MN: İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingenti yardım göstərməyib

Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif etmiş və həqiqəti əks etdirməyən məlumat yaymışdır. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildiririk ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulmuş və nəticədə iki hərbçimiz şəhid olmuş, biri isə yaralanmışdır. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilmiş və biri yaralanmışdır. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların "pasport və viza" xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir. İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilmişdir. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunmuş, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunmuşdu. Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilmişdir. Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır. Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir. Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir.

Real Partiyası ləgv oluna bilər

“Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”. Sozcu.az bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bəyan edib. “Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq”-deyə İ.Məmmədov bildirib. REAL sədri partiyaya rəğbəti olanlara müraciət edərək partiyaya üzv yazılmağa çağırıb.  REAL sədrinin bəyanatından belə məlum olur ki, partiya qanunun tələb etdiyi 5 min üzv məsələsində çətinliklə üzləşib.

Zamin Salayevin ürəyində ağrılar baş qaldırıb

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir. “Salayevin səhhəti hədsiz dərəcədə ağırlaşıb. 20 kiloqram arıqlayıb, hərəkəti çətinləşib. Ciddi ürək ağrıları var. O cür qüvvətli, sağlam adam artıq çətinliklə yeriyir. Buna baxmayaraq həkimin xüsusi nəzarəti yoxdur. Dedi ki, həkim çağıranda gah gəlir, gah da gəlmir. O hələ də tibb-sanitar hissəyə köçürülməyib”, martın 6-da Zamin Salayevlə təcridxanada görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib. Vəkil öz adından, AXCP sədri Əli Kərimlinin adından Zamin Salayevdən aclığı dayandırmasını xahiş edib. “O bildirdi ki, aclığı sonadək davam etdirəcək. Ya ədalət bərpa olunaraq həbsdən azad olunacağını, ya da həbsxnadan azad insan kimi son mənzilə gedəcəyini dedi”, vəkil qeyd edib. Vəkil təcridxana əməkdaşlarının qanunsuz olaraq Salayevin qohumları və yaxınları ilə görüşünə imkan yaratmadığını bildirib. “Mən bu gün ombudsmana və prokurorluğa şikayət verəcəm. Çünki istintaq orqanı Salayevin qohumları və yaxınları ilə görüşünə qadağa qoymadığı halda təcridxana rəhbərliyi görüş üçün imkan yaratmır”, o qeyd edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya f'əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb. “Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandırmağa çağırıb. Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər. Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir. Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər. “Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb. Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Türkiyədə yeni dönəmdə idarəetmə necə olacaq?

Millət İttifaqı liderləri parlament üsul-idarəsinə keçidin yol xəritəsini elan etdilər.  - Bildirilir ki, parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişiklikləri yeni parlament tablosunun imkan verdiyi ən qısa müddətdə tamamlanacaq; - Keçid dövründə 5 siyasi partiyanın liderləri vitse-prezident vəzifəsini tutacaq; - Ankara və İstanbul bələdiyyə başqanları yeni prezidentin uyğun görəcəyi zamanda və müvafiq səlahiyyətlərlə vitse-prezident təyin olunacaq; - Vitse-prezdentlər formal olmayacaq, xüsusi prezident qərarnaməsi ilə onların konkret cavabdehlik sahələri müəyyənləşdiriləcək; - Prezident yanında yaradılmış bütün şuralar və ofislər ləğv ediləcək; - Hökumət formalaşdırılarkən hər partiyaya 1 nazirlik veriləcək, digər nazirliklər bu partiyaların parlament seçkisində alacağı səslərə uyğun bölüşdürüləcək. (Bu, o deməkdir ki, nazirlər əsasən CHP və İyi Partidən olacaq); - Nazirlərin təyinatı və çıxarılması onların təmsil etdiyi partiyanın lideri ilə məsləhətləşmə şəraitində həyata keçiriləcək; - Prezident önəmli qərarları (fövqəladə vəziyyətin elanı, milli təhlükəsizlik məsələləri, yüksək vəzifəli dövlət məmurlarının təyinatı və s.) vitse-prezidentlərlə məsləhətləşmə şəraitində qəbul edəcək;  - Parlament sisteminə keçdikdən sonra erkən seçki olmayacaq, prezident və TBMM səlahiyyət müddətini tamamlayacaq... Təbii ki, bütün bunlar həm prezident, həm də parlament seçkilərində qələbə əldə olunacağı təqdirdə mümkündür.  Mən prezident seçkilərində Kamal Kılıçdaroğlunun elə ilk turda qələbə ehtimalını yüksək görürəm.  Parlament seçkilərində Millət İttifaqı partiyaları vilayətlərin təxminən yarısında ortaq siyahı ilə iştirak etməyi planlaşdırır. Şahin Cəfərli, politoloq 

