İrəvanda Azərbaycan bayrağı yandırılıb - FOTO - VİDEO

İrəvanda Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırılıb. Tədbirdə Azərbaycan millisi iştirak etməyib. Qeyd edək ki, Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır. Ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

“Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”-polkovnik Cəfərov

“Son günlər Ermənistan-Azərbaycan şərti sərhədlərində baş verənlər bir daha o məsələni aktuallaşdırır ki, istənilən an iki qonşu ölkə arasında çox ciddi silahlı toqquşmalar baş verə bilər,necə ki, bu, baş verir”. Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri Musavat.com-açıqlamasında söyləyib. Polkovnikin sözlərinə görə, sərhədyanı bölgədə son baş verənlərə diqqət edəndə xeyli maraqlı məqamlar üzə çıxır: “Müxtəlif çaplı bölgə oyunçuları öz maraqlarından baş verənlərə yanaşır və ya qiymət verir. Cənub qonşumuz İran yenə öz qeyri-səmimi davranışlarını davam etdirir. Təsdiq olunmasa da, bəzi ciddi mənbələrin verdiyi məlumata əsasən, Gorus istiqamətində baş verən sonuncu ağır toqquşma zamanı Ermənistan tərəfdən havaya qaldırılan İran istehsalı olan PUA-ları məhz iranlı mütəxəssislər idarə edirmi? Doğrudur, onlar proseslərdə kəşfiyyat və erməni ordusunun artilleriya və minatanlarından istifadə edilməsi zamanı fəaliyyətdə olublar. Amma fərq etməz. Bunun özü də Azərbaycana qarşı İranın qeyri-səmimi və məkrli niyyətlərinin hələdə olması qənaətini yaradır. Baxmayaraq ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında iki gün dalbadal telefon danışıqları oldu, bəzi pozitiv notlar verildi və bu, bizə gərginliyin azalacağının ümidlərini yaradırdı. Üstəlik də prezidentin köməkçisi Hikmət Hacıyevin İran səfiri Musəvi arasında baş tutan görüş də müəyyən nikbinlik yaratsa da, təəssüf ki, gərginlik qalmaqdadır. Rusiya və İran Qarabağ məsələsində Ermənistanın maraqlarından çıxış edirlər”. Ü.Cəfərov qeyd etdi ki, baş verən qanlı toqquşmalar da bunu bir daha sübut edir. Polkovnik hesab edir ki, qardaş Türkiyə ilə bağlı qanunvericilik bazamızda təcili olaraq mütləq bəzi işləri qaydasına salmalıyıq: “Türkiyə NATO üzvü kimi özü bəzi məsələlərlə bağlı təkbaşına qərar verə bilməz. Bunun üçün hüquqi baza olmalıdır. Ona görə də, biz Azərbaycan tərəfi olaraq bəzi lazımi prosesdurları eallaşdırmalıyıq. Separatçıların bölgədən uzaqlaşdırıllması məsələsində qardaş Türkiyəmiz də Rusiyaya və Ermənistana müəyyən təzyiqlər etməlidir. Doğrudur, Qarabağ məsələsi Türkiyənin siyasi və hərbi rəhbərliyinin daima gündəmindədir. Lakin, müzakirələr öz yerində, daha çox tələblər və təzyiqlər həyata keçirilməlidir”.

Kanalizasiya sularının axıdıldığı Xəzərdən içməli su almaq doğrudurmu? - Ekoloqdan həyəcan təbili

