Dünən 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. Əlli mindən çox şagird öz biliyini yoxlayıb.
Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşməyib. Bəzi abituriyentlər sualların çətin olduğunu iddia ediblər.
Bu iddia nə dərəcədə əsaslıdır? Doğrudanmı, DİM abituriyentləri çətin suallarla sınağa çəkib?
Təhsil üzrə ekspert Kamran Əsədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ötən gün abituriyentlərə vaxt itkisinə səbəb olan suallar ünvanlanıb:
“Məsələyə bir neçə istiqamətdən baxmaq olar. Abituriyentlər çox vaxt itirirlər, psixoloji gərginlik yaşayırlar. Riyaziyyat fənnindən təqdim olunan suallar müəyyən edilmış vaxt ərizində abituriyent tərəfindən cavablandırılacaq suallar deyildi. Bu fəndən səhv suallar tərtib olunmuşdu. Riyaziyyat fənninə aid suallarda çətinlik vardı.
Azərbaycan dili fənnindən mətn sualları kifayət qədər geniş idi, oxumaq çox vaxt tələb edirdi.
İnglis dilində dinləmə mətni ilə bağlı problem var idi” - deyə təhsil eksperti imtahanla bağlı fikirlərini bildirib.
Buraxılış imtahanının çətin olduğunu deyən Kamran Əsədov fikrini belə tamamlayıb: “Bu qədər çətin imtahana ehtiyac yoxdur. Çünki, şagirdlərin hamısı ali məktəbə hazırlaşmır, bəziləri kollece qəbul olmaq istəyir, bəziləri isə ancaq attestat almaq fikrindədir. Bunları nəzərə alaraq, buraxılış imtahanlarını asanlaşdırmaq lazımdır ki, hər bir şagird burda nəticə əldə edə bilsin".