Şagird dərsə gecikdiyi üçün döşəmə sildi, tualet xəbərdarlığı edildi

Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün cəzalandırılıb. Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. İddia edilir ki, 4 saylı orta məktəbdə dərsə gecikən şagirdə cəza olaraq müəllimi (xanım) məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, ona məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib. Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim iddia edib ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır. Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma aparılır: “İdarənin əməkdaşları məktəbdə olublar. Araşdırma aparılır. Nəticə barədə məlumat veriləcək”.

Meral Akşenerin qayıdışı "masa"nı əvvəlkindən də güclü edəcək

Azərbaycan toplumunda, o cümlədən demokratik düşərgədə Maral Akşenerə qarşı simpatiya demək olar ki, yoxdur. Əslində, Türkiyə siyasətçiləri içərisində ən sağlam mövqedə olan Maral xanımdır. Azərbaycana münasibəti də lap əvvəldən çox yaxşı olub.  Türkiyə televiziyalarında gedən diskussiyalardan məlum olur ki, Kamal Qılıçdaroğlu "Altılı masa"nın vahid namizədi müəyyən edilməsi ərəfəsində Maral xanım xaric digər bütün partiya rəhbərləri ilə təkbətək görüşüb və gələcək iqtidar koalisiyasının şərtlərini onlarla müəyyənləşdirib, lakin İyi Partiyasının rəhbərliyi ilə razılaşmağı zəruri saymayıb. Bəzi təhlilçilərin rəyinə görə, Kamal bəy bu hərəkəti ilə Maral xanımı və rəhbərlik etdiyi partiyanı fakt qarşısında qoymaqla İyi Partiyasını CHP- nin satilleti səviyyəsinə endirmək niyyəti varmış. Əgər bu mülahizələrdə həqiqət payı varsa, onda "masa" ətrafında yaranan krizə görə qınaq obyekti məhz Kamal Qılıçdaroğlu olmalıdır.   Maral xanımın "Altılı masa"ya qayıdışı bu qurumu əvvəlkindən daha güclü hala gətirəcək. İstənilən halda, Maral Akşenər "masa" daxilində gedən proseslərə şəffaflıq gətirdi. Heç şübhəsiz ki, bu da son nəticədə düşünərək qərar qəbul edən seçicinin iradəsinə müsbət təsir göstərəcək. Digər tərəfdən, "Altılı masa"nın dağılacağı barədə bir il əvvəl verdiyi proqnozun doğrulmasından sevincək hala düşüb son günlərdə teleulduza dönən Məhərrəm İncənin də kefinə soğan doğranacaq. O, hətta Maral xanıma baş nazir vəzifəsini verməyə hazır olduğunu bəyan etmişdi.  Güman edirəm ki, Türkiyədəki növbəti cümhurbaşqanı seçkilərində ikinci tur qaçılmazdır. Böyük ehtimalla ikinci turda Məhərrəm İncə Kamal Qılıçdaroğlunun namizədliyini dəstəkləyəcək. İkinci turda Kamal bəyin qalib gəlməsi üçün bu dəstəyin yetərli olub - olmayacağı sual altındadır. Təəssüf ki, son nəticədə seçkinin taleyini HDP seçiciləri həll edəcək. Bu mənada hansı namizədin qalib gələcəyini əvvəlcədən proqnozlaşdırmaq hələlik mümkün deyil. Vaqif Hacıbəyli, hüquqşünas 

Güclü külək: Daşkəsən elektriksiz qaldı

Daşkəsəndə güclü külək səbəbindən elektrik və internetin verilişində fasilə yaranıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, əsasən rayonun bir hissəsində elektrik naqillərinin sıradan çıxması nəticəsində elektrik enerjisinin verilməsi dayanıb. Bir neçə saatdır yaranan problemin aradan qaldırılması istiqamətində işlər görülür. Hazırda aidiyyəti qurumlar yaranmış problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirir. Qeyd edək ki, rayon ərazisində küləkli hava şəraiti davam edir.