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacağı ilə bağlı məsələ aktuallaşıb. İçməli suya olan tələbatı ödəmək üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu proses daha az xərc tələb edir.  Qeyd edək ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub. Hazırkı dövrdə isə bu prosesin tətbiqi gigiyenik cəhətdən mümkün deyil. Ən azı ona görə ki, kanalizasiya suları və tullantıları birbaşa Xəzər dənizinə axıdılır. Üstəlik dəniz platformasından neft və ya digər bulanıq mayenin Xəzərə axıdılması faktları da mövcuddur.  Mövzu ilə bağlı Bizim.media-ya danışan ekoloq Ənvər Əliyev də hesab edir ki, dənizdən içməli su əldə etmək məqbul deyil: “Bu sudan içmək yox, sadəcə məişətdə, suvarmada və bəzi zavodlarda istifadə olunması mümkün ola bilər. Əksinə, bizim içməli sularımız çoxdur. Azərbaycanın çayları və yeraltı suları tükənməyib ki, dənizdən içməli su alaq. Təəssüfedici məqam odur ki, içməli suyu 400-500 kilometrlikdən gətirib bağ sulamağa, maşın yumağa istifadə edirik. Biz bunun əleyhinəyik. Yaxşı olar ki, içməli və məişətdə istifadə olunan sular ayrı olsun. İsraf etdiyimiz suları düzəldək, ondan sonra əlavəsinə baxarıq”. Ekoloqun sözlərinə görə kanalizasiya sularının və digər mayelərin axıdıldığı dənizdən içməli su almaq insan orqanizminə təhlükədir: “Bəzi müəssisələrin tullantılarında elə maddələr var ki, onlar həll olmur. Hələ qalsın ki, bu maddələr insan orqanizminə keçsin... İnsanın su tələbatının sanitar-gigiyenik normaları var ki, bunlardan kənara çıxmaq olmaz. Çünki çox ciddi fəsadlar baş verə bilər.  Üstəlik Xəzər dənizindən içməli su almaq böyük xərc tələb edir. Uzun müddət metrodan su çıxırdı. Hətta qurumun mənbələrindən aldığım məlumata görə. Bakı metrosu lay sularının təmizlənməsinə 300 min manata qədər pul xərcləyir. Bu sularla içməli su probleminin ağır vaxtlarında heç olmasa ağacları sulamaq olar.   Bundan əlavə Bakının özünə gələn sular var ki, hər tərəfdən dənizə doğru axıdılır. Onlardan da bəzi sahələrdə istifadə etmək olar. Ümumiyyətlə, içməli sudan qənaətlə və normal istifadə edə bilsək, alternativlərə ehtiyac qalmayacaq.  Onu da deyim ki, Bakının kanalizasiya sistemi bərbad durumdadır. Su borularının çoxu Sovet dövründən də əvvəlki illərə aiddir. Yararlıqları sual altındadır. Suya qənaət etmək üçün öncə bu problemlərə diqqət etmək lazımdır”.

Arayik “qəhrəman” “hərbi hissə” komandirini Xocavəndə “başçı” təyin etdi… -FOTO

Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun 2 il 5 aydan çoxdur Rusiyanın nəzarətində qalan hissəsindəki separatçı-terrorçu erməni rejiminin başçısı Arayik Arutyunyan Xocavənd rayonunun işğalda qalan hissəsinə yeni qanunsuz “başçı” təyin edib. Sozcu.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb. Məlumata görə, Edik Avanesyan sözügedən “rayon”un “administrasiya rəhbəri” vəzifəsindən azad edilib, onun yerinə isə Unan Hayrumyan təyin edilib. Qeyd edilir ki, bundan əvvəl Unan Hayrumyan separatçı rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin “direktor müavini” vəzifəsindən azad edilib. Araşdırmamıza görə, U.Hayrumyan keçmiş qanunsuz hərbi hissə komandiri olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı döyüşlərdə fəal iştirak edib. Arayik  2020-ci ilin noyabrında Azərbaycana qarşı müharibədə göstərdiyi “şücaətə” görə U.Hayrumyana “Artsax qəhrəmanı” adı verib və onu “Qızıl qartal” ordeni ilə təltif edib.(moderaor)

Krımı azad etmək üçün bütün silahları tətbiq edəcəyik

Krımın azad olunması üçün Ukrayna qadağan olunmamış bütün növ silahlardan istifadə edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Krım Ukrayna ərazisidir və biz ərazimizi azad etmək üçün beynəlxalq qanunlarla qadağan edilməyən istənilən növ silahı sınaqdan keçirib, istifadə edəcəyik”, - deyə Danilov bildirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin bir daha diqqətinə...!!!

Həyatını Azərbaycan yolunda qurban verənlərin haqqını ödəyə biləcəyimiz qeyri-mümkündür. Həyatda ən şirin olan canı fəda etmək böyük ürək, cəsarət, qəhramanlıq tələb edir. Bunun Azərbaycanda minlərlə nümunəsi var. Bəli, biz bunu dilimizdə şuara çevirib demirik. Tam mənası ilə səmimiyyətimiz, dürstlüyümüz, millətimizə sonsuz sayğımız ilə ifadə edirik. Azərbaycanda səlahiyyətli şəxslərin "şəhidlər bizim baş tacımızdır" şüarlaşmış söhbətlərinə çox rast gəlirik. Açığını qeyd edim ki, mən bu sözləri ifadə edənlərin səmimiyyətinə inanmıram. Az-çox tanıyıram kim-kimdir. Burada qeyd edəcəyim məsələnin məğzinə gəlməmişdən öncə bildirim ki, mən bunu yazmamışdan bu məsələ həll olunmalı idi. Axı "şəhidlər baş tacıdır" dillərindən düşməyənlər bu məsələ haqqında məlumatlıdır. Kimsə bunu deməli, yazmalı deyil. Gələk məsələnin əsas məğzinə. Çinarlı qəsəbəsindən 90-cı illərdə Qarabağ müharibəsində şəhid olan bir çox qəhraman millət övladları var. Onların bir çoxunun adına məktəb, küçə var. Amma şəhid Hikmət Süleymanov və Pənah Mehbalıyevin adına zərrə qədər olsun qəsəbədə şəhid olaraq xatırlanacaq bir xatirə izi yoxdur. Qəsəbədə çalışmış  eks-icra nümayəndələrindən biri Aşıq Alıya, Aşıq Ələsgərə, Dədə Qorquda ad verməyə küçə tapmışdı, amma bu şəhidlər heç yadlarına düşməyib. Vicdan, məsuliyyət, sayğı önəmli xüsusiyyətdir. Görünür ki, kimlərəsə bu deyilməlidir, batinində mövcud deyil. Çinarlı qəsəbə sakinləri İcra başcısının səyyar görüşündə bu məsələ diqqətinə çatdırılıb və bir daha buradan bildirməyi özümüz üçün mənəvi bir borc bilirik.  Çinarlı qəsəbəsi ərazisində şəhid Hikmət Süleymanov və şəhid Pənah Mehbalıyevin adlarına küçə verilməsini bir daha aidiyyatı qurumların diqqətinə çatdırırıq və şəhidlərə həqiqi ehtiramın göstərilməsini tələb edirik ! Ceyhun Nəbi

