“Bir də baxacağıq ki, 2025-ci il qapını kəsib, amma Xankəndi rejimi hələ də yerindədir…”

“Proses dalana aparır, yoxsa müharibəyə?..”

 “Reallıqda bu, boğulanın saman çöpündən yapışması olsa da, biz ehtiyatı əldən verə bilmərik…”

“Azərbaycan sülh danışıqlarını davam etdirməklə bərabər Xankəndi probleminin üzərinə getmək siyasətini bütün sərtliyi ilə ortaya qoymalı, dövlət nəzarətini bərpa etməyin əvvəl siyasi, sonra da hərbi yol xəritəsini qarşı tərəflərə elan etməlidir…”

BMT Təhlükəsizlik Şurasının müzakirəsi ermənilərə istədiklərini vermədikdən sonra proseslərin hansı istiqamətdə gedəcəyi maraq yaradır. Bəri başdan vurğulamaq lazımdır ki, ermənilərin variantları tükənməyib və istər beynəlxalq arenada, istərsə də Qarabağ özündə növbəti siyasi təxribatlarını davam etdirəcəklər. Amma bir prosesi heç vaxt unutmaq olmaz ki, ermənilər siyasi şoularla bərabər silahlanmanı da davam etdirirlər. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirənin səhərisi günü - avqustun 17-də Araik Arutunyan “xalq könüllü silahlı dəstəsi”nin bir qrup döyüşçüləri ilə toplantı keçirib. Verilən xəbərdən məlum olur ki, toplantıda “mövcud çətinliklərin öhdəsindən gəlmək üçün döyüşçülərin üzərinə düşən vəzifələr və təhlükəsizliyin təmin edilməsi, bütün səylərin birləşdirilməsinin zəruriliyi” vurğulanıb. Məsələ yalnız könüllü döyüşçülərlə bitməyib, avqustun 18-də Araik Arutunyan “respublika müdafiə ordusu” adlanan silahlı qüvvələrin komanda heyəti ilə də görüş keçirib. İyirmi nəfərlik komanda heyəti ilə baş tutan görüşdə “ respublikanın müdafiə qabiliyyəti” müzakirə edilib. Qeyd edək ki, iki gün əvvəl daşnak yeni “spiker” də general-mayor Kamo Vardanyanla görüş keçirmişdi. Əgər 44 günlük müharibə dayandırılandan sonra ermənilər hərb mövzusunda kəlmə belə, kəsməkdən çəkinirdilərsə, indi Ermənistanda hər iki nəfərdən biri ordunu gücləndirib müharibəyə hazırlaşmaq barəsində açıq danışır. Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzalamaq üçün süni şəkildə zamanı uzatmağın əsil səbəbi də silahlanmaq və Fransa kimi havadarının siyasi-hərbi dəstəyilə Azərbaycan üzərində hərbi üstünlük qazanmaq planıdır. Əlbəttə, reallıqda bu, boğulanın saman çöpündən yapışması olsa da, biz ehtiyatı əldən verə bilmərik.

Yaxın perspektiv nə vəd edir? Ermənilər Ağdam-Xankəndi yolundan sonadək imtina edəcəklərmi? Və ya son anda məcbur olub istifadəyə razılıq verəcəklər, amma çox güman ki, bizim maraqlarımıza uyğun olmayan şərt irəli sürməklə… Ona görə də biz indidən elan etməliyik ki, Ağdam-Xankəndi yolunun açılması yalnız Azərbaycan Respublikasının qanunları əsasında olmalıdır. Perspektivdə Laçın yolundan istifadə bərpa olunarsa, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq keçirilən istənilən yükün həm sərhəd , həm də gömrük nəzarətindən keçiriləcəyini şərt olaraq elan etməlidir… 

Laçın yolu “böhranı” davam edərsə, sülh danışıqlarının perspektivi necə görünür? Avqust ayı bitəndən sonra Şarl Mişelin vəd etdiyi Brüssel görüşü sentyabrda olacaqmı və baş tutarsa, görüş xatirinə görüş təsiri bağışlamayacaq ki? Avropa İttifaqı nümayəndəsinin BMT TŞ müzakirəsində heç də neytral mövqe tutmadığını, əksinə, Azərbaycanı qınayan tezislərlə çıxışını nəzərə alsaq, görüşdən müsbət nəticə əldə olunacağı sual altındadır. Adətən Brüssel görüşü ərəfəsi və ya sonrası Moskva görüşünün olması tamamilə mümkündür, çünki oktyabrın 5-də Qranadada planlaşdırılan beşli görüşü də nəzərə alsaq, vasitəçiliyin bu qədər müddətə Qərb masasına keçməsinə Kremlin seyrçi qalması inandırıcı görünmür. Onu da qeyd edək ki, Putinin Türkiyə Prezidenti Ərdoğanla avqustun sonuna nəzərdə tutulan görüşündə Qarabağ mövzusunun da yer alacağı və Moskvanın Qərbi üstələyən təkliflərlə çıxış etməsi tamamilə mümkün variantdır. Eyni zamanda, BMT TŞ-də RF nümayəndəsi Polyanskinin digər daimi üzvlərdən fərqli olaraq, Azərbaycanın maraqlarını nisbətən gözləyən çıxışı da bu nikbinliyə əsas verən amillərdəndir…

Bütövlükdə isə, danışıqların, görüşlərin real nəticə verəcəyi az inandırıcıdır və onlar Qarabağ məsələsini bu yolla dalana aparan prosesə xidmət edir. Nəticədə Xankəndi problemi qalacaq və qaldıqca Fransa, İran kimi dövlətlər ermənilərin əli ilə və ya birbaşa Azərbaycana qarşı təzyiqlərini, təxribatlarını davam etdirəcəklər, Rusiya isə sülhün imzalanmasının tez olması bəhanəsilə bölgədə təsirini saxlamaq siyasətini aparacaq, Aİ-nin, ABŞ-ın ayrı-ayrı nümayəndələri Azərbaycanı hədəf alan çağırışlar səsləndirəcəklər. Bir də baxacağıq ki, 2025-ci il qapını kəsib, amma Xankəndi rejimi hələ də yerindədir. Rejim isə, yazının əvvəlində qeyd etdiyimiz kimi, faktiki müharibəyə hazırlaşmaq görüntüsü yaradır və əgər bir separatçı rejimin silahlı qüvvələrini 20 nəfər komanda heyəti təmsil edirsə, məsələyə ciddi yanaşmaq lazımdır. Məsələ onda deyil ki, bu qüvvələr döyüşdə bizə problem yaradacaq, söhbət bu silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının ilin sonunadək həll edilməsindən gedir!..

Azərbaycan sülh danışıqlarını davam etdirməklə bərabər Xankəndi probleminin üzərinə getmək siyasətini bütün sərtliyi ilə ortaya qoymalı, dövlət nəzarətini bərpa etməyin əvvəl siyasi, sonra da hərbi yol xəritəsini qarşı tərəflərə elan etməlidir. Bizim dalana dirənməyə zamanımız yoxdur… moderator)

İlham İsmayıl

Share on Facebook