Xalqxeber.Az xəbər portalının 11 yaşı tamam olur

Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur. Sayt 2012-ci il martın 5-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində geniş oxucu kütləsi toplayıb. Xalqxeber.Az günün 24 saatı işləyir. Ölkədə və dünyada baş verən ən mühüm hadisələri işıqlandıran Xalqxeber.Az portalı geniş oxucu auditoriyasına malikdir.  Saytda aktual xəbərlərlə yanaşı, müsahibələr, analitik məqalələr, foto və video reportajlar da dərc olunur. Xalqxeber.Az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb. Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb. Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Dəqiq müəyyənləşdirilmiş informasiya siyasəti və sosial şəbəkələrdəki fəal iş sayəsində Xalqxeber.Az Azərbaycanın media məkanında özünün layiqli yerini tutub. 

Müsavat Divanında Qarabağda baş verənlər müzakirə olunub

Martın 6-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Sozcu.az -a verilən məlumata görə, iclasda əvvəlcə Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin vəfat etməsinin 68-ci ildönümü ilə bağlı, onun xatirəsi sayğı duruşu ilə anılıb. Partiya başqanı Arif Hacılı Almaniyanın Azərbaycandakı səfiri ilə keçirdikləri görüş barədə məlumat verib. Qeyd edib ki, görüşdə Almaniya-Azərbaycan münasibətləri, Azərbaycanda ictimai siyasi vəziyyət, Qarabağ nizamlanması, siyasi məhbuslar, Müsavat Partiyası və Almaniya səfirliyi arasındakı münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Nemət Kərimli və səfirliyin birinci katibi Marsel Vietor iştirak ediblər. Qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarınln ziyarət olunması barədə məlumat verilib. Divan üzvü Könül All qadın hüquqlarının müdafiəsi ilə bağlı BMT-nin Bakı ofisinin təşkil etdiyi tədbirə dəvət alması barədə məlumat verib. Qarabağda son durum, ölkədə və dünyada gedən proseslər barədə fikir mübadiləsi aparılıb. Sonda cari məsələlər müzakirə olunub

Ermənilər kapitulyasiya aktına imza atmamışdı?

Qaqa, Turan qurulur” deyənlər hakimiyyətlə eyni cəbhədə yer aldıqlarının fərqində oldularmı? Rusiyanın Qarabağı işğal etməsini anlamaq üçün daha nə olmalıdır ki? Qarabağda baş verənlərin Putinlə Ərdoğanın birgə razılaşması olduğuna şübhə etməməyə əsas varmı? Qarabağ rus-erməni quldurlarının işğalı altında ola ola – ola, Ərdoğanın: “Azərbaycan ərazi bütövlüyünü yenidən təmin edib” sözlərini işlətməsi nə anlama gəlir. Azərbaycanın ərazi bütövlüyünə Qarabağ aid deyilmi? “Arazı ayırdılar”, “Ay Laçın, a Laçın” deyib, insanların mənəvi hisslərini istismar edib, yarımçıq və razılaşdırılmış qələbəni “ərazi bütövlüyünün təmin olunması” kimi sırımaq nəyə görə lazım idi? İlham Əliyevin : “Ərazi bütövlüyümüzü bərpa etmişik” sözləri, torpaqların əsas hissəsinin işğalda olduğu bir vaxtda lazım idim? Ümumiyyətlə, 44 günlük savaşdan sonra, Kəlbəcərə və Şuşaya Qarabağdan kənardan – alternativ yolların çəkilməsi nəyə xidmət edir? Dəyərli dostlar! Rusiya Qarabağı işğal edib. Ukraynadan salamat çıxsa, Abxaziya kimi Qarabağı da öz ərazisinə qatacaq. Qarabağda yenidən “müqəddəratını təyin etmək hüququ” sayıqlaması gündəmə gəlib. Təbii ki, bunları edən Rusiyadır. Bir şeyi də hər kəs dərk etsin: Azərbaycanda inqilab baş versə, İlham Əliyevin və onun komandasının gedəcəyi yeganə ölkə Rusiyadır. Bu hakimiyyəti xalqdan qoruyan yeganə qüvvə də Rusiyadır. Bütün baş verənlər razılaşdırılmış və hesablanmış siyasətdir. Bir şeyi də deyim özləri də oxusunlar: Rusiyanın Qarabağa gəlişindən sonra , bunun xəyanət olduğunu deyib haray çəkənlərin üstünə gedənlər hakimiyyətlə eyni düşərgədə olan adamlardır. Azərbaycanın işğalını Turan və Bütöv Azərbaycan kimi milli ideologiyalarla mallayan adamların bir hissəsi bir başa, bir hissəsi də dolayısı ilə Putinə xidmət etdilər. Haqqı deyən insanların üstünə “Turan”la gələn adamlar, ictimai düşüncə ilə savaş açdılr,  İnsanların həqiqəti dərk etməsinə imkan vermədilər. Ən azından gələcəkdə ciddi işlərin olacağı bir zamanda bunları da unutmayaq. Düşüncə və fikir agentləri ifşa olunmasa ictimai rəy heç bir vaxt həqiqətə köklənə bilməyəcək. Qarabala bağlı təhlükə heçvaxt bu qədər qorxulu olmayıb. Elşən Əlisoy 