Ermənistan ordusunu ərazimizdən çıxarmalıdır! - XİN

Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danışıqlara qayıtmalı, açıq ünsiyyət qurmalı, üçtərəfli bəyanatda yer alan öhdəliklərə əməl etməlidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı və təxribatçı addımlar atmamalıdır.

"Aprelin 11-də baş vermiş hadisələrin arxasında Moskva dayanır"

Azərbaycan və Ermənistanın sülh danışıqlarının növbəti raundunun Rusiyada keçirilməsinə razılıq verdikləri bildirilir. Bu barədə aprelin 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb. Bundan əvvəl isə belə bir görüşün ABŞ-da olacağı gözlənirdi. Amma bu ərəfədə (aprelin 11-də) Ermənistan-Azərbaycan sərhədində vəziyyət yenidən gərginləşdi. Hər iki tərəfdən üst-üstə yeddi hərbçinin həlak olduğu açıqlandı, buna görə tərəflər bir-birlərini günahlandırdılar və ardınca Zaxarovadan Moskva görüşü açıqlaması gəldi. Hələlik, Zaxarovanın açıqlamasına Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin deputatı Vahid Əhmədov mövzu ilə bağlı "Turan"a açıqlamasında Moskva danışıqlarını qəbul etmədiyini bildirib. Deputat hesab edir ki, axır-əvvəl Azərbaycan-Ermənistan arasında məsələ məhz Brüsseldə həll olunacaq: "Aprelin 11-də baş vermiş hadisələrin arxasında Moskva dayanır". Əhmədovun fikrincə, əsas da ona görə ki, baş nazir Nikol Paşinyan ilə prezident İlham Əliyev Vaşinqtonda görüşməli idilər: "Yəni, bu görüş olmasın". Onun sözlərinə görə, sərhəddə son təxribat Paşinyanın öz təşəbbüsü deyil: "Çünki Paşinyan bu yaxında deyib ki, biz vaxtında ən böyük səhvi o vaxt etmişik ki, Qarabağın Azərbaycan ərazisinin olduğunu əhaliyə çatdırmamışıq. Bu, çox ciddi mesaj idi və bu mesaj göstərir ki, Paşinyanın imkanı olsa, elə bu dəqiqə sülh sazişinə qol çəkər". Ermənistan baş naziri N.Paşinyan aprelin 12-də Madrid prinsiplərindən danışıb: "Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Dağlıq Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi". Paşinyan vurğulayıb ki, Madrid prinsiplərinə qədər Qarabağ SSRİ-nin, sonra isə Azərbaycanın tərkibindən çıxmışdı. Baş nazirin sözlərinə görə, onun və komandasının ən böyük səhvi 2018-ci ildə hakimiyyətə gələndə bunun ictimailəşdirilməməsi olub. Deputat Əhmədov isə öz açıqlamasında habelə deyib ki, Rusiya və İran Azərbaycanla Ermənistan arasında sülh sazişin bağlanmasını istəmir: "Çünki İran 30 illik işğal dövründə Qarabağdan narkotik və silahın daşınması üçün istifadə edib. Rusiya isə istəyir ki, vəziyyət düzəlməsin və o, bu iki dövləti (Azərbaycan və Ermənistanı) əlində saxlasın. Amma Fransa xaric, ABŞ və Avropanın mövqeyi elədir ki, Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır, sərhədlərin delimitasıyası aparılmalıdır".

