Bəraət məktubu - hekayə

...Gecənin qaranlığından boylanan ay işığı onun qışqırtısından hürküb buludların arxasına çəkildi. Buludların arxasındakı vahimə, yer üzünə çökdü. Bu hekayə heç bir hekayəyə bənzəmir. Bu elə bir hekayədir ki, sənə hər şeyi açıb deyə də bilmirəm. Olmur. Alınmır. Bilirsən onun qızı nə deyirdi?

- Nə deyirdi?

- Deyirdi ki, qardaşım atamı zorlayıb.

- Nə danışırsan?!

- O deyirdi ki, qardaşımı atamın başıma işəməsi üçün məcbur ediblər.

- Tfu.u.u!

- Sən bu hekayəni həqiqətən eşitmək istəyirsən?

-...

Atam hərbçi olub. Ömrünü bu işə sərf etmişdi. Vətəninə, ölkəsinə layiqli xidməti ilə həmişə seçilirdi. Ona harada olmasından asılı olmayaraq verilən tapşırıqlara can-başla əməl etməyə çalışırdı. Sovet Sosialist Respublikaları İttifaqı dönəmində Əfqanıstanda xidmət etmişdi. Onun öz işinə sadiqliyi, peşəkarlığı və vətənpərvərliyi tez-tez televiziya verilişlərində təbliğ edilir, haqqında qəzetlərdə məqalələr yazılırdı. 

Atam döyüş bölgəsində yerləşən hərbi hissələrdən birinin komandiri idi. Evimiz hərbi hissədən çox uzaqda olduğuna görə, onunla doyunca vaxt keçirdə bilmirdik. Atam imkan tapan kimi evə gəlib, vaxtını bizə sərf edirdi. Hərbiçi kimi nə qədər ciddi və tələbkar olsa da, evdə tamam başqa adam olurdu, Buna görə də onun evə gəlməyi bizim üçün demək olar ki, toy-bayram idi. Onun evə gəlişini səbirsizliklə gözləyib, günləri saymağa başlayırdıq. 

İsti bir yay günü atam evə gəlmişdi. Hamımız sevinirdik. Bizi sabah gəzməyə aparacağına söz vermişdi. Səbirsizliklə sabahın açılmasını gözləyirdim. Ancaq ürəyimdə səbəbini anlamadığım bir narahatlıq və təlaş var idi. Özümü birtəhər sakitləşdirib yuxuya getdim.

- Sən o böyük qara ilanı görürsən?

- Görürəm. 

- Qorxursan?

- Əlbəttə!

- Qışqırma…

- Axı mən qorxuram! Qorxuram! Mənə tərəf gəlir! Ata.a.a.a! Evdə böyük qara ilan var! Ata burada bir nəfər var idi, hanı o adam? 

Çöldəki tufan elə bil ki, əlinin tərsi ilə evin qapısını möhkəmcə örtdü. Pəncərələr öz şərçivəsində çırpınmağa başladı. Evin içi çölə qaçmaq istəyirmiş kimi, əşyalar, divarlar, dik atıldı. Qəfil qışqırıq səsi məni yuxudan oyatdı.

- Ay Allah! Belə də yuxu olar? Yaxşı ki, öz səsimə oyandım. Mən uşaqlıq xatirələrimi yuxuda kimə danışırdım? O niyə mənə qara ilanı göstərdi? O qara ilan hardan peyda oldu? Məzuniyyətim qurtarsaydı, atamı da görərdim. Lap darıxdım…

C.D qan tər içində çarpayıdan qalxıb, mətbəxə tərəf getdi. İndi ona hər şeydən çox su lazımdır, qurumuş boğazını yaşlamaq üçün. O cəmi üç ildir ki, müddətdən artıq xidmətçi əsgər kimi orduda işləyir. Atası tanınmış polkovnikdir. Budur, o suyu başına çəkəndə, evin qapısı sındırılaraq qəfil açılır. Üzü qara masqalı bir neçə şəxs evə daxil olur.

- Yat, yerə yat! Tez!

Onun qollarını arxadan burub, yerə yıxırlar. 

- Danışma! Heç nə demə! Sən həbs olunursan!

- Niyə.ə.ə.ə!

Gözlərini qaranlıq örtən C.D yuxuya gedir. Boynunun ardından dəyən zərbə onu yatızdırır.

Özünü tavandan asan işıqlar, ayaqlarından asılmış adamın gözlərində qaralır. O göz qapaqlarını açıb, döşəmədəki qan gölünü görəndə başa düşdü ki, bu burnundan axan qan deyil. Başını sağa çevirdikdə soyuq otağın küncündəki çılpaq adamı əvvəlcə tanıya bilmədi. Dizlərini qucaqlayıb otran çılpaq adam, sızıldayırdı. Gözünü bir də yumub açdı. Sonra bir də. Diqqətlə baxanda diksindi: – Ata! Bu sənsən? 

