdur. 44 günlük savaş olmasa idi, AKP - nin Azərbaycanda ümumiyyətlə nüfuzu olmayacaqdı. 44 günlük savaşın da pərdəarxası oyunları və detalları barədə hələ də xalqın ümumi düşüncəsi və bu savaşdan sonra strateji olaraq itirdiklərimiz və qazancımız barədə doğru fikir formalaşmayıb. İdeoloji baxımdan solçu olan CHP - nin Azərbaycanda milliyətçilərin və demokratların rəğbətini qazanması, Azərbaycan xalqının demokratiya həsrətində olduğunu və demokratiyaya verdiyi dəyərin göstəricisidir. Bu, CHP - nin ciddi uğuru və Azərbaycan xalqının fərəh gətirən münasibətidir. Hətta, Azərbaycanda milliyətçi kəsimin gözündə MHP - nin yerini dolduran İYİ Partiya və hər bir milliyətçinin sevimlisi Meral Akşener xanımın "altılı masa"dan geri çəkilməsi, bir neçə günün içində onun nüfuzunun sıfırlanmasına gətirib çıxartdı. Buna görə də sorğuda Ərdoğanın irəlidə olması yox, Kamal Kilıçdaroğlunun kifayət qədər nüfuz qazanması diqqət çəkən məsələ olmalıdır. Azərbaycanda hamının bildiyi səbəblərə görə, Ərdoğana münasibət Türkiyə xalqının münasibəti ilə xeyli dərəcədə fərqlənir. Ərdoğan istər Azərbaycanda , istərsə də Türkiyədə kifayət qədər reytinq ikisinə məruz qalıb. Bu sorğudan mənim çıxardığım nəticə budur ki, xalqımızın ən böyük arzusu demokratiyadır. Azərbacan xalqı demokratiyaya həsrətdir. CHP Türkiyədə demokratik seçki ilə hakimiyyətə gələ bilsə, Azərbaycan xalqının düşüncələrində ciddi təsir edəcək. Necə ki, İstanbul seçkilərində xalqımız Ərdoğanın yox, haqqı pozulan Ekrem İmamoğlunun yanında oldu. Qarşıdan gələn seçkilər qardaş Türkiyə üçün xeyirli olsun. Elşən Əlisoy
Separatçı rejimin çiçəyi burnunda “dövlət naziri” Nersisyan ilk dəfə olaraq geniş proqram xarakterli çıxış edib. Sələfi Vardanyandan heç nə ilə fərqlənməyən bu çıxışı ilə Nersisyan sübut etdi ki, Azərbaycana münasibətdə erməninin “ağı da, qarası da” eyni zəhərin daşıyıcılarıdır. Nersisyan yalnız siyasilərin deyil, sıravilərin də hansı xislətlə yaşadığını, düşündüyünü vurğulayıb: “Artsaxda Azərbaycanla inteqrasiya və ya Azərbaycanın suverenliyi altında yaşamaq haqqında düşünən kimsənin ola biləcəyindən söhbət gedə bilməz. Artsaxda bir nəfər də yoxdur ki, özünü Azərbaycanın bir hissəsi kimi təqdim etsin”. Yəni, Xocalı görüşü tərəflərin maraqlarının ziddiyət, həm də antoqonist ziddiyyət təşkil etdiyini açıq göstərdi. Üstəlik, Nersisyan Qarabağ ermənilərinin silahlanmasının əsas hədəflərindən biri olduğunu da qeyd edib. Ona görə də önümüzə baxaq ki, bizi nə gözlədiyini fikirləşməyək, əksinə qarşı tərəf(lər) bizim nə edəcəyimizi düşünüb daşınsın. Bizim isə edəcəyimiz çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər. “Baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq hərbi bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”. Ermənilərin Moskvada neçə illərdir mətbuat ayağı olan Markedonovun dünən yayılmış bu fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “ навеки вместе”-yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaq. Məhz buna görə də, Moskva “Ermənistanla Azərbaycan arasında final seçimi”etməkdən yayınır. Bu “final seçimi” nin fitini Rusiya vermək istəmir və bu Ermənistanı da qane edir. Deməli, yük bizə düşür. Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalı və ərazi bütövlüyümüz tam, defakto təmin olunmalıdır. Necə? Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin son bəyanatları bu istiqamətdə ciddi gedişlərdir. Aydındır ki, həm Rusiya, həm də Ermənistan gizli yolla qanunsuz yüklərin-silah-sursatın daşınmasını davam etdirəcək. Deməli, Laçın yolunda nəzarət buraxılış məntəqəmizin yaradılması tezliklə reallaşmalıdır. Bunu Rusiya dövləti qarşısında “ya olacaq, ya olacaq” məntiqi ilə qoymalı və etirazın daha ağır nəticələrə gətirib çıxaracağını, kimə mənsub olmasından asılı olmayaraq, şərti adı Xəlfəli yolu olan yerdə hərəkət edən bütün avtomobillərin vurulacağı qarşı tərəfə bildirilməlidir. Ardınca, konkret vaxt qoymaqla erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbi irəli sürülməlidir. Tələblər yerinə yetirildikdə xoş məram olaraq həbsdə olan erməni diversant qrup üzvlərinin bir hissəsinin qaytarılmasının mümkünlüyü də müzakirə oluna bilər. Laçın yolundakı dinc etiraz aksiyası ilə əlaqədar ermənilər Azərbaycanı maksimum beynəlxalq təzyiq hədəfinə çevirə biliblər, hətta BMT məhkəməsinin qərarına da nail olublar. İndiki halda biz həm Ermənistanı, həm də Rusiyanı beynəlxalq güclərin hədəfinə gətirməliyik ki, hər iki dövlət Azərbaycan ərazisinə silah-sursat, texnika, hərbi qulluqçular gətirməkdə davam edir və məqsədləri yeni müharibəyə başlamaqdır. Bu məqsədlə ABŞ və Avropa İttifaqı Rusiya və Ermənistandan tələb etsin ki, Azərbaycanın sərhəddə nəzarət buraxılış məntəqəsinin yaratması sülhə xidmət etdiyi üçün, sülh müqaviləsinin tezliklə imzalanması naminə buna mane olmasınlar. Onsuz da, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısının nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı irəli sürdüyü məsələ həm ABŞ, həm də Avropa İttifaqı yetkililəri tərəfindən anlayışla qarşılanıb, məntiqli olduğuna münasibət bildiriblər. Vaxt o qədər daralır ki, qarşımızda dayanan məsələlər reallaşmadıqca düşmən yeni iddialarla çıxış edir və beynəlxalq aləmi Azərbaycana qarşı qaldırmağın yeni formalarını tətbiq etməklə, həm də tərəddüd yaşayan Qarabağ ermənilərini öz barışmaz siyasətlərinə inandırmağa nail olurlar. Azərbaycanın təzyiq imkanları daha çoxdur və bundan maksimum istifadə etməliyik ki, düşmən və havadarı çıxılmaz durumda qaldıqlarını real şəkildə hiss etsinlər. İlham İsmayıl
Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı? Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki? Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı? Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi? “Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi? İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim? Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir? Dəyərli dostlar! Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır. Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır. Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir. Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır. Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər. Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr, İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər. Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək. Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb. Elşən Əlisoy