Rus xüsusi təyinatlılarının 95%-i məhv edilib - ABŞ

Rusiya xüsusi təyinatlıları Ukraynaya qarşı müharibədə döyüşçülərinin 90-95 faizini itirib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” bir neçə gün öncə sızdırılan kəşfiyyat məlumatlarına istinadla yazıb. Bildirilib ki, Rusiya hərbi komandanlığı tabeliyində olan hərbi qruplaşmaların döyüş qabiliyyətinə şübhə ilə yanaşıb və buna görə də döyüşlərə elit birləşmələrin girməsini əmr edib. Kəşfiyyat məlumatlarına əsasən, Rusiya xüsusi təyinatlılarının 5 briqadasından 4-ü böyük itki verib. Onlardan 3-nün şəxsi heyətinin 90-95 faizi məhv edilib. ABŞ hesab edir ki, bu briqadaların yenidən bərpa olunması üçün azı 10 il vaxt lazımdır.

Xameneinin bacısı qızı molla rejiminin qondarma məhkəməsindən imtina etdi

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani molla rejiminin qondarma məhkəməsindən imtina edib. Bu barədə “Azad İran” “Telegram” kanalı hüquq müdafiəçisinin qardaşına istinadla xəbər verib. Onun sözlərinə görə, bacısı 20 gün əvvəl atasıgildən öz evinə gedərkən heç bir hüquqi göstəriş olmadan hökumət məmurları tərəfindən həbs edilib. “Onun evində olan şəxsi sənədləri və mobil telefonu da götürülüb. 20 gündür, bacımdan heç bir xəbər yoxdur. Hazırda Evin həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Anamla bir neçə saniyə telefonla danışıb. Səsindən yorğun olduğu hiss olunurdu, bundan artıq danışmağa icazə vermirlər, nəzarət altında olduğu üçün demək istədiyi sözü deyə bilmir”. Hüquq müdafiəçisinin qardaşı bildirib ki, F.Muradxani ETTELAAT tərəfindən qəfil həbs edilib və hazırda araşdırmalar getdiyi üçün vəkil tuta bilmir. “Bu, rejimin siyasi məhbuslara qarşı həyata keçirdiyi metoddur və hazırda ölkədə hədsiz sayda siyasi məhbus var”, - deyə o vurğulayıb.

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Şəhid analarından Hüseynin ailəsinə DƏSTƏK: Eyni hisləri yaşayırıq

“Həmin kadrları izləyəndə ölüb-dirildim, məhv oldum” Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundovun amansız işgəncələrə məruz qalmasını əks etdirən görüntülər şəhid ailələrinin də hiddətinə səbəb olub. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman hərbçilərimizin anaları Hüseynin ailəsinə dəstək verərək, onların tək olmadıqlarını, eyni hisləri yaşadıqlarını bildiriblər. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Modern.az-a açıqlamasında deyib ki, Hüseynin internetdə yayılan videosu ona çox pis təsir edib. “Ermənilərin əsgərimizə o cür rəftar etməsi şəhid anası olaraq mənə pis təsir etdi, düşünürəm ki, övladı şəhid olan bütün analar eyni hissi yaşayıb. Öz övladımın şəhid olması mənə necə təsir edirsə, hər bir ananın balasına zülm olunması da mənə elə təsir edir. Müharibə qələbəmizlə bitsə də, yenə şəhidlərimiz olur, əsgərlərimiz ermənilərə əsir düşür. Nə demək olar? Allah Hüseyn balamızın köməyində olsun, anasına səbir versin”, - Səmayə Həşimova vurğulayıb. Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli Azərbaycan əsgərlərinin ermənilərə əsir düşməsinə məyus olduğunu söyləyib. “O kadrları izləyəndə ölüb-dirildim, ağladım, məhv oldum. Şəhid olmaq ayrıdır, əsir düşmək tamam ayrı. Şəhid olanda bilirsən ki, daha yoxdur, gözün yoldan kəsilir, amma əsir kimi düşmən əlində olmaq və ananın övladının incidildiyini bilməsi çox ağırdır. O ananın halını təsəvvür edə bilirəm. Övladlarımıza biri tərs baxanda adam dəli olur. O ki qaldı onun düşmənin əlində olduğunu biləsən. Bunu düşünmək belə insanı məhv edir. Dəhşətdir, Allah heç kimə göstərməsin. Allah o anaya səbir versin. Eyni şey başıma gəlsəydi, bəlkə də, mənim ürəyim dayanardı. Mən həmişə şükür edirəm ki, oğlum əsir düşmədi, sadəcə şəhid oldu. Ağır dərddir". Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb. 