Buraxılış imtahanıyla bağlı DİM-ə İTTİHAM: “Suallar çətin idi”

Dünən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Əlli mindən çox şagird öz biliyini yoxlayıb.  Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia ediblər.  Bu iddia nə dərəcədə əsaslıdır? Doğrudanmı, DİM abituriyentləri çətin suallarla sınağa çəkib?  Təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ötən gün abituriyentlərə vaxt itkisinə səbəb olan suallar ünvanlanıb: “Məsələyə bir neçə istiqamətdən baxmaq olar. Abituriyentlər çox vaxt itirirlər, psixoloji gərginlik yaşayırlar. Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Bu fəndən səhv suallar tərtib olunmuşdu. Riyaziyyat fənninə aid suallarda çətinlik vardı.  Azərbaycan dili fənnindən mətn sualları kifayət qədər geniş idi, oxumaq çox vaxt tələb edirdi.  İnglis dilində dinləmə mətni ilə bağlı problem var idi” - deyə təhsil eksperti imtahanla bağlı fikirlərini bildirib.  Buraxılış imtahanının çətin olduğunu deyən Kamran Əsədov fikrini belə tamamlayıb: “Bu qədər çətin imtahana ehtiyac yoxdur. Çünki, şagirdlərin hamısı ali məktəbə hazırlaşmır, bəziləri kollece qəbul olmaq istəyir, bəziləri isə ancaq attestat almaq fikrindədir. Bunları nəzərə alaraq, buraxılış imtahanlarını asanlaşdırmaq lazımdır ki, hər bir şagird burda nəticə əldə edə bilsin". 

İdman zalında qətl törədən şəxsə 15 il cəza verilib

Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb. Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb. Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.

Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun məhkəməsi başlayır

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu barədə vəkil Aqil Layıc məlumat verib. İş üzrə toplanmış materiallar yaxın günlərdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. İstintaqın sonunda Əvəz Zeynallı vəkili, həmçinin bu iş üzrə təqsirləndirilən Elçin Sadıqovun müdafiəsindən imtina edib. Qeyd edək ki, “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilib və barələrində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan təqsirləndirilən Elçin Sadıqov ev dustaqlığına buraxılıb.APA

Ukrayna Baxmutla bağlı qərarını verdi

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Qərargahın iclasını keçirib. Sozcu.az xəbər verir ki, Zelenski Baş Komandan Valeri Zalujnı və operativ-strateji qoşun qruplaşmasının rəhbəri Aleksandr Sırskiyə Baxmut istiqamətində gələcək fəaliyyətlərlə bağlı suallar verib. Hər iki şəxs müdafiə əməliyyatının davam etdirilməsinin və Ukraynanın Baxmutda mövqelərinin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildiriblər. İclasda Baxmutun müdafiəsinin gücləndirilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, “Bild” nəşri Baxmut məsələsində Prezident Vladimir Zelenski ilə Baş Komandan Valeri Zalujnı arasında fikir ayrılıqlarının olduğunu bildirmişdi.

