“Biz belə halı Moldovada - Dnestryanı bölgədə müşahidə etmişik. Moldova hökuməti Rusiya “sülhməramlı”larının çıxarılması haqda tələb səsləndirsə də, bu, yerinə yetirilməyib. Və 30 ildən çoxdur ki, Moskvanın həmin hərbi kontingenti hələ də Moldovanın suveren ərazisindədir...”
“Çox maraqlı bir sualdır. Çünki Güney Qafqazda və Ukraynada baş verənlərin müzakirəsinin aparılması və burada paralelliklərin müəyyən edilməsi çox əhəmiyyətlidir. İlk növbədə qeyd edim ki, Ukrayna tam qələbə qazanacağı təqdirdə də Rusiya “sülhməramlı”ları Qarabağda qalmağa çalışacaq, məğlub olacağı təqdirdə də. Yəni burada könüllü çıxmaqdan söhbət gedə bilməz. Həmçinin yalnız Rusiyanın deyil, digər ölkə və ya beynəlxalq təşkilatın da sülhməramlı kontingentinin yerləşdiyi ərazidən könüllü çıxacağına inansaq, illüziyaya qapılmış olarıq”.
Araşdırmaçı jurnalist, Ordu.az saytının baş redaktoru Şahin Qocayev bu fikirləri Moderator.az əməkdaşının “Necə hesab edirsiz, 2025-ci ildə Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz və işğalçı müharibədə Ukraynanın xeyrinə ciddi dönüş olmayacağı təqdirdə Rusiya öz “sülhməramlı”larını Qarabağdan məlumrazılaşmaya uyğun olaraq könüllü(!) olaraq çıxaracaqmı” sualını cavablandırarkən dilə gətirib.
“Onu da deyim ki, Rusiya “sülhməramlı”larının Qarabağdan çıxarılması məhz 2025-ci ildə yox, daha tez reallaşa bilər. Çünki bununla bağlı nəinki Azərbaycanda, Ermənistanda, hətta Qarabağdakı separatçılar daxilində də fikirlər səsləndirilir. Bu mənada mümkündür ki, ermənilər bizdən daha tez davransınlar və Rusiya kontingentinin çıxarılması ilə bağlı tələblər səsləndirsinlər. Lakin bu o demək deyil ki, ruslar ermənilərin tələblərinə dərhal boyun əyəcək. Biz belə halı Moldovada - Dnestryanı bölgədə müşahidə etmişik. Moldova hökuməti Rusiya “sülhməramlı”larının çıxarılması haqda tələb səsləndirsə də, bu, yerinə yetirilməyib. Və 30 ildən çoxdur ki, Moskvanın həmin hərbi kontingenti hələ də Moldovanın suveren ərazisindədir... Bu kimi məsələləri nəzərə aldıqda görərik ki, Rusiya ilə birbaşa, xüsusi və sərt tələblə danışmaq yüksək fayda gətirməyəcək. Çalışmaq lazımdır ki, “sülhməramlı”ların bölgədən çıxarılmasına xüsusi diplomatik fəaliyyətlərlə, qarşı tərəfi xoflandırmayacaq şəkildə ağıllı addımlarla nail olaq. Və qeyd etdiyim kimi, Azərbaycan hökuməti artıq müəyyən məsələlərdə bu addımları atıb, bu fikir formalaşdırılıb. Hətta o səviyyədə formalaşdırılıb ki, bunu Ermənistanın siyasi dairələri və Qarabağdakı separatçılar belə, dilə gətirir. Təbii ki, bunun üçün xüsusi fəaliyyətlər həyata keçirmək lazım olur. Bu da özündə çox ciddi diplomatik manevrləri ehtiva edir, xüsusilə bizdən peşəkar gedişlər etməyi tələb edir. Və hökumətimiz bu məsələdə çox diqqətlidir” -deyə açıqlmasının davamında şərhçi əlavə edib.
“Habelə onu da nəzərə almaq lazımdır ki, Rusiya “sülhməramlı”larının mandatı təsdiqlənməyib. Yəni bir çoxlarının fikrinin əksinə olaraq Azərbaycan tərəfi Rusiya “sülhməramlı”larının burada müəyyən olunmuş müddətdən də artıq qalmasını istəsəydi, onların mandatı təsdiqlənər və bu kontingentin missiyasının müddətinin uzadılması üçün lazımi əsaslar formalaşdırılardı. Lakin bu olmadığı təqdirdə “ən uzağı 2025-ci ildə sülhməramlıların bölgədən uzaqlaşdırılması həyata keçiriləcək” deyə bilərik”,- deyə Şahin Qocayev yekunlaşdırıb.