“Putin xərçəngdir, kimyaterapiya alır” — Məxfi sənədlər də Putinin xəstə olduğunu ortaya qoyur

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) internətə sızdırılan 100-ə yaxın məxfi sənədində Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı məlumatlar da yer alıb. Sozcu.az AzPolitika.info-ya istinadən xəbər verir ki, sənədlərdən birində Vladimir Putinin xərçəng xəstəsi olduğu, bunun üçün də davamlı şəkildə kimyaterapiya aldığı bildirilir. Məxfi sənədlərdə Putinin xəstəliyinin hansı mərhələdə olduğuna dair məlumat verilmir. Xatırladaq ki, uzun müddətdir sosial şəbəkələrdə və beynəlxalq mətbuatda Putinin səhhəti ilə bağlı müxtəlif şayiələr dolaşır. Onun Parkinson və xərçəngdən əziyyət çəkdiyinə dair iddialar var.

"İran rejimi Fəridi Azərbaycana qarşı təzyiq etmək və bununla nəsə qoparmaq üçün oğurlayıb"

"Almaniyada yaşayan Azərbaycan vətəndaşı, 26 yaşlı Fərid Səfərlinin İranda yoxa çıxmasından bir aydan çox vaxt ötür. Ancaq hələ də ondan heç bir xəbər yoxdur. Artıq məlumdur ki, Azərbaycan öz vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib, lakin indiyədək vətəndaşımız taleyi barədə yeni bir informasiya əldə olunmayıb". Bunu Demokrat.az-a açıqlamasında hazırda Finlandiyada yaşayan Təbrizdən olan soydaşımız, siyasi şərhçi Çingiz Göytürk bildirib. O, azərbaycanlı gənc tələbənin İranda siyasi səbəblərlə tutulması ehtimalının yüksək olduğunu deyib:  "Fəridin İrana gediş şəkli onun planlaşdırılmış və məqsədli şəkildə Tehrana aparıldığını göstərir. Bunun şəxsi zəmində baş vermədiyini və adam qaçırma hadisəsi olduğuna dair şübhələri gücləndirir. Üstəlik hadisənin İranda daxili sabitliyin olmadığı, dünya dövlətlərinin öz vətəndaşlarına İrana getməməyi tövsiyə etdiyi, Azərbaycanla İran arasında münasibətlərin gərginləşdiyi bir zamanda baş verməsi şübhələri daha da artırır". Güneyli politoloq qeyd edib ki, İranın xüsusi xidmət orqanlarının bənzər metodlarla hədəf seçdiyi şəxsi aldadaraq, İstanbula gətirib, orada yerləşmiş kəşfiyyat şəbəkəsinin vasitəsilə İrana qaçırması sıx-sıx rastlanan hadisədir:  "İranın rejimə qarşı çıxmış müxaliflərin, yəhudi dininə mənsub İsrail vətəndaşlarının, Amerika və Avropa vətəndaşlarının oğurlanaraq, İrana aparılması xüsusi xidmət orqanının son dönəmlərdə tez-tez əl atdığı üsuldur. Hətta, İrana səfər etmiş Qərb ölkə vətəndaşlarının da tutularaq, casusluqda ittiham edildiyini, bununla da İranın həmin ölkələrdə bir sıra güzəştlər əldə etdiyini yaxşı bilirik. Bütün bunları və Azərbaycanla İran arasındakı münasibətlərdə gərginliyin pik həddinə çatdığı gərçəyini nəzərə alsaq, Fəriddən Azərbaycana qarşı təzyiq etmək və bir sıra güzəştlərə nail olmaq, yaxud da İrana casusluq etməyə zorlamaq məqsədilə əvvəlcədən planlaşdırılmış formada İrana qaçırıldığını söyləmək mümkündür".

Azərbaycanda direktor etiraz edən müəllimi döydü

Şahbuz rayon Daylaqlı kənd orta məktəbində direktor və müəllim arasında insident baş verib. Bu barədə “Gündəlik Naxçıvan”a təhlükəsizlikləri üçün adlarının çəkilməsini istəməyən məktəb müəllimləri məlumat veriblər. Onların sözlərinə görə, məktəbdəki haqsızlıqlara etiraz edən tarix müəllimi Məhərrəm Gülmalıyevlə direktor Yenubar Hüseynov arasında mübahisə başlayıb. Şahid müəllimlər deyiblər ki, haqlı ittihamlar qarşısında əsəblərini cilovlaya bilməyən direktor, hirsini 60 yaşlı müəllimi şillələməklə soyudub: “Məhərrəm Gülmalıyev savadlı, mədəni, işini bilən bir müəllimdir. O, hər dəfə müəllimlər üçün nəzərdə tutulan test imtahanlarında yüksək bal toplayır. Buna baxmayaraq, direktor bəhanələr quraraq, onu işdən çıxarıb, yerinə başqasını götürmək istəyir. Onu işdən çıxarmaq istəməsinin bir səbəbi də Məhərrəm müəllimin məktəbdə baş verən özbaşınalıqlara səssiz qalmamasıdır. Mübahisə iməciliyə görə baş verdi. Direktor bütün müəllimləri şənbə günü iməciliyə çıxıb, küçə süpürməyə məcbur edirdi. Məhərrəm Gülmalıyev buna irad bildirərək, küçə süpürməyin müəllimə aid iş olmadığını bildirdi.  Hadisə gözümüzün qarşısında oldu. Məhərrəm müəllimin haqlı iradlarına dözə bilməyən direktor ona bir neçə şillə vurub, yerə sərdi. Müəllimlər araya girməsəydilər, daha ağır nəticə olacaqdı”. Döyülmə hadisəsi ilə bağlı Məhərrəm Gülmalıyevin aidiyyəti qurumlara şikayət etdiyi bildirilir. Məsələyə münasibət öyrənmək üçün məktəb direktoru Yenubar Hüseynovla əlaqə saxlasaq da o, iddialara münasibət bildirmək istəməyib.