Akşənər “Altılı masa” ilə bağlı qərarını verdi

15:53 İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş İYİ Partiyasının sədri Maral Akşənərlə görüş keçirib. Sozcu.az xəbər verir ki, görüş İYİ Partiyasının qərargahında baş tutub. 20 dəqiqlik görüşdən sonra tərəflər mediaya açıqlama verib. Əkrəm İmamoğlu açıqlamasında görüşdən CHP sədri Kamal Kılıçdaroğlunun xəbərinin olduğunu deyib. İYİ Partiyasının sözçüsü Kürşad Zorlu da Maral Akşənərin hər iki bələdiyyə sədrinə Türkiyənin vitse-prezidentləri olmaq təklifini etdiyini bildirib: “Bu təklif sədrimiz tərəfindən Kamal Kılıçdaroğluna da veriləcək”. Zorlu Akşənərin yenidən Millət İttifaqının toplantısına qatılacağının gözlənildiyini deyib. *** İYİ Partiyasının sədri Maral Akşənər “Altılı masa”ya qayıtmaq barədə qərar qəbul edib. Bunu İYİ Partiyasının sözçüsü Kürşad Zorlu deyib. “2 bələdiyyə sədrinin vitse-prezident olması məsələsində Maral Akşənərin təklif irəli sürdüyünü ifadə etmişdik. Kılıçdaroğlu ilə görüş keçirdilər. Akşənər Səadət Partiyasının qərargahında keçiriləcək toplantıya qatılmaq qərarını verdi”, - Zorlu bildirib.

İlham Əliyev Klaarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Sozcu.az xəbər verir ki, dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırladı və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğuladı. Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd etdi və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini dedi. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparıldı.

"Sümüktökülən dərə" - dəhşətli qırğının şahidi və "qəbristanlığı"

1918-ci il may ayının 4-də er­mə­ni­lər giz­li yol­la Andra­ni­kin qo­şu­nu­nu Ba­sar­ke­çər əra­zi­si­nə gə­tir­miş, hə­min ge­cə er­mə­ni or­du­su qəf­lə­tən mü­səl­man­la­rın ya­şa­dıq­la­rı kəndlə­rə hü­cum et­mişdilər. Er­mə­ni­lər kəndlə­ri yan­dı­rır, ta­lan edir, dinc əha­li­ni isə iş­kən­cə­lər­lə qət­lə ye­ti­rir­miş­lər. Aşıq Nə­cəf də məhz hə­min dö­yüş­lər za­ma­nı qay­nar sa­mo­var­la yan­dı­rı­la­raq öl­dü­rül­müş­dür. O vaxtkı Kə­vər (Ka­mo), Ba­ya­zit (Se­van), Gö­zəl­də­rə, Ha­ça­lı, Yar­pız­lı, Əziz­li, Tüs­gü­lü, Yu­xa­rı Za­ğa, Aşağı Za­ğa, Kər­ki­baş, Qan­lı, Qırxbu­laq, Aşa­ğı Məz­rə, Yu­xa­rı Məz­rə, Daş­kənd, Aşa­ğı Şor­ça, Yu­xa­rı Şor­ca, Sa­rı­ya­qub, Qa­ya­ba­şı, Zər­kənd, Ağ­kil­sə, Pən­bəh, Nə­ri­man­lı, Ağ­yo­xuş, Qa­ra­qo­yun­lu, Göy­su, Ca­nəh­məd, İnək­da­ğı, Şiş­qa­ya, Se­van Şor­ca­sı, Tox­lu­ca, Zod, ümu­miy­yət­lə, otuz beş kənd Andro­ni­kin qo­şu­nu tə­rə­fin­dən baş­dan-ba­şa da­ğı­dılmış­, Ba­sar­ke­çər kən­di er­mə­ni­lə­rə qur­ban ve­ril­mişdi. Mü­səl­man əha­li o qə­dər qı­rıl­mış­dı ki, kəl­bə­cər­li­lər on­la­rı dəfn et­mə­yi çat­dı­ra bil­məmiş­di. Kəl­bə­cə­rə ya­xın olan «Dik­yurd» və «Sö­yüd­lü» yay­laq­la­rın­da­kı qır­ğın­lar da­ha dəh­şət­li ol­muş­dur. «Sü­mük­tö­kü­lən də­rə» hə­min il­lə­rin şa­hi­di ki­mi göz da­ğı­na çev­ril­miş­dir. Hə­min dö­yüş­lər­də və qır­ğın­lar­da Göy­çə ma­ha­lı özü­nün 17 min nə­fər əha­li­si­ni itir­miş­dir... Unu­dul­maz dəh­şət­dir ki, dağ­da qı­rı­lan göy­çə­li­lər­dən kim­sə xə­bər tut­ma­mış­dır. Son il­lə­rə qə­dər sü­mük­lə do­lu olan o müd­hiş də­rə «Sü­mük­tö­kü­lən də­rə» adı ilə coğ­ra­fi mə­ka­na çev­ril­miş­di. 1918-ci ilin qı­şın­da Er­mə­nis­tan iş­ğal­çı­la­rı Kəl­bə­cə­rin şi­ma­lın­da yer­lə­şən, o vaxt və elə son­ra­lar da 32 kənddə qə­dim sa­kin olan azə­ri türklə­ri­ni Kəl­bə­cər əra­zi­si­nə qov­muş, on­la­rın bü­tün var-döv­lət­lə­ri­ni ta­lan etmiş­di­lər. Hə­min ilin qı­şı gö­rün­mə­miş sərt ke­çmişdir. Onu de­mək ki­fa­yət­dir ki, ge­cə ikən şid­dət­li bo­ran və tu­fan­da 3-4 yüz ai­lə ayaq­ya­lın-ba­şı­a­çıq də­rin dağ də­rə­sin­də qa­rın al­tın­da qa­la­raq, ta­ma­mi­lə qı­rıl­mış­, sa­la­mat qa­lan­Lar isə Kəl­bə­cər ca­ma­a­tı­na sı­ğın­mış­dılar. Kəl­bə­cə­rin Er­mə­nis­tan­la həm­sər­həd ol­ma­sı za­man-za­man tor­paq­la­rı­nın er­mə­ni­lər tə­rə­fin­dən zəbt olun­ma­sı­na və ya keç­miş So­vet­lər Bir­li­yi döv­rün­də məkrli si­ya­sət nə­ti­cə­sin­də «pay» ve­ril­mə­si­nə sə­bəb olan amil­lər­dən bi­ri idi. Kəl­bə­cər əra­zi­sin­də­ki ye­ral­tı və ye­rüs­tü xə­zi­nə­yə gö­rə o, da­im öz­gə­lə­rin ta­ma­hı­na sə­bəb ol­muş­dur. Məhəmməd NƏRİMANOĞLU

