Zamin Salayevin ürəyində ağrılar baş qaldırıb

Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında 29 gündür aclıq edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Zamin Salayevin səhhəti daha da ağırlaşıb. O, şərlənərək həbs edildiyini bildirir və məhkəmənin həbs qərarına etiraz olaraq aclıq edir.

“Salayevin səhhəti hədsiz dərəcədə ağırlaşıb. 20 kiloqram arıqlayıb, hərəkəti çətinləşib. Ciddi ürək ağrıları var. O cür qüvvətli, sağlam adam artıq çətinliklə yeriyir. Buna baxmayaraq həkimin xüsusi nəzarəti yoxdur. Dedi ki, həkim çağıranda gah gəlir, gah da gəlmir. O hələ də tibb-sanitar hissəyə köçürülməyib”, martın 6-da Zamin Salayevlə təcridxanada görüşdən sonra vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib.

Vəkil öz adından, AXCP sədri Əli Kərimlinin adından Zamin Salayevdən aclığı dayandırmasını xahiş edib.

“O bildirdi ki, aclığı sonadək davam etdirəcək. Ya ədalət bərpa olunaraq həbsdən azad olunacağını, ya da həbsxnadan azad insan kimi son mənzilə gedəcəyini dedi”, vəkil qeyd edib.

Vəkil təcridxana əməkdaşlarının qanunsuz olaraq Salayevin qohumları və yaxınları ilə görüşünə imkan yaratmadığını bildirib.

“Mən bu gün ombudsmana və prokurorluğa şikayət verəcəm. Çünki istintaq orqanı Salayevin qohumları və yaxınları ilə görüşünə qadağa qoymadığı halda təcridxana rəhbərliyi görüş üçün imkan yaratmır”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində partiya f'əalı Zamin Salayevi aclığı dayandrımağa çağırıb.

“Mübarizə apardığımız, məhrumiyyətlər yaşadığımız illərdə hər zaman ona inanmışıq ki, sonda mütləq azadlıq və ədalət qalib gələcək. Ölkəmizdə azadlıq və ədalətin qalib gəlməsini sürətləndirmək üçün sənin kimi cəsur, mübariz insanlar yaşamalıdır və çox olmalıdır. Həm də xalqımızın repressiv rejim üzərində qələbəsinə töhvə verə bilmək üçün aclığı dayandırıb, yaşamalısan. Sənin də, siyasi məhbus həyatı yaşayan digər cəbhəçi dostlarımızın da, bütün siyasi məhbusların da hüquqlarınızı sonadək müdafiə edəcəyik. Ardıcıl mübarizəmizin nəticəsində siz siyasi məhbuslar da, ölkəmiz də bir gün mütləq azadlığına qovuşacaq,” AXCP sədri əqidədaşını aclığı dayandırmağa çağırıb.

Öz növbəsində Penitensiar Xidmətdən Amerikanın Səsinə bildiriblər ki, əgər problemləri varsa Penitensiar Xidmətə şikayət etsinlər.

Fevralın 8-də Bakının Qaradağ rayon Məhkəməsi Zamin Salayev barədə üç ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə cinayət işi açılıb. İttiham sübut olunarsa fəalı 5 ilədək həbs gözləyir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Zamin Salayev isə məhkəmədə deyib ki, ona qarşı irəli sürülən ittiham yalandır, onu şərləyiblər.

“Mən heç kimə hücum etməmişəm, əksinə özümü hücumdan müdafiə etmişəm. Bakıda Lökbatan dairəsində taksidən düşəndə bir nəfər məni təhqir edərək əlində bıçaq üstümə cumdu. Mən bunun təxribat olduğunu başa düşdüm. Bu zaman özümü müdafiə etməyə çalışdım və hücum edən şəxsi itələyərək hadisə yerindən qaçmağa başladım. Bir neçə dəqiqəyə mülki geyimdə olan polislər məni saxladılar və 4 polis avtomobilinin müşayiəti ilə Qaradağ rayon Polis İdarəsinə apardılar”, o, fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakimlərin diqqətinə çatdırıb.

Məhkəmə onun apellyasiya şikayətini təmin etməyib.

Share on Facebook