“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğur sayılır...”

“Dünya təcrübəsində casusların həbsi yox, onların fəaliyyəti üzərindən əks-fəaliyyət uğurlu əməliyyat sayılır...” “Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır...” “Casusluqla mübarizə çox mürəkkəb və kompleks bir sistemdir. Dünya təcrübəsində xarici ölkələrin agentura şəbəkələrinə qarşı mübarizə əsasən casusların nəzarətə götürülməsi, onların şəbəkəsinin açılması, onların izlənməsi, əhatə dairəsinin öyrənilməsi və onların fəaliyyətinə, qarşılarına qoyulan vəzifələrə adekvat olaraq əks addımların atılması mərhələlərində aparılır. Casuslardan dezinformasiya mənbəyi kimi istifadə olunur, onlar əməkdaşlığa cəlb edilərək ikili casus kimi işlədilir. Yəni bu sahədə müxtəlif metod və praktikalar var”.  Bu fikirləri Moderator.az əməkdaşının “Dünya təcrübəsində xarici ölkə agentura şəbəkələrinin ifşası necə, hansı mərhələlərdə aparılır?” sualını cavablandıran siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib. “Həbs məsələsinə gəldikdə təbii ki, casuslar yalnız dövlət əhəmiyyətli məlumatları əldə etdikdə və yaxud dövlətin maraqlarına ziyan vurmağa başladıqda ifşa olunur və zərərsizləşdirilir. Dünya ölkələrində casusluqla mübarizə metodları və təcrübəsi olduqca müxtəlifdir. Lakin hər bir halda biz hansısa ölkədə kütləvi casus ifşasına çox az rast gəlirik. Məsələn, bir müddət öncə ABŞ-da Rusiya casuslarının ifşa olunması çox nadir hadisədir. Belə hallar adətən avtoritar, totalitar dövlətlərdə baş verir ki, bunun da arxasında əksər hallarda hansısa siyasi kontekst dayanır. Ancaq bir çox hallarda casusun həbs olunması strateji baxımdan uğurlu əməliyyat sayılmır. Çünki hər hansı bir ölkə kəşfiyyatı öz casusunun ifşa olunduğunu öyrəndikdə o, agentura şəbəkəsinin daha da dərinlərdə gizlədilməsinə və meydana yeni casusların atılmasına çalışır. Və təbii ki, qarşı dövlət üçün həmin yeni casusları axtarıb tapmaq zaman, resurslar, səylər, enerji və s. tələb edir. Bir sözlə, dünya təcrübəsində casuslar daha çox nəzarətdə saxlanılır və onların fəaliyyəti üzərində əks-fəaliyyət, yəni əks-kəşfiyyat fəaliyyəti qurulur. Casusların həbsi isə yalnız onların dövləti maraqlar və təhlükəsizlik üçün ciddi təhdidlər yarandıqda həyata keçirilir. Yəni casusların həbsi yox, onların fəaliyyəti üzərində əks-fəaliyyət uğurlu əməliyyat sayılır”, - deyə keçmiş təhlükəsizlik zabiti vurğulayıb.

İrandan Azərbaycana silah-sursat və narkotik göndərildi

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən "Kalaşnikov" avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti uğurlu əməliyyat həyata keçirilib. Bu barədə Sozcu.az-a DİN-dən məlumat verilib. Bildirilib ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bir nəfərin İranda yaşayan "Nadir" adlı şəxslə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra İran vətəndaşının əvvəlcədən təyin etdiyi nöqtəyə yaxınlaşan onun ölkə daxilində məxfi əməkdaşlığa cəlb etdiyi şəxs gizlədilən narkotik vasitə və avtomatı axtarmağa başlayır. Bu zaman o, İran vətəndaşı ilə əlaqə yaradaraq silahın və narkotiklərin yerini dəqiqləşdirir. Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılır. Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxs ilkin ifadəsində avtomat və narkotiklərin ona aid olmadığını bildirsə də, təkzibedilməz faktlar, həmçinin onun İran vətəndaşı ilə əlbir olduğunu sübut edən əməliyyat yolu ilə əldə edilən səs yazıları qarşısında cinayətini etiraf etməli olub. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, balıqovlama mövsümünün başa çatması ilə əlaqədar olaraq Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı "Qırmızı Kitab"a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Araşdırma zamanı müəyyən edilib ki, körpə cinsli nərə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilir. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görüləcək.