Qələbənin "biznesi" - Əntiqə Rəşid yazır...

Əvvəllər Dənizkənarı Milli Parkında Hərbi Qənimətlər Parkı vardı - 2021 -ci il 12 apreldə açılışı oldu. (İndi bilmirəm var ya yoxdu... heç maraqlanmadım da, getmədim də. Varlığı-yoxluğu artıq məni maraqlandırmır).   Bilirsiniz yəqin ,Ermənistan ordusuna məxsus Rusiya istehsallı ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənirdi orda.  Məlum, o qənimətləri qanını qaşığa qoyan , canını heçə sayan Azərbaycan xalqının cəsur oğulları tarixdə görünməmiş igidlik, qəhrəmanlıqları sayəsində gətirmişdilər. Eşidəndə 30 il yanan ürəyimə su səpilmişdi! Gündə 40 dəfə deyirdim ki, Qazilərim yaralarınıza qurban olum, şəhidlərim torpağınıza , cavan , nakam canınıza, ruhunuza qurban olum...  Döyüş bölgəsindən dönəndən sonra planlaşdırırdım ki, o parka gedim, reportaj hazırlayım. Qəlbimdə qürur, gözlərimdə sevinc... Erməniləri dəli eliyən o park məni elə xoşbəxt edirdi kii...  2 gün sonra məlum oldu ki, ziyarət pulludur, biletin qiyməti də cəmi 2 manatdır. İrad bildirə bilərsiniz ki, "nə böyük puldur ki, buna danışırsan?" Bəli böyük pul deyil, amma ürəyimizdəki qüruru, gözümüzdəki sevinci qırmaq üçün kifayət edəcək məbləğdi.   Bu xalq neftə, qaza, ikraya, balığa, işığa, suya, bütün təbii sərvətlərə artıqlaması ilə pul ödəyir. Vergi də verir.   Azərbaycanın bu başından, o başına qədər hansı köşəsində bir yay günü altına döşək qoyub oturub dincəlmək istəyirsən, bir dəstə qoçu başının üstünü kəsdirir, pul istəyir... adi çəmənliyi deyirəm eee, adi çəmənlik.  Yadıma düşdü . Vətən müharibəsindən əvvəlki illər idi.Toğanada pulsuz yer tapmadıq ki, oturaq. Həyat yoldaşım qoçunun birinə dedi ki, mənim bu torpaq üçün döyüşmüşəm qanım tökülüb, 2 gün morqda qalmışam, indi şikəstəm, mənim heç haqqım çatmır ki, bu cayın kənarında ailəmlə elə o torpağın üstündə oturum? Qoçu bir az mehribancasına dedi ki, Qardaş biz də yuxarı "haqq-hesab veririk də, sən də bizi başa düş də". O quruca torpağı üstündə oturmaq üçün də o vaxt 2 manat ödədik! Dedilər, samovar istəyirsinizsə 2 manat ödəyin onu da təşkil edək((( Aydındı, bütün təbii sərvətlər hamısı sizindir, sizin olsun! Amma nolardı ki, heç olmasa, mənəvi sərvətlərimizə əl uzatmayaydınız? Şuşaya "turpaket" nədir?Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq hansı düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?   Bilmirəm kim necə düşünür, amma məncə, bu ürəyi Şuşanı görmək eşqi ilə çarpan bir azərbaycanlıya söyüşdən başqa bir şey deyil... Söyüşü qəbul edənlərə də içi özüm qarışıq ayıb olsun... Əntiqə Rəşi Sozcu.az