Polkovnik  V.D deyəsən eşitdiyi səsdən üşüdü. Siz heç, səsdən üşüyən adam görmüsünüz? Bax, indi onun oğlu həmin mənzərənin şahididir. Atası oğlunun səsini eşidib üşüyür, tir-tir əsir.

- Vı.vı.vı.v.v.v! Sən mənim oğlum deyilsən! Bu yalandır! İnanmıram! Məni yenə aldadırlar. Yenə mənə nəsə edəcəklər? Nə olar məni toka verin amma anus dəliyimə heç nə soxmayın! Soxmayı.ı.ı.ı.ın!

- Nə.ə.ə.ə.ə! Sən nə dedin ata.a.a.a? Ata, eşidirsən? Nə.ə.ə.ə?

- Sus! Sus! Sus! Oğraş! Sən mənim oğlum deyilsən! Qancığın doğduğu! Sən mənim oğlum deyilsən!

- Ata! Ata.a.a.a!

Və qəfil işıqlar sönür…

- Sən, C.D, atanın vətənə necə xəyanət etdiyi haqda nə bilirsən? Nədir, nə tərs-tərs baxırsan? Yoxsa sən də atan kimi məni düşmənlərə satacaqsan? Yoxsa məni öldürmək istəyirsən? Bunu görürsən? Bax, bunu yeyərsən!

O penisini çıxardıb yapışqan bez ilə bağlanmış C.D-nin ağzına sürtdü.

Və qəfil işıqlar sönür…

***

- Ata, gələn dəfə evə gələndə mənə əsgər çəkməsi alıb gətir, nə olar. 

Altı yaşlı C.D atasının hərbi çəkmələrini ayağında sürüyə-sürüyə gülümsəyirdi. Gülümsəyirdi ki, daha da sevimli olsun və atasını hərbi çəkmələr almaq üçün razı salsın, Ata oğlunu qucağına alıb, sarıldı. Onu doya-doya öpdü.

- Yaxşı, mütləq alaram, mənim ağıllı oğlum.

***

- Oğlum, mən vətənə xəyanət etmişəm. Hərbi sirrləri düşmənlərə pul qarşılığında satmışam. Satmışam ki, indi burda gördüyün bu öz zabitlərimiz məni zorlamasınlar. Ha.ha.ha.ha!

V.D dəli kimi gülməyə başladı. Sonra qəfil hönkürüb ağladı. O işkəncələrdən qorxub yalan danışırdı. Vətənə xəyanət etmədiyini oğlu da bilirdi.

- Ata, bilirəm, sən vətənə xəyanət etmisən. Sən öz zabit şərəfini də pula satmısan.

- Hə, satmışam!

- Ata, məni də zorlayıblar. Özü də bir neçə nəfər, bir neçə saat dayanmadan. Ata.a.a.a.a! Oğraş ata.a.a.a, alçaq! Şərəfsiz! Kişi qəhbəsi! 

- Hə, mən alçağam! Mən oğraşam! Mən şərəfsizəm! Mən kişi qəhbəsiyəm! Mən satqınam!

***

...Gecənin qaranlığından boylanan ay işığı onun qışqırtısından hürküb buludların arxasına çəkildi. Buludların arxasındakı vahimə, yer üzünə çökdü. Bu hekayə heç bir hekayəyə bənzəmir. Bu elə bir hekayədir ki, sənə hər şeyi açıb deyə də bilmirəm. Olmur. Alınmır. Bilirsən onun qızı nə deyirdi?

- Nə deyirdi?

- Deyirdi ki, qardaşım atamı zorlayıb.

- Nə danışırsan?!

- O deyirdi ki, qardaşımı atamın başıma işəməsi üçün məcbur ediblər.

- Tfu.u.u!

- Sən başqa nə eşitmək istəyirsən?

- Mən bu barədə hekayə yazacam.

- Əbil, yaxşı düşün...

- Narahat olma...

- Yaxşı, indi V.D –nin qızı gələcək. O özü hər şeyi sənə danışacaq.

Bir az sonra, işığı közərən otağın qapısı açılır və V.D-nin qızı otağa daxil olur.

- Salam.

Jurnalist Əbil və yanındakı şəxs ayağa qalxıb sayğı ilə qızı salamlayırlar.

V.D-nin qızı:

- Mən heç nə danışmayacam! Anam və mən, atamla qardaşım haqda bəraət məktubu almışıq. 

Jurnalist Əbil durduğu yerdə quruyub qaldı. Qız susurdu. Əbillə V.D-nin qızını tanış edən şəxs də susurdu. 

- Hə, atam və qardaşım günahsızdır. Onlar vətən xaini deyil! Biz bəraət məktubu aldıq...

Jurnalist Əbil, dərindən nəfəs alıb dedi:

- Axı onlar öldürülüb?! Siz ölülər üçün bəraət məktubu almısınız...

SON

Əbil Həsən

Share on Facebook