Beyində qan dövranını yaxşılaşdıran sadə masaj

Sadə məşqlərin köməyi ilə bədənin daha sürətli yuxuya getməsinə kömək edə bilərsiniz, eyni zamanda yatmazdan əvvəl həddindən artıq fəaliyyətin qəbuledilməz olduğunu nəzərə almaq lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə "Ria Novosti"yə psixoloq, kinezioloq Anna Ovnitskaya məlumat verib. "Orqanizmin yuxu rejiminə keçməyə hazırlaşdığı saat 19:00-dan 20:00-a qədər endokrin sistemin tsikllərini nəzərə alaraq, həddindən artıq fiziki fəaliyyət, həddindən artıq yemək, ağır fiziki fəaliyyətlə məşğul olmaq, məşq etmək, həddindən artıq emosional ünsiyyətə girmək və ya televizora baxmaq tövsiyə edilmir. Yuxuya getməyin ən yaxşı yollarından biri masajdır. Məsələn, üz üçün xüsusi məşqlər edə bilərsiniz: qaşlarınızı yuxarı qaldırın, üçə qədər sayın və yavaş-yavaş aşağı salın, sonra alnınızı güclü şəkildə büzün və üz ifadələrini zəiflədin. Siz həmçinin gözlərinizi bağlaya, sonra yavaş-yavaş aça bilərsiniz. Bu, sakitlik və emosional tarazlığa nail olmağa kömək edəcək. Üzün digər hissələri də masaja cəlb edilə bilər. Məsələn, çənənizi sıxın, sonra rahatlayın və ya ağzınızı və dodaqlarınızı sıxın, onları hərəkət etdirin və yavaş-yavaş əzələləri buraxın. Yaxud da yataqda rahatlamaq üçün gözlərinizə isti bir sarğı qoya bilərsiniz", - ekspert qeyd edib. Ovnitskaya prosedurun sonunda barmaqları üzdə gəzdirməyi məsləhət görüb. "Masaja qaşlardan yuxarıya, alnın ortasından gicgahlara qədər sığallamaqla başlamaq, üzdən başın arxasına və qulaqdan kəllə sümüyünə qədər nahiyəni yumşaq bir şəkildə masaj etmək tövsiyə olunur. Barmaqlar yorulursa, o zaman terapevtik masaj fırçasından istifadə edə bilərsiniz, bu da beyin dövranını yaxşılaşdırıb təzyiqi azaldacaq. Bəzi əzələləri rahatlaşdırmaqla biz emosional sferanın işinə də təsir edə bilərik. Gərginləşən zaman boyun yuxarı hissəsinin çiyin qurşağının nahiyəsini dartmış oluruq və o, yatmazdan əvvəl də rahatlanmalıdır. Məsələn, nəfəs alarkən çiyinləri yuxarı qaldırın və nəfəs verərkən əlləri aşağı salın, eyni zamanda çənəni boyun altına əyin, sakit nəfəs alıb verin və bir müddət belə oturun. Əlləri və ayaqları rahatlaşdırmaq faydalıdır, bunun üçün əzalarla dairəvi hərəkətlər etmək kifayətdir. Eyni zamanda, nəfəs almağa nəzarət etmək vacibdir, o, sakit və ritmik olmalıdır ki, bu da vegetativ və endokrin sistemlərə müsbət təsir göstərəcək", - ekspert yekunda bildirib. (publika.az)

Putin dünyanın başqa tərəfə baxacağını düşünürdü - Bayden

"Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna məsələsində dünyanın qətiyyətini lazımi səviyyədə qiymətləndirmədi və bütün cəbhələrdə yanıldı”. Sozcu.az “The Guardian”a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden İrlandiyaya səfəri zamanı deyib. Onun sözlərinə görə, Putin Ukraynada genişmiqyaslı hücuma başlayanda dünyanın başqa tərəfə baxacağını düşünürdü. Bundan savayı, preizdent Bayden Ukraynaya tibbi avadanlıq da daxil olmaqla 170 milyon avro yardım etdiyinə görə irlandiya hakimiyyətinə təşəkkür edib. Qeyd edək ki, İrlandiya Rusiya əleyhinə sanksiyalara qoşulub və Ukraynadan olan 80 min qaçqın həmin ölkəyə sığınıb.