O da "Yarqı"ya vida edir

"Kanal D" kanalında yayımlanan "Yarqı" serialında daha bir ayrılıq yaşanacaq. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işinə "Mərdan" obrazına həyat verən Cezmi Baskın vida edəcək. Qeyd edək ki, bu mövsüm finalı planlaşdırılan layihədən Mehmet Yılmaz Ak da ayrılacaq. O, serialda "Pars" obrazını canlandırır.

TƏBİB: Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, bir çox xəstəliklərə yoluxmazlar

Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva deyib. Onun sözlərinə görə, doğum evində ilk 12 saat ərzində onlara hepatit B-yə qarşı Hep B, doğumdan sonrakı 4-7 gün ərzində isə vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi- OPV vurulur: “Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir”. Peyvəndləri zəncirvarı tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır. E.Hacıyeva sözlərinə görə, uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar bir çox xəstəliklərə yoluxmaz və ya hər hansı birinə yoluxarsa xəstəliyi daha yüngül keçirər: “Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda ona peyvənd vurulması müvəqqəti olaraq ertələnir, uşaqlara tam sağaldıqdan sonra peyvənd vurulur. Bəzi hallarda isə peyvəndlərin vurulması uşaqda buna əks göstəriş olduğu səbəbindən tövsiyə olunmur (Məsələn, uşaqda allergiya prosesinin kəskinləşməsi dövründə və ya ağır gedişli qan xəstəlikləri zamanı və s.). Uşaqlara vurulan peyvəndlərin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür”.

ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Azərbaycana gəlib

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono Azərbaycanda səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Bakıya səfəri çərçivəsində Luis Bono Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək. Səfərin məqsədi Ermənistanla Azərbaycan arasında sülh prosesini irəli çəkməkdir. ABŞ diplomatı həmçinin Ermənistan və Gürcüstana da səfər edəcək.

Mbappe: "Bavariya" ilə oyunda het-trik edəcəyəm"

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya qarşı keçirəcəkləri cavab matçı barədə danışıb.  Sozcu.az "Canal+"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu oyunda 3 və daha çox qol vurmaq istədiyini deyib: “202, 203 və 204-cü qollarımı "Bavariya" üçün saxlamışam. Bəli, het-trik edəcəyəm. Hətta daha çoxunu! Biz oraya növbəti mərhələyə çıxmaq üçün gedirik. Əzmkarıq, inam qazanmışıq və indi qalib gəlməliyik!” Qeyd edək ki, Mbappe artıq PSJ-də 201 qol həddinə çatıb. O, klub tarixinin bombardiri olub.   Xatırladaq ki, PSJ ilə "Bavariya" arasındakı cavab qarşılaşması martın 8-də Münhendə keçiriləcək. İlk oyun isə "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Pakistanda polis avtomobilinə hücum olub, 9 nəfər ölüb, 15-i yaralanıb

Pakistanın Bəlucistan əyalətində polis avtomobilinə bombalı hücum nəticəsində 9 polis əməkdaşı ölüb, 15-i yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Terror hücumunun məsuliyyətin hələ ki heç bir təşkilat üzərinə götürməyib.

376-cı gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 376-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 153 770 hərbçi, 3423 ədəd tank, 6703 ədəd zirehli döyüş maşını, 2433 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 250 hava hücumundan müdafiə sistemi, 302 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5307 ədəd avtomobil texnikası, 2 086 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 234 xüsusi avadanlıq itirib.