“50 qonaq çağırdım, 120 nəfər gəldi” - Rəqqasə

Rəqqasə Fatimə Fətəliyeva ad günü məclisinə çağırıb da iştirak etməyən qonaqlardan gileylənib.  Sozcu.az Olay-a istinadla xəbər verir ki, sənətçi bu haqda “Həyat tərzi” proqramında danışıb. Fatimə bildirib ki, Əməkdar artist Nüşabə Ələsgərli gözləsə də, o, doğum gününə qatılmayıb:“Kərim (Kərim Abasov- red) demişdi ki, gəlməyəcəm, çünki məclisi var idi. Bir nəfər Nüşabə Ələsgərli idi ki, gəlmədi. Əslində mən belə şeylərdən inciyən, bəhsə- bəhs yaşayan insan deyiləm. Misal üçün Gülbahar Şükürlü məclisimə gəlmədi, amma bugün mən onun ad gününə gedirəm. Sabah Zenfiranın (müğənni Zenfira İbrahimova- red) doğum günü olsa, bilirəm ki, çağırmayacaq, amma mən yenə də iştirak edəcəm. Bilirsiniz ki, hamının yaxşı və pis günündə yanında olan insanam və mənə Allah nə qədər ömür veribsə, həmişə də belə olacam. Gələnlərin də canı sağ olsun. 50 nəfər çağırmışdım, 120 nəfər gəlmişdi”.

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz” – Elbay Qasımzadə

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz. Bu fikir neçə dəfə olub. Məncə, bu fikir yolverilməz bir anlayışdır. Bakı təkcə Bakı şəhərindən ibarət deyil, Bakı Azərbaycanın həm mədəni, həm də tarixi mərkəzidir. Bakının statusunu tıxaclara görə əlindən almaq ədalətsizlikdir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış memar, Bakı şəhərinin sabiq baş memarı Elbay Qasımzadə deyib. O, son vaxtlar mərkəzdə artan tıxaclar səbəbindən paytaxtın başqa şəhərə köçürülməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. E. Qasımzadə söyləyib ki, nəqliyyatın idarə olunmasında dəyişiklik edilməlidir: “Nəqliyyat istifadə edən qurumlar, həm də bunu idarə edənlər – Dövlət Yol Polisi və s. bir yerdə oturub işləməli və Bakıdakı nəqliyyatın qrafikini normal vəziyyətə salmalıdırlar. Lakin bununla heç kim məşğul olmur, gündə bir dənə marşrut dəyişirlər. O dəyişmənin də əsas məqsədi kommersiya maraqlarıdır”. Memarın fikrincə, şəhər böyük bir mexanizm, anlayışdır: “Ona görə də hansısa marağa görə qərar qəbul etmək olmaz. Bakının statusu var və şəhər ölkəmizin ən görkəmli yerində – sahildə yerləşir. Həmçinin, ölkənin sərhədlərinə də eyni məsafədədir. Bakı tarixi şəhərdir və 2 min ildən çoxdur ki, tarixi var. Gəlin, bu lazımsız söhbətləri bitirək”. “Ona qalsa, Azərbaycanda da çoxlu şəhərlər tikilir. Yeni paytaxtın tikilməsinə gəldikdə isə mən bir dənə Qazaxıstanın paytaxtı Astananı nümunə olaraq bilirəm. Hansı ki, orada da siyasi məqsədlər olub. Heç də Almatı böyük bir şəhər olmayıb, milyon yarım əhalisi olub. Nə şəhərdir ki? Orada Nursultan Nazarbayevin şəxsi siyasi maraqları var idi. Ona görə də mərkəzi dartdı apardı Astanaya. Çölün düzündə, iqlimi bərbad, qışda 40 dərəcə şaxta, yayda cəhənnəm istisi, bir dənə də bitki normal bitmir. Bu gün Astanaya baxırsan, heç şəhərə də oxşamır, memarlıq muzeyinə oxşayır. Bir binadan o birisinə getməkdən ötrü mütləq gərək taksiyə minəsən. Belə paytaxt olmaz!” “Qısası, paytaxta aid standartlar heç bir ölçü ilə ölçülə bilməz. Paytaxt mənəvi bir anlayışdır. Bakının 2 min illik tarixi varsa, onun 400 ili Bakı paytaxt olub. Şamaxıda zəlzələ olandan sonra Şirvanşahlar Bakıya köçüb və Bakı Azərbaycanın paytaxtı olub. Ona görə də paytaxtın dəyişdirilməsi fikirləri ilə qəti razı deyiləm”, – yekunlaşdırıb.

Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

“Tərtər işi” üzrə ittiham olunan generaldan xəbər var

“Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Proses aprelin 20-də davam etdiriləcək. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib./APA

Arda Turan baş məşqçiliyə başladı

Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"u çalışdıracaq. Qeyd edək ki, klubun vitse-prezidenti Fatih Qulaksız məlumatı təsdiqləyib. Xatırladaq ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.